Nəşrlərimiz
 
 
— "AYNHA Hüquq Jurnalı" (IV Sayı) CİNAYƏT MƏSULİYYƏTİNDƏN AZAD ETMƏ
 

27-04-2018, 09:54

 

"AYNHA Hüquq Jurnalı" (IV Sayı) CİNAYƏT MƏSULİYYƏTİNDƏN AZAD ETMƏ

Müəllif: Xalıq Dadaşzadə

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyası, Hüquq Fakultəsi -  IV kurs bakalavr

"Akademik Məqalə Müsabiqəsi" I yer

 

  CİNAYƏT MƏSULİYYƏTİNDƏN AZAD ETMƏ

 

  Plan:

  Fəsil 1: Cinayət məsuliyyətinə alternativ tədbirlərin mahiyyəti

  Fəsil 2: Xarici ölkələrin cinayət və cinayət prosessual qanunvericiliyində mediasiya

  Fəsil 3: Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cinayət məsuliyyətindən azad etmə halları. Tətbiqi qaydası.

  Annotasiya: Məhkəməyə qədər bəraətverici əsasların olması ilə cinayət məsuliyyətindən azad etmə dünyanın bir çox dövlətlərinin qanunvericiliyində nəzərdə tutulur. Bu üsullar sayəsində qanunverici xüsusilə ilk dəfə cinayət törədən şəxslərə bir şans tanıyaraq onların damğalanmasının qarşısını almaqla bərabər, təqsirkarın cinayət prosesinin erkən mərhələsində yenidən ictimailəşməsini asanlaşdırır. Alternativ təsir tədbirlərinə, ən ümumi şəkildə məhkəmədən kənar ixtilafın həll usulları kimi baxmaq olar.Alternativ tədbirlər zərərçəkmişin mənfəətini qoruma mövzusunda cəmiyyətin həssaslığının artması, cinayətə qarşı sadəcə cinayət sanksiyasının yetərli olmayıb, habelə zərərçəkmişin zərərinin ödənilməsi ehtiyacı, cinayətin törədilməsindən sonra təqsirkar ilə zərərçəkən arasında ortaya çıxan düşmanlığın aradan qaldırılması vacibliyi, barışın əldə edilməsi, təqsirkarın törətdiyi əməli öhdələnərək cinayət əməlinin yaratdığı neqativ nəticələri aradan qaldırma və yenidən ictimailəşmə imkanını əldə etməsi, dövlətin mühakimə etmək və cəza-icra fəaliyyəti zamanı çəkəcəyi məsrəflərdən qurtulması və başqa səbələrə görə tətbiqi zəruri olmuşdur.

 

  Açar sözlər: Bərpaedici ədalət, cinayətkar-zərərçəkmişin uzlaşması, cinyət məsuliyyətindən azad etmə, mediasiya, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, cəza-icra fəaliyyəti.

  Fəsil 1: Cinayət məsuliyyətinə alternativ tədbirlərin mahiyyəti

  Hüquq ədəbiyyatında cinayət məsuliyyətindən azad etmə institutu cinayət məsuliyyətinə alternativ tədbirlər (Alternative Dispute Resolution) kimi də adlandırılır. Bu tədbirlər istintaq-məhkəmə sisteminin iş yükünün azaldılması, cəza-icra müəssisələrinin yüklənilməməsi ilə bərabər cinayətdən zərər çəkmiş şəxslərin hüquqlarının və dövlətin maraqlarının təmin olunmasına xidmət edir.

  Anglo-sakson hüquq sistemindən gələn alternativ  təsir tədbirlərinin başda Avropa qitəsi ölkələri olmaqla bütün dünyada bu qədər rəğbət görməsinin təməlində dövlət məhkəmələrinə nəzərən daha proqmatist olması və qloballaşma tərəfdaşları tərəfdarları tərəfindən dəstəklənməsi durur. [3, s.821-822]

  Bu sistemin məqsədi təqsirkar tərəfindən zərərçəkmişin zərərinin ödənməsini təmin edərək barışığın əldə edilməsinə imkan yaratmaqdır. Avropa Şurası Nazirlər Komitesi  1985-ci ildə R(85) tövsiyəsiyələri ilə zərərçəkmişin vəziyyətinin yaxşılaşdırılmasına yönələn bəzi təməl prinsiplər təklif etmişdir. AŞNK-nın (R85)11 saylı “Cinayət hüququnda zərərçəkmişin vəziyyəti” adlı tövsiyəsinə görə zərərçəkmişin mənfəətlərinin qorunması və ehtiyaclarının qarşılanması cəza ədalətinin əsas funksiyalarından biri olmalıdır. Cəza ədaləti fiziki, psixi, maddi və sosial cəhətdən zərər görən zərərçəkmişlə daha çox maraqlanmalı və zərərçəkmişin ehtiyaclarını ödəmək üçün hansı addımların atılmalı olduğunu diqqətə almalıdır. Bu məqsədlə görüləcək tədbirlər ictimai qaydaların gücləndirilməsi və cinayətkarların islahı kimi cinayət hüququnun digər məqsədləri ilə ziddləşməməli, tam əksinə bu məqsədlərə çatmasına yardımçı olmalı və zərərçəkmiş ilə cinayətkar arasında yenidən bir razılıq təsis edəcək şəkildə həyata keçirilməlidir. [2]

 

  Bu sistemin fəlsəfəsinə görə, cinayətə qarşı sadəcə cinayət sanksiyası bəs etmir. Zərərçəkmişin zərərinin ödənilməsi ilə bərabər təqsirkar ilə zərərçəkmiş arasında və dolayısı ilə cəmiyyət arasında təmin ediləcək barış, ədalətin əsas məqsədini gerçəkləşdirir. Təqsirkar törətdiyi əməldən çəkdiyi peşmanlığı zərəçəkmişin zərərini təmin edərək göstərir. [4, s.4]

  Bu sistemin əsasında bərpaedici ədalət(Restorative Justice)  anlayışı durur. Cinayət hüququnda bərpaedici ədalət anlayışı zərəçəkmişin, cinayətkarın və cəmiyyətin ehtiyaclarını tarazlayaraq cinayət əməllərinə qarşı reaksiya mövzusunda yeni bir model ortaya qoyur. Bərpaetmə ilk növbədə şəxsi zərərin, mülkiyyət itkisinin və ədalət hissinin bərpasını ifadə edir.  Bərpaedici ədalət üç funksiyanı yerinə yetirir. Bunlar məsuliyyət, bərpa etmə və cəmiyyətə geri qazandırmaqdır. [5, s.9]

  Bərpaedici ədalət sistemi ilə cəzalandırıcı(klassik) ədalətin sistemi arasında çox önəmli fərqlər mövcuddur. Məsələn, Cəzalandırıcı ədalətin əsas məqsədi cinayət hüququnun ümumi və xüsusi xəbərdarlıq funksiyalarının təminidir. Ümumixəbərdarlıqda, insanların cinayət törədən kəslərin cəzalandırıldıqlarını görüb, cinayətin əvəzinin faydalarından daha çox olduğu qənaətinə gələrək cinayət törətməkdən çəkinmələri əsasdır. Bu mənada cəza əvəzçıxma tədbiridir və insanları hüquqa uyğun davranışa istiqamətləndirir. Xüsusixəbərdarlıqməhkum olmuş cinayətkarlara istiqamətlənmişdir. Cinayətkar, gələcəkdə cinayət törətməkdən çəkindirilməlidir. Bu məqsədlə təqsirkar, əməlinin sosial təhlükəliliyinə görə deyil, yenidən sosiallaşması üçün ehtiyacı olan miqdarda cəza alır.

  Klassik ədalətin aşağıdakı mənfi tərəflərini də görərə bilərik: 1) cinayət prosesi çox uzun çəkdiyi üçün cəzanın cinayətkara qarşı islahedici təsiri azalır; 2) işin həlli hər iki tərəfin iradəsindən kənar olduğu üçün, əksər hallarda tərəflər məhkəmə qərarından narazı qaldıqları üçün şikayət verirlər və bu prosesi daha da uzadır; 3) zərərçəkmiş dəymiş zərərin ödənilməsi bəxt bir məsələ olaraq qalır; 4) zərərçəkmiş ona dəymiş zərərin ödənilməsi üçün yenidən məhkəməyə müraciət etməli olur; 5) bütün bu proseslər həm dövlət, həm də tərəflər üçün böyük xərc tələb edir və s.

  Bərpaedici ədalətin məqsədi isə cinayətin səbəb olduğu zərərləri aradan qaldırmaq və cinayətkar ilə zərərçəkmiş arasında münasibəti düzəltməkdir. Bərpaedici ədalətdə cinayətə şəxslər arsındakı əlaqələrin pozuntusu kimi, cəzalandırıcı ədalətdə isə qanun hökmünün pozuntusu kimi tərif verilir. Cəzalandırıcı ədalətə görə  cinayətdən zərər görən dövlətdir, bərpaedici ədalətə görə isə cinayətdən zərər görən cəmiyyətdir.  Cəzalandırıcı ədalət sistemində ədalət obyektivdir, bərpaedici ədalət sistemində isə ədalət subyektivdir, yəni zərəçəkmişə görə dəyişə bilər. Cəzalandırıcı ədalət sistemi keçmişlə maraqlandığı halda(məs:məhkumluğu varmı və.s.), bərpaedici ədalət sistemi gələcəyə istiqamətlənərək problemin necə həll ediləcəyi ilə maraqlanır. Birincidə cinayət əməlinin şəxslər arasında bir ixtilaf olduğu diqqətə alınmır  və peşmanlıq və əhvetmə anlayışları bir əhəmiyyət kəsb etmir. Bərpaedici ədalətdə isə ixtilaf şəxslər arasındadır(birincidə isə cəmiyyəti dövlət təmsil etdir). Bərpaedici ədalət sistemi həm cinayətkarın, həm də zərərçəkmişin aktif iştirakları ilə işləyə biləcək bir sistemidir. Bu sistem zərəçəkmişin zərərinin kompensasiya edilməsini, cinayətkarın cinayət əməlindən ötrü məsuliyyətini öhdələnməsini və tərəflər arasında bir uzlaşma bünövrəsinin-təməlinin yaradılmasını hədəfləmişdir. Həm də bu sistemdə peşmanlıq və əhvetmə anlayışları çox böyük əhəmiyyət kəsb edir. [6, s. 60]

  Görürük ki, bu institut cinayət məsuliyyətinin labüdlüyü prinsipinin deyil, məqsədə müvafiqlik prinsipinin tələblərinə uyğundur. Məsuliyyətin labüdlüyü şəxsin cinayət qanununda nəzərdə tutulmuş əməli törətdiyi halda, yəni cinayət məsuliyyətinin həm formal, həm də faktiki əsasları mövcud olduqda cinayət məsuliyyətinin mütləq tətbiq olunmasını nəzərdə tutur. Məqsədə müvafiqlikdə isə təqibin həyata keçirilməsində yalnız qanunda nəzərdə tutulmuş əsasların olması deyil, həmçinin lüzumluluq meyarının mövcudluğu zəruridir.

  BMT-nin İşçi Qrupunun hazırlağı məcmuların birində bərpaedici ədalət belə tərif edilmişdir: “Bərpaedici ədalət törədilmiş cinayətdən təsirlənən tərəflərin hamısını cinayətin ortaya çırxardığı zərərli nəticələri və cinayətin gələcəyə istiqamətlənən təsirlərini necə aradan qaldıracaqları mövzusundakı məsələni birlikdə həll etmələri üçün bir araya gətirən bir dövrdür”. [7, s. 10] Məqsədinin mümkün olduğu ölçüdə zərərin kompensasiya edilməsi və ya cinayətin səbəb olduğu zərərin aradan qaldırılması olduğu göstərilir.

  Nəzərə alınmalıdır ki, bərpaedici ədalət düşüncəsi və proqramları bütünlüklə klassik cəza ədaləti sisteminin alternativi deyil və ancaq onunla birlikdə tətbiq edilməli olan bir sistemdir. Başqa sözlə bu iki sistemə bir-birinə rəqib kimi baxmaq olmaz. Bərpaedici ədalət klassik sistemə öz yenilikləri ilə müsbət təsir edir. Yəni, tərəflər ixtilafın həll dövründə daha aktiv bir rol oynayırlar. Məhkəmədə olduğu kimi haqlıyı və haqsızı ortaya çıxarmaqdan savayı hər iki tərəfi məmnun edəcək bir nəticəni hədəfləməsi tərəflər baxımından daha qane edicidir. Alternativ təsir tədbirləri tərəflər arasındakı ixtilafın “qazan-qazan” şəklində həllə qovuşdurulmasına xidmət edir. Məhkəmə həllində isə idarəetmə tərəflərdə olmadığı üçün hakim olan həll şəkli “qazan-uduz” olacaqdır. Yuxarıda deyilənləri əsas götürüb deyə bilərik ki, bərapaedici ədalət prinsipi Cinayət Məcəlləsində cəza ədaləti prinsipi ilə birgə təsbit edilməli, habelə ayrıca olaraq Cinayət Prosessual Məcəllədə də göstərilməlidir. Çünki cəza ədaləti prinsipi zərəçəkmişi yalnız cinayət tərkibinin elementi kimi nəzərdə tutur və əsas qayəsi ədalətli cəzanın təyinidir. Amma bərpaedici ədalət, bildiyimiz kimi, zərərçəkmişin zərərinin ödənilməsini ön plana çıxarır və zərərçəkmişə ixtilafın həlli nəticəsinin əldə edilməsi imkanı verir. Ona görə də, alternativ tədbirləri həm cinayət, həm də prosessual məcəllələrində təsbit edən Almaniya, Finlandiya kimi dövlətlərin mövqeyini daha doğru hesab edirik.

 

  Fəsil 2: Xarici ölkələrin cinayət və cinayət prosessual qanunvericiliyində mediasiya

 

  Xarici dövlətlərin cinayət ədliyyə sistemində tətbiq olunan alternativ təqdbirlərin 2 əsas modelini göstərmək olar. Birincisi transaksiya adlanan “Niderland-Belçika” modelidir. Transaksiya ilk dəfə Belçikada yaranıb və özünün tam təsdiqini 1984-cü ildə tapmışdır. Bu institut barədə 5 ilədək azadlıqdan məhrumetmə  cəzası nəzərdə tutulan cinayətlərə tətbiq olunur. Transaksiyaya cinayət prosesinin yalnız məhkəməyədək mərhələsində yol verilir. Prokurorluq törədilən cinayətə görə qanunla müəyyən edilən məbləğinin miqdarını və onun dövlət hesabına keçirilməsi müddətini müəyyən edir. Bundan sonra pulun dövlət hesabına keçirilməsi ilə bağlı təklifi cinayət törədən şəxsə göndərilir. Əgər cinayət törədən şəxs pulu keçirməkdən imtina edərsə, onun barəsində cinayət təqibi adi qaydada davam etdirilir.

  

  Cinayət məsuliyyətindən azad etmənin nisbətən geniş yayılmış ikinci modeli mediasiyadır(uzlaşma və ya razılaşma). Bu model ən müxtəlif variantlarda mövcuddur (sadə və kompleks).  Mediasiyanın əsas mahiyyəti özünü təqsirkarın vurduğu ziyanı ödəməsində deyil, təqsirkarla zərərçəkənin barışmasında, yəni onlar arasında aparılan vasitəçilik tədbirlərinin həyata keçirilməsində göstərir. Məsələn, Belçikada mediasiya 20 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutan bütün cinayətlərə tətbiq oluna bilər. Təqsirləndirilən şəxs tərəfindən aşağıda göstərilən hərəkətlər yerinə yetirilərsə cinayət işinə xitam verilə bilər: zərər ödənildikdə, müalicə kursu keçdikdə, ixtisas təhsili aldıqda və s. [1, s.518 ] Başqa sözlə, mediasiya təqsirkarla zərərçəkəni barışdırmağa istiqamətlənən xüsusi səlahiyyətli subyektlərin fəaliyyətini nəzərdə tutur. Mediasiya zərərçəkənin maraqlarına xidmət edir. Barışıq və zərərçəkənə ziyanın ödənilməsi məcburidir. Transaksiyanın tətbiqi zamanı isə zərərçəkənin iradəsi əsas götürülmür və barışığın olub-olmaması zəruri deyil. Hal-hazırda mediasiya bu və ya digər variantda Almaniya, Avstriya, Portuqaliya, Fransa və başqa ölkələrdə də mövcuddur.

  Bu tendensiya beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Məsələn, Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2002-ci ildə "Cinayət mühakiməsi prosesində bərpaedici ədliyyə proqramlarının tətbiqinin əsas prinsipləri" qəbul olunub. Cinayət hüquqi münaqişələrin məhkəməsiz həlli ideyası AŞ Nazirlər Komitəsi tərəfindən 15 sentyabr 1999-cu il tarixində qəbul edilmiş “Cinayət işlərində mediasiyaya dair” № R (99) 19 saylı tövsiyəsində də bəyənilmişdir. Həmin tövsiyədə aşağıdakı təməl müddəalar göstərilmişdir. Mediasiya (uzlaşma) tərəflərin razılığı və tərəfsiz üçüncü bir şəxsin( uzlaşdırıcı və ya mediator) yardımı ilə aparılır. Uzlaşma prosesinin istənilən mərhələsində tərəflər uzlaşmadan imtina edə bilərlər. Uzalaşma zamanı aparılan müzakirələr gizlidir.(Tərəflərin razılaşmış olması müstəsnadır) Cinayət prosesinin istənilən mərhələsində uzlaşma əlçatan xidmət olmalıdır. Uzlaşma zamanı tərəflər hüquqi yardımdan və gərək olarsa tərcümə xidmətindən yararlana bilməlidirlər. Həmçinin uşaqlar ana və atasının yardımından yararlanmalıdırlar. Uzlaşma prosesinə başlanılmadan əvvəl tərəflər öz hüquqları, uzlaşma dövrü və mümkün ola biləcək nəticələr barədə tam məlumatlandırılmalıdırlar. Uzlaşdırıcılar öz vəzifələrinə başlamadan əvvəl və vəzifə dövründə təhsil almalı, yerli adət-ənənələrə bələd olmalıdırlar. Uzlaşmaya başlamamış uzlaşdırıcı cinayət təqibi orqanı tərəfindən cinayət işinin bütün halları barədə məlumatlandırılmalı və lazımı sənədlər verilməlidir. Uzlaşdırıcı tərəfsiz olmaqla hər zaman tərəflərə hörmət göstərməli və onlardan da bunu tələb etməlidir. Uzlaşma video çəkiliş ilə aparılmalıdır. Gizlilik prinsipinə baxmayaraq uzlaşdırıcı ona məlum olan cinayətlər barədə cinayət təqibi orqanını məlumatlandırmalıdır. Üzv dövlətər cinayət işlərində uzlaşma barəsində araşdırma və müzakirələr aparmalıdırlar. [18]

 

  Qitə hüquq sistemində ictimai ittihamın məcburiliyi prinsipi mövcuddur. İctimai ittihamın məcburiliyi prinsipinə görə cinayət işini başlamaq vəzifəsi olan orqan qanuni şərtlər mövcud olduqda cinayət işi başlamağa məcburdur. İctimai ittihamın məcburiliyi prinsipinin qatı bir şəkildə tətbiq edilməsi, yəni hər cinayətdə ibtidai araşdırma və məhkəmə prosesinin məcburiyyətinin qəbul edilməsi hər zaman yaxşı nəticələr vermir. Xüsusilə, bəsit, yəni aşkar cinayətlərdə ibtidai araşdırma və məhkəmə məcburiyyətinin qəbul edilmiş olması dövlətin xərclərinin xeyli dərəcədə artmasına səbəb olur. Məhkəmələr isə bəsit cinayətlərlə məşğul olacaqlarından ağır cinayətlərə lazımı vaxt ayıra bilmirlər. [10, s. 118]Buna görə də qitə hüquq sistemləri də anqlo-sakson hüququ tərəfindən mənimsənmiş olan və ictimai ittihamın məcburiliyi prinsipinə istisna gətirən alternativ tədbirlər institutunu tətbiq etməyə başlamışlar. Qitə dövlətləri uzlaşma usulunu normalaşdırarkən üç müxtəlif metoddan istifadə etmişlər. Bunlardan birincisi, mediasiya(uzlaşma) institutunun yetkinlik yaşına çatmayanların (uşaq) cinayət qanununda tənzim edilməsidir. Avstriya, Almaniya, Finlandiya və Fransada belədir. Metodlardan ikincisi, uzlaşma institutunun Cinayət-prosessual məcəlləsində və Cinayət Məcəlləsində tənzim edilməsidir. Almaniya, Finlandiya hər iki məcəllə ilə tənzimləmişdir. Üçüncü metod isə həm uşaqlar üçün, həm də böyüklər üçün tətbiq edilə bilən bir qanun hazırlanmasıdır. Norveç və Bolqaristan uzlaşmayı xüsusi bir qanunla tənzimləyən ölkələrdir. [11, s. 43]

  Mediasiya tərəflərin könüllülüyü prinsipinə əsaslanan bir üsuldur. Tərəflər uzlaşmaya öz arzuları ilə müraciət etdikləri kimi, uzlaşma müzakirələrinin hər hansı mərhələsində uzlaşmadan imtina etdiklərini elan edə bilərlər. Əsas tərəflərin iradə sərbəstliyidir. Alterantiv təsir tədbirlərinin dövlət məhkəməsinin yerinə keçmək kimi məqsədi yoxdur. Alternativ həll yollarına müraciət etmək məhkəmədən qaçmaq mənasına gəlmir. Alternativ tədbirlərin məhkəməyə bir alternativ olmadığının ən vacib göstəricilərindən biri də mediasiya və.s kimi alternativ üsulların cinayət prosesnin daxilində tətbiq olunmasıdır. [12, s. 137]

  Amerika hüquqçuları təqsirkarın məsuliyyətini qəbul, yəni cinayətini təsdiq edərək məhkəmə araşdırması ilə əlaqəli hüquqlarından imtina etməsi halında tam bir ədalət mühakiməsinin aparılmasını mənasız görürlər. Belə yanaşma tərzi Amerika hüquq sisteminin qitə hüquq sistemindən olduqca fərqli bir cinayət prosesi-ədalət mühakiməsi anlayışına sahib olmasından irəli gəlmişdir. Qitə hüquq sistemində ədalət mühakiməsinin məqsədi maddi gerçəyin-obyektiv həqiqətin ortaya çıxarılmasıdırsa(obyektik həqiqət yoxsa prosessual həqiqət müəyyənləşdirilməsi isə daha bir müzakirə mövzusudur), Amerikada isə məhkəmə mühakiməsinin məqsədi həqiqətə çatmaq deyil, nəticədə ixtilafın həllə qovuşdurulmuş olması və sonda hüquqi barışın yenidən təsisidir. Amerikan cinayət-prosessual sisteminin özünəməxsusluğu müdafiə tərəfləri arasında uzlaşmanın tətbiqinə təşviqedici bir şərait yaratmışdır. [9, s. 785]

  Alternativ tədbir kimi mediasiya Alman hüququnda ilk olaraq 12 yanvar 1990-cı il tarixində Alman Uşaq Məhkəmələri Qanununa edilən dəyişikliklərlə tənzimlənmişdir.

1994-cü ildə Alman Cinayət Məcəlləsinə əlavə edilən 46\a maddəsi isə Almaniyada yetkinlik yaşına çatanlar üçün də mediasiyanın hüquqi təməlini yaratmışdır. [13, s. 24]

  Alman Cinayət Məcəlləsinin 46\a maddəsinə görə, Cinayətkar 1. Cinayətdən zərərçəkmiş şəxs ilə uzlaşma əldə etmək üçün cəhd göstərərək (zərərçəkmiş ilə təqsirləndirilənin uzlaşması) əməlinin nəticələrini tamamilə və ya əhəmiyyətli dərəcədə aradan qaldırmışsa və ya ortadan qaldırmaq üçün ciddi səy göstərmişsə, və ya 2. Zərərin aradan qaldırılması, özünün əhəmiyyətli fədakarlıqlar etməsini tələb etdiyi halda, zərərçəkmişə dəymiş zərəri tamamilə və yaxud əhəmiyyətli dərəcədə aradan qaldırarsa, məhkəmə cəzanı 49.1-ci maddəyə uyğun olaraq azalda bilər və ya təqsirləndirilən şəxs üçün 1 illik azadlıqdan məhrumetmə və yaxud 360 günlük cərimə cəzası ədalətli deyilsə, başqa sözlə cəzadan azad edə bilər. [14, s. 37]  Yəni m.46\a 1.bənd cinayətkar və zərərçəkmiş arasında uzlaşmaya(mediatora) təməl təşkil edirsə, m.46\a 2.bənddə zərərin maddi olaraq aradan qaldırılması vurğulanır. Yuxarıdakı 2 şərtdən biri yerinə yetirildikdə məhkəmə Alman CM-nin m.49.1-ə əsasən cəzanı yüngülləşdirə bilər. Hətta cinayət bir ildən artıq olmayan azadlıqdan məhrumetmə cəzasını və ya 360 günə qədər cərimə(pul) cəzasını tələb etməsi halında təqsirkara cəza verməkdən imtina edə bilər. 46\a maddəsindəki şərtlər yerinə yetirildikdə prokurorluq, Alman Cinayət Prosessual Məcəlləsinin 153-cü maddəsinə uyğun olaraq, məhkəmə qərarı ilə cinayət işi başlamaya bilər. Əgər iş başlanmışsa məhkəmə yenə prokurorluğun qərarı ilə məhkəmə prosesinin başlanmasından qabaq işə xitam verə bilər.

  Almaniyada yetkinlik yaşına çatanlar üçün mediasiya beş ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan cinayətlərə tətbiq olunduğu halda, uşaqlar üçün isə bir ildən on beş ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan cinayətlərə də tətbiq olunur.

  Türkiyə Respublikasında cinayət prosesinin məhkəməyədək(soruşturma) və məhkəmə (kovuşturma) mərhələlərində cinayət işinin açılması şikayətə bağlı olan cinayətlər üzrə həyata keçirilir. Amma onlardan cinsi toxunulmazlığa qarşı cinayətlər üzrə uzlaşdırma aparıla bilməz. Uzlaşdırıcı uzlaşdırma müzakirələrini idarə edən, prokurorun təsdiqi ilə vəzifələndirilən vəkil və ya ali hüquq təhsilli şəxsdir. Əgər uzlaşma baş tutmasa sonradan işdə vəkil müdafiəçi kimi iştirak edə bilməz. Əgər işdə bir neçə zərərçəkmiş vardırsa, hər birinin razılığı alınmalıdır. Şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətlərdən biri üzrə uzlaşdırma aparıla bilməzsə, uzlaşdırma tətbiq edilmir. Yetərli şübhə mövcuddursa prokuror məhkıməyə verməmişdən əvvək cinayə işi üzrə materialları göndərmə haqqında qərarla Uzlaşdırma Bürosuna göndərir. Uzlaşdırma Büroları prokurorluğun nəzdində və nəzarəti altında fəaliyyət göstərirlər. Uzlaşdırma Bürosuna göndərilən cinayət işi uzlaşdırma üçün məsuliyuət daşıyan başqa bir prokuror tərəfindən yoxlanıldıqdan sonra uzlaşdırıcı təyin edilir. Uzlaşma müddəti 30 gündür, lakin əsaslandırma ilə prokuror tərəfindən  ən çoxu 20 gün də artırıla bilər. Uzlaşdırıcı yekun nəticəni özündə əks etdirən məruzə tərtib edərək prokurora təqdim edir. Ola bilər ki, uzlaşdırıcı təyin edilməmişdən əvvəl və ya uzlaşma təklifinin rədd edilməsindən sonra tərəflər öz aralarında uzlaşma əldə edərlərsə məruzənin formasına uyğun sənəd tərtib edərək prokurora təqdim edə bilərlər. Məhkəməyədək mərhələdə uzlaşma nəticəsində şübhəlinin boynuna götürdüyü öhdəliyi yerinə yetirməsi halında şübhəli haqqında uzlaşdırmaya məsul prokuror tərəfindən işə xitam verilir. Lakin öhdəliyin yerinə yetirilməsinin sonrakı tarixə salınması, hissə-hissə ödənilməsi halında şübhəli haqqında cinayət işinin açılmasının təxirə salınması barədə qərar verilir. Öhdəliyin yerinə yetirilməsinə nəzarəti Uzlaşdırma Bürosu həyata keçirir. Uzlaşdırma baş tutmasa prokuror tərəfindən ittiham aktı tərtib edilir.  Zərərçəkmiş cinayət əməli törətmiş şəxsdən aşağıdakıların edilməsini tələb edə bilər: 1) maddi və ya mənəvi zərərin tamamilə və ya qismən ödənilməsi və ya əvvəlki vəziyyətə qaytarma; 2) dövlət orqanı və ya ictimaiyyət xeyrinə xidmət göstərən özəl təşkilat ilə yardıma ehtiyacı olan şəxs və ya şəxslərə pul yardımının edilməsi; 3) zərəçəkmişin, onun göstərdiyi üçüncü şəxsin və ya dövlət orqanı ya da ictimaiyyət xeyrinə xidmət göstərən özəl təşkilatın müəyyən xidmətlərinin müvəqqəti yerinə yetirilməsi; 4) topluma faydalı şəxs olmağı təmin edəcək proqrama qatılmaq; 5) zərəçəkəndən üzr istəmək. Uzlaşma cinayətkardan heç nə tələb edilmədən də baş tuta bilər. Məhkəmə mərhələsində uzlaşdırma zamanı uzlaşmanın alınması halında hakim işə xitam verir. Lakin öhdəliyin yerinə yetirilməsinin sonrakı tarixə salınması, hissə-hissə ödənilməsi halında təqsirləndirilən şəxs barəsində hökmün oxunmasının təxirə salınması barədə qərara qəbul edir. Uzalaşma baş tutmasa hökm oxunur.[19]

 

  Fəsil 3: Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cinayət məsuliyyətindən azad etmə halları. Tətbiqi qaydası.

  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, yeni qanunvericilik hüquq-mühafizə orqanlarının fəaliyyətinin istiqamətlərini məqsəd baxımından dəyişdirmiş, cinayətkarlıqla mübarizəni deyil, hər bir vətəndaşın qanunsuz qəsdlərdən qorunmasını ön plana çəkmişdir. [15]Əlbəttə belə yanaşma zərərçəkmiş şəxsin qanuni maraqlarının müdafiəsinin möhkəmlənməsi baxımdan əhəmiyyətlidir. İnsan hüquqlarının məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Bu əlbəttə belədir. Amma bəzi cinayətlər üzrə hüquqların məhz səmərəli bərpası məhkəməyədək mərhələdə də mümkündür. Bunu isə alternativ tədbirlərlə həyata keçirmək olar.

  Azərbaycan Respublikasının Cinayət Məcəlləsində Cinayət məsuliyyətindən azad etmənin ümumi və xüsusi əsasları təsbit olunmuşdur. Cinayət məsuliyyətindən azad etmənin ümumi əsasları AR CM-in 20(cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamaq), 21(ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmək), 30.2(cinayət törətməkdən könüllü içtina etmək), 72(səmimi peşmançılıq), 73(zərərçəkmiş şəxslə barışmaqla, habelə 73-1, 73-2), 74 (şəraitin dəyişməsi), 74-1, 75 (müddətin keçməsi) və 81.2 (amnistiya aktı. Qeyd amnistiya aktı ilə həm cinayət məsuliyyətindən, həm də cəzadan azad etmə mümkündür)-ci maddələrində təsbit olunmuşdur.  [16] Sadalanan bu halların bəziləri imperativ, bəziləri dispozitiv xarakterlidir. Biz bu sadalanan bütün hallar barədə deyil Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarı ilə sadə mediasiya qismində göstərilən AR CM-in 73-cü maddəsi barədə danışacıyıq. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə 73.2, 73-1 və 73-2-ci maddələri əlavə edilmişdir. ( bu Qanun 01 dekabr 2017-ci ildən qüvvədədir)

  Xüsusi əsaslar dedikdə isə, AR CM-in xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda  cinayət məsuliyyətində azad etmə başa düşülür. Məsələn, AR CM-in 144-cü maddəsinin qeydinə görə, əməlində başqa cinayət tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur. 20 oktyabr 2017-ci il tarixli Qanunun qəbul edilməsinə kimi deyə bilirdik ki, ümumi əsaslardan fərqli olaraq xüsusi əsaslar cinayət məsuliyyətindən azad etməni nəzərdə tutulan şərtlərlə az ağır, ağır və xüsusilə ağır cinayətlərdə də tətbiqini mümkün edir. Artıq bu fərq yoxdur. AR CM-in 73.2-ci maddəsi AR CM-in 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1, 158.1-ci maddələrində nəzərdə tutulan cinayətləri (hamısı böyük ictimai təhlükə törətməyən cinayətlərdir) törədən şəxsləri, 73-1.1-ci maddəsi AR CM-in 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 ( hamısı böyük ictimai təhlükə törətməyən cinayətlərdir) və 189-1.2-ci (az ağır cinayət) maddələrində nəzərdə tutulan cinayətləri, 73-1.2-ci maddəsi AR CM-in 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci (hamısı az ağır cinayətlərdir) maddələrində nəzərdə tutulan cinayətləri, 73-1.3-cü maddəsi AR CM-in 178.3, 178.4, 179.3, 179.4-cü (hamısı xüsusilə ağır cinayətlərdir) maddələrində göstərilən cinayətləri törədən şəxsləri göstərilən şərtlər əsasında cinayət məsuliyyətindən azad etməyə imkan verir. AR CM-in 73-2-ci maddəsində də həm böyük ictimai təhlükə törətməyən, həm də az ağır cinayətlər verilmişdir. Eyni zamanda AR CM-in 128, 187, 193, 209, 213-cü maddələrində göstərilən xüsusi əsaslar, yəni qeydlər çıxarılmışdır. Bu həm də zərərçəkmişin hüquqlarının möhkəmləndirilməsi baxımından mütərəqqi olmuşdur. Məsələn, AR CM-in 187.1 və 187.2-ci maddələri özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə nəticəsində zərərçəkmişə xeyli miqdarda və külli miqdarda ziyan vurduqda cinayət məsuliyyəti müəyyən edir. AR CM-in 187-ci maddəsinin qeydində göstərilirdi ki, “bu Məcəllənin 187.1, 187.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Göründüyü kimi zərərçəkmişin barışması zəruri şərt kimi göstərilmirdi.

  Bizə görə AR CM-in 73 və 73-1-ci maddələri mediasiya xarakterli olduğu halda 73-2-ci maddəsi mediasiya xarakleri deyil. Adında da göründüyü kimi AR CM-in 73-2-ci maddəsinfə iqtidasi fəaliyyət sahəsində olan cinayətlər verilmişdir və bu cinayətlərdə zərərçəkmiş qismində dövlət çıxış edir. Yəni burda barışıq şərt kimi göstərilə bilməz. Əvvəldə qeyd etmişdik ki, mediasiya transaksiyadan zərərçəkmişin maraqlarına xidmət etməsi ilə fərqlənirdi və ziyanın ödənilməsi ilə yanaşı barışığın olması zəruri şərt idi. Yəni deyə bilərik ki, AR CM-in 73.2 və 73-1-ci maddələrində yalnız konkret şəxslərin hüquqlarına və qanuni maraqlarına qəsd edən cinayətlər göstərilmişdir. AR CM-in 73-2-ci maddəsində göstərilən cinayətlərin sanksiyasında  cərimə cəzası əsas cəza kimi verilmişdir və belə cinayətləri törətmiş şəxslərin vurulmuş ziyanı tamamilə ödəməklə və dövlət büdcəsinə ödəniş etməklə cinayət məsuliyyətindən azad edilməsi həm məhkəmələrin iş yükünün azaldılması, həm də belə əməlləri törətmiş şəxslərin damğalanmasının qarşınının alınması və.s kimi müsbət tərəfləri vardır. Unutmayaq ki, cəza məhkumu iflas etmək yox, islah etmək üçün vardır. “Cəza böhranı” haqqında geniş danışıldığı bir vaxtda bu mütərəqqi addımdır. “Tokiyo qaydaları” dünya dövlətlərinə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza tədbirlərinin tətbiqini tövsiyə edirdi.

  Cinayət məsuliyyəti cəza və mühakimə kimi tərkib hissələrini özündə birləşdirir. Cinayət məsuliyyəti prosessual deyil, cinayət-hüquqi anlayışdır. Məhz ona görə də AR CPM-i “cinayət məsuliyyətinə cəlb etmə” terminindən istifadə etməməklə, onu “təqsirləndirilən şəxs qismində cəlb etmə” termini ilə əvəz edir. AR CPM-nin 223-cü maddəsində şəxsi cinayət törətməkdə təqsirləndirmək üçün əsas verən kifayət qədər sübutların mövcud olduğu təqdirdə müstəntiqin etməli olduğu hərəkətlərlə bağlı göstərişlər təsbit olunmuşdur. Maddənin məzmununun təhlilindən belə nəticəyə gəlmək olar ki, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı səlahiyyətlər müstəntiqə məxsusdur. Lakin bu səlahiyyətlərdən həmçinin CPM-in tələblərinə uyğun olaraq, cinayət işini öz icraatına qəbul etdiyi halda prokuror da istifadə edə bilər. Cinayət məsuliyyətindən azad etməyə səbəb olan halların müəyyən edilməsi ilə bağlı cinayət təqibinə xitam verilməsi həm təqsirləndirilən, həm də şübhəli şəxsə münasibətdə mümkündür.[20]

  Cinayət məsuliyyətindən azad etmə dedikdə, törədilmiş cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və ona cəza tətbiq etməkdən imtina edilməsi başa düşülür. Cinayət məsuliyyətindən azad etmə həm məhkəməyədək mərhələdə, həm də məhkəmə baxışı mərhələsində mümkündür. Bu zaman cinayət məsuliyyətindən azad etmənin ilkin anı məhkəməyədək mərhələ, son anı hökm elan olunanadək məhkəmə baxışı mərhələsidir.  Məsələn, əvvəllər CM-in 73-1-ci maddəsində göstərilən cinayətlərə görə təqsirli bilinib məhkum olunmuş və hal-hazırda cəza çəkən məhkum olunmuş həmin maddədə nəzərdə tutulmuş şərtlərə əməl edərsə, onun barəsində bu maddə tətbiq edilməklə o, cəzanın çəkilməmiş qalan hissəsindən azad edilə bilməz. Çünki, “Cəzadan azad etmə” adlı CM-in  fəslində müvafiq göstəriş yoxdur. Lakin 01 dekabr 2017-ci il tarixinədək məhkum olunmuş şəxslər həmin hüquqdan istifadə edə bilərlər. Çünki, CM-in 10.3-cü maddəsinə əsasən, 20 oktyabr 2017-ci tarixli Qanunun müvafiq hissədə geriyə qüvvəsi vardır.

  CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qanunun bu normasının tələbi ondan ibarətdir ki, CM-İN 72, 73, 73-1, 73-2 və 74-1-ci maddələri ilə ümumilikdə bir dəfə məsuliyyətdən azad olunmanı deyil, həmin maddələrin hər biri ilə ayrılıqda bir dəfə məsuliyyətdən azad olunmanın təsbit edir. Əgər hər hansı şəxs CM-nin 72-73-2-ci və 74-1-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilərsə, lakin bundan sonra məsuliyyətdən azad edildiyi cinayəti yenidən törədərsə, onun növbəti dəfə cinayət məsuliyyətindən azad edilməsi mümkün deyil. Belə hallarda şəxsin qeyd olunan maddələrdə nəzərdə tutulmuş şərtlərə əməl etməsi cəzanı yüngülləşdirən hallar kimi cəza tədbirinin seçilməsi zamanı nəzərə alınmalıdır. Bununla belə, məsələn, təqsirləndirilən şəxsin birinci dəfə CM-nin 72-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi onun sonradan CM-nin 73 və ya 73-1 və ya 73-2, yaxud da 74-1-ci maddəsinə əsasən cinayət məsliyyətindən azad edilməsini istisna etmir. Şərt odur ki, qanunvericilikdə məsuliyyətdən azad etmə haqqında nəzərdə tutulmuş bu və ya digər norma şəxs haqqında bir dəfə tətbiq edilir. Məsələn, şəxs CM-in 73 və ya 73-1-ci  maddələrində göstərilən bir neçə cinayəti törətdikdə və həmin cinayətlər üzrə birgə icraat aparıldıqda eyni bir qərar ilə cinayət məsuliyyətindən azad edilir (edilə bilər). Əsas odur ki, həmin cinayətlərin törədilməsi müvafiq qərarın qəbul edilməsindən əvvəl istintaqa məlum olsun. Əks halda CM-72-ci maddəsinin qeydinə görə mümkün deyil. Bu baxımdan da əgər şəxs araşdırma üzrə CM-in 73.2-ci maddəsi ilə nəzərdə tutulan hər hansı bir və ya bir neçə maddə ilə azad olunduqdan sonra, həmin qərar qəbul edilməzdən əvvəl CM-in 73.2-ci maddəsi ilə nəzərdə tutulan digər cinayəti və ya cinayətləri də törətmiş olduğu müəyyən edilərsə, təqsirləndirilən şəxs zərərçəkmiş şəxs(şəxslərlə) barışıq əldə edərsə o, həmin maddə (maddələr) ilə də cinayət məsuliyyətindən azad edilməlidir. Habelə şəxs əvvəllər bu maddələrdə qeyd olunan hər hansı bir maddənin qeydi ilə məsuliyyətdən azad olunmuşdursa, o, yeni qeydə əsasən də təkrarən məsuliyyətdən azad oluna bilər. Ona görə ki, şəxs xüsusi əsasla məsuliyyətdən azad olunub, CM- 72-ci maddəsinin qeydi isə ümumi əsaslarla cinayət məsuliyyətindən azad etməyə məhdudiyyət qoyub.(Məsələn CM-nin 213.1-ci maddəsi ilə məhkəmədə məsuliyyətdən azad olunmuşdursa, o, yeni qeydə əsasən CM-nin 213.1-ci maddəsi ilə məsuliyyətdən azad oluna bilər).

  CM-in 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.(səlahiyyət verici normadır) Bu normanın mənasına görə, həmin maddədə CM-in 73.2-ci maddəsində göstərilmiş və eyni zamanda CM-in Xüsusi hissəsinin hər hansı maddəsinin “Qeyd” hissəsində törədilməsinə görə cinayət məsuliyyətindən azad etmənin şərtləri müəyyən edilmiş (məsələn CM-in 263-cü maddəsininin “Qeyd” hissəsi) cinayətlər istisna olmaqla digər, yalnız bir obyektə(zərərçəkmiş şəxsin əmlakına və ya onun sağlamlığına) qəsd edən böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərdə tutulur.  Məsələn, CM-in 264-cü maddəsində(böyük ictimai təhlükə törətməyən cinayət) nəzərdə tutulmuş cinayət bir obyektə yox, iki obyektə, yəni yol hərəkəti qaydalarına və zərərçəkmiş şəxsin sağlamlığına və həyatına qəsd etdiyindən, həmin maddədə göstərilən cinayəti törətmiş şəxsin CM-in 73.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi mümkün deyil. CM-in 73.1-ci maddəsində nəzərdə tutulmuş normanın dispozitiv xarakter daşıdığını nəzərə alaraq məhkəmələr qeyd olunan cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi məsələsini müzakirə edərkən ilk növbədə təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışması və ona vurulmuş ziyanı ödəməsi halları ilə yanaşı iş üzrə müəyyən edilmiş digər halları – məsələn, cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsi səciyyələndirən halları, cinayətin törədilməsi şəraitini, təqsirləndirilən şəxsin həm bundan əvvəl, həm də bundan sonrakı davranışını nəzərə alaraq bu hallara uyğun olan obyektiv və ədalətli qərar qəbul etməlidirlər.

  AR CM-in 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.  CM-nin 73-1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 73-1.2-ci madəsinin məzmunundan görünür ki, şəxs bu maddələrdə göstərilmiş cinayətləri törətməsi ilə əlaqədar o halda cinayət məsuliyyətindən azad edilir ki, həmin şəxs: 1) zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödəsin; 2) zərər çəkmiş şəxslə barışsın; 3) dövlət büdcəsinə vurulmuş zərərin bir mislində ödəniş etsin. Cinayətin iki və daha çox şəxs tərəfindən törədildiyi hallarda zərər çəkmiş şəxsə vurulmuş zərər müştərək qaydada da ödənilə bilər, lakin təqsirləndirilən şəxslərin hamısının məsuliyyətdən azad olunmaları barədə qərarın qəbul edilməsi üçün onların hər birisi ayrı-ayrılıqda zərər çəkmiş şəxslə barışıq əldə etməli və hər birisi də dövlət büdcəsinə ödəniş etməlidir. Vurulmuş zərərin bir mislində ödənişin təqsirləndirilən şəxslər tərəfindən müştərək qaydada dövlət büdcəsinə edilməsi onların hamısının məsuliyyətdən azad edilməsinə əsas vermir ona görə ki, qeyd olunan maddənin dispoziyasında “ödəniş edildikdə” deyil, “təqsirləndirilən şəxs ödəniş etdikdə” ifadələrindən istifadə olunmuşdur ki, bu ifadələrin mənasına görə də dövlət büdcəsinə ödənişin edilməsi hər bir təqsirləndirilən şəxsdən tələb olunur.[21]

  Nəzərinizə çatdıraq ki, CPM-də cinayət təqibə xitam verilməsi əsasları 2 maddədə-CPM-in 39 və 40-cı maddələrində göstərilmişdir.  CPM-in 39-cu maddəsi cinayət təqibini istisna edən halları, 40-cı maddəsi isə cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları təsbit etmişdir. CPM-in 39-cu maddəsində nəzərdə tutulan hallarda cinayət təqibinə xitam verilməsi cinayət təqibi orqanının və məhkəmənin vəzifəsi olduğu halda, ikincisində hüququdur. AR CM-də göstərilən cinayət məsuliyyətindən azad etmə halları da imperativ və səlahiyyətverici olmaqla iki cürə idi. Görürük ki, həmin halların bəziləri CPM-in 39-cu maddəsinin ayrı-ayrı bəndlərində eyni məzmunda göstərilmiş, bəziləri isə həmin maddənin 11-ci bəndində ümumi verilmişdir. Yəni cinayət məsuliyyətindən azad etmə halları CPM-də cinayət təqibinə xitam verilməsi əsaslarıdır. Bura qədər hər şey sadədir. Belə ki, bu halların mövcudluğu halında məhkəməyəqədər mərhələdə CPM-in 41-ci, məhkəmə mərhələsində CPM-in 43-cü maddəsində göstərilən qaydada cinayət təqibinə və ya cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılır. Bütün bunlardan sonra bizə aydın olur ki, CPM-in 40.2-ci maddəsindəki üç hal, həm də cinayət məsuliyyətindən azad etmə halı kimi də qiymətləndirilə bilər. Məsələn, CPM-in 43.3-cü maddəsi CPM-in 40.2-ci maddəsinə göndərmə edir.

  Cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi AR CPM-in müddəalarına uyğun üç növə bölünür : xüsusi, ictimai xüsusi və ictimai ittiham qaydasında həyata keçirilən cinayət təqibi (ARCPM-in 37.1-ci maddəsi). AR CPM-in 37.2 və 73.4-cü maddələrinin müqayisəli təhlili AR CM-in 73.1-ci maddəsinin cinayət təqibinin növündən asılı olaraq tətbiqinin fərqli olduğunu deməyə imkan verir. Belə deyək ki, əgər barışıq zərərçəkmişin iradə ifadəsidirsə, ziyanın ödənilməsi dövlətin məcburi tələbidir. AR CM-in 73 və 73-1-ci maddələrində ictimai-xüsusi və ictimai ittihamlı işlər üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasından danışılır, çünki xüsusi ittihamlı işlər üzrə belə barışma əldə edildikdə cinayət təqibi tam istisna olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Qərarında qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilmiş şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir. Tərəflərin barışması halının yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmələrə bütün hallarda zərərçəkmişə onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini qaldırdığı şəxslə barışmaq hüququnun olmasını izah etmələri tövsiyə edilir. Bu hüququn olması barədə izah həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının hər hansı mərhələsində, lakin məhkəmə müşavirə otağına gedənədək verilə bilər.[17] Xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Belə şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Xüsusi ittiham qaydasında cinayət təqibi zamanı xüsusi ittihamçı məhkəmə istintaqı başlananadək AR CPM-in 179 və 181-183-cü maddələrində nəzərdə tutulmuş qaydada maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia verdikdə məhkəmə həmin iddiaya baxmalı və məhkəmə baxışı ittiham hökmünün çıxarılması ilə nəticələndikdə hökmdə iddianın tam və ya qismən təmin edilməsi, yaxud da rədd edilməsi haqqında qərar qəbul etməlidir.

  AR CPM-in 37.3-cü maddəsində göstərilən cinayətlərin cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında aparılır. Göstərilən cinayətlərin əksəriyyəti AR CM-in 73.2 və 73-1.1-ci maddələrində göstərilmişdir. AR CM-in 37.3-cü maddəsində sadalanan digər böyük ictimai təhlükə törətməyən cinayətlər isə CM-in 73.1-ci maddəsində göstərilən şərtlər mövcud olduqda cinayət təqibinə və ya cinayət işi üzrə icraata xitam verilməsi cinayət təqibi orqanının və ya məhkəmənin vəzifəsi yox hüququ olacaqdır. Yerdə qalan digər cinayətlər az ağır və ağır cinayətlər olduğu üçün 73.1-ci maddə onlara şamil edilmir. Lakin təcrübədə görürük ki, AR CM-in 73.2-ci maddəsində göstərilən cinayətləri törətmişlər şəxslər barəsində cinayət təqibinə AR CPM-in 40.2-ci maddəsinə istinad etməklə xitam verilir. Bizə görə bu yol verilməzdir. Çünki CM-in 73.2-ci maddəsində göstərilən cinayətlər üzrə cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında aparılır. Və CPM-in 37.4-cü maddəsinə görə, ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə, AR CM 73 və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışmalı ilə əlaqədar xitam verilə bilməz. Göründüyü kimi, icimai-xüsusi ittihamı cinayət təqibə xitam vermək üçün barışıq dan əlavə zərərin ödənilməsi, əməlin böyük ictimai təhlükəli olmayan əməl olması da vacibdir. Amma CPM-in 40.2-ci maddəsi isə yalnız bir halın olması şərti ilə cinayət təqibinə xitam verilməsini mümkün edir. Belə çıxır ki, CPM-in 40.2-ci maddəsi cinayət təqibi  icimai-xüsusi ittiham qaydasında aparılan cinayət işlərinə tətbiq edilə bilməz. Lakin burda bir məqam da diqqət çəkir. Zərərin ödənilməsi mütləqdir mi?  Yəni zərərin ödənilməsinin tələb edilməsi zərərçəkmişin iradəsinə buraxılmışdır yoxsa hər bir halda qanunvericinin mütləq tələbidir mi?

  AR CPM-in 37.6-cı maddəsinə görə xüsusi və ictimai-xüsusi ittihama aid edilməyən cinayətlər üzrə cinayət təqibi ictimai ittiham qaydasında aparılır. AR CM-in 73.1-ci maddə o zaman tətbiq edilir ki, ictimai ittiham qaydasında cinayət təqibi böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə həyata keçirilsin.

  AR Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli Qərarında cinayət və cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş barışıq institutu fərqləndirilir. Yəni CM-in 73-cü maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə institutu AR CPM-in 37.2-ci maddəsində nəzərdə tutulan prosessual barışma institutundan fərqlənir. Fərq kimi AR CM-in 73-cü maddəsində göstərilən bir neçə şərtin eyni vaxtda mövcudluğu halında cinayət məsuliyyətindən azad etmənin mümkün olduğu halda, AR CPM-in 37.2-ci maddəsinə görə isə yalnız  barışığın olmasının kifayət olması göstərilir. Qərarın nəticə hissəsinə görə AR CPM-in 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmalı ilə əlaqədar xitam verilə bilməz. Maddələrin məntiqi təhlili bizə də eyni nəticəyə gəlməyə imkan verir. Lakin Qərarda deyilir ki, ictimai ittiham qaydasında cinayət təqibi böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə də həyata keçirilir. Cinayət-prosessual qanunvericilikdə ictimai ittiham qaydasında cinayət təqibi zamanı zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması əsasında icraata xitam verilməsinə heç bir məhdudiyyət qoyulmamışdı.  Əksinə, AR CPM-in 40 və 43-cü maddələrinin müddəalarına görə bu əsaslarla ictimai ittiham qaydasında cinayət təqibinin həyata keçirilməsi və ya ona xitam verilməsi istisna olunmur. Biz bu hissə ilə razılaşa bilmirik. AR CPM-in  37.1-ci maddəsinə görə,  cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi üç növə bölünür. Aydındır ki, ictimai ittiham ictimai təhlükəliliyi ağır olan cinayətlər üzrə aparılır. İctimai ittiham üzrə cinayət təqibi, bir qayda olaraq, yalnız zərərçəkmiş şəxsin hüquq və qanuni maraqlarına deyil, bütövlükdə cəmiyyət və dövlətin ictimai əhəmiyyət kəsb edən maraqlarına xələl yetirən cinayət əməlləri ilə bağlı həyata keçirilir. Burda sual yaranır. Əgər ictimai-xüsusi ittihamda ağır və az ağır cinayətlər üzrə  barışıq əsasında cinayət təqibinə xitam verilə bilməzsə, bu, ictimai ittihamda ağır və az ağır cinayətlər üzrə necə mümkündür?! (Bu baxımdan CM-in 40.2-ci maddəsində göstərilən halların tətbiqi təcrübəsi də maraqlıdır)

 

  İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI

  1. 1. Səməndərov F.Y. Cinayət hüququ. Ümumi hissə. Bakı, “Hüquq Yayın Evi”, 2015. 750 s.(518)
  2. 2. http://www.barobirlik.org.tr/dosyalar/duyurular/hsykkanunteklifi/recR(85)11e.pdf
  3. 3. Tanrıver, Süha, “Hukuk Uyuşmazlıkları Bağlamında Alternatif Uyuşmazlık Çözüm Yolları ve Özellikle Arabuluculuk”, Türkiye Barolar Birliği Dergisi, S.:64, Ankara Mayıs-Haziran 2006, s.151-152; Tanrıver, Süha, “Alternatif Uyuşmazlık Çözüm Yolları: Arabuluculuk Kurumuna Hukukî ve Sosyolojik Bir Bakış”, Prof. Dr. Fikret Eren’e Armağan, Ankara 2006, s.821-822.
  4. 4. “Türk hukukunda və mükayiseli hukukda uzlaşma”Nuri Berkay Özgenç.İstanbul-2013.səh.4
  5. 5. Aertsen-Mackay-Pelikan-Willemsens-Wright, s.9
  6. 6. Çetintürk, Ekrem, Onarıcı Adalet, Ankara 2008, s.60.
  7. 7. Robinson, Gwen, Victim-Offender Mediation: Limitations and Potential, Oxford 1996, s.10.
  8. 8. Özbek, Veli Özer, Ceza Hukukunda Suçtan Doğan Mağduriyetin Giderilmesi, Ankara 1999., s.119,121,122
  9. 9. Şahin, Cumhur, Ceza Muhakemesi Hukuku I, Ankara 2007, s.785
  10. 10. Zafer, Hamide, “Ceza Muhakemesi Hukukunda Özelleşme Eğilimi: Uzlaşma”s.118.
  11. 11. Soygüt Arslan, Mualla Buket, Türk Ceza ve Ceza Usul Hukukunda Uzlaşma Kurumu, 1. Bası, İstanbul 2008.s.43
  12. 12. Özbek, Mustafa, Alternatif Uyuşmazlık Çözümü, Genişletilmiş 2.Bası, Ankara 2009s.137.
  13. 13. Dölling, s.17; Kaymaz-Gökcan, s.70; Soygüt-Arslan, s.45; Sezer, s.38; İpek-Parlak, s.24.

14. Prof.Dr.Feridun Yenisey, Yrd.Doç.Dr.Gottfried Plagemann “Alman Ceza Kanunu”,Strafgesetzbuch. Beta.2015 s.37

15. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair”ARKMPQ  http://www.constcourt.gov.az/decisions/207

  1. 16.Azərbaycan Respublikası Cinayət Məcəlləsi. http://www.e-qanun.az/code/11
  2. 17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Qərarı
  3. 18. AŞ Nazirlər Komitəsi tərəfindən 15 sentyabr 1999-cu il tarixində qəbul edilmiş “Cinayət işlərində mediasiyaya dair” № R (99) 19 saylı Tövsiyəsi
  4. 19. http://www.resmigazete.gov.tr/eskiler/2017/08/20170805-4.htm . “Ceza Muhakimesinde uzlaştırma Yönetmeliği” (74 maddə)
  5. 20. Vəliyev X.R.Dövlət ittihamının müdafiə edilməsinin müasir problemləri. Dərs vəsaiti. Bakı.Hərbi nəşriyyatı. 2014. Səh 199
  6. 21. http://www.supremecourt.gov.az/post/view/871