Nəşrlərimiz
 
 
— "AYNHA Hüquq Jurnalı" (IV Sayı) - Dövlət qulluğunda xüsusi rütbələr və ixtisas dərəcələri
 

25-01-2018, 10:26

 

"AYNHA Hüquq Jurnalı" (IV Sayı) - Dövlət qulluğunda xüsusi rütbələr və ixtisas dərəcələri

Müəllif: Eltac Hüseynli

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının magistrantı

 

Dövlət qulluğunda xüsusi rütbələr və ixtisas dərəcələri

 

    Azərbaycan Respublikası öz dövlət müstəqilliyini qazandıqdan sonra dövlət qulluğu institutu formalaşmış, inkişaf edərək bugünkü vəziyyətinə gəlib çatmışdır.

Azərbaycan Respublikasının dövlət müstəqilliyi dövlətin iqtisadi, hüquqi, ideoloji və sosial funksiyalarının genişlənməsi ilə müşayiət olunmuşdur.

    Dövlət mexanizminin normal funksiya göstərməsi dövlət qulluğunun təşkilindən, dövlət qulluqçusunun fəaliyyətindən asılıdır. Bu baxımdan da dövlətin öz funksiyalarını yerinə yetirə bilməsi üçün düzgün kadr siyasətinin qurulması və formalaşdırılması vacibdir. Bu baxımdan da dövlət kadr siyasətinin formalaşdırılması, dövlət qulluqçularının strukturunun təşkil olunması, onlara vəzifələr verilməsinin, onlar barədə həvəsləndirmə və məsuliyyət tədbirlərinin görülməsi, onların iyerarxik strukturunun müəyyən olunması, xüsusi rütbələrin, ixtisas dərəcələrinin verilməsi dövlət orqanlarının fəaliyyətinin formalaşdırılması baxımından həyati əhəmiyyət daşıyır.

    Bu cəhətdən dövlət qulluğu təsisatı dövlətin mühüm institutlarından biri olub, onun məqsəd və vəzifələrinin reallaşdırılması istiqamətində fəaliyyət göstərir.

    Dövlət qulluğu hüququ — inzibati hüququn müstəqil sahəsi olub, dövlət qulluğunun təşkili və həyata keçirilməsi prosesini, dövlət qulluqçularının öz vəzifə öhdəliklərini yerinə yetirməsi, hüquqi statuslarını reallaşdırması qaydasını və s. tənzimləyən hüquq normalarının məcmusundan ibarətdir.(1, səh 5).

    Dövlət qulluğu haqqında qanunvericilik isə özlüyündə dövlət orqanlarının quruluşu, dövlət qulluqçularının statusu, onların təyinatının müəyyən olunması ilə bağlı məsələləri özündə ehtiva edir. O, Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Dövlət Qulluğu haqqında Azərbaycan Respublikasının Qanunlarından, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarından, Nazirlər Kabinetinin Qərarlarından və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın normativ sənədlərindən ibarətdir.

    Dövlət qulluğunun həyata keçirilməsini dövlət orqanları təmin edir ki, onların da strukturu, idarəedilməsi qaydaları səlahiyyətləri və əsas vəzifələri dövlət qulluğu haqqında qanunvericilik sistemində təsbit olunmuşdur. Dövlət Qulluğu haqqında Qanunvericiliyə görə dövlət orqanları - Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən  dövlət qulluqçularının qurumu dövlət orqanıdır.(8, səh 1).

    Dövlət orqanının bölməsi bu orqanın qanunvericilik aktlarında nəzərdə tutulmuş, yaxud müəyyən edilmiş qaydada təsis olunan elə struktur hissəsidir ki, özünə həvalə edilmiş funksiyalar çərçivəsində həmin orqanın səlahiyyətlərinin bir hissəsini həyata keçirir.

    Dövlət Qulluğu haqqında Qanunvericiliklə tənzimlənən məsələlərdən biri də dövlət orqanlarında dövlət qulluqçularına xüsusi rütbələrin verilməsi qaydalarıdır.

    Xüsusi rütbələr dövlət orqanlarında çalışan qulluqçulara onları ali təhsili, hal- hazırda çalışdıqları vəzifələri, ixtisas dərəcələri, dövlət qulluğunda olma müddətləri nəzərə alınmaqla verilir. Xüsusi rütbələr dedikdə dövlət qulluqçularına tutduqları vəzifəsinə, ixtisasına və iş stajına görə verilən, onlara tutduqları rütbəyə görə müvafiq səlahiyyət, status verən və dövlət idarəetməsində iyerarxiyanı müəyyən edən, verilməsi qanunvericiliklə tənzimlənən sistem nəzərdə tutulur. Xüsusi rütbələrin verilməsi xüsusi dövlət qulluğunun mövcud olduğu dövlət orqanlarında verilir və bu xüsusi rütbələrin verilməsi həmin orqanların bu sahədəki müvafiq qanunvericilikləri ilə tənzimlənir. Qanunvericiliyə əsasən xüsusi rütbələrin verilməsi nəzərdə tutulan dövlət orqanları bunlardır. Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Vergilər Nazirliyi, Gömrük orqanları, Dövlət Gömrük Komitəsi, Fövqəladə hallar Nazirliyi, Məhkəmə qərarlarının icrası orqanları, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti.    Bu dövlət orqanlarında xüsusi rütbələr fərdi şəkildə, ardıcıl qaydada, təhsili, olduqları rütbədə xidmət müddəti, tutduqları vəzifədə rütbə hədləri, həmçinin daxili Əsasnamə ilə nəzərdə tutulan digər şərtlər nəzərə alınmaqla verilir. Xüsusi rütbələr verilmə ardıcıllığından asılı olaraq ilk və növbəti olur. İlkin xüsusi rütbələrdən fərqli olaraq növbəti xüsusi rütbələr bu Qanuna uyğun olaraq müvafiq vəzifə üzrə nəzərdə tutulan xüsusi rütbələrdə xidmət müddəti başa çatdıqda verilir. Ali, böyük və orta xüsusi rütbələr bir qayda olaraq ali hüquq təhsili olan işçilərə verilir. Qanunla nəzərdə tutulmuş hallarda digər ali təhsili olan dövlət qulluqçularına həmin xüsusi rütbələr tutduqları vəzifəyə uyğun hüquqi biliklərə yiyələndikdən sonra verilir. Sıravi və kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş ilk xüsusi rütbələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş proqram üzrə xüsusi kursları, eləcə də orta və ya orta ixtisas təhsil müəssisələrini bitirmiş sıravi və kiçik rəis heyəti vəzifələrinə təyin edilən şəxslərə verilir. Xüsusi rütbələrin iyerarxik təsnifatı isə aşağıdakı kimidir. Ali xüsusi rütbələr, böyük xüsusi rütbələr, orta xüsusi rütbələr, kiçik xüsusi rütbələr və sıravi rütbələr. Sıravi və kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələr bu vəzifələrə təyin etmək səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən verilir. Orta və böyük rəis heyəti vəzifələri üçün müəyyən edilmiş ilk xüsusi rütbələr isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.  Sıravi və kiçik, orta, böyük rəis heyəti vəzifələrinin siyahısı və bu vəzifələrə uyğun xüsusi rütbələrin hədləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Ali rəis heyəti vəzifələri üçün xüsusi rütbələr isə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Bir sıra dövlət orqanlarında mövcud olan xüsusi rütbələrin siyahısı isə aşağıdakı kimidir;

 

 

 

 

    Bu  xüsusi rütbələrin hamısı müvafiq dövlət orqanları tərəfindən dövlət qulluqçularına daimi olaraq verilir. Həmin şəxslər rütbələrindən yalnız məhkəmənin qərarı ilə azad oluna bilərlər.

    Dövlət qulluqçusunun statusunu müəyyən edən məsələlərdən biri də onlara ixtisas dərəcələrinin verilməsi qaydalarının müəyyən olunmasıdır. İxtisas dərəcəsi dövlət qulluqçusunun ixtisas səviyyəsini göstərməklə, onun ixtisasına, vəzifəsinə və qulluq etdiyi staja müvafiq olaraq verilir. Onun verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

    Qanunvericiliyin tələbinə əsasən dövlət qulluqçusuna ixtisas dərəcəsi onun tutduğu vəzifənin növünə müvafiq olaraq verilir.

    Respublika qanunvericiliyi dövlət qulluqçularına verilən ixtisas dərəcələrini müəyyənləşdirmişdir. İnzibati vəzifəli dövlət qulluqçularına verilən ixtisas dərəcələri aşağıdakılardır:

  - I təsnifat inzibati vəzifələr üzrə - həqiqi dövlət müşaviri, 1-ci dərəcə dövlət müşaviri və 2-ci dərəcə dövlət müşaviri;

  - II təsnifat inzibati vəzifələr üzrə — 1-ci, 2-ci və 3-cü dərəcə dövlət müşaviri, dövlət qulluğunun baş müşaviri;

  - III təsnifat inzibati vəzifələr üzrə - 3-cü dərəcə dövlət müşaviri, dövlət qulluğunun baş müşaviri və dövlət qulluğunun müşaviri;

  - IV təsnifat inzibati vəzifələr üzrə — dövlət qulluğunun baş müşaviri, dövlət qulluğunun müşaviri, və dövlət qulluğunun kiçik müşaviri;

  - V təsnifat inzibati vəzifələr üzrə — dövlət qulluğunun müşaviri, dövlət qulluğunun kiçik müşaviri və 1-ci dərəcə dövlət qulluqçusu;

  - VI təsnifat inzibati vəzifələr üzrə — dövlət qulluğunun kiçik müşaviri, 1-ci dərəcə dövlət qulluqçusu və 2-ci dərəcə dövlət qulluqçusu:

  - VII təsnifat inzibati vəzifələr üzrə — 1-ci dərəcə dövlət qulluqçusu, 2-ci dərəcə dövlət qulluqçusu və 3-cü dərəcə dövlət qulluqçusu;

  - VIII təsnifat inzibati vəzifələr üzrə — 2-ci dərəcə dövlət qulluqçusu, 3-cü dərəcə dövlət qulluqçusu və kiçik dövlət qulluqçusu;

  - IX təsnifat inzibati vəzifələr üzrə — 3-cü dərəcə dövlət qulluqçusu, kiçik dövlət qulluqçusu.

    Yardımçı vəzifəli qulluqçulara isə aşağıdakı ixtisas dərəcələri verilir:

  - I təsnifat yardımçı vəzifələr üzrə — dövlət qulluğunun baş referenti, dövlət qulluğunun böyük referenti;

  - II təsnifat yardımçı vəzifələr üzrə — dövlət qulluğunun böyük referenti, dövlət qulluğunun 1-ci dərəcə referenti;

  - III təsnifat yardımçı vəzifələr üzrə — dövlət qulluğunun 1-ci dərəcə referenti, dövlət qulluğunun. 2-ci dərəcə referenti;

  - IV təsnifat yardımçı vəzifələr üzrə — dövlət qulluğunun 2-ci dərəcə referenti, dövlət qulluğunun 3-cü dərəcə referenti;

  - V təsnifat yardımçı vəzifələr üzrə — dövlət qulluğunun 3-cü dərəcə referenti, dövlət qulluğunun kiçik referenti;

  - VI təsnifat yardımçı vəzifələr üzrə — dövlət qulluğunun kiçik referenti. (8, səh 272).

    İxtisas dərəcələrinin təsnifatlara uyğun olaraq verilməsi öz əksini “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun dərc edilməsindən sonra daha geniş tapmış, dövlət qulluğunun təkmilləşdirilməsi və yenidən qurulması üçün də real imkanlar yaranmışdır. Bununla da Respublikada müəyyən işlər görülmüş, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında işləyən dövlət qulluqçularına əmək haqları artırılmış və məmurların əksəriyyətinə iş stajlarına uyğun olaraq ixtisas dərəcələri verilmişdir. Və bütün bunlarla dövlət qulluqçularının maddi şəraitləri yaxşılaşdırılmış və bu da onların stimullaşdırılmasında və dövlət qulluğunun işinin səmərəli təşkilində böyük rol oynamışdır. Bununla da əsasən dövlət qulluqçularının işə olan münasibətlərinin köklü surətdə dəyişdirilməsi qarşıya məqsəd kimi qoyulmuşdur. Dövlət qulluqçuları da onlara verilən bu yüksək təminatın əvəzində dövlətimizin inkişafı üçün yüksək məsuliyyətlə çalışmalıdırlar.

    Dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi, artırılması, saxlanılması və rəsmiləşdirilməsi qaydası, həmçinin, ixtisas dərəcəsinə görə onlara ödənilən əlavə haqqların məbləğləri Azərbaycan Respublikası prezidentinin 2001-ci il 3 sentyabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları” ilə müəyyənləşdirilir. Verilən ixtisas dərəcəsi dövlət qulluqçusunun tuta bildiyi dövlət qulluğu vəzifələrinin növlərini müəyyənləşdirməklə yanaşı, ona aşağıdakı hüquqları da verir;

  -vəzifə maaşına əlavə haqq almaq hüququ;

  -sosial təminatlardan istifadə etmək hüququ.

    Qeyd edək ki, dövlət qulluqçusuna müvafiq ixtisas dərəcəsi onun istəyinə əsasən, heç bir məhdudiyyət qoyulmadan verilə bilməz .İxtisas dərəcəsi qulluqçunun ixtisasına, vəzifəsinə və qulluq stajına uyğun verilir.

 

    İstifadə olunmuş ədəbiyyat siyahısı

 

  1.  1. E. İ. Abdullayev, N. Ş. Hüseynova; Dövlət qulluğu dərslik. Bakı: “Beynəlxalq Universitet”, 2007.
  2.  2. Dövlət idarəçilik nəzəriyyəsi .AR Təhsil Nazirliyi, AR Prezidenti yanında Dövlət İdarəçilik Akad; müəl. kol., ön söz və baş red. S. Qəndilov .Bakı: Elm və təhsil, 2010.
  3.  3. Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə. AR 29 iyun 2001-ci il tarixli 168-IIQ saylı Qanunu ilə təsdiq edilib. Bakı: Azərnəşr.
  4.  4. Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu. AR 22 iyun 2010-cu il tarixli 1057-IIIQ saylı Qanunu ilə təsdiq edilib.
  5.  5. Ədliyyə Orqanlarında Qulluq Keçmə Haqqında Qanun. AR 26 may 2006-cı il tarixli 119-IIIQsaylı Qanunu ilə təsdiq edilib.
  6.  6. «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. AR 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilib. Bakı. “Azərbaycan” qəzeti.
  7.  7. Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə. AR 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilib.
  8.  8. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu. AR  21 iyul 2000-ci il 926-IQ saylı Qanunu ilə təsdiq edilib. Bakı. “Azərbaycan” Qəzeti.
  9.  9. Azərbaycan Respublikasında dövlət qulluğu: Nəzəriyyə və praktika. Ə. Rzayev. Bakı : “Elm” ,2005.