Nəşrlərimiz
 
 
— "AYNHA Hüquq Jurnalı" (IV Sayı) Nizamnamə kapitalının məqsədləri və qanunvericilikdə bu barədə boşluqlar
 

25-04-2018, 12:00

 

"AYNHA Hüquq Jurnalı" (IV Sayı) Nizamnamə kapitalının məqsədləri və qanunvericilikdə bu barədə boşluqlar

Müəllif: Aydan Məmmədli, Tərlan Məmmədli

Bakı Dövlət Universiteti, Hüquq fakultəsi -  IV kurs

 

 

  Nizamnamə kapitalının məqsədləri qanunvericilikdə bu barədə boşluqlar

 

  Annotasiya

 Son dövrlərdə iqtisadiyyatın inkişafı ilə əlaqədar olaraq çox sayda yeni şirkətlər meydana gəlir və gəlməkdədir. Şirkətin yaradılması yolunda onun təsisçilərinin qarşısında duran əsas vəzifələrdən biri də nizamnamə kapitalının formalaşdırılmasıdır. Bəs nizamnamə kapitalının şirkətin digər fiziki və hüquqi şəxslərlə münasibətlərində və onun fəaliyyətinin digər sferalarında nə kimi rolu vardır? Məqalədə əsas etibarilə məhz nizamnamə kapitalının mahiyyəti, onun hüquqi şəxsin fəaliyyətindəki rolu, Azərbaycanda nizamnamə kapitalının əhəmiyyəti, bu barədə qanunvericilikdə mövcud olan boşluqlar , nizamnamə kapitalının digər dövlətlərin qanunvericiliyində ifadəsi araşdırılmışdır.

             

                                              Mündəricat

GİRİŞ ....................................................................................................................................1

Nizamnamə kapitalının əhəmiyyəti və məqsədi....................................................................1

Nizamnamə kapitalı ilə bağlı AR Mülki Məcəlləsində mövcud boşluqlar............................3

Nəticə......................................................................................................................................5

 

  Giriş

 

Müasir dövrdə intensiv surətdə inkişaf etməkdə olan iqtisadiyyatın ən vacib elementlərindən biri də hüquqi şəxslərdir. Onlar ictimai, siyasi, iqtisadi həyatın müxtəlif sahələrində yaranır, inkişaf edirlər. Hüquqi şəxsin yaradılması üçün müəyyən tələblər mövcuddur ki, onlar iqtisadi sabitliyin, azad rəqabətin, iqtisadi münasibətlər zamanı ədalətliliyin qorunması və s. vacib şərtlərin təmin olunmasına yönəlmişdir. Bu tələblərdən biri də hüquqi şəxsin maliyyə sabitliyinin göstəricisi rolunu oynayan nizamnamə kapitalının formalaşmasıdır. Bəs qanunvericiliyimizdə nəzərdə tutulan normaları əsas götürərək nizamnamə kapitalını həqiqətən “iqtisadi sabitlik göstəricisi” adlandıra bilərikmi? Qanunvericiliyimiz nizamnamə kapitalının öz məqsədinə xidmət etməsini təmin edən müddəaları əks etdirirmi? 

Məqaləmizdə AR qanunvericiliyinin bu sahədə nəzərdə tutduğu müddəaların onun məqsədlərinə nail olmaqda nə dərəcədə effektli olmasını digər dövlətlərin qanunvericiliyi və beynəlxalq normalarla müqayisədə təhlil edəcəyik.

 

  1.   I. Nizamnamə kapitalının əhəmiyyəti və məqsədi
  2.   Hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. [1] Təbii ki, məsələ ərizə ilə yekunlaşmır. Bu ərizəyə hüquqi şəxsin yaradılmasına imkan verən və fəaliyyəti üçün lazım olan mühüm atributlar (təsis sənədləri, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və s.) əlavə olunmalıdır. Bunlardan biri də nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəddir. Bundan belə nəticəyə gəlirik ki, hüquqi şəxsin əsas elementlərindən biri də onun nizamnamə kapitalıdır. Bəs nizamnamə kapitalını şirkətin “həyatının” vacib hissəsi edən xüsusiyyətləri nələrdir?

      Alman hüquqşünası və siyasi xadimi Alois von Brinz “məqsədli əmlak nəzəriyyəsi”-ni irəli sürmüşdür. Bu nəzəriyyəyə əsasən,  hüquqi şəxs müxtəlif şəxslərin əmlaklarından təşkil olunaraq konkret vəzifəyə xidmət edir. [2] Yəni hüquqi şəxsi müəyyən bir məqsədlə yaradan şəxslər bu məqsədlərə cavab vermək üçün öz aktivlərini birləşdirirlər və bununla da yaratdıqları qurumun kapitalı formalaşır.

      Cansız bir müqəvva təsəvvür edək. Doğrudur, quşların ondan qorxub tarlaya yaxın durmaması bir növ onun mövcudluğunu göstərir, lakin yaxınlaşdıqda onun əslində heç bir qorxusu olmadığı aşkar olunur. Bu səbəbdən onu heç bir canlı kateqoriyasına aid edə bilmirik. Eləcə də kapitalı olmayan bir hüquqi şəxsi hər hansı bir iqtisadi münasibətin subyekti kateqoriyasına aid etmək qəliz məsələdir. Bəli, o, formal olaraq mövcuddur, öz təsisçiləri, hətta öz kreativ adı, fəaliyyət göstərdiyi dəbdəbəli ofisi ola bilər. Lakin iqtisadi münasibət qurmaq istəyən bir şəxsi hüquqi şəxsin bu və digər faktorları əksər hallarda maraqlandırmır. Tərəf üçün əsas məqam odur ki, bu şirkətə müqavilə bağlayacaq qədər və hər hansı sferada ona müəyyən işi “tapşıracaq” qədər “güvənmək” olarmı? Yəni hüquqi şəxs bu münasibətlərin məqsədinə nail olacaq gücdədirmi? Onun maliyyə vəziyyəti buna imkan verəcəkmi? Bu kimi məsələləri nəzərə alaraq bildirə bilərik ki, kreditor üçün əsas məsələ hüquqi şəxsin maddi vəziyyətidir. Belə ki, nizamnamə kapitalı hüquqi şəxsin gələcəyi barədə bir növ “vəd verir”.

      İndi isə AR Mülki Məcəlləsinə əsaslanaraq nizamnamə kapitalının mahiyyətini və formalaşdırılması məqsədinə nəzər salaq.

    Nizamnamə kapitalının formalaşdırılması, birbaşa olaraq hüquqi şəxsin kreditorlarının mənafeyinin qorunmasına yönəlik bir addımdır.  Belə ki, AR Mülki Məcəlləsində göstərilir ki, cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. [3]   Gördüyümüz kimi, yuxarıda qeyd etdiyimiz fikir öz təsbitini bizim qanunvericilikdə də tapmışdır. Qeyd olunan müddəa həmçinin digər ölkələrin qanunvericiliyində də təsbit olunmuşdur. Almaniyanın kommersiya qanunvericiliyinə əsasən, “Gezeichnetes Kapital”( qeydə alınmış kapital)  elə bir kapitaldır ki, bununla təsisçilərin kreditor qarşısında hüquqi şəxsin öhdəlikləri üçün məsuliyyəti məhdudlaşdırılır.[4]   Rusiya qanunvericiliyində isə nizamnamə kapitalının anlayışı bu cür verilmişdir : “Nizamnamə kapitalı hüquqi şəxsin əmlakının təsisçilərin nominal paylarından təşkil olunmuş və kreditorların maraqlarının qarantı kimi çıxış edən bir minimal ölçüsüdür.”[5]

      Nizamnamə kapitalı hüquqi şəxsin qeydiyyata alınanadək, və ya qeydiyyatdan 3 aydan gec olmayaraq müddətə ödənilməlidir. [6] Bu, şirkətin effektiv fəaliyyət göstərə bilməsinə şərait yaradaraq, istər özünün, istərsə də onun fəaliyyətinin ilk vaxtlarından münasibətlər qurduğu kreditorların mənafeyinə xidmət edən bir müddəadır.

      Məhdud məsuliyyətli cəmiyyət iştirakçısının cəmiyyətinin nizamnamə kapitalına maya qoymaq vəzifəsindən azad edilməsinə, o cümlədən cəmiyyətə qarşı tələblərin əvəzləşdirilməsi yolu ilə azad edilməsinə yol verilmir.[7] Bu norma hüquqi şəxsin fəaliyyəti üçün nizamnamə kapitalının əvəzolunmazlığını əks etdirir. Belə ki, şirkət qurmaq razılığına gələn tərəflərdən hər biri hüquqi şəxsin nizamnamə kapitalına müəyyən maya yatırmalıdır.

      İndi isə şirkətin ilkin kapitalı hesab olunan nizamnamə kapitalının əhəmiyyətini əks etdirən bu müddəaların nə dərəcədə reallıqla üst-üstə düşməsi və qanunvericiliyin digər normaları ilə uyğunluq təşkil etməsinə nəzər salaq.

    [1] Hüquqi şəxslərin dövlər qeydiyyatı və reyestri haqqında AR qanunu, maddə 5.1

    [2] Brokqauz və Efronun ensiklopedik lüğəti, Alois Brinz

    [3]AR Mülki Məcəlləsi, maddə 90.1

    [4]Handelgesetzbuch, P.272

    [5]1 ст. 14 ФЗ № 14-ФЗ "Об ООО"

    [6] AR Mülki Məcəlləsi, maddə 90.2

    [7] AR Mülki Məcəlləsi, 90.3

 

  II. Nizamnamə kapitalı ilə bağlı AR qanunvericiliyində mövcud boşluqlar

  Minimum məbləğ müəyyənləşdirilməmişdir.

Doğrudur, Mülki Məcəllədə nizamnamə kapitalının mahiyyəti və məqsədləri aydın təsbit olunub. Lakin bir sıra mövcud müddəalar hələ də mübahisə predmeti olmaqda davam edir. Məcəllədə göstərilir ki, nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz.[8] Bu norma nizamnamə kapitalının məqaləmizin I bölməsində nəzərdə tutduğumuz vəzifəsini özündə əks etdirir. Lakin bu normanın nə dərəcədə “təyinatı üzrə” xidmət etməsi şübhə doğurur. Belə ki, MM-in digər bir normasına əsasən, nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş miqdardan az ola bilməz. [9] İlk baxışda burada hər hansı bir ziddiyyət görünmür. Lakin nəzərə almaq lazımdır ki, bu normanın qüvvəyə minməsindən illər keçsə də, müvafiq icra hakimiyyəti orqanı hüquqi şəxsin nizamnamə kapitalı üçün minimal məbləğ müəyyənləşdirməmişdir. Bu o deməkdir ki, hazırda istənilən məbləğlə şirkət yaratmaq mümkündür.  Bu səbəbdən nizamnamə kapitalını 1 manat belə müəyyənləşdirmək olar.Lakin AR praktikasında qanunvericiliklə nəzərdə tutulmasa da, hüquqi şəxsin qeydiyyata alınması üçün minimum 10 manat nizamnamə kapitalı tələb olunur. Yəni reallıqda, təsisçilər minimum 10 manat nizamnamə kapitalı formalaşdırmalıdır ki, onlar şirkətlərini qeydiyyata ala bilsinlər. Bəs real iqtisadi vəziyyətdə 10 manat nə dərəcə kreditorların mənafeyinə təminat verə bilər? Şübhəsiz ki, bu şəraitdə hər hansı maddi təminat absurddur.

  •   Sabit olmayıb, daim dövriyyədədir.

Daha bir ziddiyyətli məqam ondan ibarətdir ki, nizamnamə kapitalının kreditorların mənafeyinə təminat verməsi nəzərdə tutulsa da, o daim dövriyyədədir. Ondan hüquqi şəxsin digər ehtiyaclarının qarşılanması üçün istifadə olunur və bu istifadə qanunla qadağan deyil. Təsəvvür edək ki, A və B şəxsləri 50/50-yə bir şirkət yaradırlar. Və hərəsi 5000 manat qoymaqla 10000 manatlıq bir nizamnamə kapitalı yaradırlar. Daha sonradan bu məbləğ şirkətin müxtəlif «ehtiyaclarına», məsələn icarə haqqı, işçilərin əmək haqqı, təmir və s.istiqamətlərə xərclənir. Və sonra vəziyyət elə gətirir ki, şirkətin kreditorlar qarşısında da borcu yaranır, büdcə isə sıfırdır. Bu halda kreditor tələbinin təminatından söhbət açsaq, nizamnamə kapitalı məfhumunun bu problemin həllində «aciz qaldığını» görərik. «Kreditor tələblərinin təminati» ifadəsi iddialı səslənir, lakin bu iddianın arxasında, təəssüf ki, bir boşluq dayanır.

  Həmçinin qeyd olunur ki, əgər ikinci və ya hər bir növbəti maliyyə ili başa çatarkən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur.[10] Əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir. Buradan da belə anlaşılır ki, nizamnamə kapitalı sabit məbləğ deyildir.O xalis aktivlərin tamamını və ya bir qismini təşkil edir. Bəs daim iqtisadi dövriyyədə olan nizamnamə kapitalının məbləği nə dərəcədə kreditorlara təminat verə bilər? Nəzərə alaq ki, bu məbləğ sabit deyil və istənilən vaxt iqtisadi proseslərdə əldən çıxa və ya əsaslı dərəcədə azala bilər. Bu zaman nizamnamə kapitalında göstərilən bu məbləğə inam bəsləyərək hüquqi şəxslə razılığa gəlmiş şəxsin mənafelərini kim və ya nə qarşılayacaq? Bu maddəni də nəzərdən keçirdikdə görünür ki, nizamnamə kapitalının qanunvericiliyimizdəki ifadəsi qarşıya qoyulan tələbə cavab vermir və günümüzün iqtisadiyyatıyla uzlaşmır.

  •   Kapital azaldılarsa, kreditor dərhal öhdəliyin vaxtından əvvəl icrasını tələb etməyə haqlıdır.

Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə həyata keçirilə bilər. Nizamnamə kapitalının azaldılması haqqında ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya cəmiyyətin ümumi yığıncağının qərarında müəyyən edilmiş müddətdə cəmiyyət özünün bütün kreditorlarına bu barədə yazılı məlumat göndərməlidir.[11] Məlumat alındığı gündən bir ay müddətində cəmiyyətin kreditorlarının cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya xitamını, vurulan zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Bu müddəalarda da problemli məsələ mövcuddur. Təqdirə layiq haldır ki, burada məbləğin azaldıldığı halda kreditorlara dərhal məlumat verilməsi qeyd olunmuşdur. Təbii ki, bu, nizamnamə kapitalının məqsədlərinə xitab edir.  Lakin nizamnamə kapitalının azalmasına hansısa limit qoyulmaması və kreditorun bu hüququnun məhdudlaşdırılmaması təcrübədə kifayət qədər anlaşılmazlıq yarada bilər. Əgər nizamnamə kapitalında  əsaslı dəyişiklik olmamışsa bu,kreditora borcunu vaxtından əvvəl tələb etməyə əsas verirmi? Məsələn nizamnamə kapitali 1 milyard 300 min manat olar B adlı bankın nizamnamə kapitalı 1 milyard manata endirilmişdirsə bu kreditora öhdəliyə vaxtından əvvəl xitam verməyə əsas verirmi?. Əgər hüquqi şəxsin nizamnamə kapitalının azaldılması onun öhdəliklərini zamanında və tam olaraq yerinə yetirməsinə maneə olmursa, hazırkı iqtisadi vəziyyətdə kreditorun yuxarıda qeyd olunmuş hüququndan istifadə etməsi məqsədəuyğun deyil. Bu, bazarın məhdudlaşdırılmasına və azad sahibkarlığa maneə olur.

Əksər normalarımızın üst-üstə düşdüyü Rusiya qanunvericiliyinə nəzər salsaq görərik ki, burada nizamnamə kapitalının minimum məbləği barədə məsələ hüquqi baxımdan tənzimlənmişdir. Rusiya Mülki Məcəlləsinə əsasən, cəmiyyətin nizanmanə kapitalının minimum məbləği 10000 rubldan az ola bilməz. Bu müddəa ümumi bir normadır. Hüquqi şəxsin növlərindən asılı olaraq bu məbləğ dəyişir. Bu, Rusiya qanunvericiliyinin nizamnamə kapitalına münasibətdə həyata keçirdiyi ən məqsədəuyğun tədbirlərdən biridir. Belə ki, şirkətin quruluşundan, məqsədlərindən və istehsal etdiyi məhsuldan asılı olaraq, onun nizamnamə kapitalının minimum miqdarı indeksləşdirilir. Məsələn, MMC, QSC üçün bu məbləğ 10000, ASC üçün 100000 rubl, yenidən qurulmuş bank üçün 1milyard rubl, alkoqol içkilərin ticarəti ilə məşğul olan şirkət üçün 1 000 000 rubl olmalıdır. Bu cür diferensiasiya kreditorlar üçün də daha ədalətli normadır. Belə ki, nizamnamə kapitalının minimum məbləğinin sadəcə kor-təbii olaraq deyil, konkret şəraitlə və vəziyyətlə əsaslandırılması, istər şirkətin təsisçilərinin, istərsə də iqtisadi münasibətlər zamanı daha ədalətli təminata malik olan kreditorların vəziyyətini rahatlaşdırır.

Almaniyada Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının nominal dəyəri 50min avrodan az ola bilməz.[12] Qeydiyyat zamanı isə bu məbləğin ən azı 25%-i köçürülmüş olmalıdır. Gördüyümüz kimi, bu məbləğ iqtisadi cəhətdən güclü təməlli bir şirkətin qurulması üçün kifayət edir. İqtisadiyyatın inkişafı üçün dövlət qanunvericiliyində konkret olaraq minimal büdcəni və yaradıldığı anda lazım olan minimal  məbləği göstərmişdir.

[8] AR Mülki Məcəlləsi, maddə 90.1

[9] AR Mülki Məcəlləsi, maddə 103.2

[10] AR Mülki Məcəlləsi, maddə 90.4

[11] AR Mülki Məcəlləsi, maddə 105.2

[12] Aktiengesetz, P.7 (Səhmdar cəmiyyətləri qanunu, maddə 7)

 

  Nəticə

  Azərbaycan Respublikasi MM-ni və xarici praktikanı nəzərdən keçirdikdən sonra yaranmış bu kolliziyaları aradan qaldırmaq üçün müəyyən optimal variantlar yaranır. Bunları nəzərdən keçirək.

 1.İlk növbədə qanunvericiliyin özündə müəyyən dəyişikliklər edilməklə onun dəqiqləşdirilməsinə çalışılmalıdır.Bunun üçün birinci olaraq müvafiq icra hakimiyyəti nizamnamə kapitalı üçün müəyyənləşdirilmiş minimum məbləği dəqiqləşdirməlidir. Bu nizamnamə kapitalının qanunvericiliklə qarşısına qoyulmuş kreditorların mənafeyinə xidmət etməyə müəyyən mənada kömək edəcək.Həmçinin, nizamnamə kapitalının minimum miqdarı müəyyənləşdirməklə dövlət hüquqi şəxsin iqtisadi davamlılığını və bazarda rəqabətə dözümlülüyünü müəyyən etmiş olacaq.Belə ki, nizamnamə kapitalı 10 manat təşkil edən və yeni yaranmış hüquqi şəxsə bazarda inam olmayacaqdır.Halbuki,nizamnamə kapitalı 10000 manat təşkil edən yeni yaranmış hüquqi şəxsi və onun fəaliyyət göstərdi iqtisadi sahəni nəzərdən keçirdikdə biz görərik ki, həqiqətən əlində müəyyən sərmayə olan bu hüquqi şəxs bazarda fəalliyyət göstərə bilər və müəyyən mənada davamlı olacaqdır. Real iqtisadi vəziyyətə əsasən minimum nizamnamə kapitalını müəyyənləşdirməklə biz həmçinin ardı-arası kəsilməyən yeni və iqtisadi mühitə davamsız olan şirkətlərin qarşısını almış olacayıq.Bu təmərküzləşmə kimi başa düşülməməlidir. Əksinə, bu bazarda rəqabətə təkan verəcəkdir. 10 manatlıq büdcəylə və ya kreditorların mənafeyinə xidmət edən 10 manatlıq nizamnamə kapitalıyla nə dərəcədə bazarda sağlam rəqabət aparılacağı şübhə altındadır. Məqsədə müvafiq olar ki, qanunvericilik tələbinə əsasən müvafiq icra orqanı ilk növbədə real vəziyyəti nəzərə alaraqdan minimum nizamnamə kapitalını müəyyənləşdirsin və  onu məqsədlərinə nail olmağa qadir vəziyyətə gətirsin

  2.Nizamnamə kapitalının mahiyyəti və qanunvericilikdə verilən anlayışda dəyişikliklər edilməsi məqsədəuyğundur. Belə ki, daim dövriyyədə olan nizamnamə kapitalının kreditorların mənafeyinə və marağına xitab etməsi kifayət qədər sual doğuran məsələdir. Hüquqi şəxsin nizamnamə kapitalının istifadəsinə, onun şirkətin ehtiyacları üçün, və ya iqtisadi münasibətlər zamanı xərclənməsinə nəzarət gücləndirilməlidir. Şirkətin xərclənməyən, sabit və yalnız kreditorlarının mənafeyinə təminat verən bir məbləği olmalıdır ki, onunla müqavilə bağlayan şəxslərin qarantı qismində çıxış etsin. Qeyd edək ki, Almaniya MM-nə və praktikasına nəzər saldıqda biz görərik ki, qoyulmuş nizamnamə kapitalı birbaşa olaraq kreditorların mənafeyinə xidmət edən pul vasitəsi kimi başa düşülmür. O, real iqtisadi göstəricilərə əsaslanmış minimum nizamnamə kapitalını özündə əks etdirdiyi üçün həm dövlət həm də onunla qarşılıqlı iqtisadi əlaqələrə başlamaqa hazırlanan şirkət üçün etimad rolunu oynayır. Belə ki, yaranmış öhdəliklərin icrası zamanı ödəniləcək olan pul birbaşa olaraq nizamnamə kapitalından çıxılmır, hüquqi şəxsin öz dövriyyədəki vəsaiti hesabına ödənilir. Yəni nizamnamə kapitalı sadəcə qarşılıqlı iqtisadi əlaqələrə girməyə hazırlanan hüquqi şəxs üçün ilk məqamda müəyyən inam yaranması üçün etimad edilən məbləğ və ya görüntüdür. 

  1.   3. Nizamnamə kapitalının təsisçilərin mayalarının nominal dəyərinin azaldılması yolu ilə azalması halında kreditorun vaxtından əvvəl borcunu tələb etmək hüququnun qeyri-məhdud şəkildə tətbiq olunması məqsədəuyğun deyil. Bu, şirkəti lüzumsuz maddi çətinliyə salar. Düşünürük ki, kreditorlara təminat verən sabit məbləğ formalaşarsa, nəzərdə tutduğumuz bu problem də həll olunar. «Toxunulmaz» bir kapital kreditora «narahat olmamağa» əsas verərək, eyni zamanda həm onun maddi mənafeyinin təminatı qismində çıxış edər.