Nəşrlərimiz
 
 
— "AYNHA Hüquq Jurnalı" (IV Sayı) “Fors-major” hallarının Azərbaycan və beynəlxalq müqavilə hüququnda təsbiti və istifadə edilməsi.
 

01-02-2018, 09:58

 

"AYNHA Hüquq Jurnalı" (IV Sayı) “Fors-major” hallarının Azərbaycan və beynəlxalq müqavilə hüququnda təsbiti və istifadə edilməsi.

Müəllif: Vüqar Məmmədov

"Holcim (Azərbaycan)" ASC, hüquq məsləhətçisi

 

“Fors-major” hallarının Azərbaycan və beynəlxalq müqavilə hüququnda təsbiti və istifadə edilməsi.

 

 

     Fors-major” halları bütün növ mülki müqavilələrin ən mühüm institutlarından biridir. Azərbaycan Mülki Məcəlləsində birbaşa olaraq “fors-major”-a anlayış verilməsə də bəzi növ müqavilələrə aid bölmələrdə buna dair tələblər görmək olar. “Fors-major” əslində müqavilənin standart şərtləri sırasına aid etmək olar. “Fors-major-un nə olduğunu bilmək üçün və hansı halların fors-major sayıldığını müəyyən etmək üçün beynəlxalq hüquqi aktlara , o cümlədən dünya səviyyəsində tanınmış professorların əsərlərinə müraciət etmək olar.

     Beynəlxalq hüquq sistemində “fors-major” (fransız dilindən tərcümədə “fövqəl güc” kimi tərcümə edilir) elə bir müqavilə şərtidir ki, fors-major sayıla bilən hallardan biri baş verərsə onda, bu tərəflərə müqaviləyə bütünlüklə və ya qismən xitam vermək və ya müqavilənin icrasını dayandırmaq hüququ verir. Bir qayda olaraq fors-major tərəfləri müəyyən fövqəladə hadisələr zamanı mülki məsuliyyətdən azad etmək üçün nəzərdə tutulur .Fors-major halları tərəflərin iradəsindən kənar baş verən elə bir hallardır ki, onların baş verməsi tərəflər üçün gözlənilən deyil və bu hallar  müqavilənin icrasının  qeyri-qanuni, kommersial olar qeyri-mümkün, məsləhətli olmayan sayılmasına gətirib çıxarır. Müqavilənin fors-major sayılan bölməsi təsbit edə bilər ki, fors-major hallarında müəyyən dövrə qədər müqavilənin icrası  müvəqətti olaraq dayandırılıb və ya ümumiyyətlə xitam verilir.

     Adətən dünya praktikasında Fors-major halların hansı hallar olması tərəflər arasında olan danışıqlar əsasında müəyyən edilir. Tipik olaraq fors-major halları, müharibələr, qiyamlar, dövlət çevrilişləri, yanğın,daşqın,qasırğa, zəlzələ, partlayış, lokautlar, iqtisadi böhranlar, enerji resurslarının uzun müddətə qıtlığı, eləcə də hər hansı dövlət orqanın tərəflərdən birinin üzərinə müqavilə üzrə öhdəliyini yerinə yetirmək barədə qadağa qoyması ilə bağlıdır. Yuxarıdakı qeyd etdiyimiz hallara misal olaraq qeyd edə bilərik ki, məsələn, hansısa bir liman şəhərində dənizdə sunami baş verdi və bu da limanın müvvəqəti bağlanmasına səbəb oldu, bu zaman Satıcı müqavilə üzrə malı Alıcıya limanda və ya onun müəssisəsinə çatdırmalıdrsa, qeyd olunan hadisəyə görə Satıcı malların gecikməsinə görə məsuliyyət daşımır.

    Əgər müqavilədə fors-major halları qeyd edilməyibsə, ümumi hüquq sistemində tərəflər “məqsədin alt-üst olması” və ya “müqavilənin icrasının qeyri-mümkünlüyü” məsələsini qaldıra bilərlər, bu da ki nadir hallarda müqavilənin icrasına möhlət verilməsi ilə nəticələnə bilər. Əsasən aşağıdakı hallar müqavilədə fors-major bölümündə qeyd edilməlidir:

  -fors –major hadisələrinin anlayışı ;

  - hadisə baş verdikdə nə etməli ;

  - hansı tərəf icranı dayandırmalıdır?!;

  - əgər fors-major halı spesifik olaraq müəyyən edilmiş vaxtdan artıq davam edərsə nə edilməlidir?.

Bir çox milli hüquq sistemlərində, fors-major bu dörd halları əhatə etməsi tələb edilir. Belə ki, fors-major halı 1) müqavilə üçün və tərəflər üçün xarici təsirli olmalı 2) həmin hadisə tərəflərin müqavilə bağladığı zaman güman etdikləri icraya kəskin şəkildə mane olmalı 3)  hadisə öncədən 

müəyyən edilə bilən olmalıdır 4) hadisənin baş verməsi tərəflərin iradəsindən kənar baş verməlidir.[1]

     Adətən ABŞ və ya digər ümumi hüquq sistemi ölkələrində məhkəmə “fors-major” anlayışı və fors-major sayıla bilən halları qeyd edilmiş müqavilələri interpretasiya edir və həmin hallar müqaviləyə uğun olduqda qəbul edilir. Məsələn, əgər “terror aktlar” müqavilədə fors-major halı spesifik hal kimi qeyd edilsə də, bu o demək deyil ki, terror təhlükəsinə görə məhkəmə hər hansı tərəfi mülki məsuliyyətdən azad edəcək. Beləliklə, bu vacib şərtdir ki, tərəflər istənilən növ şəraiti spesifikləşdirməlidir, hansı ki müqavilənin icrasına mane ola bilməsi və ya sənin malik olmana mane yaratması gözləniləndir.[2]ABŞ-da bu son on illiklərdə baş vermiş mühüm hadisələr, məsələn 11.09.2001-ci il terror hadisələri və ya 2005-ci ildə baş vermiş “Katrina” qasırğası fors-major hadisələrinə diqqəti artırmışdır.

[1] “Force-majeru clauses: buried in the boilerplate but important

[2] “Understanding force-majeru clauses”, Janice M.Ryan

     “Fors-major” hadisəsini əhatə edəcək şəraitləri müqavilədə müəyyən etmək mühümdür.Adətən müqavilələrdə, təbii fəlakətlər- qasırğa ,daşqın, zəlzələ “Tanrının əməlləri” (acts of God) kimi qeyd edilir. Digər əhatə edilmiş hallar terror hadisələri, partlayışlar, işçilərin tətilləri, epidemiyalar və sair hesab edilir. Adətən partlayış və ya yanğın hadisələri fors-major hadisəsi kimi qeyd edildikdə, istehsalçının müəssisəsində ya da daşıyıcının nəqliyyat vasitəsində, o cümlədən limanlarda baş verməsi əsas götürülür.

     

UNİDROİT Prinsipləri:

 

     1. “Beynəlxalq Xüsusi Hüququn Unifikasiyası İnstutu” (International Institute for Unification of International Private Law) öz prinsiplərində (UNİDROİT Principles 2016) “force majeure” –yə anlayış vermiş və beynəlxalq müqavilələrdə bu hüquq  institutunun hansı hallarda istifadə edilməli olduğunu qeyd etmişdir.Bu prinsiplərin 7.1.7-ci maddəsi force majeure hallarına şamil edilmişdir.Bu prinsiplərdə fors-major aşağıdakı kimi tövsif edilir:

     2. Əgər maneə müvəqqəti olarsa müqavilənin səbəbli olaraq icra edilməməsi üçün üzrlülük yalnız bu müddət üçün şamil edilir.

     3. Üzrlü olaraq öhdəliyi icra edə bilməyən tərəf digər tərəfi əsaslı olaraq maneə barədə və bunun icraya təsiri haqqlnda xəbərdar etməlidir. Əgər xəbərdarlıq digər tərəfdən hər hansı səbəbdən zəruri vaxt ərzində qəbul edilməzsə,maneə barədə xəbərdar olmayan tərəf və yə bu maneə barədə bilməli olan tərəf bu qəbul edilməmə səbəbindən yaranan zərərə görə məsuliyyət daşıyır.

     4. Bu maddədə heç bir əsas digər tərəfə müqavilənin icrasından imtina etmək hüququnu ləğv etməyə və ya yerinə yetirməkdən və ya vəzifəsi üzrə pul maraqları çəkinməyə mane olmur.

     5. Yuxarıda qeyd edilmiş anlayışlara əsasən fors-majora aid nümunə göstərmək olar. Nümunə:

"X" ölkəsində olan istehsalçı "A" şirkəti, "Y" ölkəsində yerləşən "B" adlı alıcıya nüvə enerjisi istehsalı üçün məhsullar satır. Müqavilənin şərtləri əsasında  "A" şirkəti 10 il ərzində, həmin dövr üçün müəyyən edilmiş, Nyu-York ştatında ödənilməli olan ABŞ dolları ilə göstərilən valyuta məzənnəsi üzrə “B” şirkətinin nüvə stansiyasını zəruri maddə olan uraniumla təmin etməyi öhdəsinə götürür. Lakin sonradan aşağıda qeyd edilmiş ayrı-ayrı hadisələr baş verir:

  1) 5 ildən sonra “Y” ölkəsinin milli valyutasının məzənnəsi “ABŞ” dollarına münasibətdə 1% azalır. “B” şirkəti belə olan hallarda məsuliyyətdən azad edilməyib, çünki tərəflər ödəniş əsaslarının riskli hallarını əvvəlcədən şərtləndirmişlərdir.

  2) 5 ildən sonra “Y” ölkəsi xarici valyuta ilə ödənişi öz əlinə alır və “B” şirkətinə “Y” ölkəsindən başqa digər bir ölkədə xarici valyuta ilə ödəniş etməyi qadağan edir. Bu halda “B” şirkəti xarici valyuta ilə ödəniş etmək vəzifəsindən azad edilir, eyni zamanda “A” şirkəti uranium təzhic etmək vəzifəsi həvalə edilmiş müqaviləni ləğv etmək hüququ vardır.

  3) 5 ildən sonra dünya bazarında uraniumun qiymətində ciddi dəyişikliklər baş verir və müqavilənin təsəvvür etdiyi dərəcədən 10 dəfə qalxış olur. Bu halda “A” tərəfi uraniumu göndərmək vəzifəsindən azad edilmir , çünki müqavilənin bağlandığı və ya müzakirə edildiyi vaxt qiymətlərin qalxıb-enməsi nəzərə çarpan olmuşdur.

  Yuxarıda qeyd olunanları nəzərə alaraq qeyd etməliyik ki, “fors-major”-la bağlı maddələr hər hansı öhdəliyin icrasını qəbul etməmiş tərəfin müqaviləni ləğv etmək hüququnu məhdudlaşdırmır. Bu maddələrin birbaşa məqsədi zərər nəticəsində öhdəliyini icra edə bilməyən tərəfi məsuliyyətdən azad etməkdir. Bəzi hallarda müqavilənin icrasına əngəl olan hal hər hansı icranı bütünlüklə dayandıracaqdır və ya bu maddənin təsiri ilə öhdəliyin icrası müəyyən müddətə qədər təxirə salınması mümkündür.

     Fors-major hallarının Azərbaycan qanunvericiliyində təsbiti.

 

     Öhdəliyin icra edilməməsinin bir instutu olan fors-major bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilmiş maddələr bir-başa fors-majora anlayış vermir. Məsələn Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu maddə həmin Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş “zərər” anlayışına uyğun olaraq əldən çıxmış faydanı , real zərəri və pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri tələb etməyə əsas verən halları təsbit edib.

    Mülki Məcəllənin 443.7-ci maddəsinə görə, “əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.” Bu o deməkdir ki, əgər müqavilədə fors-majorla bağlı hər hansı bir hal yoxdurs qarşı tərəf dəymiş ziyanı ödəməlidir.

    Həmin Məcəllənin 448.4-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.Bu maddənin məzmunundan belə aydın olur ki,borclu müqavilənin icrasına mane ola biləcək riskləri öncədən nəzərə almalı və bu risk müqavilə ilə tənzimlənməyibsə öhdəliyin pozulmasına görə məsuliyyət daşıyır.

     Mülki Məcəllənin 448.4.-ci maddənin dispozisiyası bilavasitə fors-major hallarını təsbit edir.Belə ki, həmin maddəyə görə, “Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin”.Bu maddədə, maneənin tərəfin iradəsindən kənar olması, və ya müqavilə bağlanarkən belə bir maneənin çıxmasını gözləməyin mümkünsüz olduğunu sübut etməlidir. Mənim fikrimcə, bu maddəyə maneənin çıxmasının “ağlabatan” və ya “səbəbli” olması daxil edilməlidir,çünki UNİDROİT prinsiplərində “reasonable” sözündən istifadə edilib ki, bu da Azərbaycan dilinə “əsaslı”, səbəbli” və ya “ağlabatan” kimi tərcümə edilməsi mümükündür.

     Daha sonra qeyd etməliyik ki, həmin maddədə öhdəliyin icrasına mane ola bilən səbəblər barədə digər tərəfi xəbərdar etmə vəzifəsi qoyulmuşdur. Belə bir vəzifənin UNİDROİT principlərində də təsbit edildiyi məlumdur. Belə ki,448.4-cü maddədə, borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

     Fors-majorla bağlı digər qanunvericilik aktlarında da rastlaşmaq olar,məsələn Vergi Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunun təbii fəlakət, yaxud digər fövqəladə və qarşısıalınmaz hadisələr nəticəsində törədilməsi məsuliyyəti istisna edən hal kimi göstərilmişdir.“Gömrük Məcəlləsinin” 1.0.9-cu bəndində “fors-major hallar – baş verməsi əvvəlcədən ehtimal edilməyən və müvafiq şəraitdə qarşısının alınmasının mümkün olmaması nəticəsində şəxslərin öz öhdəliklərini yerinə yetirməsinə maneçilik törədən, ləngidən fövqəladə hallar, təbii fəlakətlər, yaxud ictimai-siyasi hadisələr” kimi göstərilmişdir.

 

     Fors-major halların qiymətləndirilməsi və onun “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı hallardan fərqi.

     Hər hansı hadisənin fors-major olub-olmaması bəzən çətinliklər yaradır,belə ki, yolda hərəkət edən avtomobillərin qəfildən qəzaya uğramasının fors-major olub-olmaması sual doğurur. Hansı halların Fors-major hadisə kimi qiymətləndirilməsi zamanı beynəlxalq inistutlar əsasən təbii fəlakətləri, qiyam və müharibələri, kütləvi tətilləri və sair nəzərə alırlar.Mənim fikrimcə hər hansı hadisəyə fors-major hal kimi verərkən ilk öncə həmin hadisənin miqyası və hansı həddə, hansı miqdarda zərər vurduğu,eləcə də həmin hadisənin tək bir şirkətə deyil fors-major hadisənin baş verdiyi ərazidə fəaliyyət göstərən bir neçə şirkətlərə ziyan vurma imkanını və ya həmin ərazidə və həmin hadisə səbəbindən müvəqəti və ya daimi olaraq bütün şirkətlərin fəaliyyət göstərə bilməməsi faktını nəzərə alınması lazımdır. Eyni zamanda fors-major halların “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi” səbəbindən öhdəliyin icra edilməməsindən fərqləndirmək zəruridir.

     Mülki Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

     Yuxarıda qeyd edilmiş hallar müqavilənin öncədən təsəvvür edilməz şərait nəticəsində dəyişməsi nəticəsində müqavilənin icrasına mane olan hallardır ki,əsasən iqtisadi fəaliyyətlə bağlıdır.Fors-major hallarının texniki qəza, təbii fəlakət və ya siyasi fəaliyyət nəticəsində yaranması onun “şəraitin əhəmiyyətli dərəcədə” dəyişməsindən fərqləndirir.

     Beynəlxalq hüquqi aktlarda “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi” “hardship clause” kimi istifadə edilir. Bu hal müqavilə üzrə öhdəliyin icrasının qeyri-mümkünlüyünü deyil,sadəcə müqavilənin icrasına maneə kimi qiymətləndirilir. Həmin aktlara əsasən,tanınmış ekspertər hesab edir ki, “Hardship” əsasən, hüquqi,texniki,siyasi, maliyyə hadisələridir ki müqavilənin icrasının nəticəsində ortaya çıxır, lakin hadisənin “hardship” sayılması üçün belə bir halın müqavilə bağlanmazdan öncə müəyyən etmək və ya təsəvvür etmək imkanın olmaması da nəzərə alınır. Ümumiyyətlə hardship müqavilənin icrasının qeyri-mümkünlüyünə səbəb olmur,sadəcə olaraq müqaviləyə əlavələr edilməsini və ya şərtlərinin dəyişdirilməsini ehtiva edir.

 

     Nəticə

Son olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsində “fors-major” halları ilə bağlı qeyd edilmiş bölmələrə nəzər salmaq istərdim.Məsələn, Mülki Məcəllənin 379.1.1-ci bəndində “iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda” iddia müddətinin axımının dayandırıldığı hallardan biri kimi  qeyd edilmişdir. Hesab edirəm ki, bu bənddə qeyd edilmiş “qarşısıalınmaz qüvvə” anlayışı fors-major hadisələrini ehtiva edir. Daha sonra, Mülki Məcəllənin 795-ci maddəsində,yəni “ticarət nümayəndəsi haqqında müqavilənin qüvvəsinə fövqəladə hallar nəticəsində xitam verilməsi”-nin əsası kimi fövqaladə halların baş verməsi ticarət nümayəndəliyi müqaviləsinə xitam verilməsi üçün əsas kimi qeyd edilmişdir. Belə ki, 795.1.2-ci bənddə “müqavilə iştirakçılarından heç birinin cavabdeh olmadığı digər fövqəladə hallar baş verdikdə və bu hallar ləğvetməyə dair bildiriş vermiş iştirakçıdan müqaviləni qüvvədə saxlamağı tələb etməyi artıq ağlabatan etmədikdə” bu müqaviləyə xitam vermək hüququ göstərilib.

Alman hüquq sistemi “vis major” (höhere Gewalt) və  „casus fortuitus“ (zufall) anlayışlarını fərqləndirir,lakin Britaniya hüququnda olduğu kimi bu 2 məhfumu (höhere Gewalt) anlayışı ətrafında yığmağa çalışır və bu anlayış beynəlxalq hüquqda təsbit edilmiş “fors-major” anlayışı ilə sinonimlik təşkil edir. Halbuki, (höhere Gewalt)  borcluya öhdəliyini yerinə yetirməmək hüququ verilmir.

Hesab edirəm ki,Azərbaycan Mülki Məcəlləsində  Ümumi hissənin bir bölməsi kimi “fors-major” hüquq instutuna hüquqi tövsif verilməsi daha məqsədə uyğundur.Respublikamızda bütün yerli şirkətlər tərəfindən müqavilənin ümumi şərtləri kimi bu anlayışdan istifadə edilir.Ölkəmizə cəlb edilən xarici investor şirkətlərin fəaliyyətini nəzərə alaraq fors-majorun mülki qanunvericiliyə daxil edilməsi zəruridir.