Nəşrlərimiz
 
 
— "AYNHA Hüquq Jurnalı" (IV Sayı) - Azərbaycanda dövlət qulluğu institutuna qloballaşma və digər tarixi amillərin təsiri.
 

25-01-2018, 10:01

 

"AYNHA Hüquq Jurnalı" (IV Sayı) - Azərbaycanda dövlət qulluğu institutuna qloballaşma və digər tarixi amillərin təsiri.

Müəllif: Kamran Dadaşov

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının magistrantı

 

Azərbaycanda dövlət qulluğu institutuna qloballaşma və digər tarixi amillərin təsiri.

 

    Qloballaşma dedikdə, əsasən, müxtəlif ölkələrə mənsub hökumətlər, müəssisələr və insanlar arasında mübadilə və təsir prosesləri başa düşülür. Bu proses beynəlxalq investisiya və ticarət tərəfindən aparılır, informasiya texnologiyaları tərəfindən isə dəstəklənir [1]. Başqa sözlə, qloballaşma məhsulların, xidmətlərin və insanların dünya üzrə azad hərəkət etməsidir [2].

    Göründüyü kimi qloballaşmanın əsasında daha çox iqtisadi amillər dayanır, amma onun nəticələri daha geniş istiqamətlərdə özünü göstərir. Bu istiqamətlərə mədəniyyət, texnika, tibb, siyasət və s. aid oluna bilər.

    Qloballaşma bir çox sahələrə təsir göstərdiyi kimi dövlət qulluğu yarımsahəsinə də təsirsiz qalmamışdır. İnkişaf etmiş ölkələrdə dövlət qulluğunun institutlarında bir sıra yeni əlamətlər və funksiyalar meydana çıxdıqdan sonra bu hal digər ölkələrə yayıldı.

    Azərbaycanda da dövlət qulluğu qloballaşmanın təsirinə məruz qalsa da, bu yarımsahəyə təsir edən yeganə amil qloballaşma olmamışdır. Azərbaycanın dövlət qulluğuna ölkənin ictimai-iqtisadi formasiyası, dövlətin siyasi rejimi, idarəçilik forması, dövlətin quruluş forması və digər mühüm amillər öz təsirini göstərmişdir.

    Azərbaycan iki yüz ilə qədər müddətdə Rusiyanın tərkibində olduğundan Rusiyada tətbiq olunan bütün dövlət hüququ institutları, o cümlədən dövlət qulluğu analoji olaraq bu və ya başqa formada öz əksini Azərbaycanda tapmışdır. Rusiya inkişafının monarx, sovetlər dövrlərində dövlət qulluğunun mahiyyəti, təşəkkülü və təkamülünün qısa təhlili, dövlət qulluğunda islahatlar aparılması onun müasir vəziyyətinin obyektiv qiymətləndirilməsi və perspektivinin müəyyən edilməsində tarixi təcrübəni nəzərə alınması xüsusi əhəmiyyət daşıyır. Rusiya tarixinin monarxiya və sovet dövrünün dövlət qulluğunun müqayisəli öyrənilməsi, müxtəlif tarixi mərhələdə onun yaranma və inkişafının ümumi və xüsusi əlamətlərinin təhlil edilib milli təcrübədə istifadə olunmasına imkan verir. Bu iki dövrün müqayisəsi dövlət qulluğunun təşkilat prinsiplərində ümumi əlamətlərin olduğunu göstərir. Onlara dövlət hakimiyyət sisteminin vahidliyi, mərkəzləşmə, nəzarət, dövlət fəaliyyətini həyata keçirərkən qulluqçuların məsuliyyəti qulluqçuların sayının daimi artması və bürokratiya ənənələrinin olması və s. daxildir [3, s. 178-179].

    Rusiyada silki monarx sisteminin mütləq monarxa keçdiyi dövründə I Pyotrun apardığı inzibati islahatlar nəticəsində idarəetmə orqanları sistemi yaranır, məmurluq kimi yeni qulluq tipi tətbiq edilir. Pyotrun islahatları aşağıdakı yeniliklərlə müşayiət olunur: birinci, subyektiv iradəyə söykənən rasional qərarlar təmin edən kollegiallıq tətbiq edildi; ikinci, inzibati orqanlar məhkəmə və maliyyə funksiyalarından azad edilir, bunlara xüsusi idarəetmə funksiyaları tapşırılır, yəni hakimiyyət qollarının bölgüsünə səy göstərilir; əvvəlki idarəetmə orqanlarının fəaliyyətində adətlər və presedentlər əvəzinə, yeni dövlət orqanlar, hüquq normaları, vəzifə təlimatları, xüsusi Baş reqlamenti (1720) rəhbər tutulur; üçüncü, vəzifəli şəxslər üzərində sistemli nəzarət təşkil edilir; dördüncü, dövlət qulluğunda ödənişli əmək haqqı tətbiq edilir, vəzifəli şəxslərin vilayət və şəhərlər tərəfindən maddi cəhətdən saxlanılması ləğv edilir [3, s. 179].

    Azərbaycan Xalq Cümhuriyyətində dövlət qulluğunun qanunvericilik bazası olmasa da, dövlət qulluğu geniş aspektdə Fransada, Türkiyədə olduğu kimi bütün dövlət idarə, müəssisə və təşkilatlarında işləyənlər daxil edilirdi və dövlət qulluğunda diffcrensasiya aparılmaqla daimi dövlət orqanlarında işləyənlər dövlət məmurları, müvəqqəti işləyənlər və köməkçi personal isə qulluqçu hesab edilirdi [3, s. 186].

    Azərbaycan Demokratik Respublikasının qurulmasında və dövlətçiliyin formalaşmasında, dövlət qulluğunun yaranmasında Türkiyə Cümhuriyyətinin məmurluğu institutunun təsiri böyük olmuşdur [3, s. 186].

    Qeyd etmək lazımdır ki, Müvəqqəti hökumət məşhur Amerika hüquq professoru, 1912-1921 -ci illərdə ABŞ prezidenti olmuş, 28 may 1919-cu ildə istiqlal günündə Parisdə Azərbaycan nümayəndə heyətini qəbul etmiş Vidro Vilsonun siyasi hakimiyyətin idarəetmədən ayrılması konsepsiyasını Azərbaycanda tətbiq etmişdir. Bunu aşağıdakı faktla təsdiq etmək olar. 1920-ci ildə ADR-nm parlamenti özünün son iclasında hakimiyyəti bolşeviklərə təhvil verəndə dövlət aparatında işləyən məmurların vəzifələrdə saxlanılması haqda təklif vermişdir [3, s. 188].

    Oktyabr (1917) inqilabından sonra V.Lenin burjuaziya siyasi rejiminin əsas əlamətlərindən: parlamentarizmdən, hakimiyyətlərin bölgüsündən, vətəndaş hüquq və azadlıqlarının konstitusiya təsdiqi və s. imtina etdi. Bu isə sovetlər dövründə dövlət qulluğunun taleyini həll etdi və bu təzahürün legitimliyi təmin edilmədi, partiya rəhbərliyi altında səlahiyyəti olmayan formada mövcud oldu [3, s. 188].

    Köhnə dövlət qulluq yerinə partiya rəhbərliyi altında qanunvericiliklə tənzimlənməyən iki yeni qulluq: partiya və sovet qulluğu yarandı. Bu iki qulluq arasında qarşılıqlı münasibət partiyanın maraqlarına uyğun idi. Bir tərəfdə bütün hüquq, digər tərəfdə yalnız vəzifə və məsuliyyət dururdu. Partiya qulluğu qoyulmuş ənənəyə görə hüquq subyekti, dövlət qulluğu isə sadəcə subyekti kimi kommunist partiyasının tələblərini həyata keçirirdi. Sovetlərin ilk illərində dövlət qulluğunun müəyyən tərəflərinin qanunvericiliklə tənzimlənməsinə müəyyən səy göstərilmişdir [3, s. 189].

    Azərbaycan Respublikası suverenlik əldə etdikdən və müstəqilliyinin bərpasından sonra legitim dövlət qulluğu institutunun yaranma prosesinin başlanmasını şərtləndirdi. Ədəbiyyatda postkommunist mühitində bir-birinə təsir edən müxtəlif irslər göstərilir. Onlar: 1) mədəni irs: tarixi gerilik, təqib olunma qorxusu və dözümsüzlük; 2) sosial irs: mütəşəkkil varis elitanın yoxluğu; 3) siyasi irs: partiya sistemlərinin zəifliyi və cəmiyyətdə onların köklərinin dayaz olması; 4) milli irs: dövlət quruculuğu prosesində yarımçıqlıq; 5) instilusional irs: leninçi institutların qalması; və 6) inzibati-iqtisadi irs: mərkəzləşdirilmiş hakimiyyət sisteminə malik dövlət sistemi və komanda iqtisadiyyatı . Bu irsləri aradan qaldırmaq üçün islahatlara və yeni qanunvericilik bazasının yaradılması başlanıldı. İlk vaxtlarda qüvvədə olan SSRİ qanunvericiliyindən istifadə olunurdu. Praktiki olaraq dövlət qulluğu məsələləri üzrə yeni hüquqi norma yaradıcılığı tədricən formalaşırdı. Azərbaycan Respublikasında siyasi sistemin və mülkiyyət münasibətlərinin köklü şəkildə dəyişilməsi yeni siyasi, iqtisadi, hüquqi və s. islahatların həyata keçirilməsini tələb edirdi [3, s. 191-192].

    Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulu1. Azərbaycan da dövlət qulluğunun yaradılması üçün islahatların başlanmasına start vermiş oldu. 1996-cı ildə Respublika Prezidentinin sərəncamı ilə «Hüquqi islahat komissiyası» yaradılır və müstəqil dövlətin öz qanunvericilik bazasının yaradılması prosesi başlanır. Komissiya qarşısında duran əsas məqsəd Azərbaycanda hüquq sistemini dünyanın inkişaf etmiş dövlətlərinin modelinə uyğunlaşdırmaq və onların təcrübəsini öyrənib tətbiq etməkdən ibarət idi [3, s. 193].

    XIX əsrin 1-ci yarısından XXI əsrə qədər Azərbaycanda mövcud olmuş dövlət qulluğuna ümumi tarixi nəzər saldıqdan sonra bu institutun daha çox xarici ölkələrin təsiri ilə formalaşması barədə nəticəyə gəlmək olar. Lakin hər bir dövrdə Azərbaycanın ərazisi, yerli əhalisi nəzərə alınaraq burada tətbiq edilən dövlət qulluğuna özünəməxsus keyfiyyətlər qazandırılmışdır.

    Qloballaşma şəraitində isə Azərbaycan Respublikasının dövlət qulluğu institutunda dövlət orqanları üçün yeni tələblər ortaya çıxmışdır.

    2003-cü ildə Azərbaycanda Avropa Birliyinin TASİS Proqramı çərçivəsində dövlət qulluğu sahəsində islahatlara yardım üzrə layihənin icrasına başlanıldı. Layihə 24 ay davam etdi. Bu müddət ərzində ölkədə dövlət qulluğu və inzibati islahatların həyata keçirilməsi üzrə konsepsiya hazırlandı. Ən əsası isə dövlət qulluğu sahəsində aparılan islahatları sürətləndirmək, dövlət qulluğunu daha yaxşı təşkil etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı. Komissiya dövlət orqanlarında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibələri təşkil edir və keçirirdi [4, s. 8].

    Dövlət qulluğunda peşəkarlığın artırılmasına təkan verən amillərdən biri dövlət qurumlarında müasir idarəetmə formaları və sistemlərinin tətbiq edilməsidir. Tətbiq olunan yeni idarəetmə formaları işçilərin həmin forma və metodları mənimsəməsinə, öz bilik və bacarığını artırmasına, öz iş yerini, mövqeyini qorumaq, vəzifə pillələrində irəliləmək üçün müasir tələblərə uyğunlaşmasına səbəb olur. Dövlət qulluğunun düzgün təşkili dövlət qulluqçularının peşəkarlıq səviyyəsini gündən-günə yüksəltməyə zəmin yaradır. Hazırda respublikada dövlət qulluqçularının peşəkarlığını artırmaq üçün bütün dövlət qurumlarında böyük işlər görülür. Cəmiyyətin idarə olunmasında çalışanların peşəkarlığını təmin etmək üçün işlək mexanizmlər yaradılmışdır. Bu mexanizmləri aşağıdakı kimi səciyyələndirmək olar:

  - xüsusi  hazırlıq tələb edən fəaliyyəti təmin etmək sahəsində səmərəli norma və qaydalar işlənib hazırlanmış, peşəkar fəaliyyət sahələrində şəffaflıq, rəqabət prinsiplərinə əsaslanma gücləndirilmişdir;

  - peşəkar fəaliyyət növlərinə müvafiq səriştəsi olan kadrların gətirilməsi əsasən təmin edilmiş və kadr xidmətlərinin məsuliyyət sistemi müəyyən edilmişdir;

  - peşəkar fəaliyyət növlərində vətəndaşların məşğulluğu məsələlərində dövlət strukturları və peşəkar qurumlar arasında tərəf-müqabil münasibətləri inkişaf etdirilmişdir və sair [5, s. 4].

    Şəxsi keyfiyyətlərə qiymət verilərkən müstəqil düşünməyi bacaran, yüksək nizam-intizam və iş qabiliyyəti nümayiş etdirən kadrlara üstünlük verilməlidir. Bu zaman onun vicdanlılıq, düzlük, sadəlik, əməkdaşlarla ünsiyyət yaratmaq, obyektivlik, ətrafdakılara diqqət və yüksək mənəvi əxlaq nümayiş etdirmək kimi  xüsusiyyətlərinin olması da vacib sayılmalıdır. Kadrların seçilməsi zamanı şəxsi sədaqət və dostluq münasibətləri əsas götürülə bilməz. İşçinin peşəkarlıq, işgüzarlıq və şəxsi mənəvi keyfiyyətlərini qiymətləndirmək üçün artıq sınaqdan çıxmış aşağıdakı metodlardan istifadə edilə bilər:

  - işçinin kadr sənədlərini öyrənmək və onun əsasında işçinin səriştəsinə və iş təcrübəsinə qiymət vermək;

  - işçini onunla şəxsi ünsiyyət vasitəsilə öyrənmək və bilavasitə əmək fəaliyyəti prosesində onu müntəzəm müşahidə etmək, onunla söhbətlər aparmaq və ayrı-ayrı tapşırıqlar vermək;

  - işçinin əməli fəaliyyətinin nəticələrinə, fərdi iş planlarının, vəzifə  öhdəliklərinin və verilmiş tapşırıqların yerinə yetirilməsinə qiymət vermək;

  - işçinin bilavasitə rəhbəri olan şəxslərin, onun tabeliyindəki işçilərin, iş yoldaşlarının və digər struktur bölmələri rəhbərlərinin onun barəsində fikirləri ilə tanış olmaq;

  - xidməti attestasiyaların, peşə imtahanlarının nəticələrini təhlil etmək [5, s. 4].

    Dövlət qulluğunun və idarəetmənin funksiyalarının mürəkkəbləşdiyi müasir dövr adekvat idarəetmə modelini, dövlət orqanlarının və dövlət qulluqçularının innovativ fəaliyyət üslubunu və xidməti fəaliyyətin qiymətləndirilməsinin optimal meyarlar sistemini tələb edir. Sosial strukturların mürəkkəbləşməsi, vətəndaş cəmiyyətinin təşəkkülü, dövlət idarəetmə orqanları ilə vətəndaşlar arasındakı münasibətlərin mütərəqqi inkişafı, dövlət orqanlarının fəaliyyətində səmərənin artırılması üçün yeni mexanizmləri müəyyənləşdirmək zərurətini üzə çıxarır... Belə bir sual yarana bilər ki, islahatlar nəticəsində sosial dövlətin idarəetmə modelində, dövlət qulluğunda hansı dəyişikliklər baş verir? Bu sualın çox geniş cavabı olsa da, əsas məqamları bu cür müəyyənləşdirmək olar:

  - Müasir, innovativ və demokratik idarəetmə modeli qurulur;

  - Şəffaf və səmərəli dövlət qulluğu mexanizmi yaradılır;

  - Dövlət qulluğunun təyinatı “xalqa xidmət” prinsipində ifadə olunur və bu xidmətin keyfiyyət göstəriciləri müəyyən olunur;

  - Dövlət qulluqçusunun əsas vəzifəsi “peşəkar, nəzakətli, mədəni, çevik və şəffaf xidmət” göstərməkdən ibarət olur;

  - Vəzifəli şəxslə vətəndaş arasındakı düşüncə tərzi, vəzifəli şəxslərin fəaliyyət üslubu dəyişir;

  - Vətəndaş dövlət qulluqçularından dövlət xidmətlərinin sadəcə təqdim olunmasını deyil, həm də əlçatanlığını, rahatlığını və keyfiyyətini tələb etmək imkanına malik olur;

  - Ölkədə ictimai-siyasi sabitlik və xalq-iqtidar birliyi təmin olunur;

  - İctimai nəzarət, vətəndaş müraciəti ən yüksək səviyyədə dəstəklənir;

  - İdarəetmədə sağlam rəqabət prinsipi tətbiq olunur, yəni, vətəndaşa məhz xidmətindən razı qaldığı quruma müraciət imkanı verilir;

  - Dövlət orqanlarının işi vətəndaş məmnunluğunun səviyyəsi ilə qiymətləndirilir;

  - Sosial proqramlar həyata keçirilir, əhalinin rifahının yüksəldilməsi üçün tədbirlər görülür, sosial infrastruktur yaradılır;

  - Regionların sosial-iqtisadi inkişafı təmin olunur və s. [6, s. 7].

Beləliklə, ölkədə yaradılan müasir idarəetmə modelinin təyinatı aşağıdakı prinsiplərdə ifadə olunur:

  * Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanması, onların maraqlarının hər şeydən üstün olması;

  * Şəffaf, demokratik, səmərəli və innovativ idarəetmə;

  * Dövlət qulluğunun “xalqa xidmət” konsepsiyasında həyata keçirilməsi, dövlət qulluqçularının əsas vəzifəsinin insanlara xidmət etmək, onların problemlərini həll etmək, qayğı göstərmək kimi müəyyən olunması;

  * Dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsi;

  * Vətəndaşla dövlət qulluqçusu, məmur arasındakı münasibətlərdə yeni düşüncə tərzinin formalaşdırılması;

  * Dövlət qulluqçularının dövlət xidmətlərini daha keyfiyyətli, rahat və müasir innovasiyalarla təqdim etməsi;

  * Dövlət qulluqçularının fəaliyyət üslubunun, vəzifəli şəxslə vətəndaş arasındakı düşüncə tərzinin dəyişməsi;

  * Vətəndaş məmnunluğunun əsas qiymətləndirmə meyarı hesab olunması;

  * Dövlət qulluqçularının peşəkarlığının müxtəlif təlim və kurslarla artırılması;

  * Biznes mühitinin yaxşılaşdırılması üçün dövlət dəstəyinin göstərilməsi və s. [6, s. 7].

Hal-hazırda dövlət qulluğuna qəbulu həyata keçirən Dövlət İmtahan Mərkəzi 27 oktyabr tarixində “Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” Tvinninq layihəsinin bu nəticələrini xəbər formasında paylaşmışdır:

    «Aİ-nin “Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlanan Tvinninq layihəsi 2016-cı ilin noyabrında başlanmışdır. Layihə Litvalı əməkdaşlarla birgə Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Layihənin məqsədi Azərbaycanda peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin yaradılmasına töhfə verməkdir.

    Layihənin məqsədi həm də dövlət qulluğu vəzifələrinin yenidən qruplaşdırılması, dövlət qulluğuna qəbul, xidməti fəaliyyətin qiymətləndirilməsi və əmək haqqı sistemi üçün çərçivənin yaradılmasıdır.

Hazırda layihədə dövlət qulluğuna qəbulun təkmilləşdirilməsi istiqamətində intensiv iş gedir. Dövlət İmtahan Mərkəzi, Azərbaycanın dövlət qurumlarının nümayəndələri və müsahibə komitələrinin üzvlərinin ilə birgə Aİ üzv ölkələrin ən yaxşı təcrübəsinə dayanaraq Litvalı ekspertlər dövlət qulluğuna qəbul sisteminin inkişaf etdirilməsinə ehtiyac olduğunu düşünürlər.

    Azərbaycanın dövlət qulluğuna qəbul sistemi üçün ekspertlər biliyə dayanan qiymətləndirmə sistemindən qabiliyyətə dayanan sistemə keçməyi və namizədlərin bacarıqlarını ölçmək üçün bir neçə metoddan istifadəni tövsiyə edirlər. Qabiliyyət fərdin bir işi lazımiı şəkildə həyata keçirə bilməsidir və o, praktiki və nəzəri biliklərin, koqnitiv bacarıqların, davranış və dəyərlərin məcmusundan ibarətdir. Müsabiqə zamanı təkcə hüquqi aktlarla bağlı biliyi qiymətləndirmək deyil, həm də o biliyin praktikaya tətbiqi bacarığını də yoxlamaq lazımdır. Bundan əlavə, biliyə dayanan qəbul sistemi namizədin qabiliyyətini tam şəkildə göstərə bilmir.

    Azərbaycanın dövlət qulluğu sistemini təkmilləşdirmək üçün Litvalı ekspertlər həm də rəhbər işçilərin (xüsusən də yüksək səviyyətli dövlət qulluğuna qəbulda) qabiliyyətinin də qiymətləndiiirlməsini təklif etdilər. Aİ-nin təcrübəsinə əsaslanaraq ekspertlər yüksək səviyyəli dövlət qulluqçularının bilik və bacarıqlarının qiymətləndirmə mərkəzi metodu ilə ölçülməsini təklif etdilər. Qiymətləndirmə mərkəzi metodu bir vəzifəyə uyğunluğu ölçmək üçün ən yaxşı üsuldur. Əgər gələcək davranışı eyni situasiyada özünü göstərmiş keçmiş davranışa əsasən proqnozlaşdırmaq olarsa, real olaraq bu qiymətləndirmə mərkəzi metodu həqiqi iş şəraitində performansı qabaqcadan müəyyən edə biləcək bir “iş nümunəsi” tipli məlumat bazasına malik olmalıdır. Qiymətləndirmə mərkəzi üçün əsas qayda ondan ibarətdir ki, orada verilən tapşırıqlar mümkün qədər namizədin real iş şəraitində qarşılaşa biləcəyi situasiyalara uyğun olsun. Bu metodda bir kompetensiya ən azı iki metodla (qrup tapşırıqları, fərdi müsahibələr, psixometrik testlər, praktiki tapşırıqlar və s. vasitəsilə) ölçülür.

    Bundan əlavə, Litvalı ekspertlər qəbul sisteminin monitorinqini etmək üçün namizədlərin və qurumların tövsiyələrini toplamağı təklif edir. Azərbaycanın mərkəzləşdirilmiş dövlət qulluğu qəbul sistemi yaxşı planlama və monitorinq sisteminin olmasını tələb edir. Qeyd olunan alətlər qurumların daha səmərəli fəaliyyətini təmin edəcək və qəbul sistemini təkmilləşdirəcək.»

    Göründüyü kimi, qloballaşma prosesinin bir sıra tələbləri Azərbaycan Respublikasında dövlət qulluğu institutunun qulluğa qəbul, həmçinin digər yarıminstitutlarında hələ də özünü biruzə verir.

 

     İstifadə edilmiş ədəbiyyat siyahısı:

  1.  1. What Is Globalization? - http://www.globalization101.org/what-is-globalization/ (10.10.2017).
  2.  2. What is Globalization ? - Meaning and its Importance - http://managementstudyguide.com/what-is-globalization.htm (10.10.2017).
  3.  3. Rzayev, Ə. H. Dövlət qulluğunun hüquqi əsasları.- Bakı: Elm, 2011, 480 s.
  4.  4. Xəlilov, B. Dövlət qulluğuna qəbulun Azərbaycan modeli yaradılmışdır (Müsahibə).- Xalq qəzeti, 2015, 23 iyun.
  5.  5. İsmayılov, S. Peşəkar kadrlar dövlət qulluğunun hərəkətverici qüvvəsidir.- Azərbaycan, 2013, 21 iyun.
  6.  6. Hüseynova, N. Sosial dövlətdə idarəetmə və dövlət qulluğu: mahiyyət və məqsəd prizmasında.- Azərbaycan, 2016, 7 iyun.
  7.  7. “Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” Tvinninq layihəsinin ENPI/2016/378418, AZ/15/ENP/OT/40 nəticələri -     https://www.facebook.com/stateexamcenter/posts/1753916531299747 (04.11.2017).