Nəşrlərimiz
 
 
— "AYNHA Hüquq Jurnalı" (IV Sayı) UŞAQ HÜQUQLARINA YANAŞMALAR VƏ UŞAQ HÜQUQLARI KONVENSİYASININ MÖVQEYİ
 

27-04-2018, 12:26

 

"AYNHA Hüquq Jurnalı" (IV Sayı) UŞAQ HÜQUQLARINA YANAŞMALAR VƏ UŞAQ HÜQUQLARI KONVENSİYASININ MÖVQEYİ

  Müəllif: Nərmin Əmirova

  "Dokuz Eylül" Üniversitesi

 

  UŞAQ HÜQUQLARINA YANAŞMALAR VƏ UŞAQ HÜQUQLARI KONVENSİYASININ MÖVQEYİ

 

  Uşaq hüquqları ilə məşğul olanlar, ilk olaraq bu sahədəki hər kəsin uşaq hüquqlarına münasibətdə onlarla eyni fikirdə olduqlarını düşünürlər. Lakin bir qədər dərinə getdikdə yanaşmalarda fərqliliklər olduğu üzə çıxır. Uşaq hüquqlarına yanaşmada fikir ayrılıqları, əsasən, üç məsələ ilə bağlıdır: uşaqlıq obrazı, yetkinlik müzakirələri və uşaqların malik olduqları hüquqlar.[1] Bu fikir ayrılıqlarından irəli gələn uşaq hüquqları ilə bağlı fərqli yanaşmalar isə, adətən, dörd qrupda - dörd düşüncə məktəbində toplanır: paternalizm, libertarianizm, sosial yardım və emansipasiya.

  Uşaqlıq obrazına dair müzakirələr uşağın hazırda “var” olub-olmadığı barəsindədir; bəzilərinə görə, uşaq “burada və indi var”, digərlərinin fikrincə isə uşaq “gələcəkdə olacaq”dır.[2] “Uşaqlar gələcəyimizdir” və s. kimi uşaqların gələcəyi təmsil etməsi düşüncəsini ehtiva edən sloganlarla tez-tez rastlaşırıq.

  Fikir ayrılıqlarının ortaya çıxdığı ikinci kontekst, uşaqların yetkin olub-olmadıqları barəsindədir. Onlar öz qərarlarını verməyə qadirdirlərmi? Yoxsa həyatla bağlı təcrübələri olmadığı və ya az olduğu və hələ tam formalaşmadıqları üçün yetkin deyildirlər? Yetkin olmadıqlarını sübut etmək yükü kimin üzərinə düşür?

  Nəhayət, sonuncusu isə uşaqların malik olduqları hüquqların dairəsi və ya hüquqlar arasındakı iyerarxiya ilə bağlı fərqli yanaşmalardan irəli gəlir. Uşaq Hüquqları Konvensiyasının məzmunundakı hüquqlar, adətən, üç başlıq altında yığcamlaşdırılır: müdafiə hüquqları (məsələn, zorakılıq və istismara qarşı), təminat hüquqları (məsələn, təhsil hüququ və ya səhiyə xidmətlərindən istifadə hüququ) və iştirak hüquqları (məsələn, məlumat əldə etmək hüququ və ya ifadə azadlığı). Qeyd etdiyimiz düşüncə məktəbləri bu uşaq hüquqları qruplarından hansının birinci dərəcəli olduğu və yaxud müəyyən qrup hüquqların əslində olmamalı olduğu barəsində bir-birilərinə zidd nöqteyi-nəzərə malikdirlər.

[1] Karl Hanson, Childern`s Rights From Below, s. 63.

[2] Daha geniş məlumat üçün baxın: Emma Uprichard, Children as ‘Being and Becomings’: Children, Childhood and Temporality Emma Uprichard.

 

  Uşaq hüquqlarına dair bu düşüncə məktəblərini bir-bir gözdən keçirək və yanaşmalarını təhlil edək. Paternalizmdə uşaqlıq obrazı və ya uşağa yanaşmanın əsas forması “olacaqdır” şəklindədir. Uşaqlar böyüməkdədirlər və gələcəkdə yetkin vətəndaşlar, insanlar olacaqdırlar. Onlar məntiqli, rasional qərarlar verməkdə qeyri-yetkindirlər, çünki hələ inkişafları başa çatmayıb və tam kamil deyildirlər. Uşaqlar özlərini qoruya bilmədikləri və həssas qrup olduqlarından ailə, dövlət və digər ictimai institutlar tərəfindən qorunmağa ehtiyacları vardır.  Eyni zamanda, hazırkı və gələcək maraqlarına dair kifayət qədər fikir sahibi olmadıqlarından gələcəklərini risk altına ala biləcək qərarları ilə əlaqədar özlərindən və həmçinin, valideynlərin istismar və zorakılığından qorunmalıdırlar.  Bu səbəblərlə, uşaqların malik olduqları prioritet hüquqlar müdafiə hüquqlarıdır.

 

  Uşaq hüquqlarına dair ikinci düşüncə məktəbi olan libertarianizm bəzən anti-paternalizm də adlanır, çünki tamamilə paternalist yanaşmaya əks mövqedə durur. Bu mövqe, uşağın “var” olduğu yönündədir: bəli uşaq “var, buradadır və indi əhəmiyyətlidir”. Uşaq digər hər kəs kimi yetkindir, rasional qərarlar verməyə qadir yetkin vətəndaşdır. Niyə qeyri-yetkin olmalıdır ki? Və əlbəttə ki, hüquqlara malikdir; bunlar uşağın cəmiyyətdə yetişkinlərlə eyni qaydada iştirak etmək hüquqları və muxtariyyət hüquqlarıdır.

 

  Paternalizm və libertarianizm bir-birinə kəskin əks mövqelərə malik olmaqla radikal düşüncə məktəbləridir. Sosial yardım və emansipasiya düşüncə məktəbləri nisbətən mülayim yanaşma ortaya qoymaqla onların arasında durur. Sosial yardım baxış bucağına görə, uşaq “olacaq” və həm də “var”dır. “Olacaq”, çünki, biz uşağın gələcəyini, inkişafını, gələcək şanslarını nəzərə almalıyıq. Lakin, eyni zamanda, uşaq “var”.Təməl nöqteyi-nəzərdən uşaq qeyri-yetkin hesab edilir, lakin bəzi hallarda yetkin olduğu sübut edilə bilər. Nümunəyə baxsaq, ümumi hal olaraq, 12 yaşlı uşaq yanlarında hər hansı bir yetişkin olmadan dostları ilə birlikdə meşəyə getmək qərarını verə bilməz, lakin uşağın yaşayış yerinin meşəyə yaxın olması və doğulandan etibarən burada yaşaması, daha öncədən meşəyə yetişkinlərlə getmiş olması və mühitə bələd olması kimi hallar onun bu məsələdə yetkin olduğunu sübut edir və konkret uşaq halında bu yolveriləndir.  Və üçüncü məsələyə gəldikdə, uşağın müdafiə, təminat və iştirak hüquqları vardır; o Konvensiyadakı bütün hüquqlara malikdir. Uşağın bu hüquqlarına sosial yardım düşüncə məktəbi aşağıdakı sıra ilə yanaşır: ilk növbədə, uşaq yetərincə qorunurmu? Daha sonra, onların təhsil, səhiyyə və sosial yardım strukturlarına çatımlılığı varmı? Və ən sonda, hüquqlarının müdafiəsinin təşkilində iştiraklarına izn verilirmi və ya bu iştirak təmin edilirmi? Beləliklə, uşağın malik olduğu hüquqlar sırasına görə əhəmiyyət daşıyır.

 

  Uşaq hüquqlarına dair düşüncə məktəblərindən sonuncusu emansipasiyadır. Bu yanaşmada ilk baxışda sosial yardım yanaşması ilə oxşar nüanslar və tarazlıq müşahidə edilir, lakin bu oxşar məzmunla bağlı emansipasiyaçıların sıralama və prioritetləri tərsinədir. Emansipasiyaçılara görə, uşaq hazırda, yəni “burada və indi var” və gələcəkdə də”olacaq”dır. Əksi sübut edilmədikcə, uşaq yetkindir, başqa sözlə, uşağın yetkin olması prezumpsiyadır (qaydadır), qeyri-yetkinlik istisna hal kimi ola bilər və burada sübut etmə yükünü daşıyan tərəf də uşağın qeyri-yetkinliyini iddia edəndir. Hüquqların vaciblik sıralaması iştirak hüquqları ilə başlanır və bu qrupdakı hüquqların təminat və müdafiə hüquqlarından daha vacib olduqları qəbul edilir. Nümunə ilə açıqlasaq, uşağın işləyib yetişkinlər kimi cəmiyyətdə aktiv rol oynamaları və özlərini gerçəkləşdirmələri baxımından, ilk öncə, uşağın işləmək hüququ tanınmalı və təmin edilməlidir. Daha sonra isə bu iş şəraitinin adekvat olması, sosial təminat və əməyin mühafizəsi, eyni zamanda bu işləməyin istismara çevrilməməsi məsələləri diqqətə alınmalıdır.

 

  Qeyd edilən düşüncə məktəblərini və onların uşaq hüquqları ilə bağlı məsələlərə yanaşmalarını müəyyən qədər aydınlaşdırdıqdan sonra, onlarda olan çatışmazlıqlara dair tənqidi yanaşmanı ortaya qoya bilərik.

  İlk olaraq, paternalizmin sadəcə uşaqların müdafiə hüquqlarına fokuslanması, bu müdafiədə uşaqların özlərinin iştirakını və ümumiyyətlə, uşaqların iştirak hüquqlarını gözardı etməsi qəbuledilən deyildir, çünki uşaqların iştirak hüquqlarına malik olması və bu hüququn həyata keçirilməsinin əhəmiyyəti uzun müzakirələr və təcrübələr sonrasında gəlinən qənaətdir.

  Uşaqlara hörmət etmək və onları maraqlandıran, narahat edən məsələlərdə məsələlərdə iştirak etmək imkanı verilməsi, fikirlərinin dinlənilməsi və diqqətə alınması onlarda özünəinam, idrak qabiliyyəti, sosial bacarıqlar və başqalarına hörmətin inkişafına kömək edir. İştirakın bir forması olaraq, uşaqların klublara, komitələrə, qeyri-hökumət təşkilatlarına (QHT-lərə), şuralara və digər ictimai təşkilatlara cəlb edilmələri vətəndaş cəmiyyətinin gücləndirilməsinə, cəmiyyətin inkişafına necə töhfə verməyi və eyni zamanda, müzakirələr aparmağı öyrənmək imkanı verir, burada bir araya gələn müxtəlif mənşələrdən olan uşaqlarda aidiyyət, həmrəylik, ədalət, məsuliyyət, qayğı və həssaslıq hissi yaradır, onları fərqliliklərə hörmət etməyə, mübahisə və münaqişələri sülh yolu ilə həll etməyə təşviq edir.[3]

[3] Gerison Lansdown, Every child`s right to be heard, s. 5.

 

  İştirak hüququ (fikirlərini ifadə etmək və onların diqqətə alınması hüququ) şiddət, istismar, təhlükə, ədalətsizlik və ya ayrı-seçkilik hallarının qarşısını almaq üçün güclü vasitə olmaqla, həmçinin paternalistlərin önəmlə üzərində durduqları müdafiə hüququnun da daha səmərəli şəkildə həyata keçirilməsinə kömək edir; belə ki, uşaqlar, adətən, şiddətdən qorunmaq hüquqlarının və şiddətə məruz qaldıqda bu vəziyətlə mübarizə aparmaq üçün hansı qoruma mexanizmlərinin olduğu barədə məlumatlardan məhrum edilirlər. Beləliklə, uşaqların susması şiddət tətbiq edənlərin qorunmasına gətirib çıxarır. Lakin, əgər onlar baş verənləri dilə gətirməyə təşviq edilsələr və zəruri mexanizmlərlə təmin olunsalar, müdafiə edilmələri daha asan olar və həmçinin, uşaqların özlərinin müdafiəsində iştirak etmələrindən əldə edilən özünəinam onları hüquqlarının pozulmasına etiraz etmək üçün gücləndirəcəkdir.[4]

[4] Lansdown, Every child`s right to be heard, s. 7.

 

  Libertarianizm düşüncə məktəbinin uşaqları tam yetkin hesab etmələri (əslində, bu libertarianlar arasında da mübahisəli və şübhəylə yanaşılan fikirdir[5]) və müdafiə hüququnun əhəmiyyətsizləşdirilməsi kateqorik bir hüququ sahəsi kimi uşaq hüquqlarının köklərini zəiflədə bilər, çünki bu qrup hüquqlar tarixən məhz uşaqların fiziki, əqli, sosial və s. yönlərdən hələ inkişaf etməkdə olan həssas qrup olmaları və bu səbəblə özlərinin və hüquqlarının xüsusi qanunvericiliklə qorunmalı olduğu ideyası ilə ortaya çıxmış və təməldə buna əsaslanmışdır. Uşaqların qərar qəbulunda yetkin və muxtar olduqları düşüncəsi onların yetişkinlərlə eyniləşdirilməsi, xüsusi qrup olmalarının inkarı mənasını verir və uşaq hüquqlarının mövcudluq əsaslarını ortadan qaldırmış olur.

Sosial yardım və emansipasiya düşüncə məktəblərinin vacibliyə görə fərqli hüquq sıralamaları isə mütləq bir standard hesab edilə bilməz, fikrimcə, bu sıralama konkret ölkə və ya regiondakı müvafiq mövzuyla əlaqədar vəziyyətdən asılıdır və buna görə də elastik və vəziyyətə uyğun dəyişdirilə bilən olmalıdır. Məsələn, uşaq əməyi istismarının yüksək həddə olduğu ölkələrdə uşağın bu istismardan qorunması və nəticədə, müdafiə hüququ uşağın işləmək hüququ ilə müqayisədə prioritet məsələdir. Uşaq əməyi istismarının nadir və ya az görüldüyü və nəzarət altına alındığı ölkələrdə isə prioritet dəyişə bilər. Başqa bir nümunə, birləşmək (birliklər yaratmaq və ya bu cür birliklərdə iştirak) hüququnun həyata keçirilməsi uşağın təhsil hüququndan tam yararlanmasına mane olursa, burada təminat hüququnun yoxsa iştirak hüququnun daha vacib olması müzakirə edilə bilər və bu vaciblik yenə konkret situasiyadan (təhsilin mövcud keyfiyyət və səmərəlilik səviyyəsi, birləşmək hüququnun uşaq üçün faydalı nəticələri və s. amillər) asılılıq göstərərək dəyişə bilər.

[5] Daha geniş məlumat üçün: https://edphilosopher.wordpress.com/2010/02/01/murray-rothbard-libertarianism-and-why-children-are-not-simply-houseguests/ , 04.02.2018.

 

  İndi isə, fikir ayrılıqlarının və uşaq hüquqlarına yanaşmada fərqli düşüncə məktəblərinin ortaya çıxmasının təməlində duran bu üç məsələyə Uşaq Hüquqları Konvensiyasının[6] yanaşmasını aydınlaşdıraq.

Uşaq Hüquqları Komitəsinin hazırladığı Konvensiyanın 12-ci maddəsi üzrə “Uşağın eşidilmək hüququ”na dair  12 saylı[7] və 3-cü maddənin 1-ci bəndi üzrə “Uşağın ümdə mənafeyinin ilk növbədə nəzərə alınması hüququ”na dair 14 saylı[8] Ümumi Tövsiyəyə görə, “uşağın ümdə maraqları və eşidilmək hüququ müzakirə edildiyi zaman uşağın inkişafda olan qabiliyyətləri nəzərə alınmalıdır. Uşağın məlumatlılığı, təcrübələri və dərketməsi inkişaf etdikcə valideynlər, qəyyumlar və uşağa görə hüquqi olaraq məsuliyyət daşıyan digər şəxslərin uşağı istiqamətləndirməsi və ona bələdçiliyi xatırlatma və tövsiyələrə, daha sonra isə bərabər səviyyədə fikir mübadiləsi ilə əvəzlənməlidir. Uşaq böyüdükcə fikirləri də ümdə maraqlarının müəyyənləşdirilməsində daha çox diqqətə alınmalıdır.”

[6]http://miqrasiya.nakhchivan.az/en/images/stories/konvensiyalar/7.pdf, 04.02.2018.

[7]http://www2.ohchr.org/english/bodies/crc/docs/AdvanceVersions/CRC-C-GC-12.pdf , 04.02.2018.

[8]http://www2.ohchr.org/English/bodies/crc/docs/GC/CRC_C_GC_14_ENG.pdf  , 04.02.2018.

 

  Buradan, “Uşaq burada və indi var yoxsa gələcəkdə olacaqdır” şəklindəki birinci məsələdə Konvensiyanın yanaşmasının uşağın “olacaq”dan “var” olmağa doğru getdiyi şəklində olduğu qənaətinə gələ bilərik.

  Yetkinlik barəsindəki ikinci məsələyə gəldikdə, Konvensiyanın Preambulasındakı “fiziki və əqli cəhətdən yetkin olmadığına görə...” ifadəsi və 1-ci maddənin  “hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır, bir şərtlə ki, həmin uşaq barəsində tətbiq edilən qanuna görə o, yetkinlik yaşına daha əvvəl çatmış olmasın.” şəklindəki mətni Konvensiyanın bu barədəki mövqeyini açıq şəkildə ortaya qoyur.

  İlk növbədə qeyd etmək lazımdır ki, Konvensiya uşaq hüquqlarının vacibliyi ilə əlaqədar hər hansı bir sıralama etməmiş, hər üç qrupdan olan hüquqları ehtiva etmişdir. Konkretləşdirsək, Konvensiyanın Preambulasında tez-tez uşağın müdafiəsindən bəhs edilməsi və uşağın müxtəlif situasiyalarda müdafiəsinə dair kifayət qədər maddənin olması,  mətnində birbaşa ifadə edilməsə də, Uşaq Hüquqları Komitəsinin mətnə əsaslanaraq müəyyənləşdirdiyi dörd prinsipdən ikisinin yaşamaq və inkişaf etmək (təminat məsələlərini də ehtiva edir) və iştirak prinsipləri olması, Konvensiyanın hər üç qrup hüquqlara aşağı-yuxarı bərabər məsafədə durduğunu deməyə əsas verir.

  1.   1. Uşaq Hüquqları Konvensiyası
  2.   2. Uşaq Hüquqları Komitəsinin 12 saylı Ümumi Tövsiyəsi
  3.   3. Uşaq Hüquqları Komitəsinin 14 saylı Ümumi Tövsiyəsi
  1.   4. Emma Uprichard. Children as ‘Being and Becomings’: Children, Childhood and Temporality
  2.   5. Karl Hanson. Childern`s Rights From Below
  3.   6. Gerison Lansdown. Every child`s right to be heard
  4.   7. Murray Rothbard. Libertarianism, and Why Children Are Not Simply Houseguests