Nəşrlərimiz
 
 
— "AYNHA Hüquq Jurnalı" (III Sayı) -Sağlam ətraf mühitdə yaşamaq hüququ
 

12-10-2017, 12:04

 

"AYNHA Hüquq Jurnalı" (III Sayı) -Sağlam ətraf mühitdə yaşamaq hüququ

  Müəllif: Günel Aslan

  BDU Beynəlxalq Hüquq Kafedrasının doktorantı

 

  Sağlam ətraf mühitdə yaşamaq hüququ

  Right  to live in  healthy environment

 

  Açar sözlər : Sağlam ətraf mühit, insan hüquqları, konvensiya, yaşamaq hüququ, qanun

 

  Key words : Healthy environment,human rights, convention, right to live, law

 

  Ключовой слова:   права человека,закон,конвенция, правона  жилище

 

  Sağlam ətraf mühitdə yaşamaq hüququ insan hüquqları içərisində üçüncü nəsil kollektiv hüquqlar sırasına daxildir, yəni bu hüquq həm fərdi, həm də kollektiv hüquqdur. Fərdi hüquq kimi bu, hər bir kəsə məxsusdur. Kollektiv hüquq kimi isə bütün insanlara aiddir. Azərbaycan Respublikası Konstitusiyasının “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan III fəslində 39-cu  maddədə əks olunmuşdur:         

        I Hər bir kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.

       II Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.

       Bundan başqa Konstitusiyanın 78-ci maddəsində belə bir müddəa vardır: “Ətraf mühitin qorunması hər şəxsin borcudur.”  Hər bir insan   fəaliyyət prosesində bu və ya digər formada ətraf mühitlə təmasda olur. Hər bir kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ ilə paralel, ətraf mühiti qorumaq vəzifəsi vardır. Ətraf mühiti qorumaq və ona qayğı ilə yanaşmaq hər bir kəsin mənəvi borcudur.

       Sağlam ətraf mühitdə yaşamaq hüququ insanın fundamental  hüququdur. İnsanın sağlam ətraf mühitdə yaşamaq hüququ  ilk dəfə 1972-ci ildə  BMT-nin “Ətraf Mühitə dair” Stokholm konfransında geniş müzakirə olunmuşdur.  Konfransa hazırlıq mərhələsində  hökumətlərarası işçi qrupu tərəfindən “İnsanı əhatə edən ətraf mühit haqqında” bəyannamənin  birinci layihəsində aşağıdakı müddəanın verilməsi təklif edilmişdir: “Yaşamaq hüququ da daxil olmaqla insanın əsas hüquqlarından olan təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüququ” var. [1]

      İnsan hüquqları sırasında ən öndə duran hüquq yaşamaq hüququdur. Bu hüquq universaldır və icbaridir. Onsuz başqa hüquqların mənası yoxdur, yəni yaşamaq hüququ yoxdursa, onda  heç bir hüquq mövcud ola bilməz. Amma qanunvericilikdə nəzərdə tutulmuş bəzi hallarda, beynəlxalq hüquqda müharibə dövründə düşmən əsgərin öldürülməsini, yəni yaşamaqdan məhrumetməni məqbul sayırlar, digər hallarda isə yaşamaq hüququ ən dəyərli hüquqdur.Bu hüquq ətraf mühitlə sıx bağlıdır. Yəni insan öz yaşamaq hüququnu sağlam şəkildə ətraf mühitdə həyata keçirir. Hər bir insan sağlam ətraf mühitdə yaşamaq istəyir, bu, təbiidir. Yəni müasir dövrdə sağlamlıq və yaşamaq hüququ bir-birilə sıx əlaqədədir,  bu, dəqiqdir, onun dəyişimə ehtiyacı yoxdur. Məsələn: Amerika qanunvericiliyində, yəni ştatların bir çoxunun qanunlarında belə bir müddəa vardır: “Yaşamaq hüququ hətta insan ana bətnində olduqda belə qorunmalıdır.” İngiltərədə kilsə abortu qadağan etməklə onu öyüdləyir ki, hətta ana bətnində belə insanın yaşamaq hüququ qorunmalıdır. Bu hüquqla paralel, hətta bəzi ölkələrin qanunvericiliyində qidalanmaq hüququ, sağlam olmaq hüququ, müvafiq yaşayış şəraiti, təhlükəsiz iş şəraiti və s. də bu hüquqla sıx bağlı olaraq qeyd olunur. “İnsan Hüquqları haqqında Amerika Konvensiyasında” belə bir maddə vardır: “Hər bir şəxs cəmiyyət ehtiyatlarının imkanı daxilində geyim, mənzil, tibbi xidmətlərlə əlaqədar olan sanitariya və sosial tədbirlər vasitəsilə sağlamlığın qorunması hüququna malikdir.” Həmçinin hər bir kəs fiziki və psixi cəhətdən sağlam olmaq hüququna malikdir. Məsələn: Avropa Şurasına üzv olan dövlətlər etinasızlıq üzündən ölümlə nəticələnən və ya ciddi xəsarətə səbəb olan çirkləndirmə törədənlərin  təkcə cinayət məsuliyyətinə cəlb edilmələri ilə razılaşmırlar. Onlar bu tip hərəkətlərə beynəlxalq hüquqi qiymət verilməsinin tərəfdarıdırlar. Dövlətlərin, eləcə də beynəlxalq birliyin bütövlükdə insan həyatına təhlükə yaradan ekoloji təhlükələrin   qarşısının alınması,  onlara qarşı tədbirlər görmək kimi vəzifələri vardır. Hər bir dövlət, eləcə də BMT (Ətraf Mühitin Mühafizəsi Proqramı) təhlükələrin və zərərin baş verməsindən əvvəl müəyyən edilməsi üçün müəyyən monitorinqlər və erkən xəbərdarlıq sistemləri yaratmalıdır. Başqa bir ölkədə həyat üçün təhlükəli olan fəlakət haqqında məlumat almış dövlətlər mütləq şəkildə BMT-nin ƏMMP –nı xəbərdar etməlidirlər. Yaşamaq hüququ və insan həyatı hər cür iqtisadi maraqlardan və maliyyə gəlirlərindən yüksəkdə durur, buna görə də bütün bunları insan həyatı üçün gözə almaq lazımdır. Əgər dövlətlər və ya fiziki, hüquqi şəxslər ətraf mühitə ciddi ekoloji ziyan vurublarsa, bu zaman onlar mülki və ya cinayət məsuliyyəti daşıyırlar. Bu məsuliyyət ciddi məsuliyyətdir və həmin əməlin qəsd, ehtiyatsızlıq və ya etinasızlıqdan törədilməsi vacib deyildir.

        Stokholm Bəyannaməsində  insanın təhlükəsiz (sağlam) ətraf mühitdə yaşamaq hüququ birbaşa öz əksini tapmamışdır.  Bu hüquq dolayısı yolla, daha doğrusu, “keyfiyyətli, ləyaqətli və çiçəklənən həyat sürməyə imkan verən ətraf mühitdə əlverişli həyat şəraitinə malik olmaq” fikirləri ilə ifadə olunur. Ümumiyyətlə, mövcud beynəlxalq sənədlərdə insanın  təhlükəsiz (sağlam) ətraf mühitdə yaşamaq hüququ birmənalı şəkildə öz əksini tapmayıb.  Bu məsələ bir çox dövlətlərin konstitusiyalarında və qanunlarında müxtəlif hüquqlar kimi də əks olunur.  Məsələn: Portuqaliya Respublikasının Konstitusiyasının 66-cı maddəsində deyilir: “Hər kəsin ekoloji tarazlıq şəraitinə cavab verən, insanpərvər sağlam mühitdə yaşamaq hüququ və bu mühiti qorumaq vəzifəsi vardır.” [2]

            Sağlam ətraf mühitdə yaşamaq hüququ dövlətin qarşısında ətraf mühiti qorumaq vəzifəsi qoyur. Odur ki, hər bir dövlət ətraf mühitin  keyfiyyət göstəriciləri haqqında normativ hüquqi aktlar qəbul edir. Məsələn: Avropa Birliyi təkcə suyun keyfiyyətinə dair 50-yə yaxın sənəd qəbul etmişdir.  Vətəndaşların sağlam ətraf mühitdə yaşamaq hüququ  ətraf mühitin keyfiyyət normalarının müəyyən edilməsi, ətraf mühitin yaxşılaşdırılması üzrə tədbirlər, qəzaların, təbii fəlakətlərin qarşısının alınması və ətraf mühitin mühafizəsinə dair dövlət və ictimai orqanlar yaradılmasına səbəb olur.

            Ətraf mühitdə baş verən bütün hadisələr bir-birilə qarşılıqlı əlaqədədir. İnsan bəşəriyyətin yalnız kiçik bir hissəciyidir. İnsanı digər canlılardan fərqləndirən əsas amil ağlın olmasıdır. Amma insan ona verilmiş ağıldan sui-istifadə edərək özünü və ətraf aləmi, bütövlükdə bütün bəşəriyyəti təhlükədə qoyur. İnsan ətrafa vurduğu ziyanla təkcə bioloji yox, həm də psixoloji cəhətdən özünü və başqa canlıları  təhlükə altında qoyur. Bu günlərdə  biz ətrafa vurduğumuz ziyanla həm özümüzün, həm də gələcək nəsillərin sağlam ətraf mühitdə yaşamaq hüququnu pozmuş oluruq. Biz atmosferə olduğu qədər  suya, torpağa ziyan vururuq və oradan da qidalandığımız üçün orqanizmə mənfi təsir edən və insanın ölümünü tezləşdirən kimyəvi və bakterioloji maddələr vücudumuza girir.  Odur ki, dünyada ikinci qrup qlobal problemlər məhz ətraf mühitlə bağlı yaranan problemlərdir.

        Son dövrlərdə ətraf mühitin həddən artıq çirklənməsi  patologiyanın artmasına səbəb olmuşdur. Məsələn: irsiliyin pozulması ilə əlaqədar yaranan problemlərin 50%-i məhz ətraf mühitin çirklənməsi ilə bağlıdır. Xəstəliklərin strukturu dəyişmiş, xüsusilə də böyük şəhərlərin əhalisinin 10-15%-i psixi xəstəliklərdən əziyyət çəkir. Bütün bunlar isə ekologiyada baş verən pozuntularla bağlıdır.      

        Bu gün bəşəriyyət qarşısında dayanan əsas ekoloji problemlər bunlardır: iqlim dəyişməsi, ozon qatının azalması, turşu yağışları, səhralaşma, bioloji müxtəlifliyə təhlükə, əhalinin artımı (demoqrafik partlayış), resurs böhranı. Bütövlükdə , ətraf mühit,  inkişaf,  demokratiya və insan hüquqları XX yüzilliyin sonu üçün xarakterik olan xüsusiyyətlərdir.

       Azərbaycan Respublikasının əsas ekoloji problemləri aşağıdakılardan ibarətdir:

      * su ehtiyatlarının tullantı suları ilə çirkləndirilməsi, o cümlədən transsərhəd çirklənməyə məruz qalması;

      * yaşayış məntəqələrinin keyfiyyətli su ilə təminatının aşağı səviyyədə olması, şirin suların tələbatçılara çatdırılana qədər itkisinə yol verilməsi, kanalizasiya xətlərinin azlığı;

      * sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirklənməsi;

        * münbit torpaqların deqradasiyaya uğraması (eroziya, şoranlaşma və s.);

        * bərk sənaye və məişət tullantılarının, o cümlədən təhlükəli tullantıların tələb olunan səviyyədə idarə olunmaması;

        * biomüxtəlifliyin seyrəkləşməsi;

        * meşə ehtiyatlarının, faunanın, o cümlədən balıq ehtiyatlarının azalması.

       Göründüyü kimi, insanın sağlam ətraf mühitdə yaşaması üçün  özünün də müəyyən öhdəlikləri yerinə yetirməsi  şərtdir. Yəni bu, bizim həm hüququmuz, həm də vəzifəmizdir.

       Azərbaycan Respublikasında ətraf mühitlə bağlı bir çox qanunlar qəbul olunmuşdur.  “Ətraf mühitin mühafizəsi haqqında”,  “Ekoloji təhlükəsizlik haqqında” 1999-cu il 8 iyun Qanunları, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” 1997-ci il 30 dekabr Qanunu, “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında”  1992-ci il qanunları bunlara misaldır. “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında” Qanununa görə insanların sağlamlığının ətraf mühitin mənfi təsirlərindən qorunması üçün  tədbirlərin görülməsini vacib sayır.        Son 15 il ərzində ətraf mühitin mühafizəsi və sağlam ətraf mühitdə yaşamaq hüququ üzrə beynəlxalq hüquq sahəsindəki tədqiqatçılar və fəallar  ətraf mühitin mühafizəsi üzrə beynəlxalq hüququn mütərəqqi inkişaf modelinə, eləcə də ətraf mühitin mühafizəsi üçün müstəqil hüquqi strategiya kimi insan hüquqlarına getdikcə daha çox müraciət edirlər. Ətraf mühitin mühafizəsi üzrə beynəlxalq hüquqdan və təşkilatlardan fərqli olaraq, insan hüquqları bu hüququ bütün beynəlxalq məhkəmələrdə və insan hüquqları komissiyalarında önə çəkir və bu məsələnin doğrudan da insan hüquqlarının reallaşdırılmasına mane ola biləcəyini sübut edir. Bu sahəyə hətta ixtisaslaşmış vəkillər də cəlb edilir. Onlar beynəlxalq ekologiya hüququnun inkişafına öz töhfəsini verir. Bu sahədə həm də beynəlxalq və milli qeyri-hökumət təşkilatları fəaliyyət göstərir.

        Beynəlxalq hüquqda ətraf mühitin mühafizəsi dedikdə  təmiz hava, su, sabit iqlim sistemi, ultra bənövşəyi şüalanmadan ozon qatının qorunması nəzərdə tutulur. Bu hüquqlar Afrika, Amerika, Latın Amerikası və təbii ki, Avropa dövlətlərinin, eləcə də Azərbaycanın hüquq sistemində göstərilib.  Hətta İEOÖ-lərin qanunvericilik sistemində bu məsələ aktual olaraq öz əksini tapıb. Ümumiyyətlə, bizim üçün bu gün ekoloji qanunvericiliyin mövcud olması və ondan nə dərəcədə faydalana biləcəyimiz  mühümdür. Çünki ekoloji nasazlığın zərər yetirə biləcəyi birinci varlıq insandır. İnsan isə bəşəriyyətin ən ali varlığıdır. Biz bu varlığı qorumaq və əsas insan hüquqlarından biri olan sağlam ətraf mühitdə yaşamaq hüququnu təmin etmək üçün konkret iş görməliyik.  Təbii ki, hər kəs öz sahəsində  bunu etməlidir. Hüquqşünaslar bunu qanunvericilikdə, istehsalçılar bunu müasir texnikaların köməyi ilə ətraf mühitə minimum ziyan verməklə  və s. edə bilərlər. Çünki  hər bir fərdin həyatı həqiqətən çox dəyərlidir.

        Beləliklə, sonda qeyd etmək istəyirəm ki, insanın sağlam ətraf mühitdə yaşamaq hüququ onun özündən asılıdır .Yəni bizim hər birimizin sağlam ətraf mühitdə yaşamaq hüququmuz olduğu kimi, ətraf mühiti qoruyub saxlamaq, onu, həmçinin  gələcək nəsillər naminə qorumaq vəzifəmiz var. Biz bu hüququn reallaşdırılmasını nə qədər istəyiriksə, o qədər də vəzifələrimizi bilib, ona uyğun hərəkət etməliyik. Ətraf mühitə vurulan ziyanları minimuma endirməklə sağlam yaşamaq hüququmuzu təmin etməliyik.

 

[1]3) David Hanter, Ceyms Salzman, Durvud Zealke “Ətraf mühit haqqında beynəlxalq hüquq və siyasət”. Bakı. Adiloğlu nəş. 2008.1719s.

 

[2]3) David Hanter, Ceyms Salzman, Durvud Zealke “Ətraf mühit haqqında beynəlxalq hüquq və siyasət”. Bakı. Adiloğlu nəş. 2008.1719s.

 

                                                             İSTİFADƏ  OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI

 

1)  “ Azərbaycan Respublikası Konstitusiyası” 12 noyabr 1995-ci il. Bakı. Azərbaycan Respublikası Milli Məclisinin nəşri.  2002.   113 s.

2)  Блишенко И.П Дипломатическое право. М.1990. cт 567.

3)  David Hanter, Ceyms Salzman, Durvud Zealke “Ətraf mühit haqqında beynəlxalq hüquq və siyasət”. Bakı. Adiloğlu nəş. 2008.1719s.

4) Əmir Əliyev “Müasir beynəlxalq hüquqda insan hüquqları, əhali və miqrasiya problemləri”. Bakı. Avrasiya Hüquqşünaslar Assosiasiyası. 2007.487 s.

5) İntiqam Əliyev və Kamal Abbasov “Avropa İnsan Hüquqları Məhkəməsi”. Bakı. İsmayıl nəş.Poliqrafiya. 2002. 592 s.

6) Həmid İmanov “Fəlsəfə”. Bakı. Turan evi. 2005. 415 s.

7) Lətif Hüseynov “Beynəlxalq hüquq”   Bakı.“Hüquq ədəbiyyatı”. 2002. 418 s.

8) Rüstəm Məmmədov “Beynəlxalq hüquq”.Bakı. “Qanun” .2002. 418 s.

9)  Лукашук И.И. Международное право. Общая часть. М.2005. ст 531.

10)www.eco.gov.az   

 

 

Xülasə

 

 

                                              Sağlam ətraf mühitdə yaşamaq hüququ

 

Sağlam ətraf mühitdə yaşamaq hüququ  insan hüquqları içərisində üçüncü nəsil kollektiv hüquqlar sırasına daxildir, yəni bu hüquq həm fərdi, həm də kollektiv hüquqdur. Fərd hüququ kimi bu, hər bir kəsə məxsusdur. Kollektiv hüquq kimi isə bütün insanlara aiddir. Azərbaycan Respublikası Konstitusiyasının “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan III fəslində 39-cu maddədə əks olunmuşdur:        

        I  Hər bir kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.

       II Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.

       

 

 

 Право на благоприятную окружающую среду

 

Экологические проблемы наносят широкомасштабный ущерб национальным, региональным и в целом мировой системам окружающей среды, создавая угрозу благополучию и самому существованию не только отдельных государств, но и всему человечеству.Право человека на безопасную (здоровую) окружающую среду относится к числу его фундаментальных прав.

Это право можно отнести к третьему поколению прав человека. Оно является коллективным правом, я бы сказала и вместе с тем и индивидуальным одновременно. Так, как индивидуальное право – право на благоприятную окружающую среду принадлежит каждому, как коллективное же оно относится ко всем людям.  

Признание экологических прав граждан становится одним из наиболее существенных факторов развития экологического права.

 

 Summary

 

 

 

                  The right to live in   healthy  environment.

 

The right to live in healthy  environment– belongs  to the  third type of  human collective  rights- it is private and  collective  right.  As private right  it belongs to everybody. But as a collective right  it belongs to all. It was  reflected  on  39   Articles of III  Chapter  calling  “The Basic Human and  citizen  rights and freedoms” of  Constitution of the Republic of  Azerbaijan.

        I Everyboday has  right  to live in healthy environment.

       II Everybody has right  to get information about  real situation of enviroment  and  to make compensation for harm related  to  enviroment violation to  healthy and property.