Nəşrlərimiz
 
 
— "AYNHA Hüquq Jurnalı" (III Sayı) - Cinayət qanunvericiliyində olan bəzi boşluqlar və onların təhlili
 

24-10-2017, 12:06

 

"AYNHA Hüquq Jurnalı" (III Sayı) - Cinayət qanunvericiliyində olan bəzi boşluqlar və onların təhlili

 Müəllif: Esmira Tağıyeva

 Hüquqşünas

 

Cinayət qanunvericiliyində olan bəzi boşluqlar və onların təhlili

 

    Açar sözlər: qanunvericilik, boşluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsi, konstitusiya, Azərbaycan Respublikası Konstitusiya məhkəməsi

    Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi tərtib edilərkən baza kimi Rusiya Federasiyasının Cinayət Məcəlləsindən istifadə olunmuşdur. Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin qəbul olunmasından  keçən illər ərzində ona bir sıra düzəlişlər və əlavələr edilmişdir. Buna indi də ehtiyac var. Çünki tarixi təcrübə göstərir ki, qəbul olunan hər bir qanunun məntiqi və həyati olması yalnız onun təcrübədə tətbiqi zamanı aydınlaşır. Qeyd etdiyimiz kimi baza rolu oynayan Rusiya Cinayət Məcəlləsi həmin ölkənin istintaq-məhkəmə təcrübəsində özünü tam doğrultmadığından sonrakı illərdə ona xeyli düzəliş və əlavələr edilmişdir. Lakin həmin Məcəllənin əvvəlki variantının həyatla uzlaşmayan və istintaq-məhkəmə təcrübəsində tətbiqi çətinliklər yaradan bir çox normaları bu günə qədər də mövcud milli cinayət qanunvericiliyimizdən çıxarılmamışdır. Beləliklə də, qanunvericiliyimizdə mövcud olan bu boşluqlar ibtidai istintaqa və məhkəmə orqanlarına müəyyən qarışıqlıqlar və problemlər yaradır. Həmin maddələrə aşağıdakıları nümunə göstərmək olar.

    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24-cü maddəsində əməlin (hərəkət və hərəkətsizliyin) iki formada (qəsdən və ya ehtiyatsızlıqdan) törədilməsi göstərilir.

    Azərbaycan Respublikasında qüvvədə olan Cinayət Məcəlləsinin xüsusi hissəsində təqsirin qarışıq forması ilə törədilən cinayətlərə görə məsuliyyət müəyyən edən xeyli mürəkkəb cinayət tərkibləri mövcuddur. Lakin Cinayət Məcəlləsinin Ümumi hissəsində təqsirin qarışıq forması ilə törədilən cinayətlərin anlayışını müəyyən edən norma nəzərdə tutulmur. Bu isə cəza təyini zamanı müəyyən çətinliklər və narazılıqlar doğurur. Çünki təqsirin iki formasında olan cinayətlərin müəyyən edilməsi düzgün cəza təyini üçün vacibdir.

    Ümumiyyətlə qeyd etmək lazımdır ki, təqsirin mürəkkəb (qarışıq) forması-konkret halda törədilən əmələ və əməlin nəticəsinə eyni vaxtda həm qəsd, həm də ehtiyatsızlıq formasında olan müxtəlif psixi münasibətdir.

    Xarici ölkələrin cinayət qanunvericiliyinə nəzər salsaq, məsələn, Gürcüstan, Qazaxıstan, Moldova, Kosova, Serbiya, Tacikistan və Rusiya Federasiyasının Cinayət Məcəllələrini misal göstərmək olar ki, həmin məcəllələrdə təqsirin bu növünü konkret və müstəqil formada görə bilərik.

    Bundan başqa, CM-in 42-ci maddəsində məhkəmə hökmü ilə təyin oluna bilən cəza (əsas və əlavə) növlərinin siyahısı verilmişdir. Cəzalar sırasında xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltiflərindən məhrumetmə qismində cəza növü də vardır. Eyni zamanda da qanuna görə belə cəza növü yalnız əlavə cəza kimi tətbiq edilir (43.3-cü maddə).

    Bu cəza növünün tətbiqi qaydasını özündə əks etdirən 48-ci maddədə qeyd edilir ki, şəxsin məhkum olunması zamanı məhkəmə onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə bu barədə xüsusi və ya hərbi rütbəni, fəxri adı və dövlət təltifini vermiş orqana müvafiq təqdimat göndərir.

    Bildiyimiz kimi xüsusi və hərbi rütbə, fəxri ad və dövlət təltifi icra hakimiyyəti orqanları tərəfindən verilir. Belə qənaətə gəlmək olar ki, cinayət törətmiş şəxsə bu növ əlavə cəza son nəticədə məhkəmə tərəfindən deyil, icra orqanı tərəfindən verilməlidir. Çünki, belə hallarda məhkəmələr yalnız təqdimat vermək hüququna malikdir və bu təqdimat icra orqanları tərəfindən təmin olunmaya da bilər.

    Məntiqə uyğun olmayan bu qanun normasına şərh verilməsi məqsədilə vaxtilə Azərbaycan Respublikası Kon­stitusiya Məhkəməsinə də sorğu verilmişdir. Bu məsələ barədə Konstitusiya Məhkəməsinin 24 iyul 2004-cü il tarixli qərarı nəinki problemə aydınlıq gətirmiş, hətta bu normanın tətbiqində əlavə çətinliklər yaratmışdır. Konstitusiya Məhkəməsi hesab edir ki, 48-ci maddədə müəyyən edilən qanun norması yalnız ali hərbi və ya ali xüsusi rütbəyə, fəxri ada və dövlət təltifinə şamil edildiyi halda Konstitusiyaya uyğundur.

    Fikrimcə, bu məsələnin həlli üçün CM-in 42.0.5-ci maddədə nəzərdə tu­tulan xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltiflərindən məhrumetmə növündə əlavə cəza cəzalar sırasından çıxarılmalıdır. Beləliklə də məhkəmə orqanları məsələnin həlli zamanı müstəqil şəkildə, yəni icra hakimiyyəti orqanının təqdimatına ehtiyac qalmadan hökm çıxara bilər.

    Bu maddə nəinki Azərbaycan Respublikası Cinayət Məcəlləsində həmçinin Qazaxıstanın (CM-in 39-cu maddəsi), Rusiya Federasiyasının (CM-in 44-cü maddəsi), Ukrayna Respublikasının (CM-in 51-ci maddəsi) qanunvericiliyində öz əksini tapmışdır. Yəni, eyni problem onlarda da mövcuddur.

    Növbəti maddəni nəzərdən keçirək. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində adam oğurluğu ilə qadını evlənmək məqsədilə oğurlamaq cinayətləri eyniləşdirilmişdir. Halbuki adam oğurluğu ilə qadını evlənmək məqsədilə oğurlama cinayətlərinin motivi eyni deyildir. Adam oğurluğu cinayətləri tamah, qisas və s. alçaq niyyətlə törədildiyi halda qız qaçırma cinayətləri zərərçəkmişin iradəsi ziddinə onunla ailə qurmaq məqsədilə törədilir. Təcrübəyə nəzər salsaq görərik ki, bu əməllərin eyniləşdirilməsi istintaq və məhkəmə təcrübəsində bəzən elə vəziyyətə gətirib çıxarır ki, həmin orqanlar qanunu açıq-aşkar pozmaq məcburiyyətində qalırlar. Belə ki, CM-in 144-cü maddəsinin qeydinə görə oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad edilir. Təcrübədə elə hallar olur ki, qadını oğurlayan şəxs bir neçə gün onu müəyyən yerdə saxladıqdan sonra hər hansı səbəbdən (qorxusundan, qızın onunla ailə qurmayacağına tam əmin olduqda və s.) onu könüllü azad edir. Xalqın mentaliteti nəzərə alınarsa belə hallarda təq­sirkarın cinayət məsuliyyətindən azad edilməsi prak­tiki surətdə mümkün deyildir. Müdafiə tərəfi isə məhz 144-cü maddənin qeydinə əsaslanaraq təqsirləndirilən şəxsin azad edilməsində israr edirlər. İbtidai istintaq və məhkəmə orqanları uzun illər ərzində yaranmış təcrübəni əsas götürərək müdafiə tərəfinin tələbini rədd etsələr də, əslində qanunun tələbini pozmuş olurlar.

    Digər tərəfdən CM-in 144-cü maddəsinin sank­siyalarında nəzərdə tutulan cəza adam oğurluğu halları üçün uyğun olsa da, qadını evlənmək məqsədilə oğurlama cinayəti üçün yaramır. Həmin maddədə cinayətin bir qrupşəxs tərəfindən törədilməsi (qız qaçırma cinayəti faktiki olaraq bütün hallarda qrup şəklində törədilir) 8 ildən 12 ilədək, zərərçəkmiş yetkinlik yaşına çatmayan olduqda isə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına məruz qala bilər.

    Deməli, qız qaçırma cinayəti zamanı məsələn, avto­maşını idarə edən şəxs 8, yaxud 10 ildən az olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmələr bəzən belə hökmlər də çıxarmalı olurlar. Bunu isə cəmiyyət üzvləri həzm edə bilmir. Çünki qəsdən adam öldürmə cinayəti üstündə qanunvericilik 9 ildən 14 ilədək, zorlama cinayətlərinə görə isə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur (CM-in 120.1-ci və 149.1-ci maddələr).

    O zaman burdan o nəticəyə gəlirik ki, qızın qaçırılmasında iştirak etmək ci­nayəti (avtomaşını sürmək) qəsdən adam öldürmə və zor­lama cinayətlərindən daha ağır cinayətdir. Lakin bu nə məntiqə, nə də ədalət mühakiməsinə uyğun gəlir.

Digər qeyd etdiyim maddə kimi bu maddə və ağırlaşdırıcı hal kimi ona təyin olunmuş sanksiya bir neçə ölkənin qanunvericiliyində də mövcuddur. Məsələn, Albaniya CM-in 109-cu maddəsində (5 ildən 10 ilədək), Ukrayna Respublikası CM-in 146-cı maddəsi (5 ildən 10 ilədək), Rusiya Federasiyası CM-in 126-cı maddəsində  (6 ildən 15 ilədək) öz əksini tapmışdır.

    Fikrimcə, bu qarışıqlığı aradan qaldırmaq üçün müəyyən dəyişikliklər olunmalıdır. Məsələn, ağırlaşdırıcı hal olaraq qiymətləndirilən qrup şəklində törədilmiş əməldə iştirakçıların şəxsiyyətinin və törətdikləri əməlin (hərəkət və ya hərəkətsizliyin) ictimai təhlükəliliyi, məqsədi və xarakteri dəqiq müəyyənləşdirilməli və həmçinin zahirən buna bənzəyən cinayət əməlləri ilə  müqayisə olunub ədalətli bir hökm çıxarılmalıdır.

    Növbəti maddə 144-1 barəsindədir. Bu maddənin dispozisiyası həddən artıq anlaşılmazdır. Dispozisiyada adam oğurluğu, fahişəliyə cəlb etmə, insan alveri və buna bənzər cinayətlərin elementləri birləşdirilmişdir.  Hətta bu maddədə əks olunan ağırlaşdırıcı tövsifedici əlamət kimi göstərilmişdir. Halbuki, bütün hallarda bu cinayət yalnız qabaqcadan əlbir olmaqla törədilə bilər. Məncə bu ölü maddədir artıq. Çünki qabaqcadan əlaqəyə girmədən belə cinayət törətmək mümkün deyildir. Digər tərəfdən bəzən özlərini təşəbbüsü ilə xarici səfərlərdə olmuş, bədənlərini satmaqla əldə etdikləri pula özlərinə məişət şəraiti yaratmış şəxslər “cinayətin qurbanları” kimi tanınırlar. Bu əsasa görə isə onlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2006-cı il tarixli qərarına uyğun olaraq kompensasiya verilir. Məncə bu heç bir məntiqə uyğun gəlmir və maddə yenidən işlənməli insan alveri cinayəti fahişəliyə cəlb etmə cinayətindən fərqləndirilməlidir.

    Son olaraq qeyd etmək istədiyim maddə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü, yəni “yol nəqliyyat hadisəsi yerindən qaçma”  adlanan maddəsidir. Məncə, bu maddə cinayət qanunvericiliyindən çıxarılmalıdır. Buna bir neçə səbəb saya bilərik:

    İlk olaraq, bu maddə müstəqil maddə deyildir. Belə ki, 264-cü maddə ilə məsuliyyətin yaranması üçün həm də 263-cü maddədə göstərilən qanunazidd əməllər həyata keçirilməlidir. Başqa sözlə, təqsirləndirilən şəxs heç vaxt təkcə 264-cü maddə  ilə məsuliyyətə alına bilməz.

    Digər tərəfdən məntiqi cəhətdən yanaşsaq, görərik ki, nəinki 263-cü maddədə göstərilən, həm də qanunvericilikdə müəyyən edilmiş digər cinayət əməllərini törətmiş şəxslərin (cinayətkarın) cinayətdən yaxa qurtarmaq məqsədilə cinayəti gizlətməsi, cinayət yerindən qaçıb gizlənməsi təbii haldır. Lakin bu əməl-hadisə yerindən qaçma 263-cü maddə ilə birlikdə digər cinayət əməllərindən fərqli olaraq əlavə məsuliyyət yaradır.

    Həmçinin bu, məhkuma cəzaçəkmə müəssisəsi müəyyənləşdirilməsi zamanı müəyyən problem və qarışıqlıqlar yaradır. Belə ki, bildiyimiz kimi şəxs ehtiyatsızlıqdan törətdiyi cinayətə görə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində ödəməlidir. CM-in 263-cü maddəsi ilə nəzərdə tutulan yol- hərəkət qaydalanın pozulması cinayəti ehtiyatsızlıqdan, 264-cü maddəsi ilə nəzərdə tutulan əməl isə qəsdən törədilən cinayətdir. Məhkum məsələn, CM-in 263.2-ci maddəsi ilə 6 il, 264-cü maddəsi ilə 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə cinayətlərin məcmusu qaydasında çəkməli olduğu cəza üçün ona ümumi rejimli cəzaçəkmə müəssisəsi təyin edilir. Cinayət qanununda bu məsələyə aydınlıq gətirilmədiyindən şəxs ehtiyatsızlıqdan törətdiyi cinayətə görə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsi əvəzinə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olur. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə ziddir.

    Bəzən bəzi mənbələrdə qeyd olunur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi Konstitusiyamızın 66-cı maddəsinə ziddir. Bunu müzakirə etmək istəyirəm.

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair 29 yanvar 2004-ci ildə qərar qəbul etmişdir və müəyyən etmişdir ki, Cinayət Məcəlləsinin 264-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 66-cı (heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına  qarşı ifadə verməyə məcbur edilə bilməz) maddəsinə zidd deyil. Çünki özünə qarşı ifadə verməmək hüququ cinayət-prosessual hüquq olduğuna görə yol-nəqliyyat hadisəsindən sonra yaranmır. Əvvala ona görə ki, heç bir yol-nəqliyyat hadisəsi özü-özlüyündə hələ cinayət hadisəsi kimi qiymətləndirilə bilməz. Hadisə yerinə müvafiq icra hakimiyyəti orqanının (polisin) əməkdaşlarının gəlməsindən dərhal sonra isə yol-nəqliyyat hadisəsinin iştirakçılarından heç birinin hələ cinayət-prosessual statusu olmur. Bu zaman həmin şəxslər, o cümlədən nəqliyyət vasitəsini idarə edən şəxs tərəfindən izahat verilməsi özünə qarşı ifadə vermək kimi deyil, qanunda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi kimi qiymətləndirilməlidir.

    Ümumiyyətlə, biz də olduğu kimi xarici ölkələrdə bu maddəni o məqsədlə istifadə edirlər ki, yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurduğu şəxslər qarşısında yarana biləcək mümkün öhdəliklərin icrasından, eyni zamanda yaranan maddi məsuliyyətdən qaçmasının qarşısını almaqdır. Bu şərh özünü bir neçə normativ aktda öz əksini tapır. Almaniya Federal Konstitusiya Məhkəməsinin 29 may 1963-cü il tarixli, Fransa Kassasiya Məhkəməsinin 17 mart 2010-cu il tarixli, Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsinin 21 iyun 2004-cü il tarixli qərarlarını misal göstərmək olar.

    Lakin bu şərh yenə də qarışıqlığı aradan qaldırmır. Belə ki, bəzən praktikada elə hadisə yerindən qaçma ilə, zərərçəkmişi xəstəxanaya aparmaq qarışdırılır. Belə br hadisəsi Nəsimi rayon məhkəməsində baş vermiş və məsələ aydınlaşdırıla bilmədiyi üçün Konstitusiya məhkəməsinə sorğu göndərilmişdir. Burada A B-yə yol-nəqliyyat hadisəsi zamanı ehtiyatsızlıqdan yüngül xəsarət yetirmiş və dərhal onu tibb müəssisəsinə aparmışdır. Lakin A-nın bu hərəkəti “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq hadisə yerindən qaçma kimi qiymətləndirilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə məsuliyyət yaranmışdır. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 aprel 2012-ci il tarixli qərarı ilə məsələyə aydınlıq gətirilmiş və aşağıdakılar müəyyən olunmuşdur:

    “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır.

    Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz.”

     Qeyd etdiyim nümunədən də bəlli olduğu kimi bu maddə məhkəmə-istintaq orqanları üçün müəyyən anlaşılmazlıqlar, bəzən isə əsassız yerə məsuliyyət yaradır.

    Qanunvericiliyimizdə olan boşluqlar sadaladığım maddələrlə bitmir. Belə ki, daimi hüquqi dövlət, ədalətli ədalət mühakiməsinin qorunub saxlanılması, təkmilləşdirilməsi üçün qanunvericilikdə boşluq təşkil edən bütün maddələrə müəyyən dəyişikliklər edilməli, lazım gəldikdə isə tamamilə çıxarılmalıdır.  Bunun üçün isə bu sahədə fəaliyyət göstərən məhkəmə, prokurorluq və istintaq orqanları müəyyən təşəbbüslər göstərməli və məsələnin həlli qaydası üçün lazım olan bütün tədbirləri həyata keçirməlidir.