Nəşrlərimiz
 
 
— "AYNHA Hüquq Jurnalı" (IV Sayı) Sübutetmə prosesində kriminalistik əhəmiyyətli homoloji məlumatların rolu
 

16-04-2018, 11:14

 

"AYNHA Hüquq Jurnalı" (IV Sayı) Sübutetmə prosesində kriminalistik əhəmiyyətli homoloji məlumatların rolu

Müəllif: Şəmsiyyə Ədilova

Bakı Dövlət Universiteti, Dəniz və Enerji hüququ, Magistr, I kurs

 

Sübutetmə prosesində kriminalistik əhəmiyyətli homoloji məlumatların rolu

 

  Annotasiya

 

  Bu məqalədə müəllif müasir dövrdə qeyri-ənənəvi üsullarla, elmi-texniki tərəqqinin nailliyyətlərindən istifadə etməklə hazırlanmış, yeni, yüksək texnologiya vasitələrinin köməyi ilə sübutetmə prosesində qısa müddət ərzində daha sürətli və keyfiyyətli nəticələr əldə etmək məqsədilə şəxsiyyətin  xassələrini sübutetmə prosesində kriminalistik homoloji məlumatlar kimi nəzərdən keçirir.Araşdırmanın obyekti sübutetmə prosesində insan şəxsiyyətinin xassələri barədə homoloji məlumatlardır. Araşdırmanın predmeti isə sübutetmə prosesinin müəyyən edəcəyi  predmetə daxil olan halların müəyyən olunması üçün müasir dövrün yüksək texnologiyalarının tətbiqi ilə yeni daha səmərəli üsul, vasitə və metodlardan istifadə olunmasıdır.Məqalədən  sübutetmə prosesində onun tam, obyektiv və hərtərəfli aparılmasını təmin etmək üçün şəxsiyyətin xassələrindən homoloji məlumatlar alaraq səmərəli istifadə etməyə yönəlmiş səylərin artırılmasını daha da genişləndirmək məqsədilə istifadə edə bilərlər.

 

Giriş

 

  Dünyada baş verən gərginliklər, isalamafobiya təzahürlərinin artması, terror aktlarının coğrafiyasının genişlənməsi, cinayətlərin strukturunda, dinamikasında, inkişaf meyllərində əhəmiyyətli dəyişikliklərin baş verməsi cinayətkarlıqla mübarizədə hüquq mühafizə orqanları  qarşısında yeni-yeni vəzifələr qoyur. Bu isə indiyədək tətbiq edilən metod, üsul və vasitələrdən keyfiyyətcə köklü surətdə fərqlənən, elmi-texniki tərəqqinin nailiyyətlərindən bəhrələnməklə hazırlanmış vasitələrdən istifadə edilməsini, elmi-texniki və təşkilati-metodiki təminatın səviyyəsinin yüksəldilməsini, müstəntiqlərin taktiki məharətlərinin artırılmasını, bir sözlə kriminalistik fəaliyyətin daha səmərəli üsul, metod və vasitələrinin işlənib hazırlanmasını tələb edir.

  Həm də nəzərə almalıyıq ki, XXI əsr qloballaşma, inteqrasiya, yeni, yüksək texnologiyalar əsridir. Ona görə də cinayət prosesinin əsasını təşkil edən sübutetmə prosesinə onun səmərəliliyinin artırılması məqsədilə, elmi-texniki tərəqqinin nəticələrinin yüksək texnologiyaları tətbiq etməklə cinayətkarlığa qarşı mübarizəni daha da gücləndirmək olar.[1]

[1] Ищенко Е.П. Виртуальный криминал. Москва: Проспект, 2017, 232 с.

  Bir sıra kriminalist alimlərin: R.S.Belkin, V.A.Obrastsov, V.D.Yablokov, Y.P.İşenko, V.A.İvankov və başqalarının fikrincə qarşıda duran vəzifələrin öhdəsindən gəlmək üçün, cinayətkarlığa qarşı mübarizədə homoloji amillərdən, yəni «insan amili»ndən daha geniş istifadə olunmalıdır. Onların fikrincə «kriminalistik homologiya» - bitkin bir elmi sistem olmaqla zəngin elmi təmələ əsaslanır, yəni, homologiyada – hüquq və qeyri-hüquq profilli (fiziologiya, biologiya, psixologiya, psixiatriya, inikas nəzəriyyəsi, insan fəaliyyəti nəzəriyyəsi, qneseologiya, cinayət hüququ və cinayət-prosessual hüququ və s.) kimi müxtəlif elm sahələrinin müddəalarından və nailiyyətlərindən istifadə edilir.

  Şəxsiyyətin müəyyən olunması üzrə nəzəri və praktiki tövsiyələr əsasında hazırlanmış üsul və vasitələr kriminalistikanın texnika, taktika və metodika bölmələrində öz əksini tapmışdır. Lakin etiraf edək ki, şəxsiyyətin müəyyən olunmasına dair bəzi məsələlər: məs. psixofizioloji xassələr, şəxsiyyət barədə informasiyanın qeyri-ənənəvi metodlarla toplanması mövcud nəzəri müddəalarla izah edilə bilməz. Mövcud metodlar: meyitlərin şəxsiyyətlərinin müəyyən edilməsi, şəxsiyyətin axtarılması, tanınması, axtarılan şəxslərin qeydiyyatının aparılmasında və s. istifadə olunurlar.

  Yalnız son illərdə alimlər: iy izlər, səs, nitq kimi əlamətlərə diqqət yetirməyə başlayıblar. İnsanın temperamenti, xarakteri, davranışı, bacarıq və vərdişləri kimi psixofizioloji əlamətlərin tədqiqi təəssüf ki, hələ az tədqiq olunmuşdur. Halbuki, şəxsiyyətin müəyyən olunmasında onlar böyük əhəmiyyət kəsb edirlər.

  Heç kəsə sirr deyildir ki, müstəntiqlər istintaq prosesində dindirilənin fərdi psixoloji cəhətləri barədə məlumatları kifayət qədər toplamırlar. Bir qayda olaraq iş, təhsil, yaşayış yerindən xasiyyətnamələr, psixonevroloji və narkoloji dispanserlərdən arayışların alınması ilə kifayətlənirlər. Bu məlumatlarla işə hazırlanan taktiki üsulların səmərəliliyini artırmaq olmaz. Cinayət prosessual sübutetmədə şəxsiyyətin kompleks xassə və əlamətlərinin tədqiqi hələ ki, kifayət səviyyədə deyildir. Xüsusən də, elmi-texniki tərəqqinin yeni nailiyyətlərindən nanotexnologiya, kompüter texnologiyası, rəqəmli texnologiya və s. istifadə etməklə sübutetmə predmetinə aid olan halların daha səmərəli üsul və metodlarla təminatına yönəldilməsi bu sahədə atılan yeni cəhddir.

  Əsas məqsəd sübutetmə prosesində onun tam, obyektiv və hərtərəfli aparılmasını təmin etmək üçün şəxsiyyətin xassələrindən homoloji məlumatlar alaraq səmərəli istifadə etməyə yönəlmiş səylərin artırılmasını daha da genişləndirməkdir.

  Bu yolda əsas vəzifələr isə elmi-texniki tərəqqinin nailiyyətlərindən bəhrələnərək onları sübutetmə prosesinin hallarının müəyyən olunmaları üçün daha səmərəli üsul vasitə və metodların hazırlanmasına və tətbiq edilməsinə yönəltməkdir.

  Kriminalistikanın yeni sahəsi olan «kriminalistik homologiyanın» daha da inkişaf etdirilməsi, müasir dövrün elmi-texniki nailiyyətlərindən sübutetmə prosesində daha da səmərəli istifadə edilməsi, sübutetmənin tam, obyektiv və hərtərəfli aparılmasını, təmin etmək üçün insan şəxsiyyətinin xassələrindən homoloji məlumat olaraq daha geniş və məqsədyönlü istifadə edilməlidir.

 

  SÜBUTETMƏNİN KRİMİNALİSTİK ASPEKTLƏRİ

  

  Sübutlar nəzəriyyəsinin əsaslarında qeyd edildiyi kimi, cinayət prosesinin əsas məsələsi törədilmiş cinayətə görə təqsirli şəxsin müəyyən edilməsi və onun cinayət məsuliyyətinə cəlb edilməsidir. Bu məsələnin həll edilməsi ilə dövlət ədalət prinsipini realizə edir, cinayətə görə məsuliyyətin labüdlüyünü təmin edir, eləcə də, cinayətin qurbanlarına dəymiş zərərin aradan qaldırılmasını təmin edir. Əsas şərt – cinayətin kim tərəfindən və necə törədildiyini müəyyən etməkdir. Qeyd olunanları müəyyən etmək üçün öz səlahiyyətləri daxilində cinayət prosesini həyata keçirən orqanlar tərəfindən cinayət təqibi üzrə icraat aparılır. Cinayət prosesini həyata keçirən orqanlar, bir qayda olaraq, cinayətin baş verdiyi yerdə olmurlar, yəni cinayət hadisəsi keçmişə aid olan bir hadisə olaraq qalır. Keçmişdə baş vermiş cinayət hadisəsinin leqal və legitim yolla müəyyən edilməsinin yeganə yolu isə cinayət-prosessual sübutetmədir. Məhz sübutetmə vasitəsilə səlahiyyətli subyektlər keçmişdə baş vermiş cinayət hadisəsini cinayət prosesində dərk edərək hadisə ilə bağlı qərar qəbul edirlər. Sübutetmə fəaliyyəti cinayət prosesində mərkəzi yer tutur və hüquqi əhəmiyyətli nəticələrə səbəb olur1.

  Sübutların qarışıq izahlı modelinə əsasən müasir dövrdə sübut kimi həm faktlar, həm bu faktlar haqqında məlumatlar, həm də bu məlumatların əks olunduğu mənbələr qəbul edilir.

Sübutetmə mürəkkəb dərketmə fəaliyyəti olub cinayət prosesinin özəyini təşkil edir. AR CPM 128.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.[2]

[2]AbbasovaF. M. Cinayətprosesində preyudisiyanınnəzəri əsasları. Müstəqilliyimiziniyirminci  ili: Azərbaycanhüquqelminininkişafistiqamətləriadlı respublikaelmipraktikkonfransınınmaterialları. Bakı, 2012, 412 s

  İstər-istəməz bir sual meydana çıxır: Axı sübutlar yalnız ona görə toplanır və tədqiq olunur ki, onlar sonra qiymətləndirilsinlər. Vaxtilə R.S. Belkin çox ədalətli olaraq qeyd etmişdi ki, sübutetmə dərketmə fəaliyyətinin xüsusi halı kimi son anlamda sübutlarla əməliyyat deməkdir [3].

  Məhz buna görə də üç elementə, yəni sübutların toplanması, tədqiqi və qiymətləndirilməsinə o, 1967-ci ildə daha bir element- «istifadə»ni də əlavə etdi.

  Cinayət - prosessual qanunvericiliyi birbaşa yox, yanakı da olsa, sübutların istifadəsini tanıyır. Belə ki, sübutetmənin sübutların toplanması, yoxlanılması, qiymətləndirilməsi və istifadəsinin sübutetmə hallarının müəyyənləşdirilməsi məqsədilə yerinə yetirildiyi qeyd edilir.

  Ona görə də belə bir nəticəyə gəlmək olar ki, qanunla tənzimlənən sübutetmə prosesi: sübut olunmalı halların, eləcə də cinayət işi üçün əhəmiyyəti olan digər halların müəyyən edilməsi məqsədilə sübutların toplanması, tədqiqi , qiymətləndirilməsi və istifadə olunmasından ibarətdir.

  Sübutetmə predmeti cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə icraat zamanı sübut edilməli halların məcmusudur. AR CPM 139-cu maddəsində ümumi sübutetmə predmetinə daxil olan halların  siyahısı göstərilib.

[3] Белкин Р.С. Криминалистика: проблемы, тенденции, перспективы. Об-щая и частные теории. М.: Юрид. лит, 1987, 76  с.

  Sübutların toplanılması– sübutların axtarışı, əldə edilməsi və rəsmiləşdirilməsindən ibarətdir.

  İstər prosesual, istərsə də kriminalist alimlər sübutların toplanılmasının axtarış xarakterli olduğunu qeyd edirlər. Yəni, sübutların toplanılmasının başlanğıcını axtarış tədbirləri olmasını qəbul edirlər. Lakin kriminalistik aspektdən yanaşsaq hələ bundan əvvəl sübutların aşkar olunması üçün mürəkkəb düşünmə fəaliyyəti mövcuddur – sübutların olduğu yeri ehtimal əsasında müəyyənləşdirmək. Ondan sonra texniki- kriminalistik vasitə, metod və üsullarla sübutları aşkar etmək. Onlar kifayət qədər çoxdurlar. Lakin onları şərti olaraq üç növə bölmək olar: orqanoleptik, fiziki və kimyəvi metodlar.

  Orqanoleptik metod insanın hissiyyat orqanları vasitəsilə sübutların aşkar olunmasıdır. Orqanoleptik metodlar özləri beş beş yarımqruplara bölünürlər: vizual, toxunma, qoxu, dadbilmə və eşitmə.

  Prosessual aspektdən fərqli olaraq kriminalistik aspektdə sübutların qeyd olunmasında daha çox metodun məzmununa önəm verilir. Belə ki, onlar hansı hərəkətlə və hansı vasitə ilə qeyd etmənin yerinə yetirilməsinə diqqət yetirirlər. məsələn, kriminalistlər «qeyd etmə»yə geniş mənada «sübutların konservləşdirilməsini» də əlavə edirlər. Belə ki, bəzi sübutlar hər hansı bir faktorun təsiri ilə (məs. temperaturun) tez xarab olurlar, öz xassələrini dəyişirlər. Ona görə də həmin sübutlar aşkar edildiyi yerlərdə təxirə salınmadan konservləşdirilərək götürülməlidirlər.

  Sübutların yoxlanılması - tam, hərtərəfli və obyektiv həyata keçirilməlidir. Toplanmış sübutlar təhlil olunmalı, mümkünlüyü müəyyən olunmalıdır. Ziddiyyətlər olarsa aradan qaldırılmalı, aydınlaşdırılmalıdır. Həm də yeni sübutlar əldə etməklə dəqiqləşdirmək olar. İstintaq eksperimenti vasitəsilə də məlumatları yoxlayıb dəqiqləşdirmək mümkündür.

  Sübutların qiymətləndirilməsi – sübutetmə prosesinin son mərhələsidir. Bu istintaq və sair hərəkətlərlə yox, idrak fəaliyyəti ilə yoxlanılır. Sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilir [4].

[4]Kərimov Ş. M. Cinayətprosesində sübutetmə. Dərs vəsaiti. Bakı: Elm və təhsil, 2009, 258 s.

  Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir.[5]

[5] Məmmədov Q.M. Azərbaycan SSR cinayət-prosessual hüququnda sübutlar. Bakı: Maarif, 1981, s.152

  Sübutların mənsubiyyəti - onların sübutetmə predmetinə daxil olan hallara aid olması deməkdir.Sübutların mümkünlüyü məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi üsullarına, vasitələrinə şübhələrin olmaması deməkdir.

  Sübutların mötəbərliyi – onların həqiqiliyinə dair şübhələrin olmaması deməkdir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Sübut işin həlli üçün əhəmiyyətli ola biləcək hər hansı bir informasiya daşıyırsa o, həmin işə aid sübut hesab edilir.

 

  Şəxsiyyətin müasir metodlarla eyniləşdirilməsi, bu sahədə yüksək texnologiyaların açdıqları perspektivləri

 

  Son illərdə artıq kriminalistik poliqrafologiya, kriminalistik xronobiologiya (bioritmologiya), kriminalistik psixolinqvistika, kriminalistik kadavrologiya və s. kimi kriminalistika elminin yeni istiqamət­lərindən danışılır. Onların sırasında insan haqqında təlim olan kriminalistik homologiya xüsusi olaraq qeyd edilməlidir. Məlum olduğu kimi «Homologiya» termini latın «homo», yəni insan və yunan «loqos», yəni təlim sözlərindən yaranmışdır, insanların öyrənilməsi mənasını daşımaqla, insan haqqında təlim deməkdir.  

  Uyğun hüquq sahələri mənbələrində və elmi ədəbiyyatda daha çox insan, fərd, şəxs, şəxsiyyət, subyekt terminlərinə təsadüf edilir. Sadalanan sözlərin semantik analizi belə bir nəticəyə gəlməyə əsas verir ki, onun fərdiliyini təşkil edən «konkret insana xas olan xassələrin məcmusu kimi» kifayət qədər ümumişlək mənasında məhz «şəxsiyyət» termini, cinayətkarlıqla mübarizə sahəsində tədqiqat obyekti kimi müəyyən xassələrin daşıyıcısı olan insanı ifadə etmək üçün öz tutumluğuna görə daha optimaldır.

  Şəxsiyyətin müəyyən olunması və kriminalistik tədqiqi nəzəriyyəsinin qurulması üzrə öz nəticələrini əsaslandıraraq, R.S.Belkin yazırdı ki, əgər kriminologiya və məhkəmə psixologiyasının, cinayət və cinayət-prosessual hüquq elmlərinin obyekti olan şəxsiyyətin xassələrini cəmləsək, onda görərik ki, şəxsiyyətin aşağıdakı xassələrinin öyrənilməsi kriminalistikanın «payına» düşür:

  - şəxsiyyətin somatik və psixofizioloji xassələrinin öyrənilməsi bu məlumatlardan axtarış və eyniləşdirmə məqsədi ilə istifadə edilir;

  - cinayətin törədilməsinin üsullarını müəyyən edən və bunda təzahür edən şəxsiyyətin somatik və psixofizioloji xassələri;

  -  proses iştirakçılarının şəxsiyyətinin müstəntiq və məhkəmə tərəfindən öyrənilməsi metodikası, yəni cinayət mühakimə icraatının praktiki məqsədləri üçün şəxsiyyətin öyrənilməsinin metodları.[6]

[6] Белкин Р.С. Курс советской криминалистики в 3 т. т.II. частные крими-налиcтические теории. М.: Академия МВД СССР, 1978, 380 с.

 

  Cinayətlərin istintaqı prosesində tədqiqatın mərkəzi elementi, sözsüz ki, insan - cinayət törətmiş şəxs, zərər çəkmiş, şahidlər, həmçinin müstəntiq tərəfindən istintaq prosesinə cəlb olunan digər şəxslərdir: ekspertlər, mütəxəssislər, hal şahidləri və s. Digər idrak sahələrindən fərqli olaraq, kriminalistikada zərurət yarandıqca insan və onun xassələri (fiziki, psixi, genetik, sosial və s.) bütün təzahür müxtəlifliyində tədqiq oluna bilər. Məlum olduğu kimi, insanın bütün xassələri ayrılmaz birlikdə mövcuddur, onların konkret fərddə təzahür ardıcıllığı isə daha bir vacib keyfiyyəti - fərdiliyi doğurur. Cinayətkar fəaliyyətin həyata keçirilməsi və cinayətin istintaqı gedişində yaranan vəziyyətlərin müxtəlifliyi onu şərtləndirir ki, cinayətkarın və zərərçəkən şəxsin şəxsiyyətinin öyrənilməsi zamanı onun xassələrinin (anatomik, sosial, psixoloji) istənilən məcmusu, psixi proseslərin axını xüsusiyyətləri, dünyagörüşü və s. kriminalistik əhəmiyyət kəsb edə bilər. Birincisi, cinayətlərin törədilməsində özünü göstərən, ətraf şəraitdə və insanların hafizəsində maddi və ideal izlər şəklində əks olunan cinayətkarın və zərərçəkən şəxsin xassələri kriminalistik əhəmiyyət daşıya bilər. Bu izlərin aşkar olunması və tədqiqi, onun vasitəsi ilə isə - cinayətkarın və qurbanın xassələrinin öyrənilməsi - cinayətin faktiki mənzərəsinin müəyyən olunmasında mühüm mərhələdir. İkincisi, cinayətlərin istintaqı prosesinin gedişatına təsir edən və onun taktiki mahiyyətini müəyyən edən istintaqın iştirakçılarının xassələri də kriminalistik əhəmiyyət kəsb edir. Bunun üçün müstəntiqə təqsirləndirilənin və zərər çəkənin, mütəxəssis və ekspertlərin, şahidlərin, tərcüməçilərin, pedaqoqların, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələrinin və ya yaxın qohumlarının istintaq hərəkətlərinin (istintaq eksperimenti, tanınma üçün təqdim etmə) icraatına cəlb olunan digərlərinin şəxsiyyətini öyrənmək lazım gəlir. İstintaqın qeyd olunan iştirakçılarından başqa müstəntiqin diqqət sahəsinə digər şəxslər da daxil edilir, məsələn, axtarışın keçirilməsi nəzərdə tutulan şəxslə birlikdə yaşayan və ya kənardan istintaqa maneələr yaradan şəxs və s. Bu, hakimiyyət və icra strukturlarının, nəzarət və təftiş orqanlarının, ayrı-ayrı idarə və təşkilatların nümayəndələri, həmçinin təqsirləndirilən şəxsin, zərərçəkən şəxsin qohumları, tanışları və yaxınları ola bilər. Bir sıra hallarda cinayətin açılması və istintaqına əks təsirin, maneənin mövcudluğu, istintaq gedişinə neqativ təsirin neytrallaşdırılması məqsədilə müstəntiq tərəfindən bu əks təsiri həyata keçirən subyektlərin şəxsiyyəti ilə bağlı xüsusiyyətlərin öyrənilməsi də zəruridir.

  Cinayətlərin böyük qismi gizli (latent) şəraitdə törədilir, buna görə onların açılması və istintaqı kifayət qədər mürəkkəb və çətin olmaqla yanaşı prosessual hərəkətlərin və əməliyyat-axtarış tədbirlərinin bacarıqla əlaqələndirməsini tələb edir. Belə cinayətləri yalnız cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş vasitələrin köməyi ilə açmaq çox çətin, bəzən isə qeyri-mümkün olur, belə hallarda əməliyyat-axtarış tədbirlərindən istifadə etmək zərurəti yaranır.

  Cinayətkarlıqla mübarizə sahəsində əməliyyat-axtarış fəaliyyətinin imkanları kifayət qədər genişdir. Bu xüsusən əməliyyat-axtarış fəaliyyətinin qeyri-aşkar, gizli iş üsulları ilə həyata keçirilməsinin mümkünlüyü ilə şərtlənir. Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində nəzərdən keçirilən fəaliyyətin spesifikliyi öz əksini tapır. Həmin maddəyə əsasən «əməliyyat-axtarış fəaliyyəti qanunçuluq, humanistlik, insan hüquq və azadlıqlarına hörmət, konspirasiya, aşkar və gizli iş üsullarının uzlaşdırılması prinsiplərinə əsaslanır».

  Axtarış tədbirləri taktiki və məntiqi cəhətdən əsaslandırılmalı, əsasən iki məqsəd daşımalıdır: 1) aralarında cinayətkarın da ola biləcəyi şəxslər dairəsinin müəyyən edilməsi; 2) bu şəxslər dairəsindən cinayətkarın müəyyən edilməsi. Birinci məsələnin həlli cinayətkar fəaliyyətin, cinayət hadisəsinin ayrı-ayrı elementlərinin təhlili əsasında həyata keçirilir; ikinci məsələ cinayətkarın şəxsiyyəti haqqında əldə olan informasiyanın təhlili əsasında həyata keçirilir. Bu informasiya isə ideal və maddi xarakterli ola bilər [7].

[7] Россинская Е.Р. Вопросы и ответы, Учеб. Пособи для вызов. М., ЮНИТИ-ДАНА, 1999, с.73

  Cinayətkarın bacarıqla bağlı xassələri haqqında kriminalistik əhəmiyyət kəsb edən informasiya istintaqın müxtəlif mərhələlərində, müayinə, axtarış eksperiment, şübhəli və təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkən şəxsin və digər şəxslərin dindirilməsi kimi istintaq hərəkətlərinin keçirilməsi nəticəsində əldə edilə bilər. Qeyd olunan istintaq hərəkətlərindən hər biri, cinayətkarın müəyyən bacarıq və vərdişlərini aşkar etməyə, şəxsiyyəti səciyyələndirən bu informasiya cinayətkarın müəyyən olunmasına  şərait yaradır. Bu vəziyyət və halları daha ətraflı nəzərdən keçirək.

  Axtarışın məqsədi axtarılanın şəxsiyyətini fərdiləşdirməyə və o, tapıldıqda eyniləşdirmə aparmağa imkan verən məlumatların əldə edilməsindən ibarətdir.  Bunlar şəxsiyyətin xarici əlamətləri və digər xüsusiyyətləri haqqında olan informasiya, demoqrafik məlumatlar kompleksidirlər. Bu cür məlumatlar həm əməliyyat axtarış tədbirlərinin görülməsi yolu ilə, həm də istintaqı aparılan hadisə ilə əlaqədar şəxslər barəsində məlumat verən cinayət izlərinin aşkar edilməsinə yönəlmiş istintaq hərəkətləri nəticəsində əldə edə bilərlər.

  Kriminalistik fəaliyyətin həyata keçirilməsi prosesində onun subyektləri - müstəntiq, mütəxəssis, ekspert insanı, ümumən fərd kimi və ya qarşıda duran vəzifələrlə müəyyən olunan həcmdə və istiqamətdə onun ayrı-ayrı xüsusiyyətlərini öyrənirlər. Məlum olduğu kimi, istintaqın əsas subyekti müstəntiqdir və idrak obyekti kimi insanın öyrənilməsi, həmçinin istintaqın digər iştirakçılarının - mütəxəssislərin və ekspertlərin fəaliyyət nəticələrini qiymətləndirməsi üzrə əsas iş, məhz onun üzərinə düşür.

  Cinayətkarın şəxsiyyətinin kriminalistik tədqiqinin məqsədi onun kriminalistik nöqteyi-nəzərdən ən informativ xassə və əlamətlərinin müəyyən edilməsindən ibarətdir.

  «Şəxsiyyət» anlayışına insanın sosial, psixoloji, psixofizioloji, somatik və digər əlamət və xassələrinin məcmusu daxildir. Eyni zamanda, bütün əlamət və xassələr deyil, yalnız konkret cinayətin şəraitlərində mötəbər olaraq müəyyən edilən və şəxsin rolunu sübut edən xassə və əlamətlər öyrənilməlidir.

  Ümumilikdə götürdükdə, «şəxsiyyət» anlayışı sosial şərtlənmiş və fərdi olaraq ifadə olunmuş konkret şəxs haqqında təsəvvürləri əks etdirir. «Cinayətkarın şəxsiyyəti» ingilis mənşəli «personality of criminal» sözündəndir, mahiyyətcə, cinayətkarın əsas xüsusiyyət və cəhətlərinin strukturuna əsaslanan əqli-ruhi keyfiyyətlərin məcmusudur, onun psixi və fiziki vəziyyətidir».

Şəxsiyyət, ilk növbədə, konkret fərddir, canlı insandır, şüura, dünyagörüşə malik olan və konkret tarixi şəraitlərdə müəyyən sosial status daşıyan tarixin məhsulu və subyektidir.

Kriminalistlərin insanın spesifik xassələrinin məcmusu kimi şəxsiyyətə marağı kriminalistik elm və praktikasının mövcudluğunun bütün dövründə özünü göstərmişdir. Lakin şəxsiyyət uzun müddət müstəqil dərin və sistemli tədqiq edilməmişdir. Müəyyən dövrə qədər kriminalistik ədəbiyyatda istintaqın lokal vəzifələrinin həlli üçün insan və şəxsiyyət haqqında məlumatlardan istifadə zəruriliyi ilə bağlı qeydlərə rast gəlirik.

  Şəxsiyyət, ilk növbədə, konkret fərddir, canlı insandır, şüura, dünyagörüşə malik olan və konkret tarixi şəraitlərdə müəyyən sosial status daşıyan tarixin məhsulu və subyektidir.

  Kriminalistlərin insanın spesifik xassələrinin məcmusu kimi şəxsiyyətə marağı kriminalistik elm və praktikasının mövcudluğunun bütün dövründə özünü göstərmişdir. Lakin şəxsiyyət uzun müddət müstəqil dərin və sistemli tədqiq edilməmişdir. Müəyyən dövrə qədər kriminalistik ədəbiyyatda istintaqın lokal vəzifələrinin həlli üçün insan və şəxsiyyət haqqında məlumatlardan istifadə zəruriliyi ilə bağlı qeydlərə rast gəlirik.

  Yaşadığımız XXI əsr qloballaşma əsridir. Bəşəriyyət elmi-texniki tərəqqi sayəsində yeni-yeni nailiyyətlər əldə edir. İnsanlar təbiətdə baş verən təbii və qeyri-təbii proseslərə nəzarət edir. Yeni texnologiyaların tətbiqi insan həyatında istər-istəməz yeni düzəlişlər edir, onların həyatlarında rast gəldikləri məsələlərin həllində yardımçı olur.

  Bildiyimiz kimi kriminalistikanın bir elm kimi inkişafının müasir tendensiyalarından biri və ən mühümü onun predmetini təşkil edən qanunauyğunluqların öyrənilməsi, yəni kriminalistik əhəmiyyətli məlumatlar toplusunun hərəkət qanunauyğunluqlarının və bununla əlaqədar olaraq yeni informasiya texnologiyalarının imkanlarının öyrənilməsidir. Bu baxımdan həmin texnologiyalardan biri də yeni əsrdə getdikcə daha mühüm əhəmiyyət kəsb edən nanotexnologiyadır.

  Nanotexnologiya – bəşəriyyətin inkişafı yolunda növbəti sıçrayış üçün elə biliklər sahəsidir ki, burada fiziklərin, kimyaçıların, bioloqların, riyaziyyatçıların, müxtəlif ixtisaslı mütəxəssislərin səyləri birləşdirilir. Nanotexnologiya bir çox elmlərin nailiyyətlərindən, ilk növbədə təbii elmlərin – fizika, kimya və biologiya elmlərinin nailiyyətlərindən bəhrələnir. O, yeni texnoloji inqilabın əsasını: maddələrdən ayrı-ayrı atomların manipulyasiya edilməsinə keçid inqilabının əsasını təşkil edir [8].

[8]http://kboqdanov1.narod.ru

  Nanotexnoloji yeniliklərin bəzi cinayətlərin istintaqı metodlarına tətbiqi məhz kriminalistika elmində gələcəkdə deyil, elə indi, hal-hazırda öz vacib rolunu oynamaqdadır. Artıq kriminalistlərin əlində belə yeni texnologiyanın olması imkan verir ki, çətinlik çəkmədən nəinki cinayətkarın şəxsiyyətini və ya tapılmış cəsədin hansı şəxsə məxsus olmasını müəyyən etsin, o həm də cinayət alətinin forma və strukturunu dəqiqliyi ilə müəyyən etsin. Vaxt öz yerində dayanmır, bütün dünya alimləri kriminalistik tədqiqatlar üçün yeni və sürətli üsul və metodlar hazırlayırlar ki, istintaq zamanı bu və ya digər işlər üzrə ortaya çıxan suallara çətinlik çəkilmədən cavab verilsin.

  Son illər daktiloskopiya sahəsində bir neçə mühüm sıçrayışlar baş vermişdir. Məsələn, ekspertlər artıq barmaq izlərinə görə insanın siqaret çəkib-çəkmədiyini müəyyən edə bilirlər.

  Amerika Birləşmiş Ştatlarında Tennesi ştatının Oyuk Ridj şəhərində yerləşən Dövlət kriminalistika laboratoriyasının əməkdaşları müəyyən etmişlər ki, siqaret çəkənlərin barmaq izlərində kotinin maddəsi olur ki, o da orqanizmin nikotin maddəsi ifraz etməsi nəticəsində yaranır. Məhz bu supertexnologiya sayəsində, bir qədər sonra, Şərqi İngiltərə Universitetində təcili test yaradılaraq, barmaq izlərinə görə siqaret çəkənlərin müəyyən edilməsi mümkün olmuşdur [9].

[9]www.abckrim.ru/rabota/diq-foto.htm

  Yerusəlim Universitetinin əməkdaşları Daniel Çandler və İosif Almaq nanotexnologiyanın köməyi ilə barmaq izlərinin aşkar edilməsi üçün yeni və sürətli üsul təklif edirlər. Əgər mövcud müasir üsulla barmaq izlərinin aşkar edilməsi üçün tədqiq edilən səth qızıl suspenziyası ilə örtülərək yoxlanılırdısa, alimlər tərəfindən qızılın əvəzinə daha stabil ekvivalent təklif edilir. Qızıl nanohissəcikləri uzun zəncirli karbohidrogen radikalları ilə stabilləşərək petrol efirində suspenziyalaşırlar. Elə hissəciklər hidrofob qarşılıqlı əlaqə hesabına barmaq izlərinin piy fraqmentləri ilə qarşılıqlı əlaqədə olurlar ki, bunlar da gümüş ilə işlənilə bilərlər. Nəticədə də cəmi üç dəqiqə ərzində yüksək keyfiyyətli barmaq izləri aşkarlanmış olur [10].

[10] www.membrana.ru/particle/4665

  Bu gün cinayətkarların müəyyənləşdirilməsi üçün əl izlərinin eyniləşdirilməsi əsas metodlardan biridir. Belə ki, həmin metodların həyata keçirilməsində yüksək texnologiya və nanotexnologiyadan getdikcə daha geniş istifadə edilir. Bu sahədə ən problemli məsələ görünməyən barmaq izləri ilə əlaqədardır, yəni fiziki və ya kimyəvi üsulların tətbiqi ilə aşkarlanan izlərdir. Bu izlərin tədqiqi açılmamış cinayətlərdə cinayəti törətmiş şəxslərin eyniləşdirilməklə müəyyənləşməsində xüsusilə həlledici əhəmiyyətə malikdir[11].

[11] Hüseynov N.İ. Əl izlərinin tədqiq və digər müasir metodlarla şəxsiyyətin eyniləşdirilməsi bu sahədə nanotexnologiyanın tətbiqi imkanları, açılan perspektivlər. //Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş «Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu» mövzusunda Beynəlxalq elmi-praktiki konfransın materialları. Bakı, 2 iyun, 2016, IIcild, s.117- 121

  Onu da qeyd etmək lazımdır ki, əl izlərinin eyniləşdirilməsi üçün əvvəllər papilyar naxışların izində ümumi əlamətlərlə yanaşı, kifayət qədər (ən azı 12-17) xüsusi əlamətlərin olması vacib idi. İndi isə yüksək texnologiyanın, o cümlədən  əl izlərinin aşkarlanmasını təmin edən nanotexnologiyanın tətbiqi ilə tədqiqat obyekti kimi çox kiçik ölçüdə əl izi fraqmentinə görə şəxsiyyəti eyniləşdirmək mümkündür. Belə ki, əgər əl izlərində qeyd edilən kifayət qədər miqdarda daktiloskopik xüsusi əlamətlər çatmırsa, onda poroskopik və eceskopik əlamətləri də əlavə etməklə, yəni həmin izlərdə müasir texnologiyanın köməyi ilə 20-25 dəfə böyütməklə papilyar xətlərdə olan porlardan və xətlərin kənarlarında olan əyilmə, girinti, çıxıntı və s. kimi əlamətləri də əlavə edib, onlardan da istifadə etməklə eyniləşdirmə üçün daxili inam yaratmağa kifayət edəcək qədər xüsusi əlamətlər məcmusu əldə edərək şəxsi eyniləşdirmək mümkündür [12].

[12]Россинская Е.Р. Вопросы и ответы, Учеб. Пособи для вызов. М., ЮНИТИ-ДАНА, 1999, с.73

  Hazırda kriminalistika elminin qarşısında duran müxtəlif məsələlərin həllində, o cümlədən əl izləri vasitəsi ilə şəxsiyyətin eyniləşdirilməsində mühüm əhəmiyyət kəsb edən rəqəmli texnologiyanın tətbiqinə əsaslanmış qeyri-ənənəvi vizual informasiya qeydetmə üsullarından da səmərəli istifadə edilməsinə geniş yer verilməlidir.

  Rəqəmli texnologiyalardan istifadə edilməsi eyni zamanda ilkin şəkillərin kompüter texnologiyasından istifadə etməklə kompüter yaxşılaşdırılma üsullarına da nail olmaq mümkün olur. Onlardan çəkilən obyektin görüntüsünü süzgəcdən keçirməklə, fonu zəiflətmək və ya yox etməklə, böyütməklə zəif görünən əlamətləri aşkar etmək, kontrastın artırılması ilə, görüntünün dəqiqliyini artırmaq və s. üsulları göstərmək olar. Bu əməliyyatlar imkan verir ki, zəif görünənləri, bəzən isə görünməyənləri görəsən və dərk edərək onları qiymətləndirəsən.

  Amerikalılar şəxsiyyətin eyniləşdirilməsi üçün iki metr məsafədən barmaq əkslərini çəkmək üçün protatip aparat AIR print təqdim etmişlər. Həmin aparatı Advanced Optical Systems kompaniyası düzəltmişdir. Kiçik həcmli qurğu 1,3 meqapiksel kameralı iki ədəd polyarizə olunmuş işıq mənbələri ilə təchiz olunmuşdur ki, onlar da müxtəlif polyarizasiyalı işıqları tutmaq qabiliyyətinə malikdirlər. Eyniləşdirmək üçün cəmi 4 saniyə vaxt sərf olunur.

  ABŞ kimyaçıları qan ləkəsinin  yaranma vaxtını müəyyən etmək üçün sadə və təcili metod təklif etmişlər. Yeni metod təbii flouresensiyanın göstəricilərinin ölçülməsinə əsaslanır. Bu və ya digər qan ləkələrinin nə vaxt yaranması haqqında məlumatlar ekspert-kriminalistlərə imkan verir ki, cinayətin nə vaxt baş verməsini müəyyən etsinlər. Lakin indiyə qədər mövcud olan metodlarla qan ləkəsinin yaranma vaxtının müəyyən edilməsi – məsələn, qanda olan hemoqlobinin parçalanma sürətinin optik metodlarla ölçülməsi o qədər də etibarlı nəticə almağa imkan vermir.

  Sent Luisdə yerləşən Vaşinqton Universitetinin əməkdaşı Mixail Berezin öz həmkarları ilə qanda olan zülalların tərkibinə daxil olan triptofon qalıqlarının flouresensiasının davamlılığına əsaslanan qan ləkəsinin yaşının müəyyənləşdirilməsi metodikasını hazırlamışlar.

  Qanda RNT-nin parçalanma sürətinin öyrənilməsinə əsaslanan qan ləkəsinin yaşının artma sürətinin müəyyən edilməsi imkanını öyrənən Qərbi Vercinya Universitetinin əməkdaşı Klifton Bişol qeyd etmişdir ki, Berezinin metodikası hadisə yerinə baxış keçirən kriminalistlər üçün çox əhəmiyyətli ola bilər və onun nəticələri vacibdir. Lakin Bişol bu metodikanın həmişə etibarlı olmasından narahatlığını ifadə edir. Belə ki, tədqiqatlar göstərir ki, bu metod qan ləkəsinin Petri steril qabında olması zamanı yaxşı nəticə verər. Əgər qan ləkəsi nümunəsi hər hansı bir parça materialı üzərinə düşərsə və yaxud hadisə yerində uzun müddət bakteriyalar arasında qalarsa qan ləkəsi flouresensiyası ilə nələr baş verər?

  Bununla belə Bişol qeyd edir ki, Berezinin metodika modifikasiyası mövcud metoda bir sıra üstünlüklər verir. Belə ki, kriminalistlərə analiz üçün istifadəyə çox az miqdarda qan nümunəsinin götürülməsi kifayət edir. O, əlavə edir ki, hazırlanmış metodika əvvəl mövcud olan ənənəvi kriminalistik metodları əvəz etmək üçün istifadə edilməməlidir, onlara əlavə metod kimi işlənilməlidir. Belə ki, flouresensiya metodu qan ləkəsinin bir həftə vaxt mövcudluğu ərzində bir saat dəqiqliklə yaranma vaxtını müəyyən etməyə imkan verir. Lakin analiz nümunələrinin mövcudluğu bir həftəni keçərsə, onda ənənəvi optik metodlardan istifadə olunması məqəsədə müvafiqdir [13].

[13] Кухарев Г.А. Биометрические системы. Методы и средства иден-тификации личности человека. - Политехника, 2001, 240 с.

  Daha bir sıçrayış. V.A.Engelqart adına Molekulyar Biologiya İnstitutunun mütəxəssisləri və Moskva Fizika-Texniki İnstitutunun əməkdaşları liə birgə bioçip hazırlamışlar. Həmin bioçip, DNT-nin iz miqdarlarına görə, 99.6 faiz ehtimalla insan şəxsiyyətinin müəyyən edilməsinə imkan verir. Bundan şübhəli şəxslərin dairəsinin daraldılmasında məhkəmə-tibb təcrübəsində ekspertizalar apararkən və ya ölən şəxslərin meyitlərinin tanınmasında istifadə etmək olar.

  Bioçip üç genin DNT-sinin xarakterik növbəliyini özündə saxlayır: ABO, AMEL və HLA-DQAI. Birinci gen – ABO insan qanının qrupunu müəyyənləşdirir, onun 90 ardıcıllıqla mümkün variantları mövcuddur. HLA-DQAı, ikinci sinfin histouyğunluq baş kompleksinin genidir, 34 variantı var. AMEL geni diş emalının inkişafında iştirak edən zülalları kodlaşdırır. O, cins xromosomlarında yerləşir, özü də X və Y-xromosomlarında onun ardıcıllığı bir qədər müxtəlif olur ki, bu da insanların cinsini müəyyən etməyə imkan verir. Üç seçilmiş genin ardıcıllıq müxtəlifliyinin analizi insanları 1350 qrupa bölməyə imkan verir ki, hər bir konkret şəxs də həmin qruplardan birinə aid edilir.

  Son zamanlar daha çox göz qişasından işlək əlamət kimi istifadə olunması üsulu geniş yayılmışdır. Səbəbi də budur ki, insanın göz qişası çox səmərəli biometrik xüsusiyyətdir. Birincisi, göz qişası çox mürəkkəb görüntüyə malik olub, müxtəlif elementlərdən ibarətdir. İkincisi, göz qişası obyekt olaraq sadə dairə formasındadır. Üçüncüsü göz qişası demək olar ki, insanın ömrü boyu sabit, dəyişməz olaraq qalır. Daha doğrusu, onun forması dəyişməz qalır (yalnız uzun sürən xəstəlik və ya ciddi xəsarət almaq istisna olmaqla), lakin gözün qişasının rəngi vaxt keçdikcə dəyişir. Məhz bu xüsusiyyətlər göz qişası ilə eyniləşdirməni digər biometrik texnologiyalardan ön plana çıxarır.

  Son zamanlar insan beyinin iliyinin skanə edilməsi və tomoqrafiyası metodikası ilə başın intelektual və vizual fəaliyyətinə cavab verən hissənin tədqiqi sayəsində insanın fikrini “görmək” mümkün olmuşdur. ABŞ-ın Koliforniya ştatının həmyerlimiz Lütfizadənin fəxri professor olduğu Berkli Universitetinin neyro cərrahları Djeki Talantu və Şindji Nişimoto ilk dəfə maqnit rezonatorunun köməyi ilə insan fikrində olan əşyaları və predmetləri, peyzajları, şəraiti monitorda göstərməyə nail olmuşlar.

  Bu yaxınlarda ABŞ-da baş vermiş bir hadisə kriminalistika elmində yeni bir səhifənin başlanğıcını qoydu. 1977-ci ildə polis nəfərini öldürməkdə təqsirləndirilən və həbs olunan cavan oğlan 25 ildən sonra təqsiri olmadığına görə  azad olunmuşdur. O şahidlərin ifadələrinə görə təqsirləndirilirdi. Laboratoriya müdiri psixoloq L.Farvell “beyin izlərinin” çıxarılması metodikasını hazırlamışdır. İnsan beyni onun fəaliyyətinin nəinki mərkəzi və əsasını təşkil edir, mümkün olmayan hərəkətləri planlaşdıraraq həyata keçirir, həm də onlar haqqında informasiyaların “qeydini” aparır, fiksə edir.[14]

[14] Hüseynov N.İ. Əl izlərinin tədqiq və digər müasir metodlarla şəxsiyyətin eyniləşdirilməsi bu sahədə nanotexnologiyanın tətbiqi imkanları, açılan perspektivlər. //Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş «Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu» mövzusunda Beynəlxalq elmi-praktiki konfransın materialları. Bakı, 2 iyun, 2016, II cild, s.117- 121

  Beynin izlərinin çıxarılması kompüter texnologiyasının ən yeni nailiyyəti olmaqla, beyində gedən spesifik reaksiyanın, yəni beyin dalğalarının ölçülməsinə əsaslanan və bununla da şəxsiyyəti eyniləşdirən yeni metodikadır [15].

[15] Ищенко Е.П. Виртуальный криминал. Москва: Проспект, 2017, 232 с.

  Bu və ya digər yeni texnologiyalar kriminalistikada və ümumən elmdə əlbət ki, bəşəriyyətin əldə etdiyi böyük nailiyyətlərdir. Amma gərək unutmayaq ki, bu nailiyyətlər bizim “əleyhimizə” də işləyə bilər. Gərək biz həmin texnologiyaların istifadə olunmasının çərçivəsini müəyyənləşdirək, gərək bu texnologiyaların hakimiyyəti altında olan bütün məlumatları təhlükədən qoruyaq.

 

  Nəticə

 

  Cinayətlərin tez bir zamanda, «isti izlərlə» açılması üçün cinayətkarın şəxsiyyətinin xassələri və əlamətləri haqqında informasiya müstəsna əhəmiyyətə malikdir. Cinayətkarın şəxsiyyəti haqqında bu məlumatlar cinayətkarın axtarışı və eyniləşdirilməsi, işin digər hallarının müəyyən olunması məqsədlərinə xidmət edir. Ona görə də törədilmiş cinayət haqqında məlumat alınan kimi daxili işlər orqanlarının əməliyyat-axtarış bölmələri qarşısında ehtimal olunan cinayətkar haqqında kriminalistik əhəmiyyət kəsb edən məlumatların toplanması və istifadəsi vəzifəsi durur.

  Bir sözlə, prosessualist və kriminalistlər  hərəsi öz aspektlərində sübutların toplanılması, tədqiqi, qiymətləndirilməsi və istifadəsində bəzən analiz zamanı müxtəlif elmi fikirlərdə olsalar da, bu biri o birini inkar etmir, hərəsi öz üzərinə düşən vəzifələri icra edir və onlar bir məqsədə sübutetmənin daha tam, obyektiv və hərtərəfli aparılmasına xidmət edir və bir-birini tamamlayırlar.

  Beləliklə, elmi-texniki tərəqqinin nəticələrindən məqsədyönlü istifadə etməklə, yeni  yüksək texnologiyaların köməyi ilə insan şəxsiyyətini eyniləşdirməklə biz cinayət-prosessual sübutetmənin AR CPM-nin 139-cu maddəsində göstərilən sübutetmənin ümumi predmetinə daxil olan halların müəyyən olunmasını təmin etmiş oluruq. Yəni əgər biz ənənəvi texnologiya ilə hazırlanmış tozlar və s. vasitələrlə hadisə yerində qalmış görünməyən, çətin aşkar olunan, köhnəlmiş və s. problemli əl izlərini aşkar edə bilmiriksə, və bu məsələni həll etmək üçün nanotexnologiyanın köməyi ilə hazırlanmış-nanotozlardan istifadə etməklə həmin izləri aşkar ediriksə, deməli biz sübutemədə, sübutların aşkar edilməsini yeni, yüksək səviyyəyə qaldırmış oluruq. Nəhayət biz, yüksək texnologiyaların bir növündən- kompüter texnologiyasından istifadə edərək izləri tədqiq edərkən, onun çoxsaylı imkanlarından istifadə etməklə əməliyyatlar aparıb: izləri bir neçə dəfə böyütməklə, fonunu dəyişməklə, dəqiqliyini, kontrastlığını artırmaqla, güzgüəksi olaraq çevirməklə və s. manipulyasiyalar edərək eyniləşdirməni və digər diaqnostik xarakterli məsələləri daha dəqiq və uğurlu həll etmək üçün imkan əldə etmiş oluruq.

  Bütün bunlar isə şəxsiyyətin eyniləşdirməklə, müəyyənləşməsinə, sübutetmənin predmetinə daxil olan halların müəyyənləşməsinə gətirib çıxarır ki, bu da sübutetmə prosesinin səmərəliliyinin xeyli yaxşılaşdırılmasıdır.