Nəşrlərimiz
 
 
— "AYNHA Hüquq Jurnalı" (IV Sayı) Beynəlxalq cinayət hüququnda ekstradisiya və bu kontekstdə insan hüquqları
 

25-04-2018, 09:49

 

"AYNHA Hüquq Jurnalı" (IV Sayı) Beynəlxalq cinayət hüququnda ekstradisiya və bu kontekstdə insan hüquqları

Müəllif: Leyla Həşimova

Bakı Dövlət Universiteti, Hüquq fakultəsi -  IV kurs

"Akademik Məqalə Müsabiqəsi" II yer

 

Beynəlxalq cinayət hüququnda ekstradisiya və bu kontekstdə insan hüquqları

 

  Annotasiya

 Məqalədə  ekstradisiya anlayışı, təhvilverməyə münasibətdə ekstradisiya, onun inkişaf tarixi və mənbələri, ekstradisiyanın tətbiqi üçün lazımi şərtlər, tətbiqi istisna edən hallar, üçüncü dövlət və ekstradisiya, habelə, ekstradisiya olunacaq şəxsə münasibətdə insan hüquqları təhlil olunmuşdur. Qeyd olunanlarla bağlı çatışmayan cəhətlər müəyyənləşdirilmiş, çatışmazlıqların aradan qaldırılması üçün təkliflər irəli sürülmüşdür.

 

  Abstract

 Extradition conception, extradition in the attitude to surrender, its development history and sources, necessary conditions for using of extradition, cases that exclude using, 3rd state and extradition , as well as human rights in the attitude to the person who will be extradited had been analyzed in the article. Missing features that related with mentioned had been determined and suggestions had been nominated for removing of shortcomings.

 

  Giriş

 

  Beynəlxalq səviyyədə törədilən cinayətlərin sayının artması hazırda cinayətkarlıqla mübarizə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac yaratmışdır. Texnologiyanın sürətli inkişafı cinayət törətmiş şəxsin mühakimədən və cəzadan asanlıqla yayınmasına səbəb olur. Dövlət özünün quru, hava və su məkanında suveren hüquqlarından maksimum istifadə edərək bu yayınmaların qarşısını ala bilir. Lakin subyekt cinayəti törətdikdən sonra başqa ölkədə məskunlaşmış şəxsdirsə, suveren hüquqlar kifayət etməyəcəkdir. Ekstradisiya mexanizmi məhz burada işləməyə başlayır. Onun tətbiqi cəzasızlıq sindromunun maksimum şəkildə qarşısının alınmasına yönəlir. Bu səbəbdən beynəlxalq cinayət hüququnda ekstradisiyanın müxtəlif aspektlərdən tədqiqi aktual haldır.

  Məqalədə ekstradisiya anlayışı və  ekstradisiya olunacaq şəxsə münasibətdə insan hüquqları tədqiq olunacaqdır. İstər anlayış və tətbiq, istərsə də insan hüquqları aspektindən ekstradisiyanın hüquqi tənzimi ilə bağlı  müsbət və mənfi cəhətlər qeyd ediləcək, çatışmazlıqların aradan qaldırılmasına yönəlmiş təkliflər irəli sürüləcəkdir.

 

  I.Ekstradisiya cinayətkarlıqla mübarizənin başlıca beynəlxalq hüquqi vasitəsi kimi

  1.   A. Ekstradisiya anlayışı

  Cinayətkarlıqla mübarizənin milli sferadan çıxıb beynəlxalq səviyyəyə çatması bu sahədə bütün dövlətlərin ortaq mövqeyə gəlməsini qaçınılmaz etmişdir. Bu baxımdan, ekstradisiya, dövlətlərarası  qarşılıqlı yardım vasitələrindən biri və ən önəmlisidir.  Ekstradisiya, daha dəqiq desək, “dövlətlərarası cinayətkarların geri qaytarılması” törətdiyi cinayətlə ictimai təhlükəsizlik və ictimai qaydaya xələl gətirdiyi dövlətdən başqa bir dövlətin ərazisində olan və ya oraya qaçmış təqsirləndirilən şəxsin mühakimə olunmaq və ya cəzasının icra edilməsi məqsədilə səlahiyyətli dövlətə geri qaytarılması əməliyyatıdır.[1]Hüquq ədəbiyyatlarında ekstradisiyaya müxtəlif anlayışlar verilsə də, vahid anlayış formalaşmamışdır.

[1] Kayıhan İçel ve Süheyl Donay, Karşılaştırmalı ve Uygulamalı Ceza Hukuku, 205.  (2005).

  Doktrinadan əlavə məhkəmələr tərəfindən verilən anlayışlar da mövcuddur. Məsələn, “Terlinden Amesə qarşı” məhkəmə işində ABŞ Ali Məhkəməsi tərəfindən verilən qərarda ekstradisiya təhvil verən dövlətin ərazisi xaricində və təhvil verilməni tələb edən dövlətin ərazi yurisdiksiyası daxilində törədilmiş cinayətdə təqsirləndirilən və ya həmin cinayətə görə məhkum olunmuş şəxsin onu mühakimə etmək və cəzalandırmaq səlahiyyətinə malik olan yuxarıdakı ikinci dövlətə təhvil verilməsi prosesi kimi nəzərdən keçirilir.[2] Yaxud Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna görə ekstradisiya beynəlxalq müqavilənin, konvensiyanın və milli qanunvericiliyin müddəalarına uyğun olaraq şəxsin bir dövlətdən digərinə gətirilməsidir.[3]Anlayışların sayını artırmaq mümkündür. Lakin, fikir müxtəlifliyinə görə mövcud anlayışlardan çıxış edərək “ekstradisiya nədir?”  sualına tam əhatəli cavab vermək olmayacaqdır. Fikrimcə, bütün əlamətləri və şərtləri nəzərə alaraq ekstradisiyaya belə anlayış verilməsi məqsədəmüvafiqdir: Ekstradisiya cinayət törətmiş şəxsin mühakimə olunması və ya cəzasını çəkməsi üçün olduğu dövlətdən sorğu edən dövlətə ikitərəfli və ya çoxtərəfli müqavilələrdə müəyyən olunmuş prosessual qaydalar əsasında verilməsidir.

[2]United States Supreme Court. TERLINDEN v. AMES, (1902) No. 475,  Decided: February 24, 1902. https://supreme.justia.com/cases/federal/us/184/270/case.html

[3]Roma Statute of the İnternational Criminal Court, article 102 b.  http://legal.un.org/icc/statute/99_corr/cstatute.htm

 

  1.   B.Ekstradisiya yoxsa təhvilvermə?
  2.   Ayrı-ayrı ölkələrin qanunvericilik aktlarına nəzər saldıqda ekstradisiyaya ekvivalent olaraq müxtəlif terminlərdən istifadə olunduğunu görürük. “Transfer”, “rendition”,  “surrender” bu qisim terminlərdəndir. Məsələn, ABŞ qanunvericiliyi “extradition” əvəzinə “interstate rendition” anlayışından istifadə etmişdir.[4] Burada müəyyən ziddiyətli məqamlar mövcuddur.  “Transfer” məhkumların bir ölkədən digərinə təhvil verilməsi prosesidir. “Rendition”  isə məhkumluq elementi olmadan şəxsin və ya mülkiyyətin bir ölkədən digərinin yurisdiksiyasına verilməsidir. “Surrender” və ekstradisiya tamamilə fərqli proseslərdir. Beynəlxalq Cinayət Məhkəməsinin Roma  Statutu “surrender”ə  belə anlayış verir: “Surrender bu statuta görə şəxsin bir dövlət tərəfindən beynəlxalq cinayət məhkəməsinə təhvil verilməsidir”[5] Anlayışdan da göründüyü kimi ekstradisiya dövlətlərarası proses olduğu halda, “surrender”də subyektlərdən biri dövlət, digəri isə beynəlxalq cinayət məhkəməsidir. Müəyyən əlamətlərinə görə anlayışlar üst-üstə düşsə də, ekstradisiyanı özlərində tam ehtiva etmədiklərindən birbaşa olaraq ekvivalent kimi istifadə olunması düzgün fikir hesab edilməməlidir.

                Bəzi konvensiyalarda “ekstradisiya” və “təhvilvermə” terminləri birgə işlədilir. Transmilli mütəşəkkil cinayətkarlığa qarşı BMT Konvensiyasının (2000-ci il) 16-cı maddəsində deyilir: “İştirakçı dövlətin qanunvericiliyi onun öz vətəndaşlarından birini məhkəmə araşdırması və ya icraat nəticəsində təyin olunmuş cəzanı çəkməsi üçün bu dövlətə qaytarılması şərti ilə ekstradisiya etməsinə və ya hər hansı digər formada təhvil verməsinə imkan verirsə və bu iştirakçı dövlət və şəxsin ekstradisiyası üçün müraciət etmiş dövlət bu seçim ilə və digər şərtlərlə razılaşırlarsa, bu cür şərti ekstradisiya və ya təhvilvermə bu maddənin 10-cu bəndində nəzərdə tutulmuş öhdəliyin icra edilmiş sayılması üçün yetərlidir.” Buradan belə nəticə çıxır ki, ekstradisiya təhvil vermənin özü yox, növlərindən sadəcə biridir və onun yuxarıda sadalanan növləri ilə eyniləşdirilə bilməz.

     

    [4]Constitution of the United States of America  Article IV, Section 2, Clause 2.  http://constitutionus.com/

    [5]Roma Statute of the İnternational Criminal Court, article 102 a. http://legal.un.org/icc/statute/99_corr/cstatute.htm

 

  1.   C. Tarixi İnkişaf
  2.   Müstəqil dövlətlərin cinayətkarı ekstradisiya etmə institutu qeyri-avropa dövlətlərində formalaşmışdır. Bunu qədim Misir, Çin, Assuriya və Babilistanda müşahidə etmək mümkündür. Tarixdə görülən ilk yazılı ekstradisiya  müqaviləsi e.ə. 1280-ci ildə Hitit kralı III Hattuşili ilə Misir fironu II Ramzes arasında bağlanmışdır.[6] Müqavilə hər iki dövlətin üzərinə onlardan birinin sərhədləri daxilində olan və digəri tərəfindən axtarılan şəxsləri geri vermə öhdəliyi qoyurdu. Qədim Yunanıstan və Romada ekstradisiyanın tətbiqinə yalnız Hitit-Misir müqaviləsindən sonrakı dövrlərdə rast gəlinir. Orta əsrlərdə hökmdar tanrının nüfuzunun yer üzündəki təmsilçisi olaraq qəbul edilirdi. Siyasi və dini nüfuzun kəsişməsi cinayətkarların cəzalandırılmasına, dolayısıyla, ekstradisiyanın daha çox tətbiq olunmasına yol açırdı. [7] Hüqo Qrotsinin 1625-ci ildə ortaya atdığı bir fikirlə bu gün beynəlxalq hüquqda mövcud olan “aut dedere, aut judiciare” – “ya cəzalandır, ya geri ver” prinsipi formalaşmışdır. Qrotsi belə deyirdi: “Cinayətkarın olduğu dövlət şikayət üzrə iki hərəkət etməlidir: Əldə edər-etməz onu ya özü cəzalandırmalı, ya da sorğu edənin ədalətinə həvalə etməli”.[8]19-cu əsrdən etibarən sülh şəraitinin gətirdiyi sərhədlərarası rahat keçiş imkanı, mühərrikin icadı kimi məqamlar  cinayət törətməkdə şübhəli bilinən şəxslərin qaçışını asanlaşdırır, nəticə olaraq ekstradisiyanın önəmini artırır və dövlətlərarası müqavilələrin sayı artmağa başlayır. [9] İlk dəfə 19 fevral 1791-ci il tarixli Fransa Bəyannaməsində işlədilərək dövriyyəyə daxil olan ekstradisiya termini 1828-ci ildə yenə Fransanın bağladığı bir müqavilədə yer alır.[10] Ekstradisiya ilə bağlı ilk çoxtərəfli müqavilə 1802-ci ildə İngiltərə-Fransa-İspaniya-Hollandiya arasında konkret cinayətlərlə - qəsdən adam öldürmə, dələduzluq,  iflas - əlaqədar “Treaty of Amiens” adı ilə bağlanmış Amen sazişidir. Tərəfləri az olan saziş müharibələrə görə tətbiq edilə bilməmişdir.[11] Ekstradisiya haqqında ilk qanun isə 1833-cü ildə Belçikada qəbul edilmişdir. 20-ci əsrdə bir çox beynəlxalq sənədlərin, xüsusilə, 1957-ci il tarixli “Ekstradisiya haqqında” Avropa Konvensiyasının, 1981-ci il “İnter-Amerika” Konvensiyasının imzalanması ekstradisiyanı dövlətlərin üzərinə öhdəlik kimi qoyur. Qeyd olunanlara əsasən, deyə bilərik ki, ekstradisiya institutu quldarlıq dövründən bugünə qədər böyük təkamül yolu keçmişdir.

     

    [6] Mehmet Kömürcü ve Yusuf Çalışkan, Suçluların İadesinin Uluslararası Hukukta Düzenlenişi ve Siyasi Suç İstisnasının Terörizmle Mücadeledeki Rolü, Ankara Barosu Dergisi, Cilt 56, 76.  (1999).

    [7] Yenə orada.

    [8]Sümeyra Altıner, Extradition According to the Rules of International Law and Provisions of Turkish Criminal Code. 8(1) Çankaya University Journal of Law 21, 24 (2011).

    [9] Berat Duman, The procedure of Extradition in Turkish Law, 7(24) Türkiye Adalet Akademisi Dergisi, 663, 674 (2016).

    [10] Yuxarıda istinad, 8.

    [11] Yuxarıda istinad, 9.

 

  1.   D. Ekstradisiyanın mənbələri
  2.   Ekstradisiyanın hüquqi tənzimlənməsindən danışarkən onun beynəlxalq və dövlətdaxili hüququn birləşdiyi nöqtədə olduğunu qeyd etmək lazımdır. Bu səbəbdən ekstradisiyanın mənbələri dövlətdaxili və beynəlxalq hüquqi aktlar olmaqla iki qrupa bölünür. İlk öncə beynəlxalq mənbələrə nəzər salaq.

      Ölkələr arasında yardımlaşma, dostluq münasibətlərinə və qarşılıqlı əlaqələrə əsaslanan ekstradisiyanın tətbiqi məsələsi dövlətlər tərəfindən ikitərəfli və çoxtərəfli müqavilələrlə tənzimlənməkdədir. Son vaxtlara qədər ekstradisiya haqqında ikitərəfli müqavilələrə daha çox üstünlük verilirdi. Bu sahədə imzalanmış ikitərəfli müqavilələrin sayı buna dəlalət edir.[12] Həmin müqavilələrdə adətən ekstradisiyaya səbəb olan cinayətlər, ekstradisiya üsulu və imtina əsasları göstərilir.[13] Ekstradisiyanın tətbiqini asanlaşdırmaq üçün regional və ya beynəlxalq səviyyədə müqavilələrin imzalanması daha səmərəlidir.[14] Çünki ikitərəfli müqavilələrin çoxluğu vahid tətbiq qaydasının müəyyənləşdirilməsinə maneə törədir. Hazırda müqavilə praktikasında ikitərəfli müqavilələrdən çoxtərəfli müqavilələrə keçid tendensiyası müşahidə olunur.[15]  Lakin bütün dünyada qüvvədə olan ekstradisiya haqqında beynəlxalq müqavilə mövcud deyildir. Çoxtərəfli müqavilələr yalnız regional səviyyədə bağlanmışdır. Onlara misal olaraq, “Ekstradisiya haqqında” Avropa (1957),[16] “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətər haqqında” MDB (1993), “Təhvilvermə haqqında” Asiya-Afrika (1961) Konvensiyalarını, Ərəb Ölkələri Liqasının “Ekstradisiya haqqında” müqaviləsini (1952) və s. göstərmək olar. Qeyd olunanlardan ən çox tətbiq ediləni 1957-ci il tarixli Avropa Konvensiyası və onun Əlavə Protokollarıdır.[17]O, tərəf dövlətlərin əvvəlcədən öz aralarında bağladıqları ikitərəfli müqavilələri qüvvədən salmışdır.        

      Ekstradisiyanın dövlətdaxili mənbələri qanunverici orqan tərəfindən ölkə ərazisində  cinayətkarlıqla mübarizə mexanizmini formalaşdırmaq üçün qəbul edilən hüquqi aktlardır.  Əksər ölkələrdə ekstradisiya ilə birbaşa yaxud dolayısıyla bağlı olan müddəalar konstitusiyalarda öz təsbitini tapır.[18] Bununla yanaşı, dövlətlər ekstradisiyanı ayrıca qanunla[19] və ya cinayət qanununun daxilində[20]  tənzimləyə bilərlər.    

      Qeyd etmək lazımdır ki, ekstradisiya həm beynəlxalq, həm də dövlətdaxili mənbələrdə eyni səviyyədə tənzimlənir. Əgər dövlətin qanunvericiliyi ilə beynəlxalq müqavilənin müddəaları üst-üstə düşürsə, tətbiqdə hər hansı problem yaranmayacaqdır. Əgər ziddiyət varsa, hansının tətbiq ediləcəyini tərəflər öz aralarında müəyyənləşdirəcəklər.[21]

    [12] Ən çox ikitərəfli müqavilələr ABŞ tərəfindən imzalanmışdır (100-ə yaxın). Bu onunla izah olunur ki, ABŞ-da “Ekstradisiya haqqında” Qanun yalnız 1982-ci ildə qəbul olunmuşdur. Bu vaxta qədər ABŞ təcrübəsi yalnız ikitərəfli müqavilələr əsasında formalaşmışdır.

    [13] Kömürcü ve Çalışkan, 77.

    [14] Saaed Bagheri. Extradition and the Obligation to Prosecute of Offenders in International Law (aut dedere aut judicare) 62(1)  Ankara Üniversitesi Hukuk Fakültesi Dergisi, 1, 5 (2013).

    [15] Robert Cryer, Hakan Friman, Darryl Robinson, Elizabeth Wilmshurst, An Introduction to International Criminal Law and Procedure, 80.  (2007).

    [16] European Convention on Extradition, Paris, 13. XII. 1957. Opening for signature in Paris. 13/12/1957. Entry into Force, conditions: 3 ratifications. 18/04/1960.

    [17] Yuxarıda istinad 15.

    [18] Məsələn, Albaniya, Bolqarıstan, Ruminiya, Ekvador, Braziliya, Panama, Kuba, Haiti, Qvatemala Konstitusiyaları.

    [19] Məsələn, İsveç, Finlandiya, Fransa.

    [20] Məsələn, İtaliya.

    [21] Altıner, 25.

 

  II. Ekstradisiyanın tətbiq qaydası

  1.   A. Tətbiq şərtləri

  Cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq bir tərəfdə dövlətlərin suverenliyi və şəxsi maraqları, digər tərəfdə mübarizədə həmrəyliyin vacibliyi və ümumi maraqlar olmaqla iki istiqamətdə həyata keçirilir.[22] Bu səbəbdən cinayətkarın geri verilməsi istənilən cinayətlə bağlı, habelə istənilən şəraitdə tətbiq edilə biləcək prosedur deyil. 

  1.   1. Müqavilənin mövcudluğu

  Ekstradisiyanın tətbiqi üçün ilk növbədə sorğu edən dövlətlə sorğu olunan dövlət arasında qüvvədə olan müqavilə olmalıdır.[23] Ekstradisiya proseduru həmin müqaviləyə uyğun həyata keçiriləcəkdir. “Ekstradisiya haqqında” Avropa Konvensiyasının 1-ci maddəsinə görə Konvensiyanı ratifikasiya etmiş dövlətlər onda göstərilən qaydalara müvafiq şəkildə  qarşılıqlı ekstradisiya etməklə bağlı öhdəlik daşıyırlar. Həmin maddənin şərhində[24] onun 1951-ci il noyabr ayının 21-də Fransa ilə Almaniya Federativ Respublikası arasında bağlanmış ikitərəfli müqavilədən götürüldüyü göstərilir. Müqaviləyə görə tərəflər bütün şərtlərə əməl etmə öhdəliyi götürürlər.

  Dövlətlər arasında heç bir müqavilə olmadan ekstradisiyanın həyata keçirilməsi istisna edilmir. Lakin belə olduqda sorğu edilən dövlət ekstradisiya tələbinə öz iradəsinə uyğun olaraq istənilən cavabı verə bilər. Praktikada əksər hallarda bu tələb qəbul edilir və əsas kimi  dövlətlərarası qarşılıqlı yardımlaşma və nəzakət göstərilir.[25] Buna baxmayaraq, mövcud situasiya bütün dünya ölkələri üçün qüvvədə olan müqavilənin bağlanmasının vacibliyini bir daha göstərir. Çünki beynəlxalq ictimai təhlükəsizliklə bağlı məsələnin bir dövlətin iradəsinə əsasən həll olunması cinayətkarlıqla mübarizənin effektivliyinə xələl gətirir. Ekstradisiya “dövlətlər hüququ”nun tərkibindədir və müqaviləsiz tənzim dövlətlərarası münasibətin normal realizəsinə maneədir.

  1.   2. İkili Cinayətkarlıq         

  Ekstradisiyanın mümkünlüyü üçün ikinci şərt ekstradisiyası tələb olunan cinayətkarın törətdiyi əməlin hər iki dövlətin qanunvericiliyinə əsasən cinayət hesab olunmasıdır. “İkili cinayətkarlıq” adlanan bu prinsip ekstradisiyanın başlıca prinsiplərindəndir. Ekstradisiya haqqında müqavilələrin əksəriyyəti bu prinsipi qəbul edir.[26] “İkili cinayətkarlıq” “qanunsuz cəzanın yolverilməzliyi” (nulla poena sine lege) və qarşılıqlılıq prinsiplərindən törəmədir.[27] Bu o deməkdir ki, sorğu edilən dövlət əgər cinayətkarın törətdiyi əməl onun cinayət qanununa görə ictimai təhlükəli hesab edilmirsə, ekstradisiya tələbini qəbul etməyə məcbur edilə bilməz.[28] Diqqət edilməli olan məqamlardan biri də odur ki, “ikili cinayətkarlıq” cinayətin hər iki ölkədə eyni ictimai təhlükəlilik dərəcəsində olmasını deyil, cinayət hesab olunmasını tələb edir.[29]

  1.   3. Cinayətin ağırlıq dərəcəsi

            Ekstradisiyaya səbəb olan cinayət cinayətin müəyyən ağırlıq dərəcəsində olmalıdır. Cinayətin ağırlığının müəyyənləşdirilməsi isə dövlətlər tərəfindən iki fərqli sistemlə həyata keçirilir. Bu sistemlərdən birincisi “sayma sistemi”dir. Sayma sistemində ekstradisiyaya səbəb ola biləcək cinayətlər tək-tək sayılaraq ağırlıq dərəcəsi müəyyən olunur. Türkiyə ilə ABŞ arasında 6 avqust 1923-cü ildə bağlanmış ekstradisiya haqqında müqavilədə bu sistem tətbiq edilmişdir.[30] “Ekstradisiya haqqında” Avropa Konvensiyasında və dövlətlərarası ikitərəfli müqavilələrdə “cəzanın minimum həddi” adlanan ikinci sistem əsas götürülür[31]. Bu sistemə görə, ekstradisiya tətbiq ediləcək cinayətlər üçün minimum cəza həddi müəyyənləşdirilir və həddi aşan cinayətlərlə bağlı ekstradisiya tətbiq edilir.[32] Anqlo-sakson hüquq sistemli Birləşmiş Krallıq və ABŞ praktikasında da bu belədir. Hətta Anqlo-Sakson sistemində Roman-German hüquq sistemindən fərqli olaraq, ekstradisiyanın tətbiq oluna biləcəyi cinayətlərin siyahıya alınmasına dair cəhdlər olmuşdur. [33] Roman-German sisteminə aid hüquqi aktlarda isə yalnız ekstradisiyanı istisna edən cinayətlərin konkret dairəsi müəyyənləşdirilir.

  1.   4. Cinayət  məsuliyyətinə cəlb etmə müddəti

  Ekstradisiyanın tətbiqi üçün cinayətə görə məsuliyyətə cəlb olunma müddəti keçməmiş olmalıdır. “Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçmədiyi cinayət” ifadəsi iki məsələni ehtiva edir. Birincisi, mühakimə müddəti ötmüş cinayət təqib edilə bilməyəcəyi kimi, məsuliyyətə cəlb olunma müddəti ötmüş cinayət də məhkumluq yaratmayacaqdır. İkincisi, cinayətin şikayətə tabe olması məsələsidir. Belə ki, əgər ekstradisiyanın əsası olan cinayət hər iki ölkədə şikayətə tabedirsə və şikayət şərti hələ gerçəkləşdirilməmişdirsə, ekstradisiya tələbi qəbul edilmir.[34]

         

[22] Cryer, Friman, Robinson, Wilmshurst, 73.

[23]Cryer, Friman, Robinson, Wilmshurst, 80.

[24] Council of Europe, Explanatory Report on the European Convention on Extradition, Strasbourg, 4 (1985) https://rm.coe.int/CoERMPublicCommonSearchServices/DisplayDCTMContent?documentId=09000016800c92bc

[25] Altıner, 26.

[26] “Ekstradisiya haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində “Ekstradisiya sorğu edən tərəfin və sorğu edilən tərəfin qanunvericiliyinə müvafiq olaraq…” ifadəsi yer almışdır.

[27] İlias Banketash and Susan Nash, İnternational Criminal Law, 181.  (2nd ed. 2003).

[28] Yenə orada.

[29] Yuxarıda istinad, 25.

[30] Altıner, 27.

[31] Ekstradisiya haqqında” Avropa Konvensiyası 2-ci maddə 1-ci bənd: Ekstradisiya sorğu edən Tərəfin qanunvericiliyinə müvafiq olaraq azadlıqdan məhrum etmə ilə cəzalandırılan yaxud həbs barədə qərara uyğun olaraq maksimum müddətə - ənazıbirilmüddətinə həbs cəzası və ya daha ciddi cəza ilə cəzalandırılan cinayətlərlə bağlı həyata keçirilir. Məhkum etmə və həbs cəzası yaxud tutma haqqında qərar sorğu edən Tərəfin ərazisində həyata keçirildiyi hallarda müəyyən edilmiş cəza müddətləri dörd aydan az olmamalıdır.

[32] Yuxarıda istinad, 30.

[33] Yenə orada.

[34] Altıner, 28.

 

  B. Ekstradisiya tətbiqindən imtinanın əsasları

  Ekstradisiya hüququ baxımından ekstradisiyanın gerçəkləşməsi üçün lazımi şərtlərdən başqa, ondan imtinaya əsas olan hallar da önəm daşıyır.[35] Haqqında danışacağımız hallardan hər hansı biri cinayət işinin tərkibində mövcuddursa, sorğu edilən dövlət ekstradisiyadan imtina etməkdə haqlıdır.

  1.Vətəndaşın verilməməsi

  Doktrinada ekstradisiyaya maneə kimi nəzərdən keçirilən bu situasiyanın ən çox rast gəlinən istisna halı olduğunu  qeyd etmək lazımdır. Sadə versiyada vətəndaşın verilməməsi “sorğu edilən dövlətin ekstradisiyası tələb olunan şəxs onun vətəndaşı olduğu halda ekstradisiya tələbini rədd edə bilməsi”dir.[36] Vətəndaşın verilməməsi” hər zaman qüvvədə olan qayda deyil.

[35]Dr. Ahmet Ulutaş, Suçluların Geri Verilmesinde Vatandaşlığın Rolü ve Türk Vatandaşlığı Kanununun 28inci Maddesinin Geri Verme Hukuku Bakımından Değerlendirilmesi,  4 Ankara Barosu Dergisi, 179, 179 (2011).

[36]  Vətəndaşlardan başqa əsirlərin də geri verilməsi istisna olunur. Hüquqi adətlərə əsasən əsirin törətdiyi cinayət əsirlikdən qaçmaqdan ibarət  olduğundan ekstradisiyanın tətbiqinə yol verilmir.

 

  Bu qaydanın ilk tətbiqinə 1736-cı il Fransa ilə Hollandiya arasındakı müqavilədə rast gəlinir.[37] Roman-German hüququnda dövlətin öz vətəndaşını, ən azından onun iradəsinə zidd olaraq başqa  bir dövlətə verməyəcəyi qaydası prioritet hesab olunur.[38] Avropa dövlətləri bunu müxtəlif formalarda tənzimləyirlər. Məsələn, İsveçrə qanunvericiliyinə görə, “İsveçrə vətəndaşları geri verilə bilməz, yalnız vətəndaşın öz razılığı olduğu halda verilmə həyata keçirilir”.[39] Digər tərəfdən İtaliyada isə “vətəndaşın verilməsi ancaq beynəlxalq müqavilələrdə göstərilərsə, qəbul oluna bilər”[40] qaydası tətbiq edilir. Anqlo-Sakson hüququnda bunun əksinə olaraq, ictimai təhlükəsizliyi pozmuş vətəndaşın müdafiəsi tanınmır. “Vicdanlı vətəndaş” anlayışı daha üstün tutulur. İngiltərə və ABŞ qarşılıqlılıq şərti ilə öz vətəndaşlarının başqa bir dövlətə verilməsini qəbul etməkdədirlər.[41]

            Qaydanın təməlində vətəndaşı qoruma düşüncəsi dayanır.[42] “Ekstradisiya haqqında” Avropa Konvensiyasında “Razılığa gələn Tərəf öz vətəndaşlarının ekstradisiyasından imtina etmək hüququna malikdir” ifadəsinə yer verilərək, tərəflərə vətəndaşlarını verməməklə bağlı müstəqillik tanımışdır.[43]

            Ekstradisiyası tələb olunan şəxslər ikili vətəndaş və ya vətəndaşlığı olmayan şəxs – vətənsiz (heimatlos) ola bilər. Vətəndaşlığı olmayan şəxslərlə bağlı bu qayda heç bir önəm daşımır. İkili vətəndaşlığı olan şəxs sorğu edilən dövlətin vətəndaşıdırsa, bu zaman onun ikinci vətəndaşlığı nəzərə alınmadan ekstradisiyadan imtina oluna bilər.[44]

[37] Ulutaş, 186.

[38]Yuxarıda istinad, 35.

[39] İsveçrə Konstitusiyası, maddə 25. http://www.servat.unibe.ch/icl/sz00000_.html

[40] İtaliya Konstitusiyası, maddə 26.  www.senato.it/documenti/repository/istituzione/costituzione_inglese.pdf

[41]Yuxarıda istinad, 37.

[42] Məsələn, “Blogger Lapşin” işində Belarusiyada saxlanılan İsrail vətəndaşı Aleksandr Lapşinin İnterpol xəttiylə Azərbaycana ekstradisiyası tələb olunur. Törədilən cinayətin növündən asılı olmayaraq İsrail vətəndaşının verilməməsində təkid edir. Burda məqsəd vətəndaşın başqa yurisdiksiyanın mühakiməsinə məruz qalmasınınqarşısını almaqdır. The blogger jailed for visiting a country that “doesn't exist (2017),http://www.bbc.com/news/blogs-trending-38804499  (last visited april 7, 2017).

[43] “Ekstradisiya haqqında” Avropa Konvensiyası maddə 6/1-a.

[44]Ulutaş, 191.

 

  1.   2. Siyasi xarakterli cinayət

  Siyasi xarakterli cinayət törətməkdə ittiham olunan şəxslərin ekstradisiyasına yol verilmir. Ekstradisiya haqqında müqavilələrə nəzər salsaq, bu qaydanın təxminən son 160 ildə formalaşdığını görmək mümkündür.[45] Qaydanı ilk qəbul edən dövlət İngiltərədir.[46] 1833-cü il Belçikanın “Ekstradisiya haqqında”  qanununda təsbit olunaraq qanuniləşdikdən sonra Qərb ölkələrinin ekstradisiya müqavilələrində yer almağa başlamışdır. [47] Haqqında danışılan istisnayla əlaqəli ən mühüm problemlərdən biri hansı cinayətin siyasi xarakterli cinayət hesab olunacağı məsələsidir.[48] Siyasi xarakterli cinayətə “törədilməsi dövlətin siyasi nizamına təsir edəcək cinayət” kimi anlayış vermək olar.[49] Doktrinada siyasi xarakterli cinayətlər tam və qismən siyasi xarakter daşıyan cinayətlər olmaqla iki kateqoriyaya bölünür. Tam siyasi xarakterli cinayət birbaşa olaraq dövlət suverenliyinə qarşı yönəlmiş dini, siyasi, irqi ideologiyanı təhlükə altına alan cinayətdir. Qismən siyasi xarakterli cinayətlər isə siyasi motiv və məqsədlə yanaşı özündə digər cinayətlərin ümümi əlamətlərini birləşdirir.[50] 

            “Siyasi xarakterli cinayətlərə görə ekstradisiya edilməmə” qaydasında bəzi istisnalar mövcuddur. Həmin istisnalar varsa, şəxs siyasi motiv və məqsədlərlə cinayət törətmiş olsa belə, bu ekstradisiyadan imtina üçün əsas deyildir:

            a) Belçika qaydası. Doktrinada “sui-qəsd hökmü” kimi tanınır.[51] Bu qaydaya görə dövlət başçılarına və onların ailələrinə qarşı törədilən cinayət siyasi xarakterli cinayət hesab edilmir və bu zaman cinayətkarın ekstradisiyası mümkündür.[52]

            b) Terror, ictimai qaydanı və ictimai təhlükəsizliyi pozmaq məqsədilə kütləvi şəkildə cinayət (məsələn, rejimi dəyişdirmək, dövlət rəsmilərinə sui-qəsdlər, müxtəlif binaları ələ keçirərək insanları qorxu və dəhşət içərisində saxlamaq və s.) törədilməsi;[53]

            c) Təyyarələrin qaçırılması, habelə  qaçırılma zamanı törədilən bütün digər cinayətlər;[54]

            d) Beynəlxalq immunitetə sahib şəxslərə qarşı törədilən cinayətlər;[55]

            e) Soyqırım;[56]

            f) Girov götürmə[57]

 

[45] Antje C. Peterson, Extradition and the Political Offense Exception in the Suppression of Terrorism, 67(3) İndiana Law Journal, 767, 774 (1992).

[46] Altıner, 29.

[47] Yuxarıda istinad, 44.

[48] Peterson, 775.

[49] Yuxarıda istinad, 46.

[50]James Joseph Kinneally, The Political Offence Exception: İs the United States-United Kingdom Supplementary Extradition Treaty The Beginning of the End?  2(1)American University İnternational Law Rewiew 203, 209 (1987).

[51] Yuxarıda istinad, 46.

[52]1854-cü ildə iki Fransız vətəndaşı III Napaleonu öldürmək üçün Lille-Dunkerque xətti ilə hərəkət edən qatarın partladılmasına təşəbbüs edir. Lakin cəhd uğurla nəticələnmir. Əməli törədib Belçikaya qaçan şəxslər Fransa tərəfindən istənsə də, Belçika Apelyasiya məhkəməsi 1833-cü il “Ekstradisiya haqqında” haqqında qanununa əsasən siyasi cinayət törədən şəxsin ekstradisiyasından imtina edir. 22 mart 1856-cı ildə qəbul edilən qanunla Belçikada hər hansı xarici dövlət başçısına və onun ailəsinə qarşı törədilən cinayət siyasi cinayət hesab edilmir və bu zaman cinayətkarın ekstradisiyası mümkündür. Dos. Ahmet Cemal Ruhi, Türk hukukunda suçluların iadesi, 505 (2003). 

[53]“Terrorizmin qarşısının alınması haqqında” Avropa Konvensiyası, 1-7 və 13-cü maddə. https://rm.coe.int/CoERMPublicCommonSearchServices/DisplayDCTMContent?documentId=090000168008371c

[54] “Mülki Aviasiyanın təhlükəsizliyinə qarşı qanundankənar aktların qarşısının alınması haqqında” BMT Konvensiyası 8-ci maddə. http://www.un.org/en/sc/ctc/docs/conventions/Conv3.pdf

[55] BMT-nin “Xüsusi missiyalar haqqında” Vyana Konvensiyası, 8-ci maddə. http://legal.un.org/ilc/texts/instruments/english/conventions/9_3_1969.pdf

[56] “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı” BMT Konvensiyası, maddə 8. http://www.ohchr.org/EN/ProfessionalInterest/Pages/CAT.aspx

[57] “Girov götürmə ilə mübarizə haqqında” BMT Konvensiyası, 10-cu maddə. http://www.un.org/en/sc/ctc/docs/conventions/Conv5.pdf

 

  1.   3. Cinayətin törədildiyi yer

  Sorğu edilən tərəf  bütünlüklə və ya qismən onun ərazisində yaxud onun ərazisi sayılan yerdə törədilmiş cinayətlə bağlı tələb olunan şəxsin ekstradisiyasından imtina edə bilər. Çünki ərazisi hüdudlarında cinayət törətmiş şəxsləri  mühakimə etmək və cinayət məsuliyyətinə cəlb etmək hər bir dövlətin suveren hüququdur. İctimai təhlükəli əməl sorğu edilən tərəfin ərazisindən kənarda törədilərsə, ekstradisiyadan yalnız iki halda imtina edilə bilər: 1) Həmin tərəfin qanunu onun ərazisi hüdudlarından kənarda törədilmiş cinayətlərə görə cinayət təqibi nəzərdə tutmamışdır; 2) Göstərilən cinayətə görə ekstradisiyaya yol verilmir.[58]

  1.   4. Ne bis in idem – bir cinayət, bir cəza

  Cinayət hüququnun təməl prinsiplərindən olan ne bis in idem ayrı-ayrı ölkələrin cinayət qanunvericiliyində, hətta bəzi Konstitusiyalarda[59] təsbit edilmişdir. Bu prinsipə görə cinayət törətmiş  şəxs barəsində cinayət təqibi başlanmış, konkret qərarla mühakimə bitmiş yaxud əməl haqqında cinayət təqibinə ehtiyac olmadığı qənaətinə gəlinərək təqib sonlandırmışdırsa, eyni əməl barəsində təkrar mühakimə aparıla və cəza tətbiq edilə bilməz.[60] Ekstradisiyaya münasibətdə bu prinsip özünü eyni cinayətə görə təkrar ekstradisiyanın yolverilməzliyində göstərir.

[58] “Ekstradisiya haqqında” Avropa Konvensiyası, 7-ci maddə. https://rm.coe.int/CoERMPublicCommonSearchServices/DisplayDCTMContent?documentId=0900001680064587

[59] Məsələn, Almaniya Konstitusiyası 103-cü maddə https://www.btg-bestellservice.de/pdf/80201000.pdf  , ABŞ Konstitusiyasına bu prinsip 5-ci düzəlişdən sonra əlavə olunmuşdur.

[60] John A.E. Vervaele. Ne Bis In Idem: Towards a Transnational Constitutional Principle in the EU?. 9(4) Utrecht Law Review, 211, 212 (2013).

 

  1.   5. Konkretlik qaydası

  Sorğu edən dövlət ekstradisiya tələbi qəbul edildikdən sonra cinayətkar barəsində cinayət təqibi başlamamışdırsa, başladır, təqib başa çatmış, lakin cəza icra edilməmişdirsə, cəzanı icra edir.[61] Qeyd olunanlar yalnız barəsində sorğu olan cinayətə münasibətdə tətbiq edilə bilər. Ekstradisiyanı tələb edən dövlət sorğu edilən şəxs barəsində tələbdə yer almayan, ekstradisiyadan əvvəl törətdiyi cinayətlə bağlı təqib başlada bilməz. Buna “ekstradisiyada konkretlik qaydası” deyilir.[62] Sorğu edən dövlətdə bu qaydanın pozulacağına dair əsaslı şübhələr varsa,  sorğu edilən dövlət ekstradisiyadan imtina etməkdə haqlıdır.

[61]  Altıner, 39.

[62] Banketash and Nash, 184.

 

  1.   C. İki dövlət arasında gerçəkləşən ekstradisiya və üçüncü dövlət (re-extradition)
  2.   Ekstradisiyanın tətbiqi zamanı rast gəlinən problemlərdən biri də üçüncü dövlətə yenidən ekstradisiya məsələsidir. Problem ekstradisiyası barədə sorğu olunan şəxsin üçüncü bir dövlət tərəfindən istənməsi halında  konkretlik qaydası ilə əlaqəli formada meydana çıxır.[63] Şəxsin üçüncü dövlətə ekstradisiyası beynəlxalq sənədlərdə müxtəlif formalarda tənzimlənir. Bir qayda olaraq, dövlətlər sorğu edilən dövlətin razılığı olmadan cinayətkarın üçüncü dövlətə ekstradisiyasını qəbul etmirlər. Bu imtinanın hüquqi əsası kimi “Ekstradisiya haqqında” Avropa Konvensiyasının 15-ci maddəsi çıxış edir. Həmin maddəyə görə, sorğu edilən tərəf ekstradisiya edilən və  ekstradisiyaya qədər törətdiyi cinayətlərə görə üçüncü dövlət tərəfindən axtarışda olan şəxsi sorğu edən dövlətin razılığı olmadan üçüncü dövlətə vermir. Şəxs tam azad edildikdən sonra ekstradisiya edildiyi tərəfin ərazisini tərk etmək imkanına malik olduğu halda 45 gün ərzində bunu etməzsə, yaxud 45 gün ərzində həmin ərazini tərk etdikdən sonra oraya qayıdarsa, icazə ona şamil edilməyəcəkdir.Eyni zamanda həmin şəxslər barəsində “konkretlik qaydası” da istisna edilir.[64]

      “Avropa Həbs Orderi” bir sıra hallarda Avropa Birliyi ölkələrinə sorğu edilən dövlətin razılığı olmadan üçüncü dövlətə ekstradisiyanı qəbul edir. Amma digər dövlətlərlə əlaqədə sorğu edilən dövlətin icazəsini məcburi şərt kimi qoyur.[65]

      Fikrimcə, sorğu edilən dövlətin iradə ifadəsinin həlledici təsirə malik olması düzgün hesab edilməməlidir. Burada ilk nəzərə alınacaq amil barəsində ekstradisiya sorğusu olan  və tələbdən öncə törədilmiş cinayətlərin kimin mənafeyinə nə dərəcədə toxunması olmalıdır.  Çünki icazə tələbinin ön planda olduğu vəziyyətdə ekstradisiya cinayətkarlıqla mübarizənin vasitəsinə deyil, sorğu edilən dövlətin şəxsi maraqlarına xidmət edən bir quruma çevrilir.

    [63] Banketash and Nash, 301.

    [64] “Ekstradisiya haqqında” Avropa Konvensiyası, maddə 14\1 b.

    [65]  Cryer, Friman, Robinson, Wilmshurst, 85.

 

  III. Ekstradisiya kontekstində insan hüquqları

  Beynəlxalq cinayətkarlığın səviyyəsinin artması ilə əlaqədar olaraq ekstradisiya prosesində insan hüquqlarının qorunması məsələsi getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlayır. Ekstradisiya və insan hüquqları arasında əlaqə dövlətlərarası beynəlxalq hüquqi əməkdaşlığın qarşılıqlı həyata keçirilməsindən qaynaqlanır. Qarşılıqlılıq tələbi ekstradisiyanın tətbiqi zamanı iki meyarı qarşı-qarşıya qoyur. Dövlət: 1) cinayətkarlıqla mübarizə aparmağa borcludur; 2) həmin mübarizənin vasitəsi kimi ekstradisiyanın tətbiqində insan hüquqlarının pozulmasına yol verməməlidir.[66] Bir sıra beynəlxalq aktların qəbulundan sonra dövlətlər ekstradisiya məsələsinə tədricən insan hüquqları prizmasından baxmağa başladılar. Beynəlxalq mənbələrdə və adət hüququnda hüquqları qorunmalı olan fərdə uzun müddət ekstradisiya prosesinin subyekti kimi deyil, obyekti kimi baxılmışdır. İndi ekstradisiya prosesində fərdə hüquqları yalnız maraqlı dövlətlərdən asılı olan obyekt kimi deyil, beynəlxalq hüquqları təmin olunan, hüquqlarını müstəqil şəkildə qorumaq iqtidarında olan beynəlxalq hüquq praktikasının subyekti kimi baxılır.[67]  Bu gün şəxs ədalətli olmayan mühakimə, ölüm cəzası, işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və cəzaya məruz qalma riskinin mövcud olduğu bir ölkəyə göndərilə bilməz. Hər bir insan azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Heç kim özbaşınalıqla həbs edilə və ya dustaqda saxlanıla, habelə, qanunla müəyyən edilən əsaslardan başqa və qanuni prosedura uyğun olmadan heç bir halda azadlıqdan məhrum edilə bilməz. [68] Cinayət törətməkdə ittiham edilən şəxs, bütün müdafiə imkanları təmin edilməklə, açıq məhkəmə araşdırması yolu ilə təqsirli olduğu qanuni qaydada müəyyən edilməyənə qədər təqsirsiz hesab edilmək hüququna malikdir.[69]

            Ayrı-ayrı beynəlxalq müqavilələrdə bu hüquqlar natamam şəkildə təsbit edilmişdir.Yalnız “İnsan Hüquqları Haqqında” Avropa Konvensiyası hüquqların təsnifatını apararkən, onların bir neçəsini ekstradisiya ilə əlaqələndirdiyindən sistemləşməyə cəhd hesab oluna bilər.[70] Belə bir boşluğun mövcudluğu ekstradisiya olunan şəxsin hüquqlarının asanlıqla pozulmasına şərait yaradır. Bu pozuntular şəxsin həyat və sağlamlığını təhlükə altında qoymaqla yanaşı, məsələnin beynəlxalq sferaya çıxmasına və dövlətin imicinin zədələnməsinə səbəb olur.[71] 

           

[66] Coşkun Necmi Savaş, İnsan hakları bağlamında suçluların geri verilmesi, 1  “Ankara Barosu” dergisi, 251, 253 (2013).

[67]Geert-Jan Knoops. Surrendering to İnternational Criminal Courts: Contemporary Practice and Procedures, İnternational Criminal Law. Cases and Materials, 248 (1st ed. 2002).

[68]Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (1966),  14-cü maddə http://www.ohchr.org/EN/ProfessionalInterest/Pages/CCPR.aspx

[69] BMT-nin Ümumdünya İnsan Hüquqları haqqında Bəyannaməsi (1948),  11-ci maddə

   http://www.un.org/en/universal-declaration-human-rights/

[70] “İnsan hüquqları haqqında” Avropa Konvensiyasının yalnız 2-ci (yaşamaq hüququ), 3-cü (işgəncələrin qadağan olunması), 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 7-ci (qanunda nəzərdə tutulmamış cəzanın yolverilməzliyi), 8-ci (şəxsi həyata və ailə həyatına hörmət hüququ), 13-cü ( səmərəli hüquqi müdafiə vasitələri hüququ), 14-cü (ayrı-seçkiliyin yolverilməzliyi) maddələri və konvensiyaya əlavə 6 və 13 nömrəli protokollar (ölüm cəzasının tətbiqinin yolerilməzliyi) ekstradisiya prosesinə şamil olunur.

[71] Məsələn,  2007- ci ildə BMT-nin İşgəncələr  Əleyhinə Komitəsində Azərbaycana qarşı işi udan jurnalist qadın Elif Pelitin ekstradisiyası barədə iş ilə bağlı Azərbaycanın mənfi təcrübəsini qeyd etmək olar. Bu işdə Azərbaycanın, xüsusilə yerli məhkəmələrini mövqeyinin təhlili ekstradisiya olunan şəxslərin insan hüquqları sahəsində Azərbaycanın cari praktikasına yenidən baxılmasının istər ekstradisiya sahəsinə aid qanunvericiliyin,  istərsə də yerli məhkəmələrin praktikasının müvafiq qaydada təkmilləşdirilməsinin zəruriliyi barədə nəticələr çıxarmağa imkan verir. Daha ətraflı bax: http://www.refworld.org/cases,CAT,47975b01c.html UNHCR,  Case of Elif Pelit v. Azerbaijan.

 

  1.   A. Ölüm cəzası və ekstradisiya
  2.   Ölüm cəzası dövlət tərəfindən şəxsə tətbiq olunan ən ağır fiziki cəza növüdür. Onun tətbiqi zamanı “cəza” adı altında cinayətkar nəinki azadlığını itirir, eyni zamanda yaşamaq hüququndan məhrum edilir.[72] Buna görə də mühakimənin başlandığı andan tətbiq anına qədər təqsirləndirilən şəxsə mənəvi iztirab verən ölüm cəzası icra üsülü nə olursa olsun insan hüquqularına zidd hesab olunur.[73]

    Beynəlxalq sənədlərdə sorğu edən dövlətin qanunvericiliyində ölüm cəzasının mövcudluğu insan hüquqlarının pozulma halı kimi göstərilmir. Yəni ölüm cəzası cinayətkarın həmin ölkəyə ekstradisiyasını istisna etmir.[74] Ölüm cəzasının  mövcud olduğu bir ölkəyə cinayətkarın ekstradisiyası “Ekstradisiya haqqında” Avropa Konvensiyasına əsasən də mümkün hesab edilir.[75] “İnsan Hüquqları Haqqında” Avropa Konvensiyasında isə məsələyə baxış nisbətən fərqlidir. Avropa İnsan Hüquqları Məhkəməsi ölüm cəzasının ekstradisiyaya əngəl olmadığını qəbul etsə də (2-ci maddə), sonradan bu hal 3-cü maddənin – işgəncə və digər qeyri-insani rəftarın qadağan olunması - tələbinin pozulması kimi qəbul edilmişdir.[76] Nəticə olaraq Konvensiyaya əlavə 6 və 13 nömrəli Protokollarda[77] ölüm cəzasının mövcudluğu ekstradisiyanı istisna edən hal kimi nəzərdən keçirilir.

    Ölüm cəzasını daxili qanunvericiliklərindən çıxaran dövlətlər onu beynəlxalq hüquqi yardımlaşma zamanı tətbiq etməkdən də imtina edirlər. Fikrimcə, hər hansı cinayətə görə ölüm cəzasının tətbiqi həm “ikili cinayətkarlıq”, həm də “cinayətə uyğun cəza” prinsiplərinin kobud şəkildə pozulmasıdır. Cəzanın məqsədi cinayətkarın islahına nail olmaqdır. Ölüm cəzasında isə islahdan söhbət gedə bilməz. Digər bir tərəfdən ölüm cəzası ədalətsiz mühakimənin nəticəsi olaraq həyata keçirilərsə, yaxud yeni açılan hallar hökmün icrasından sonra meydana çıxarsa, yaranan mənfi nəticələrin aradan qaldırılmasını imkansız edir . Ən əsası heç bir ədalət mühakimə orqanının şəxsi həyatdan məhrum etmək hüququ yoxdur. Ölüm cəzası “ədalətin bərpası” və “cinayətkarın  islahı”  məqsədilə dövlət tərəfindən  yeni cinayətin törədilməsidir.

    [72] Michael Kronenwetter,  Capital Punishment. A Reference Handbook,  11. (2001).

    [73] Savaş, 254.

    [74]Dos. Dr. Faruk Turhan, The development concerning the abolition of capital punishment and its effect on the Extradition Law,  4, İktisadi ve İdari Bilimler Fakultesi Dergisi , 239, 239, (1999).

    [75] “Ekstradisiya haqqında” Avropa Konvensiyası maddə 11. İki istisna müəyyənləşdirilir. 1)Sorğu edilən dövlətin qanunvericiliyi ölüm cəzasını nəzərdə tutmursa; 2) cəzanın icra edilməyəcəyi ilə bağlı yetərli təminat verilmirsə ölüm cəzası ekstradisiyadan imtina üçün əsasdır.

    [76] Məsələn, 1989-cu il tarixli “Soering Birləşmiş Krallığa qarşı” işində AİHM “... Ölüm cəzasını gözləmənin yaratdığı uzunmüddətli və get-gedə artan iztirab, edam kamerasında uzun müddət saxlanılma və məhkumun xüsusilə cinayətin törədildiyi tarixdəki yaşı və psixi vəziyyəti kimi şəxsi xüsusiyyətləri nəzərə alındıqda, cinayətkarın ekstradisiyası AİHK-nın 3-cü maddəsində müəyyən olunmuş həddi aşan qeyri-insani rəftar hesab olunmalıdır. Bu qərardan sonra ABŞ ölüm cəzasının tətbiq edilməyəcəyinə təminat verdi və cinayətkarı ekstradisiya etdi. Daha ətraflı bax: http://hudoc.echr.coe.int/tur?i=001-57619  Case of Soering v. UK.

    [77] 6 Nömrəli Protokol müharibə şəraitində və ya müharibə təhlükəsi olduqda işlənmiş cinayətlətə münasibətdə ölüm cəzasının tətbiqini mümkün hesab edir. 13 Nömrəli Protokolda isə ölüm cəzası tamamilə istisna edilir.

  1.   B. Ayrı-seçkiliyin yolverilməzliyi və ekstradisiya
  2.   Cinayətkarın ekstradisiyasının məqsədi ya şəxsi cinayət məsuliyyətinə cəlb etmək, ya da barəsində çıxarılmış hökmü icra etməkdir. Burada əsas meyar onun törətdiyi cinayət – ictimai təhlükəli əməldir. Milli, irqi, dini mənsubiyyət, fikir azadlığının tanındığı hüquq sistemlərində siyasi əqidə və digər şəxsi keyfiyyətlər özündə ictimai təhlükəlilik ehtiva etmədiyindən şəxsin cinayət təqibinə məruz qalmasında, habelə məhkum edilməsində əsas kimi çıxış edə bilməz.[78]

      Beynəlxalq cinayət hüququ belə situasiyalarda şəxsin ekstradisiyasını “ayrı-seçkiliyin yolverilməzliyi” qadağasına görə qəbul etmir. “Ekstradisiya haqqında” Avropa Konvensiyasının 3\2-ci maddəsinə görə sorğu edilən tərəfin adi cinayətlə bağlı ekstradisiya tələbinin şəxsin irqi, milli, dini, siyasi əqidəsinə görə təqibi və ya cəzalandırılması məqsədilə verildiyinə və ya bu səbəblərdən hər hansı birinə görə həmin şəxsə ziyan vurulacağına kifayət qədər əsası varsa, ekstradisiyadan imtina etməkdə haqlıdır. Oxşar müddəalar “Terrorçuluğun qarşısının alınması haqqında” Avropa Konvensiyasında,[79] 2003-cü il tarixli “Ekstradisiya haqqında” İngiltərə qanununda[80] da təsbit edilmişdir

    [78] Savaş, 260.

    [79] 5-ci maddə: Əgər sorğu alan dövlətin, 1-ci və ya 2-ci maddədə göstərilən cinayət ilə bağlı ekstradisiya haqqında sorğunun şəxsi irqi, dini, milli mənsubiyyətinə və ya siyasi baxışlarına görə təqib etmək və ya cəzalandırmaq məqsədi ilə edilməsini və ya bu şəxsin vəziyyətinin bu səbəblərdən hər hansı birinə görə pisləşə biləcəyini güman etməyə kifayət qədər əsası varsa, bu Konvensiyada heç nə ekstradisiyaya dair öhdəlik müəyyən edən müddəa kimi təfsir edilməməlidir. 

    https://rm.coe.int/CoERMPublicCommonSearchServices/DisplayDCTMContent?documentId=090000168008371c

    [80] 13-cü maddə:  Barəsində ekstradisiya sorğusu olan cinayətlə bağlı həbs qərarı çıxarılsa da, şəxsi irqi, dini, milli mənsubiyyətinə, cinsiyyətinə, cinsi meylərinə və ya siyasi əqidəsinə görə tələb olunursa, və ya ekstradisiya olunduqdan sonra bu amillərə görə şəxsin vəziyyətinin ağırlaşacağı, hüquq və azadlıqlarının məhdudlaşacağı ilə bağlı əsaslı şübhələr varsa, ekstradisiya tələbi qəbul edilmir. http://www.legislation.gov.uk/ukpga/2003/41/pdfs/ukpga_20030041_en.pdf

 

  1.   C. İşgəncələrin qadağan olunması və ekstradisiya
  2. “Mülki və Siyasi hüquqlar haqqında” Beynəlxalq Pakt[81], “İnsan Hüquqları haqqında” Avropa Konvensiyası[82] və digər beynəlxalq sənədlərdə təsbit edilən işgəncə və digər qəddar, qeyri-insani rəftar və cəzanın qadağan olunması şəxsiyyətin toxunulmazlığı ilə birbaşa şəkildə bağlıdır. AİHM-ə görə, əməlin işgəncə adlandırılması üçün şəxsə verilən fiziki və ya mənəvi əzab müəyyən ağırlıq dərəcəsində olmalıdır. Həmin ağırlıq dərəcəsində olmayan fiziki və mənəvi iztirablar şərəf və ləyaqəti alçaldan qeyri-insani rəftar hesab olunur. İşgəncə qeyri-insani rəftarın ən sərt formasıdır desək, daha düzgün olar.

                Ekstradisiya olunacaq şəxsin işgəncə və ya qeyri-insani rəftara məruz qalacağı haqqında əsaslı şübhələr varsa, ekstradisiya tələbi rədd edilməlidir. Bu qayda bütün ikitərəfli və çoxtərəfli müqavilələrdə, o cümlədən daxili qanunvericiliklərdə jus cogens norma kimi qəbul edilməkdədir. İşgəncəyə məruz qalmama şəxsin məhdudlaşdırılması bütün hallarda istisna edilən (non-derogable right) hüquqlarındandır. Bu tələbə ekstradisiya olunan şəxsə münasibətdə törədilən cinayətin ağırlığından asılı olmayaraq əməl edilməlidir.[83]

    [81] 7-ci maddə: Heç kim işgəncəyə, qəddar, qeyri-insani şərəf və ləyaqəti alçaldan rəftar və cəzaya məruz qala bilməz. Heç kim razılığı olmadan tibbi və ya elmi eksperimentlərdə iştiraka məcbur edilə bilməz. http://www.ohchr.org/EN/ProfessionalInterest/Pages/CCPR.aspx

    [82] 3-cü maddə: Heç kim işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. http://www.echr.coe.int/Documents/Convention_ENG.pdf

    [83] AİHM “Bensaid Birləşmiş Krallığa qarşı” işində cinayətkarların digər ölkələrə ekstradisiyası və deportasiyası barəsində səlahiyyətlərdən istifadə olunarkən işgəncə, digər qəddar, qeyri-insani rəftar və cəza qadağasının cinayətkarın törətdiyi əməlin ağırlığından asılı olmayaraq tətbiq edilməli olduğunu bildirmişdir. Daha ətraflı bax: http://hudoc.echr.coe.int/tur?i=001-59206  Case of Bensaid v.UK.

  D. Ədalətli məhkəmə araşdırması hüququ və ekstradisiya

 

  Cinayət törətməkdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi sistemində əsas istiqamətlərdən biri də ədalətli və ağlabatan müddətdə mühakimə məsələsidir. Ədalətli məhkəmə araşdırması hüququ “İnsan Hüquqları haqqında”Avropa Konvensiyası[84] və “Mülki və Siyasi Hüquqlar haqqında” Beynəlxalq Paktda[85] açıq şəkildə təsbit olunmuşdur. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.[86]

            Ədalətli məhkəmə araşdırması hüququnun ekstradisiya ilə əlaqəsi iki istiqamətlidir: Birincisi, ekstradisiyanın tətbiq ü