Nəşrlərimiz
 
 
— "AYNHA Hüquq Jurnalı" (IV Sayı) Dünyəvi və islam ölkələrində müsəlman qadınların hüquqi statusu
 

25-04-2018, 10:56

 

"AYNHA Hüquq Jurnalı" (IV Sayı) Dünyəvi və islam ölkələrində müsəlman qadınların hüquqi statusu

Müəllif: Sənəm Mustafayeva

Bakı Dövlət Universiteti, Hüquq fakultəsi -  IV kurs

"Akademik Məqalə Müsabiqəsi" III yer

 

  Annotasiya

 Feminizm sahəsində problemlərlə qarşılaşan İslam dini və ondan törəyən İslam hüququnda qadın hüquqlarının əks olunması məsələsi hər zaman mübahisə doğurur. Müxtəlif ölkələrdə məskunlaşmış müsəlman qadınların hüquqları var ilə yox arasındadır. Bu nöqteyi-nəzərdən, məqalədə İslamda əks olunan qadın hüquqları ilə islam ölkələrində mövcud olan qadın hüquqlarının müqayisəsinə, dünyəvi ölkələrdə müsəlman qadınlara “dünyəvilik” prinsipinin şamil edilməməsi məsələsinə yer verilmiş, həm müsəlman, həm də dünyəvi ölkələrin nümunəsində ətraflı araşdırma aparılmışdır.

 

  Abstract

 Islamic religion that faces problems in the area of feminism and in the Islamic law that derives from it, the question of reflection of woman rights always creates controversy. The rights of muslim women that had been settled in different countries are between “there is” and “there is not”. From this point of view a place was given to the comparison of the woman rights in Islam and the woman rights existing In Islamic countries, to the question of not applying the “secularization” principles to Muslim women in secular countries, besides these problems were investigated in the sample of both Muslim and secular countries.

 

  Giriş

 

  Tarix boyunca hər bir fərd kimi hüquqlara sahib ola bilməyən qadınlar hal-hazırda ən üst səviyyədə imkanlara malikdirlər. Lakin son dövrdə qadın hüquqlarının mövcudluğu ilə realizəsi arasında üstü qapanmayan boşluqlar vardır. Həmin boşluqları cəmiyyət ya üstü qapalı, ya da açıq formada İslamla əlaqələndirir. Həqiqətən də İslam hüququ çərçivəsində qadın hüquqlarına yer verilmirmi?

  Müsəlman qadınların əqidəsinə görə məruz qaldığı təzyiqlər XXI əsrdə gündəmdən düşmür. İstər İslam dini rəhbər tutulan ölkələrdə, istərsə də dünyəvi ölkələrdə bu hallar fərqli formalarda təzahür edir. Buna görə də İslam dini hər zaman zidd fikirlərlə qarşı-qarşıyadır. İslam dövlətlərində qadınların məruz qaldığı hüquq pozuntularında “din” aspekti bəhanə rolunda çıxış edirsə, dünyəvi ölkələrdə müsəlman qadınların məruz qaldığı qeyri-qanuni halların əsl səbəbi onların dinidir. Mövcud vəziyyət müəyyən bir coğrafi ərazi dairəsində məhdudlaşmır. Bu səbəbdən sırf müsəlman qadınların hüquqları məsələsi araşdırmanın mövzusu olacaqdır. Məqalədə İslamda mövcud olan qadın hüquqları ilə birlikdə, müsəlman qadınlara qarşı yönələn hüquq pozuntularının səbəbləri müəyyən olunacaq və nəzəri hissə ilə tətbiq arasındakı fərq ortaya qoyulacaqdır. Müsəlman ölkələrində yaşayan qadınlarla dünyəvi ölkələrdə yaşayan müsəlman qadınların hüquqi vəziyyətinin ortaq və fərqli cəhətləri aydınlaşdırılacaqdır.

 

  I. İslami və dünyəvi ölkələrdə qadın hüquqlarının mənbəyi

  1.   A. Qurani Kərimdə qadın hüquq subyekti kimi
  2.   Qurani-Kərimdə qadınların sosial vəziyyəti iki aspektdə dəyərləndirilmişdir: 1. İslamdan öncəki dövrdə qadın; 2. İslamda qadın. Burada qadınların hüquq və vəzifələri, eyni zamanda kişinin qadın qarşısında daşıdığı vəzifələrə yer verilmişdir. Bir növ mövcud olan bu hüquq və vəzifələr sinallaqmatik xarakter daşıyır. İslam hüququnun tətbiqində yaranan problemləri daha dəqiq həll etmək üçün bu hüquq münasibətlərinin subyekti olan qadınların sahib olduğu hüquqların nəzərdən keçirilməsi zəruridir.

      1. Yaşamaq hüququ – İslamın bərqərar olması doğulan qız uşaqlarını öldürmək adətini zamanla sıradan çıxardı. Kiçik qızların yaşamaq hüququ onların təbii hüquqlarından biri olub, Quranda öz əksini müxtəlif formalarda tapmışdır: “O, istədiyini yaradır, istədiyinə qız, istədiyinə oğlan övladı əta edir.”[1]

      2. Cəmiyyətdə iştirak etmək hüququ – İslamdan öncə bəzi qadınların cəmiyyətdə mövqeləri var idi, lakin bu sadəcə varlı və əsilzadə nəslinə mənsub olanlara aid idi. Bu cür qadınlardan biri Məhəmməd Peyğəmbərin (s.ə.s.) birinci həyat yoldaşı Xədicə xanım idi ki, o Məkkədə qadınlardan və bəzi kişilərdən üstün mövqeyə malik idi.[2] İslam yarandıqdan sonra isə təbəqəsindən asılı olmayaraq bütün qadınlara bu hüquq tanındı. Məhəmməd Peyğəmbərə (s.ə.s.) biət edən qadınlar özlərinə ictimai sferada yer tapdılar. Bəziləri bu sahədə xeyli aktiv olmuş, bəziləri isə kişilərdən geri qalmayan tərzdə islahatçı tədbirlər həyata keçirmişdir. Məsələn, Harun ər-Rəşidin arvadı Zübeydə. Zübeydə xanım Məkkəyə içməli su çəkdirdiyinə görə sudaşıyanlar indi də şəhərin küçələrində “Eyni Zübeydə” (“Zübeydənin gözləri kimi şəffaf su”) bağıraraq gəzirlər.[3]

      3. Ayrı-seçkiliyə məruz qalmamaq hüququ – Bir qayda olaraq həm qadınlar arasında bərabərliyi, həm də qadın və kişi arasındakı bərabərliyi özündə əks etdirir. Kimliyindən, statusundan və mövqeyindən asılı olmayaraq bütün qadınlara eyni dərəcədə hüquqların tanınması belə sübut olunmuşdur. “..Allah yanında ən üstün olanınız, günahlardan çəkinəninizdir.” İslam üçün qadın və yaxud kişi olmaq yox, önəmli olan yaxşı və təmiz bir insan ola bilməkdir. Əgər ki, İslam hüququ kişilərin mənafeyinə xitab edən bir sistem olsaydı, Qurani Kərimdə “Kişilər” adlanan bir surəyə rast gələrdik. Lakin sonuncu səmavi din kişilərdən çox qadınların qorunmasına, onların qiymətli tutulmasına önəm göstərdiyi üçün Nisa, yəni “Qadınlar” adlanan surədə qadınların mövqeyini tənzimləyir.[4]

      4. Seçmək və seçilmək hüququ – Quranda qeyd olunur ki, “Ey Peyğəmbər! Mömin qadınlar Sənə gəlib biət etdiklərində onların biətlərini qəbul et və Allahdan onların günahlarının bağışlanmağını dilə. Çünki Allah rəhmli və bağışlayandır.” Biət etmək qadınların azad bir şəkildə öz rəhbərlərini seçməsi anlamına gəlir və bu hüquq İslamın bərqərar olduğu ilk dövrlərdə meydana gəlmişdir.[5] Seçilmək hüququna gəldikdə isə, bu hüququ qadınlara qadağan edən hər hansı bir dəlil yoxdur. Əksinə Quranda qeyd olunur ki, kişi və qadınlara hər bir işdə məsuliyyət eyni dərəcədə verilir. Nisa surəsi 58-ci ayədə göstərilir: “Allah sizə əmanətləri, insanların haqlarını onlara qaytarmağı əmr edir. İnsanlar arasında hökm çıxaranda ədalətli hökm çıxarın.”[6]

      5. Təhsil hüququ – Qurani Kərimdə Ələq surəsinin birinci ayəsinin  “Oxu!” deyə başlamasının mənası ondadır ki, Allah hər bir cins üçün elmi və öyrənməyi vacib bilmişdir. Qadınlar İslamın gəlişi ilə oxu və yazı qaydalarını öyrənmiş və öyrətməyə başlamışlar.[7]

      6. İqtisadi müstəqillik hüququ – Qadın ixtiyarında olan irsdən, öhdəsində olan maldan istədiyi kimi istifadə edə bilər.[8]

      7. Xərclərini tələb etmək hüququ – Qadının bu hüququ kişilərin vəzifəsi olaraq formalaşmışdır. Yəni kişi öz qadınının bütün xərclərini (yemək, içmək, geyim və s.) ödəməlidir. Kişi imkanı olduğu halda qadının xərclərini təmin etmirsə, qadının istədiyi vasitələrlə ərindən ehtiyaclarını ödəməyi tələb etmək hüququ var. Buna nail olmadıqda, məhkəməyə müraciət edə bilər.[9] Bu, məhkəmə müdafiəsi hüququnu ortaya çıxarır.

      8. Nikahda sərbəstlik hüququ – İslamda qadının izdivacı öz əlindədir, bu məsələdə hər hansı bir məcburiyyət yolverilməzdir.[10] Əgər nikah əqdində qarşılıqlı razılıq olmazsa, İslam baxımından bu müqavilə etibarlı hesab olunmur.[11]

      9. Miras hüququ – Bu hüquq Nisa surəsində öz əksini dəqiq qaydada tapmışdır.[12] Surədə qeyd olunur ki, bir oğlan övladının payı iki qız övladının payına bərabərdir. Bu, ailənin strukturu ilə bağlıdır və İslamda maddi məsələlər üzrə məsuliyyət kişiyə verilmiş bir öhdəlikdir. Ona görə də bu qayda qadınlara qarşı ayrı-seçkilik nəzərdə tutmur.[13]

      10. Eyni haqq və cəzanın verilməsi[14] - Təqsirli olan hər bir şəxsə müdafiə, səmimi peşmançılıq qaydasında təqsirini etiraf etmək hüququ və törətdiyi əmələ görə məsuliyyət prinsipi nəzərə alınmaqla cəza tədbirləri tətbiq olunur.[15]

  3.   B. Beynəlxalq hüquq normalarında əks olunan qadın hüquqları
  4.  

       Orta əsrlərə nəzər saldıqda görmək mümkündür ki, İslam öz gəlişi ilə onun qəbul olunduğu cəmiyyətlərdə qadınları xilas etmişdir. Onun orta əsrlərdə Şərq qadınlarına tanıdığı hüquqlara Avropa və digər ölkələrdəki qadınlar uzun illər boyunca malik deyildilər. XIX əsrə qədər Danimarka və Fransada qadınlar miras payından məhrum idi.[16] Fransada qadın həyat yoldaşının icazəsi olmadan bank hesabına pul yatıra bilməz və ya buradan pul götürə bilməzdi. İsveçrədə isə qadının seçmə və seçilmə haqqının tanınmasını cəmiyyət qəbul etmək istəmirdi. Qadınların hüquqi statusu, onların kişilərlə bərabərliyi məsələsi II Dünya Müharibəsindən sonra BMT çərçivəsində qloballaşdırılmış, buna dair bir neçə beynəlxalq müqavilə bağlanmış və dövlətlərin üzərinə bu sahədə ciddi öhdəliklər qoyulmuşdur. Bu sahədə olan ilk ciddi addımlardan biri 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir və o, ayrı-seçkilik məhfumunu yekdilliklə rədd edir.

    XX əsrə qədər qadınlar daha çox siyasi hüquqlar tələb edir, xüsusən seçmək ve seçilmək hüququna malik olmaq istəyirdilər. “Qadınların Siyasi Hüquqlarına dair Konvensiya” (1953) XX əsrdə bütün dünya qadınlarına bu hüququn tanınmasını zəruri bilmiş, “Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına dair Konvensiya” (1981) isə beynəlxalq arenada qadın və kişi hüquq bərabərliyini təsdiq etmişdir. Burada qadınlar üçün nəzərdə tutulan hüquqlar geniş şəkildə izah olunmuşdur: 7-ci maddə qadınlar üçün siyasi, 10-cu maddə təhsil sahəsində, 11-ci maddə məşğulluq sahəsində olan hüquqları, 14-cü maddə kənd yerlərində yaşayan qadınların vəziyyətini tənzimləyən normaları əks etdirir və üzv dövlətlər üçün ciddi vəzifələr nəzərdə tutur.

    İslamda qadın hüquqlarının təsbit olunması ilə qadın hüquqlarının beynəlxalq qaydada tənzimlənməsi arasında 13 əsr fərq mövcud olsa da, verilən qərarlar və qəbul edilən normalar İslamdakı qadın mövqeyilə kəsişir.  

    [1] Meryem Arıkfidan, İslam Hukukunda Kadın Haklarının Korunmasına Yönelik Tedbirler, 26. (2015).

    [2] Arıkfidan, 9.

    [3] Dos. Mübariz Süleymanlı, Əhməd Ağaoğlunun “İslama görə və islamiyyətdə qadın” əsərinə elmi-tənqidi yanaşmalar, 75. (2008).

    [4]  Arıkfidan, 10.

    [5] Arıkfidan, 111.

    [6] Arıkfidan, 113.

    [7] Arıkfidan, 104.

    [8] Əbdürrəhman Yusifpur,  İslam dinində qadın məsələsi, 6,  (Tər. Hacı Soltan, Gərşivəz Nazim), (1995).

    [9] Yenə orada.

    [10] Yusifpur, 5.

    [11] Arıkfidan, 43.

    [12] Ətraflı bax: Nisa, 4:11/12.

    [13] Arıkfidan, 117.

    [14] F.e.d. Lalə Mönsümova, İslamda Qadının Statusu. 2(10) “Dövlət və Din” İctimai fikir toplusu, 110, 115, (2009).

    [15] Əl-Maidə, 5:33/34.

    [16] Yusifpur, 3.

 

  II. Müasir dövrdə İslam hüququnun tətbiqi və bu ölkələrdə qadınların vəziyyəti

  Ümumiyyətlə, müsəlman qadınının evolyusiyasını dörd mərhələyə bölmək olar: birinci - Məhəmməd peyğəmbər (s.ə.s) vaxtından əməvilərin hökmranlığına qədərki dövr; ikinci - əməvilərdən türklərə qədərki dövr; üçüncü – türklərin hakimiyyətinin dövrü; dördüncü – qadının tamamilə nüfuzdan düşməsi dövrüdür.[17]

Müsəlman hüququ digər hüquq sistemləri kimi özündə ehkam qaydalar hesab olunan normaları əks etdirir ki, bu normaların tətbiqi hər bir müsəlman fərd – həm fiziki şəxslər, həm də müsəlman dövlətləri üçün zəruridir. Bəzi fikirlərə görə, müsəlman hüququ müstəqil elm sahəsi deyil, İslam dininin bir qolu kimi çıxış edir.[18] Hər bir halda, dövlətin konstitusiyasında rəsmi din olaraq İslam dini göstərilmişdirsə, həmin subyekt şəriət qaydalarını düzgün tətbiq etməlidir. Lakin Feminizmin iri addımlarla irəlilədiyi; mədəni ölkələrin ictimai təşkilatlarının, görkəmli xadimlərinin qadının vəziyyəti haqqında düşündüyü; nəhayət, əsrlərlə qadının qula çevrilməsinin ədalətsizliyinin dərk edilməsi və nəticədə Avropa və Amerikada qadın hüquqları gündən-günə genişlənib kişilərin haqları ilə bərabərləşməyə doğru inkişaf etdiyi bir zamanda Asiya və Afrikada milyonlarla müsəlman qadın ən primitiv insan hüquqlarından məhrumdur.[19] Müsəlman ölkələri ya müasirliyə çata bilmir, ya da İslamı dərk etmir. İslam orta əsrlərdə müasirlik carçısı kimi tanınmış, əsrlər boyunca bu cür davam etmişdirsə, niyə hal-hazırda bu belə deyil? Müsəlman xalqları İslam sayəsində sivilizasiya yaratmış, bu sivilizasiyadan qeyri-müsəlman xalqları da bəhrələnib inkişaf etmişlər. Lakin XVIII əsrdə İslam mədəniyyətinin inkişaf surəti aşağı düşmüş, müsəlman xalqlarının tərəqqi baxımından geriləməsi müşahidə olunmuşdur. [20] Burada yaranan problem İslam dini ilə bağlı deyil. Bunu sübut etmək üçün bəzi İslam ölkələrində olan hüquqi vəziyyətin nəzərdən keçirilməsi məqsədəmüvafiq olardı.

 

[17] Süleymanlı, 66.

[18] Mönsümova, 114.

[19] Süleymanlı, 51.

[20] Əli İzzətbəyoviç, İslam və müasirlik, 3, (Tər.: A. Mehdiyev; Red.: B. Bəkiroğlu), (1997).

 

  A. Səudiyyə Ərəbistanında qadınların hüquqi vəziyyəti

  Bir sıra fikirlərə görə, dünyanın heç bir yerində qadınlar Səudiyyə Ərəbistanında olduğu kimi qəribə həyat tərzi sürmürlər. Səudiyyə kişiləri qadınları “baxımlı mirvari və gizli xəzinə” adlandırsalar belə, onlara ikinci təbəqə kimi davranmağa davam edirlər. Qadın hüquqlarının qorunması məsələsi hər bir dövrdə önəm kəsb etsə də, Səudiyyə dövlətində bu məsələ kiçik bir yeri əhatə edir və ölkədə ən çox mübahisə olunan, buna baxmayaraq qaranlıq qalan mövzulardan biridir. Neçə yaşında olursa olsun, burada yaşayan qadınlar mütləq müəyyən bir kişinin himayəsində olmalıdırlar. Qadınlar qanuni nümayəndənin razılığı ilə məktəbə gedir və işləyirlər. Əks təqdirdə qadın nümayəndənin istəyinə uyğun olaraq işləmək hüququndan məhrum ola bilər. İslam qadınlar üçün iqtisadi müstəqillik nəzərdə tutursa belə, Səudiyyədə qadınlar nikah münasibətlərinə daxil olduqda bu müstəqilliyi icra edə bilmirlər. 2011-ci ildə Kral Abdullah qadınların seçki hüququnu və kral qarşısında mövcud olan orqanlarda çıxış edə biləcəklərini elan etmişdi.[21] Son dövrlərdə bu dövlətdə qadınlara şəxsiyyəti təsdiq edən sənəd əldə etmək hüququ verilmişdir.[22] Amma bu hüquq mütləq xarakter daşımır, çünki qanuni nümayəndə qadının şəxsiyyətini təsdiq edən sənədi almaq hüququnu məhdudlaşdırır. Daha dəqiq desək, bu qadınların varlığının tək hüquqi sübutu adlarının həyat yoldaşlarının şəxsiyyət vəsiqəsində əksini tapmasıdır. Boşanma zamanı onun adı atasının, əgər sağ deyilsə, qardaşının, qardaşı yoxdursa, onu az-çox tanıyan ən yaxın kişi qohumunun şəxsiyyətini təsdiq edən sənədində qeyd olunmalıdır. Bir riyad tərcüməçisinin fikrincə, qadınlar onları hər an təqib edən birisi olduğu müddət ərzində fikirlərini azad bir şəkildə ifadə edə bilməzlər. O qeyd edir ki, qadınların öz hüquqlarına malik olması üçün ilk addım, şəxsiyyəti təsdiq edən sənədə malik olmaqdır. Bunun ardınca başqa mərhələlər də gələcəkdir. Müsəlman qadınların gələcəyi üçün yaşanacaq çox şey hələ yaşanmamışdır.[23]

[21] Saudi Arabia: Women Can Vote, Starting in 2015, (2011), http://www.pbs.org/newshour/rundown/saudi-arabia-women-vote/ (last visited: April 6, 2017).

[22] The Women of Islam, . Sunday, (2001),  http://content.time.com/time/world/article/0,8599,185647-1,00.html (last visited: April 6, 2017).

[23] Yenə orada.

 

  B. İran İslam Respublikasında qadınların hüquqi vəziyyəti

  İran qadınları seçki hüququ ilə hələ şahlıq dövründə ikən 1963-cü ildə təmin olunmuşdular. 1979-cu ildə baş verən inqilabdan sonra yaranan vəziyyət isə əvvəlki ilə eyniyyət təşkil etmirdi. İnqilab dövründə və ondan öncə qadınların dəstəyini qazanmaq üçün Xomeyni qadın hüquq və azadlıqlarına münasibətdə feminist vədlərlə çıxış edirdi və bunlardan bir neçəsini həyata keçirmişdi. O, kənd yerlərindəki qadınların ali təhsil almasında, parlamentdə iştirak etmək hüquqlarının təmin olunmasında böyük rol oynamışdır.[24]

Müasir İran İslam Respublikası özünü demokratiyanın əsas götürüldüyü teokratik dövlət kimi görür və Konstitusiyasının demokratik niyyətləri əks etdirdiyini iddia edir. Ancaq İran Konstitusiyasına diqqətlə nəzər saldıqda, bu demokratiyada qadın hüquqlarının müdafiəsi sahəsində bir sıra qüsurların olduğunu görmək olur.[25]

Hal-hazırda İranda qadın hüquqları həm artır, həm azalır.[26] 1979-cu ildən bu yana, İranda qadınlara qarşı ayrı-seçkilik nəzərdə tutan ailə qanunvericiliyinin dəyişdirilməsi üçün güclü sosial təzyiq vardır. İranda demoqrafik vəziyyət onu göstərir ki, əhalinin 70%-i 30 yaşa qədərdir və onlar daha çox azadlıq tələb edir. Belə olduqda bəzi suallar yaranır. Əgər bərabərlik və ədalətlilik İslamda və Şəriətdə həqiqi dəyərlərdirsə, niyə bu dəyərlər qadınları ikinci planda görən və kişilərin hakimiyyəti altına salan İran ailə qanunvericiliyinə yansımamışdır? Nəticə etibarilə, İranda formalaşan feminist qrup daha çox azadlıq tələb edir. Bu feminist hərəkatı tələb edir ki, İran üzv olduğu beynəlxalq insan hüquqlarına dair konvensiyaların, beynəlxalq müqavilələrin tətbiqini sistemli şəkildə həyata keçirsin.

Quranı düzgün şəkildə təfsir etmək və dövlətin beynəlxalq arenada öz öhdəliklərini həyata keçirməsi İranda qadınlar üçün ümid yeri kimi görünür.[27] Lakin dövlət içindəki bu qrup elə başa düşür ki, dövlətlə dinin ayrılması qadın və ailə hüququ baxımından doğru yoldur. Amma problem hər zamanki kimi islam hüquq normalarının tətbiqində öz əksini tapır. İqtidardakı din xadimləri Quranın “ailədə patriarxal quruluş” formasında təfsirini və qanunlara bu formada tərcümə olunmasını təsdiqləməyə davam edərkən, İranda Quranın daha dinamik bir şəkildə təfsir olunmasını diqqətə alan bir hərəkat var. Bu cür təfsir qadın hüquqlarını qanun yolu ilə genişlədəcək və onları qoruyacaqdır. Sadəcə XX əsrdə Şəriətə ani geri dönüş kişilərə hədsiz hüquqlar və hakimiyyət verdiyi üçün qadınlar onların hakimiyyəti altına düşdülər. Hər xırda səbəbdən kişilər onları boşadıqda sual yaranırdı ki, Şəriət beləmi deyir?[28] Nəticədə, qadınlar arasında bu cür müxalif qruplar meydana gəlir və onlar müsəlmançılığa və ya İrana xəyanət etmiş kimi qələmə verilir, ya da onlara Qərb tərəfdarı kimi baxılırdı. Bir çox araşdırma göstərir ki, kişilərin qazandığı bu qeyri-məhdud hakimiyyət (boşanmalar, poliqamiya) Quran və yaxud Allah tərəfindən onlara yazılı olaraq yox, sadəcə müsəlman hüquqşünaslar[29] və din xadimləri tərəfindən verilmişdir. Hal-hazırda Qurani Kərimin düzgün təfsirinə diqqət edən İran feministləri onun bərabərlik mesajını uğurla meydana çıxarmışlar.[30] Bu cür davam etdikləri təqdirdə, İranda qadın hüquqlarının məhz İslam yolu ilə müdafiəsinə həqiqi bir ümid vardır.

 

[24] Susan W. Tiefenbrun, The Semiotics of Women’s Human Rights in Iran,  Paper No. 975512, TJSL Legal Studies Research, 7, (2007).

[25] Tiefenbrun, 16.

[26] Tiefenbrun, 114.

[27] Tiefenbrun, 115.

[28] Tiefenbrun, 116.

[29] Tiefenbrun, 117.

[30] Tiefenbrun, 118.

 

  1.   C.İraqda qadınların hüquqi vəziyyəti

  XXI əsrin əvvəllərində İraq qadınlarının statusunu müharibələr, məzhəb düşmənçiliyi, islam hüququ ilə İraq Konstitusiyası arasındakı mübahisələr, adət-ənənə ilə müasir yaşam tərzi arasında yaranan fərqlər müəyyən edir. İraq qadınlarına ən çox təsir göstərən amil məhz müharibə olmuşdur. 2003-cü ildə Amerika və İngiltərə ordusu ölkəyə daxil olduqda, başlayan müharibə vəziyyəti pisləşdirmiş, insan hüquqları kontekstində qadın hüquqlarını ümumən yerlə bir etmişdi. Kişilər bir qayda olaraq, döyüşçü kimi şəhid olurdusa, qadınlar həm cəmiyyətdə, həm də ailə daxilində zorakılıq, cinsi istismar və bir sıra təqiblərə məruz qalırdılar. Bəzi bölgələrdə hələ də qalmaqdadırlar. Əsgərlər tərəfindən bədbəxt edilmiş qadınlara sonradan öz ailəsi və qohumları təzyiqlər göstərir, onları öldürür, ya da intihara sövq edirlər.[31]  2005-ci il 15 oktyabr tarixində keçirilən referendumda[32] İraq Konstitusiyasına kişi və qadın bərabərliyini nəzərdə tutan 14-cü maddə əlavə olundu, lakin praktik cəhətdən bunun tətbiqinə rast gəlinmədiyi göz önündədir.[33] İraqda qadınlar ən adi hüquqlara belə malik deyillər. Məsələn, qadınlar ölkədə nəqliyyat vasitəsi kimi avtomobildən birbaşa istifadə edə bilməzlər. Bu ümumi vəziyyət Əl-Qaidə təşkilatının qadınlardan kamikadze kimi istifadə etməsinə şərait yaradır. Belə qadınların məqsədi sadəcə uğradıqları haqsızlıqlara görə intiqam almaqdır.[34]

İraqda müəyyən yerlərdə əski qəbilə adətləri qaldığı üçün namusu təmizləmək adına cinayətlər hədsiz çoxdur. Hətta İraq qanunvericiliyi cinayətin tərkibində namus zəmini olduqda, bunu yüngülləşdirici hal kimi nəzərə alır. Əgər cinayət bu zəmində törədilibsə, sanksiya sadəcə 6 aylıq azadlıqdan məhrum etmə cəzasından ibarət olur.[35] İraq qanunvericiliyi 2002-ci ildə namus cinayətlərini kriminallaşdırmış olsa da, bugünlərdə həmin normanın tətbiqindən bəhs oluna bilməz.[36] BMT Əhali Fondunun (UNFPA) 2012-ci il göstəricilərinə əsasən, İraq Kürdüstanında hər il 5000 qadın namus adı altında öldürülür. Həmin ərazidə 1991-2002-ci illər arasında 446, 1999-2000-ci illərdə isə 155 qadın bu cinayətin qurbanı olmuşdur.[37] Bir çox qadın bu təhlükəyə dözə bilmir və cinayət qurbanı olmaqdansa, intiharı seçir.  2007-ci il aprel ayının 7-də Mosul şəhəri yaxınlığında yerləşən Bəhzani ərazisində 17 yaşlı Doa Xəlil Asvadın öz kişi qohumları tərəfindən geniş kütlə qarşısında daşqalaq edilməsinin səbəbi sevgi idi. Buna görə də bir çox qadın başına gələcəkləri bilir və nisbətən “asan” ölümü seçir. Hawlati qəzetinə görə, 2011-ci ildə Süleymaniyyə və Duhokda 76 qadın eyni səbəbdən intihar etmişdir.[38]

Səudiyyə Ərəbistanında olduğu kimi, burada da qadınların xarici pasport almaq məsələsi müstəqil çərçivədə həyata keçirilmir. İraq Xarici İşlər Nazirliyinin müvafiq bölməsi tərəfindən qadının öz yaxın kişi qohumlarının birindən icazə alması əsas tədbir kimi götürülür.[39] Əks mövqenin nümayəndələri tərəfindən hədəf olmalarına baxmayaraq, ölkədə qadın hüquqlarını qorumağa çalışan bir sıra feminist qruplar,[40]  şiddətə və ölüm təhdidi ilə üz-üzə qalan qadınlara köməklik göstərən sığınacaqlar və qadın cəmiyyətləri də vardır.[41]

               Bir sıra iraqlı maarifçilər Konstitusiyanın İslam qaydalarına zidd olmayan qərarlar qəbul etməsinə qadın hüquqlarını yox edən ünsür kimi baxsalar da, [42] bir çox müsəlman ölkəsində olduğu kimi İraqda da reformistlər şəriəti dünyəviliyə dəyişmək cəhdlərini artıq tərk ediblər. Bunun əksinə, qadın hüquqlarını İslami formada insanlara təlqin etməyə çalışırlar.[43]

[31] Bilgay Duman. İrak’ta Kadınların Durumu ve Siyaset: Türkmen Kadınları Örneği, 1(7-8) OrtadoğuAnaliz, 98, 99, (2009).

[32] Referendumdan sonrakı konstitusiya İslama zidd heç bir qərar çıxarılmayacağını açıq bir şəkildə bəyan etmişdi. Ətraflı bax: Women, Islam and the New Iraq, (2005),

http://www.nytimes.com/cfr/international/20060101faessay_v85n1_coleman.html?pagewanted=print&_r=0(last visited: April 6, 2017).

[33] Yenə orada.

[34] Yuxarıda istinad, 31.

[35] Yenə orada.

[36] Minoo Alinia, Honor and Violence Against Women in Iraqi Kurdistan, 163, (2013).

[37] Alinia, 1.

[38] Yenə orada.

[39] Yuxarıda istinad, 35.

[40] Yenə orada.

[41] Yuxarıda istinad, 36.

[42] İraqlı alim İsam əl-Xəcəfiyə görə Konstitusiya “qadınları hüquqlarından asanlıqla məhrum edə bilər.” Dünyəvi hərəkat liderlərindən biri və İraqdakı Qadın Azadlığı İttifaqının başçısı Yanar Məhəmmədi isə düşündürən odur ki, İslami hökümət ölkəni “qadınların alçaldıldığı və ayrı-seçkiliyin rəsmiləşdirildiyi Taliban hakimiyyəti altında olan Əfqanıstan halına gətirə bilər.” Ətraflı bax: Yuxarıda istinad, 32.

[43] Yenə orada.

 

  1.   D. Pakistanda qadınların hüquqi vəziyyəti
  2.   Pakistan Konstitusiyasının 2-ci maddəsinə əsasən, dövlətin rəsmi dini İslam dinidir. 25-ci maddədə isə bütün vətəndaşların qanun və məhkəmə qarşısında bərabərlik hüququ göstərilmişdir. Konstitusiyaya görə, cinslər arasında hər hansı bir ayrı-seçkiliyə yol verilməsi qadağandır.[44] Lakin normanın nə dərəcədə tətbiq olunduğu sual altındadır. Pakistanda bölgələr üzrə qadınların vəziyyəti fərqlidir. Müasir dövrdə qadınların əldə etdiyi iqtisadi və siyasi hüquqlar böyük şəhərlərlə məhdudlaşır. Taliban qaydaları əsas götürülən kənar bölgələrdə isə qızlar məktəblərə göndərilmir. Təhsil hüququ olub, bunu icra edə bilməyən qızlar öz hüquqlarını bilmədiyindən hər cür istismara dözürlər.[45] Şəhərətrafı yerlərdə olan qadınlar, əsasən kiçik qızlar, ticarət obyekti kimi ailələr arasında satılır və onların yaşama hüquqları demək olar ki, müdafiə olunmur.[46] Kiçik yaşda ərə verilən qadınlar ən adi bir hərəkətində kimyəvi turşular vasitəsilə yaralanır, kor edilir. Nəticədə onlar ya şikəst qalır, ya da ağır dərəcəli yanıq səbəbilə vəfat edirlər.[47]

    Bir sıra cinayətlər birbaşa olaraq qadınların şəxsi toxunulmazlıq hüququnun pozulmasına yönəlir. Bunların içində ən geniş yayılanı cinsi təzyiqlərdir. Pakistan İnsan Hüquqları Komissiyası təsdiq etmişdir ki, bu ölkədə “təqsirsizlik prezumpsiyası” prinsipi yalnız kişilərin törətdiyi qeyri-hüquqi əməllərə şamil olunur. Qadınlara isə yalnız “təqsirlilik prezumpsiyası” prinsipi tətbiq edilir və onlar kişilərin törətdiyi cinayətlərin qurbanı olsalar da, təqsirli mövqeyinə düşürlər. Bunun səbəbi İslam normalarını təhrif edərək, sadəcə kişilər üçün “humanist” normalar nəzərdə tutan Hüdud qaydalarıdır.[48] İnsan Hüquqları Komissiyasının təsdiqlədiyi statistikaya görə Pakistanda hər 3 saatdan bir cinsi istismar, zorlama halları baş verir.[49]

                Burada qadınlara qarşı törədilən cinayətlərə namus donu geydirilir, lakin məqsəd sadəcə mülk, pul əldə etməkdir.[50] Ziddiyyət burasındadır ki, maddi məqsədlərlə törədilən cinayətlərin qurbanları məhz aşağı təbəqənin qadınlarıdır. Bəzi qəribə hallar isə təkcə yüksək təbəqəyə aid qadınlar üçün vəziyyəti gərginləşdirir.[51] İraqla yaxın cəhəti ondan ibarətdir ki, burada da namus cinayətləri adı altında minlərlə qadın qətlə yetirilmişdir. Buna adi bir səbəb kimi qadının öz seçimi ilə evlənmək istəməsi göstərilir.[52]

                Bu baxımdan, ilk dəfə qadınları qorumaq adına 2006-cı ildə Pərviz Müşərrəf tərəfindən “Qadınların Müdafiəsinə dair” qanun qəbul edilmişdir.[53] Təbəssüm Adnan ilk dəfə “Cərgə”[54] adlanan konsensus üsulunu irəli sürərək qadınların məruz qaldığı cinayətlərə görə təqsirli şəxslərin mühakimə olunmasına nail oldu. Bu üsula rəğbət göstərənlərlə yanaşı (kişilər belə), onu təkzib edənlər də var. İnsan Hüquqları üzrə aktivistlərdən olan Tahirə Abdullah bu üsulu hiylədən fərqli görmədiyini söyləsə də, Pakistan qadınları üçün “cərgə” ədalət naminə bir ümiddir.[55]

            Federal Şəriət Məhkəməsi kimi yuxarı instansiya orqanları Pakistan qanunvericiliyinə aid normaların İslama zidd olduğunu elan etmişdir. Hüdud qaydaları və insan hüquqları haqqında olan qanunlar redaktə olunduğu təqdirdə, Pakistandakı vəziyyətin beynəlxalq standartlara uyğun olacağı gözlənilir. [56]

     

    [44] 25A. Vətəndaşların bərabərliyi.

    25A (2) Konstitusiyada cinsiyyətə söykənən istənilən ayrı-seçkiliyə yol verilmir. http://www.na.gov.pk/uploads/documents/1333523681_951.pdf

    [45] 25. Təhsil almaq hüququ. Dövlət beş yaşından on altı yaşınadək olan bütün uşaqları qanunla müəyyən olunmuş qaydada ödənişsiz və məcburi təhsil imkanı ilə təmin edəcəkdir.

    http://www.na.gov.pk/uploads/documents/1333523681_951.pdf 

    [46] Women in Pakistan – Victims of the social and economic desecration, (2005), http://www.marxist.com/women-pakistan-victims-of-desecration.htm (last visited: April 6, 2017).

    [47] 12 yaşında evləndirilib, 2012-ci ildə vəfat edən Tahirənin üzərinə kimyəvi turşu atılması ilə bədəninin 35%-i sıradan çıxmış, nitqində qüsurlar əmələ gəlmiş və sümüyü ilə əti bir-birindən ayrılmışdı. Bu cinayətə görə onun əri, qayınanası və qayınatası təqsirləndirilsə də, sonradan onlar haqqında bəraət qərarı çıxarılmışdır. Ətraflı bax: Pakistani women use jirga to fight for rights, 2013, http://www.bbc.com/news/world-asia-23453243 (last visited: April 6, 2017)

    [48] Hüdud qaydaları 1979-cu ildə general Ziya-Ül Həq tərəfindən qəbul olunmuşdur.

    [49] Yuxarıda istinad, 46.

    [50] Yenə orada.

    [51] Sind əyalətində “Quranla evləndirmək” adəti  varlı ailələrin tətbiq etdiyi adətlərdən biridir. Burada məqsəd qıza düşən payın ailədə mülkiyyətində qalmasıdır. Buna görə də həmin qızlar heç vaxt evlənmir. Bu qeyri-adi hal İslama uyğun olmayan, təkcə cəhalətdən xəbər verən bir ayindir. Ətraflı bax: Yuxarıda istinad, 46.

    [52] Məsələn, 2014-cü ilin may ayında 30 yaşlı Fərzanə Pərvin adında hamilə bir qadın ailəsinin seçdiyi adamla yox, özünün bəyəndiyi şəxslə evləndiyinə görə Lahor yüksək instansiya məhkəməsinin önündə qohumları tərəfindən daşqalaq edilərək öldürülmüşdür. Qadının atası, qardaşı, yaxın qohumlardan bir nəfər daha və keçmiş nişanlısı bu işdə təqsirli bilinərək ölüm cəzasına, qadının digər bir qardaşı isə 10 illik həbs cəzasına məhkum edilmişdir. Ətraflı bax: Four sentenced to death for Pakistan “honour killing”, (2014),  http://www.bbc.com/news/world-asia-30113128  (last visited: April 6, 2017).

    [53] How Pakistani women are punished for love, (2014), http://www.bbc.com/news/world-asia-30400690. (last visited: April 6, 2017).

    [54] Cərgə (jirga) – Daha çox Əfqanıstanda istifadə olunur. Qəbilə şurası və ya ağsaqqallar şurası kimi tərcümə olunur.

    [55] Yuxarıda istinad, 47.

    [56] Niaz Shah, Women, the Koran and the international human rights law: The experience of Pakistan, 231, (2006).

 

  III. Dünyəvi ölkələrdə müsəlman qadınların hüquqi vəziyyəti

  Dünya qadınlarının təxminən yarım milyardı müsəlmandır. Onlar, əsasən, Seneqal və Filippin arasındakı geniş bir ərazidə, xüsusilə Cənubi Asiya yarımqitəsində cəmləşsələr də, ABŞ və Kanada ilə yanaşı Trinidad və Yaponiya[57], eyni zamanda Qərbi Avropa ölkələrində də müsəlman qadınlara rast gəlmək mümkündür. İslam dininə mənsub qadınlar dünyamiqyaslı yekcins birlik əmələ gətirməkdədirlər.

  Müsəlman ölkələrində yaşayan qadınların hüquqi vəziyyətini bir neçə misal (dövlət) ilə yuxarıda göstərdik. Həmin ərazilərdə olan daxili və xarici ünsürlər qadınların inkişafına mane olur. Bir çox insana görə, dünyəvi ölkələr, xüsusilə qərbdəki yaşayış tərzi azad düşüncə və ifadə baxımından təzyiqlərdən çıxış yoludur. Elədirsə, müsəlman qadınlar dünyəvi ölkələrdə daha rahat yaşamalıdırlar. Amma bu, belə deyil.

[57] Herbert L.Bodmann, Müsəlman cəmiyyətlərində qadınlar: İslami birlik və müxtəliflik, 11, (1998).

  A. Avropada müsəlman qadınlar və onların geyimlərinə - hicab, niqab və pərəncə[58] (burqa) – olan münasibət. 

[58] Pərəncə - Keçmişdə özbək və tacik qadınlarının ictimai yerlərdə geyindikləri (əsasən, şəhərlərdə) xalatabənzər üst geyimi. Bu geyim qadının başını və bədənini tamamilə örtür. Ətraflı bax: https://www.azleks.az/online-dictionary/p%C9%99r%C9%99nc%C9%99?s=my

  Müsəlman qadınların dini inancları naminə geydikləri zərərsiz parça hissələri geniş mübahisələr doğurur. Müsəlman qadınlar vicdan azadlığına əsaslanaraq, bu cür geyim üçün haqlarını tələb etsələr də, Qərb dünyası baş örtüyünü patriarxal din vasitəsilə qadınlara zorla geydirilən, zülm və terrorizm nümunəsi olaraq görür. Müsəlman kişilərin ideologiyası geyimlərindən bəlli olmadığına görə, baş örtüyündən istifadə edən istənilən bir qadın İslam əleyhdarları üçün asan bir hədəf halına gəlir. Bu səbəblə, əslində təhlükəli olan insanlar görünməz ola bildiyi halda, hicablı qadınlar daha çox tədqiq edilir və təzyiqlərə məruz qalırlar.[59]

Avropa ölkələri müsəlman qadınlara xas örtük məsələsi ilə - bədənlərini və üzlərini örtən pərəncə (burqa), gözlərdən başqa bütün bədəni örtən niqab kimi çeşidli formalarla - razılaşa bilmirlər. Mübahisədə vicdan azadlığı, qadın bərabərliyi, dünyəvi adətlər, hətta terror qorxuları əsas götürülür. Bir sıra siyasi xadim etnik və dini azlıqların assimilyasiya edilməsi üçün daha böyük cəhdlərin göstərilməsini müdafiə etsə də, müsəlman qadınların örtük məsələsi Avropadakı çoxmədəniyyətlilik haqqında geniş bir mübahisənin parçasıdır.[60]     

“Hicab” müsəlman qadınların dini inanclarına uyğun olaraq istifadə etdikləri geyim tərzini ifadə edir. Qadınlar üçün fərz hesab olunan bu geyim əl və üzdən başqa heç bir bədən üzvünün görünməməsi üçün nəzərdə tutulmuşdur.[61] Qurani Kərimdə Nur surəsinin 31-ci ayəsi hicab ayəsi hesab olunur.[62] Burada üz və əllərin istisna kimi göstərilməsinə baxmayaraq,[63] müxtəlif məzhəblərə görə müsəlman qadınlar ya təkcə gözləri açıq formada olan çadradan – niqab, ya da bütövlükdə üzü örtən çadra növü – pərəncədən istifadə edirlər. Amma bəzi məzhəblərdə qadınlar Quranda yazılan qaydaya riayət edirlər. Bu baxımdan Avropada yaranan qadağalar tərəddüdlüdür və çeşidli qaydalarla realizə olunur.  Bu müxtəlifliyi bir neçə dövlətin nümunəsində görmək daha asan olardı:

[59] Adrien Katherine Wing and Monica Nigh Smith, Critical Race Feminism Lifts the Veil?: Muslim Women, France, and the Headscarf Ban, No 08-23, University of Iowa Legal Studies Research Paper, 745, 753, (2008).

[60] F Osman, Legislative prohibitions on wearing a headscarf: Are they justified?, 4(17), Potchefstroom Electronic Law Journal, 1318, 1318, (2014).

[61] F Osman, 1319.

[62] Yusifpur,  7.

[63] “Mömin qadınlara da de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini qorusunlar (və ya örtülü saxlasınlar), öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər.” Ətraflı bax: Qurani Kərim, 24:31.

 

  i) Almaniya - 2016-cı il avqust ayında Daxili İşlər Naziri Tomas de Maiziere tərəfindən pərəncələrin qadağan olunması planları təklif edildikdən sonra həmin ilin 6 dekabr tarixində Xristian Demokratlar Partiyasının iclasında Almaniyanın Baş Naziri Angela Merkel ölkədə “qanuni olaraq, mümkün olan hər yerdə” bütöv üzü örtən çarşablardan (pərəncə) istifadənin qadağan olunacağını söyləmişdi. Bu təkliflərdən öncə Almaniyada müsəlman qadınlara qarşı hər hansı bir qadağanı nəzərdə tutan qanun yox idi. Hətta 2003-cü ilin sentyabrında Federal Konstitusiya Məhkəməsi İslam dini qaydalarına uyğun olan baş örtüyü geymək istəyən bir müəllimənin lehinə qərar vermişdi. Buna baxmayaraq, qeyd olunmuşdu ki, dövlətlər yerli qaydada öz daxili qanunvericiliklərini dəyişdirə bilərlər. Nəticədə, Almaniyanın 16 əyalətinin ən az yarısı müəllimələrə hicab geyməyi qadağan etmiş, Hesse əyalətində isə bu qadağa dövlət qulluqçularına da şamil edilmişdir.[64]

  ii) Fransa – hicab qadağası baxımından ən qəti fikirlərə sahib olan Avropa ölkəsidir. Hətta 2011-ci il 11 aprel tarixində qitədə ictimai yerlərdə hicabı qadağan edən ilk ölkə məhz Fransa idi.[65] Lakin bu rəsmi qərardan çox əvvəl – 1989-cu ildə Fransada hicabla bağlı bir münaqişə baş vermiş, 3 müsəlman qızın təhsilinə əsassız yerə ara verilmişdi. Sonralar bu hal “Hicab problemi” adını aldı.[66]  Nəticədə, 2004-cü ildə yeni bir qanunla dövlət məktəblərində şagirdlərin hər cür dini göstərişləri sərgiləyən geyimdən istifadəsi qadağan edilmişdi. Bu qanun təkcə müsəlman şagirdlərə yox, digər dinə mənsub olan şagirdlərə də aid idi. Müsəlman qızlar hicabsız olmalı idisə, xristian şagirdlər də kiçik xaçlardan istifadə edə bilməzdi.[67] 2011-ci ildə qoyulan qadağaya görə fransız və yaxud hər hansı bir başqa millətə mənsub qadın cərimə ödəmədən, üzlərini niqab və ya pərəncənin altında gizlədə bilməzdi. Statistikaya görə, 2015-ci ildə tətbiq olunan cərimələrin sayı 1546-dır. 2014-cü il 2 iyulda 24 yaşlı bir qadın bu qərarla vicdan və ifadə azadlığının pozulduğunu iddia edərək, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etsə də, AİHM dövlətin bu qərarını təsdiqləmiş, nəticədə qadının iddiası təmin olunmamışdır.[68] Human Rights Watch 2014-cü il 3 iyul tarixində verdiyi açıqlamada bildirmişdir ki, AİHM-nin niqab və ya pərəncə geyilməsi əleyhinə çıxardığı qərar müsəlman qadınların hüquqlarına müdaxilədir. Bu qadağa qadınların din və inanclarını azad bir şəkildə ifadə etmək hüquqlarını pozur.[69]

  iii) Türkiyə - Türkiyədə müasir və dünyəvi dövlətin əsasının qoyulması XX əsrin 20-ci illərinə təsadüf edir. M. K. Atatürkün adı ilə bağlı olan bu dövrdə islami dəyərlər bir qədər sıradan çıxmağa başladı.Bu baxımdan dini geyimlərin dövlət tənzimlənməsi Türkiyə üçün yeni bir şey deyildi, lakin Leyla Şahinin bu barədə AİHM səviyyəsində iddia qaldırması bu məsələni qabartdı. Leyla Şahin işində cavabdeh qismində çıxış edən İstanbul Universiteti dövlətdaxili qanunlara əsaslanaraq, “başı örtülü” olan qız tələbələrin və saqqallı oğlan tələbələrin (xarici vətəndaşlar daxil) dərslərə, kurslara qəbul edilməməsini tələb edirdi.[70] Lakin 2008-ci ildə Türkiyə Konstitusiyası bu cür imperativ qərarı bir qədər yüngülləşdirdi. Müəyyən şərtlərlə qadın tələbələr artıq hicabdan istifadə edə bilərdilər.[71] 2013-cü ildə məhkəmə, polis və hərbi sahələr istisna olmaqla, qalan bütün dövlət qulluğu sahələrində baş örtüyünü qadağan edən normalar aradan qaldırıldı. 2016-cı ilin avqustunda isə artıq polis işçisi olan qadınlara da bu dəyişiklik şamil edildi. AK Partiya dünyəvi quruluşlu bir ölkədə qadınların təhsil hüquqlarını əllərindən almamaq adına, İslamın ictimailəşdirilməsini və bu sahədə dəyişikliklərin edilməsini demokratik dövlət üçün əsas addımlar hesab edir.[72]

  iv) Danimarka – Avropa ölkələri arasında ən qəti anti-islam davranışlarla yadda qalmışdır. 2005-ci ildə ölkə qəzetlərindən birinin yayınladığı təhqiredici xarakterli karikatura Müsəlman dünyasında Danimarkaya qarşı protestlərin və daxili qarşıdurmaların başlanğıcını qoymuşdu. 2008-ci ildə dövlət hicabın, xaçların, Yəhudi kipalarının və digər baş örtüyü kimi istifadə olunan dini və ya siyasi simvolların heç bir əsas olmadan məhkəmə qərarı ilə qadağan olunacağını elan etmişdi. Bu hərəkət İslam əleyhdarı kimi tanınan Danimarka Xalq Partiyasının (DPP) təzyiqi nəticəsində meydana çıxdı və qadağanın məktəb müəllimləri ilə tibb işçilərinin də daxil olduğu kütləyə tətbiq olunmasını təklif etti.[73]

  v) Rusiya – Stavropol adlanan inzibati ərazi dairəsində hicabın qadağan olunması burada bir ilk idi. Qərar 2013-cü ilin iyul ayında Rusiyanın yuxarı instansiya məhkəməsində təsdiq olunmuşdur. Vəzifəli şəxslər Çeçenistanda bu qadağanı tətbiq etməyə çalışsalar da, lakin onlar rus siyasətinə müqavimətlə qarşılaşdılar. 2007-ci ildə Prezident Ramzan Kadırov dövlət binalarında qadınlara baş örtüklərindən istifadə etmələri barədə göstəriş verdi. Bu, Rusiya qanunvericiliyinin birbaşa pozulması halını əks etdirsə də, Çeçenistanda hələ də bu qaydalar davam edir.[74]

 vi) Belçika – 2011-ci ildə bütün üzü örtən çadraların qadağan olunması haqqında qanun qəbul edildi və icraya yönəldildi. İctimai yerlərdə insanların kimliyini bəlli etməyən geyimlərdən istifadə etməsi qanunla qadağan olunurdu.[75]

 vii) Hollandiya – Pərəncələrin və ya niqabların qadağasını nəzərdə tutan qanun 2016-cı ilin noyabr ayında qəbul olunmuş, məktəblər və xəstəxanalar kimi ictimai yerlərdə pərəncələrin istifadəsinə qadağa qoyulmuşdur. Bu qadağaya təkcə islami örtüklər yox, eyni zamanda idman vasitələri olan xizək maskaları və dəbilqələr də aid edilmişdi. Bu qanun yalnız Senat tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcəkdi və Baş Nazir Mark Rutte bu barədə cərimə sanksiyalarının tətbiq olunmasını təklif edərək, bu cərimələri “dini natura” adlandırmışdır. 16 milyon əhalinin yalnız 5%-i müsəlmandır, təxminən 300 nəfər niqab və ya pərəncədən istifadə edir. Üzü örtməyən hicablardan ölkədə daha çox istifadə olunur.[76]

  viii)  Digər ölkələr – İtaliyanın bəzi bölgələrində, İspaniyanın Barselona və Kataloniya ərazisinə daxil olan digər 2 kiçik şəhərində üzü örtən islami geyimlərin istifadəsinə qadağanı nəzərdə tutan qanunlar qəbul olunmuşdur. 2013-cü ilin sentyabrında İsveçrədə keçirilən anketdə bu cür qadağanın tətbiq olunmasına dair 65% lehinə səs verilmişdir. Ölkənin 26 əyalətinin istənilən birində bu cür qadağa bir ilk idi.[77]

[64] The İslamic veil across Europe, (2017), http://www.bbc.com/news/world-europe-13038095 (last visited: April 6, 2017).

[65] Yenə orada.

[66] Wing and Smith,  754.

[67] Osman, 1321.

[68] Yuxarıda istinad, 64.

[69] France: Face-Veil Ruling Undermines Rights: European Court Upholds Discriminatory Ban, (2014), https://www.hrw.org/tr/news/2014/07/03/254417 (April 7, 2017).

[70]Osman, 1323.

[71] Çadra və boynu örtən hicablar istisna olmaqla.

[72] Yuxarıda istinad, 64.

[73] Yenə orada.

[74] Yenə orada.

[75] Yenə orada.

[76] Yenə orada.

[77] Yuxarıda istinad, 64.

 

  1.   B. ABŞ-da müsəlman qadınların sosial və hüquqi vəziyyəti

  Amerika Birləşmiş Ştatları dünyanın hər bir yanından olan insanlara din azadlığı verən ən əlverişli yer idi.[78] Lakin 2001, 11 sentyabrdan sonrakı dövrlərdə müsəlmanlara, İslama qarşı mənfi düşüncə və hislər o qədər artmışdı ki, Federal Təhqiqat Bürosunun (FBI) məlumatlarına əsasən,  2000-2001-ci illər arasında müsəlmanlara qarşı nifrət zəminində törədilən cinayətlərin miqdarı  1,700% artmışdı. Təcavüz, şiddət, müsəlmanları işə almamaq, müsəlmanların sorğuya çəkilməsi və məktəblərdə, iş yerlərində, həbsxanalarda mövcud din problemi nəticəsində mülki əhalinin hüquqlarının pozulması ilə bağlı şikayətlər çoxalmışdı və onların əksəriyyəti hicablı qadınlar tərəfindən bildirilirdi.  Bu o deməkdir ki, ABŞ-da müsəlman qadınlar üçün din azadlığı müvəqqəti olaraq nəzərdən kənarda qalmışdır. Bu ayrı-seçkilik ABŞ-ın “bərabərlik ölkəsi” vədlərini boşa çıxarır.[79] İstər geysinlər, istərsə də geyməsinlər müsəlman qadınlar üçün hicab demokratiyada din azadlığını təmsil edir[80] və həmin qadınların fikrincə, onlar öz çərçivələrində düzgün olanı icra edirlər.

  11 Sentyabr terrorundan sonra ölkədə müsəlman qadınların istifadə etdiyi örtüklərin – hicab, niqab, pərəncə - onlara əziyyət verib vermədiyi kimi suallar yarandı. Lakin burada əsas nüans bu idi ki, qadınlar artıq müsəlman kişilərin təqib və ya təzyiqlərinə məruz qalmırdı, müsəlman qadınlar da amerikalılar kimi eyni bir düşməndən əziyyət çəkirdilər: 11 Sentyabr və ondan sonrakı bütün kütləvi hadisələrin səbəbkarı olan terrorçular.[81] Bu hadisələrdən sonra müsəlman qadınlar ictimai yerlərə tək başına çıxmağa qorxurdular. Səbəb odur ki, onlar sadəcə olaraq müsəlman olduqlarını zərif bir parça ilə rəsmiləşdirirlər. Nəticədə, müsəlman qadınlar Amerikaya görə terrorist hesab olunur.[82] Bu halları bir neçə örnəklə sübuta yetirmək mümkündür. Məsələn, 2007-ci ildə bir qadına sadəcə hicablı olduğu üçün Georgia ştatında bələdiyyə məhkəməsi zalına girilməsinə icazə verilməmişdi. 2008-ci ildə həmin ştatda hicablı bir qadın bu geyimdə məhkəmə zalına girdikdən sonra həbs cəzasına məhkum olunmuşdur.[83]

  İllərdir bu nifrət yeni dünyada baş verən saysız-hesabsız terror aktları sayəsində daha da artır və bunun cəriməsini ödəyənlər terrorçular yox, müsəlmanlar, xüsusilə də müsəlman qadınlar olur. 2015-ci il 13 noyabr tarixində Parisdə qondarma İraq Şam İslam Dövləti (İŞİD)  tərəfindən törədilən hadisə 2001-ci ili təkrar etdi və müsəlmanlarla yanaşı, qeyri-müsəlmanların da qəzəbinə səbəb oldu. Beləliklə, nifrət zəminində baş verən cinayətlərin sayı indi daha da artmaqdadır.[84] Hətta bu gərginlik o qədər ciddi bir hal alıb ki, ABŞ universitetlərinin birində dərs deyən siyasət üzrə professor Larycia Hawkins müsəlman qadınları dəstəkləmək üçün hicab geyərək İslam və Xristianlığın eyni bir Tanrıya yönəldiyini iddia etdikdə, ona amerikalıların sahib olduğu fikirlərini azad ifadə etmək sərbəstliyi və din azadlığı meyarları şamil olunmadı. Professor, məhz ikinci meyara görə, işindən azad edildi. [85]

  Əgər azadlıq və sərbəstlik məskəni Amerikada vətəndaşlar hər cür azadlıqlara malikdirlərsə, niyə müsəlman qadınlar bu hüquqlardan məhrum qalır və öz hüquqlarını müdafiə edə bilmirlər? Etmədikləri bir cinayətə görə, niyə hər zaman terrorist damğası alaraq boş yerə təqsirləndirilirlər?[86] Görünən odur ki, Amerikaya görə təqsir terroru törətməkdə yox, insanların sadəcə islam dini əqidədə olmasındadır.

                

[78] Hidden Victims of İnternational Terrorism: Muslim Women in the USA, (2016) http://www.e-ir.info/2016/10/31/hidden-victims-of-international-terrorism-muslim-women-in-the-usa/ (April 6, 2017)

[79] Yenə orada.

[80]Wing and Smith, 760.

[81]Sahar F. Aziz,  From the Oppressed to the Terrorist: Muslim American Women in the Crosshairs of Intersectionality, 9(1), Hastings Race and Poverty Law Journal, 2, 9, (2012).

[82] Yuxarıda istinad, 78.

[83] Yenə orada.

[84] Məsələn, 2015-ci ildə Londonda bir  müsəlman qadının başqa bir qadın tərəfindən dəmir yoluna doğru itələnməsi, Toronto ştatında daha bir müsəlman qadının uşaqlarını məktəbə qoyub qayıdarkən döyülməsi, Nyu-Yorkdakı məktəblərdən birində oğlanların müsəlman bir qızın hicabını çıxarıb təhqir etmələri, Kaliforniyada məsciddən çıxan hicablı bir qadının təqib olunaraq bıçaqla yaralanması halları buna misal ola bilər. Ətraflı bax: Yuxarıda istinad, 78.

[85] Yenə orada.

[86] Yenə orada.

 

  IV. Müsəlman qadın hüquqlarının müdafiəsinə dair zəruri islahatlar

  A. İslam ölkələri üçün nəzərdə tutulan tədbirlər

  Belə bir qənaətə gəlmək olar ki, müsəlman ölkələrində mövcud problem əsas olaraq Şəriətin düzgün tətbiq olunmaması ilə bağlıdır. Hüquqi cəhətdən savadsız din xadimlərinin iqtidara gətirilməsi və normaların kişilərin lehinə təfsir olunması müasir dövrə qədərki İslam düşüncəsini əks etdirir. Lakin bir sıra müsəlman ölkəsinin nümunəsində qeyd olunduğu kimi hal-hazırda bu sahədə mübarizə aparan feminist qruplar mövcuddur və onlar əvvəllər b