Nəşrlərimiz
 
 
— Patent qanunvericiliyinin (de lege ferenda) müqayisəli təhlili: patent müvəkkillərin statusu , yetərsiz məsuliyyət və bəzi institusional məsələlər kontekstində
 

18-09-2019, 11:31

 

Patent qanunvericiliyinin (de lege ferenda) müqayisəli təhlili: patent müvəkkillərin statusu , yetərsiz məsuliyyət və bəzi institusional məsələlər kontekstində

Müəllif: Zəhra Nəzərova

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, dövlət hüququ ixtisasının 1-ci kurs əyani magistrantı

 

Patent qanunvericiliyinin (de lege ferenda) müqayisəli təhlili: patent müvəkkillərin statusu , yetərsiz məsuliyyət və bəzi institusional məsələlər kontekstində

 

  MÜNDƏRİCAT

  Giriş

  I.Patent müvəkkilllərinin hüquqi statusuna dair milli normativ-hüquqi bazada bəzi boşluqlara münasibət

  II.Sənayə mülkiyyətinin mühafizəsində “yetərsiz” məsuliyyət. Kriminallaşdırma prosesində sovet dönəminin qalıq izləri A.Yetərsiz məsuliyyət cinayət-hüquqi aspektdə B.Patent hüquqlarının qorunmasında inzibati məsuliyyətin spesifikası

  III. Əqli Mülkiyyət Agentliyinin statusunun publik hüquqi şəxs qismində müəyyən edilməsi ilə bağlı həyata keçirilməli olan zəruri normativ tədbirlər

  IV.Patent hüquqları-universal və regional təminatlar sistemində A.Universal müqavilələr B.Regional sistemlər

  V. Patent hüquqlarının pozulmasına dair mübahisələrdə səlahiyyətli məhkəmə orqanlarının xüsusatları A.İxtisaslaşdırılmış dövlətdaxili prosessual mexanizmlər B.Beynəlxalq ədalət mühakiməsi orqanları: labüd perspektivlər.

  Nəticə

 

  Giriş

  Yaradıcılıq imkanları Tanrıdan verilmiş, məhz elə Onunla hüdudlanmış, şəxsiyyətdən ayrılmaz varidatdır.İntellektual mülkiyyət fövqəladə dərəcədə çoxcəhətlidir.İnsan dühası onun layiqli həyatı üçün təminat mənbəyidir.Sonuncu fikir həm də, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Cenevrədə yerləşən mənzil-qərargahının günbəzində həkk olunub.Adam Smitin dili ilə desək, onlar özləri əqli məhsullarının nəticəsini bəlli bir “əmtəəyə” çevirərək, öz yaşamlarını təmin edə bilməlidirlər. Hələ Missuri ştatının 1789-cu il tarixli Qanununda deyilirdi ki, insana onun ağlının əməyinin nəticəsi olan mülkiyyətdən daha “artıq”, əziz digər bir mülkiyyət ola bilməz. 1 Əqli mülkiyyət hüquqları qeyri-maddi təbiətli olduğundan, bir neçə məkanda realizə edilə bildiyindən və həm də subyektlər dairəsi qeyri-məhdud olduğundan məhz belə faktorlar çoxsaylı potensial hüquq pozuntularından xəbər verir.Bu məqamda məhz Volterin fikirləri nəzərimizdə canlanır: “Bunlar ocaqlarımızdakı oda bənzəyir: onu qonşudan götürüb, özümüzdə yandırıb, digərlərinə veririk və beləliklə hamıya məxsus olur...” 2 Hegelə görə, intellektual məhsul verimlilik və ya faydalılıq baxımından yararlı olub-olmamasından asılı olmayaraq dövlət tərəfindən tanınmalıdır.3 Bu mövqe təbii ki, utilitarian təhlillərə sipərdir.Yeri gəlmişkən əqli mülkiyyətin mənşəyi barədə nəzəriyyələrdən biri sayılan standart iqtisadi nəzəriyyənin əsas paraqdiqması məhz intellektual məhsulların ictimai faydalı olması və ictimai faydanı fərdiləşdirməsidir.4 Təsadüfi deyil ki, müasir iqtisadiyyat biliklərə əsaslanan iqtisadiyyat adlanır və onda yığılmış qeyri-maddi aktivlər maddi aktivlərlə müqayisədə heç də az rol oynamır, intellektual kapitalın özü isə əsas valyuta qismində çıxış edir.Bəllidir ki, əqli mülkiyyətin qorunması sərmayələrin qoyuluşunu, ticarəti həvəsləndirir. Bu qorunmanın səviyyəsi bir növ xarici investisiyanın hazırlıq şərtini, potensial istəyini təmsil edir.

 1. http://anl.az/el/Kitab/2016/Ar2013-2650.pdf (last visited 19 April, 2019)

 2. Yenə orada, 2-ci istinad.

 3. Jeanne L.Schroeder.Unnatural Rights: Hegel and Intellectual Property.Cardozo Law, Legal Studies Research Paper No.80 (2004)

 4. Cəbi Gülşən, AR-da əqli mülkiyyət hüququnun konstitusiya hüquqi tənzimi və təminatları. Dissertasiya avtoreferatı, 15

 Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 18-ci maddəsi fikir azadlığından bəhs etsə də, 19-cu maddədə məhz “şəxsi fikir” hüququna toxunulub: “Hər bir insanın şəxsi fikri olmaq, öz fikrini sərbəst ifadə etmək hüququ var. Bu hüquqa dövlət sərhədlərindən asılı olmayaraq hər cür informasiya və ideyaları axtarmaq, almaq, şifahi, yazılı, mətbuat, yaxud bədii ifadə formaları vasitəsilə, yaxud özü seçdiyi başqa üsullarla yaymaq azadlığı da daxildir.”Əqli mülkiyyət hüquqlarının qorunması dövlətin borcudur, fransız müəllif Şatobrianın təbiri ilə desək, burada “hüquq borcu doğmur, borc hüququ doğur”.5 Belə hüquqların qorunması ilə əlaqədar roman-german və ingilis-sakson hüquqi sistemlərində başlıca fərqlərə diqqət yetirsək, ilk növbədə 2-ci tip dövlətlərdə yaradıcılıq məhsulunun daha çox cəmiyyətin maraqlarına cavab verməsi (necessitas publica maior quam privata,yəni toplumun ehtiyacı fərdin ehtiyacını üstələyir.) şərtinin şişirdilməsinin şahidi ola bilərik.Burada daha çox ictimai faydalılıq önəmlidir.İkincisi, roman german hüquqi sistemində hüquqi təminatların və “toxunulmazlığın” bilavasitə yaradıcılıq məhsuluna yönəlik müəyyən edilməsi, ingilis-sakson hüquqi sistemində isə daha çox yaradıcının özünə fokuslanmanın şahidiyik.Nəhayət, qitə ölkələrinin qanunvericilik aktlarında hüquqi şəxslərin əqli mülkiyyət sahəsində hüquqlarının ilkinlikdən məhrum olmasını daha qabarıq şəkildə görə bilərik. 6 Məqalədə məhz ənənəvi intellektual mülkiyyətin növü kimi sənaye mülkiyyətinin mühafizəsi sahəsində “portfel” rolunu oynayan patentlə bağlı normativ baza tarixi-komparativ metodla təhlil edilir. Patentlər profilaktik maneə olmaqla sənayenin bütün sahələrində tərəqqi üçün təşviqat vasitələri hesab olunur.Onlar texniki innovasiya üçün əlverişli zəmin yaratmaqla bərabər, innovasiya sahəsində qüdrətin sübutudur və güclü rəqabət mövcud olan bazarlarda üstünlük əldə etmək üçün ehtiyatla istifadə edilə bilər.Bəzən isə ixtiranı patentlə mühafizə etmək çətin olur və ya onun qanunsuz istifadə olunmasını izləmək qeyri-mümkündür.Belə olan halda texnologiya sahibinə onu sirr olaraq saxlamaq daha sərfəlidir, nəinki “etibarsız” patent hüququ altında qeydiyyatdan keçirmək.Eləcə də prosedurun bahalı olması, müstəsna hüququn müddətlə məhdudlaşdırılması səbəbindən bəziləri sənaye mülkiyyəti obyektini qeydiyyata almamaq, nou-hau səviyyədə saxlayıb öz rəqabət qabiliyyətini saxlamağa üstünlük verirlər.Bununla belə, patentlər biznesin katalizatorudur və patent fondlarının köməyi ilə onlar ən yenilər barədə fasiləsiz informasiya mənbəyi kimi çıxış edir.Bir sözlə-patentin əhəmiyyətini anlamaq üçün A.Linkolnun “dövlət mülkiyyət çərçivəsini qorumaqla düha alovunu yanacaqla bəsləyir...”sözlərini xatırlamaq zənnimizcə, kifayət edəcək.

 5. Imanov Kamran , Əqli Mülkiyyət və Şəxsi Qeyri-Əmlak Hüquqları, 131 (2013)

 6. Yenə orada, 146

  I.Patent müvəkkilllərinin hüquqi statusuna dair milli normativ-hüquqi bazada bəzi boşluqlara münasibət

Azərbaycanda patent müvəkkillərinin statusu “Patent haqqında” 25 iyul 1997-ci il tarixli qanun (Bundan sonra-Qanun) və Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Patent müvəkkilləri haqqında” əsasnamə (Bundan sonra-Əsasnamə) ilə tənzimlənir.Tədqiqatımızın gedişində rastladığımız bir neçə təəsüfdoğurucu məqama diqqəti cəlb etmək niyyətindəyik:

  A) Sualdoğuran məsələlərdən biri patent müvəkkillərinin reyestrdən çıxarılma anının müəyyənləşdirilməsidir ki, zənn edirik, bunu ayırd etmək çətin məsələdir.Ardıcıllığı izləyək: Əsasnaməyə görə şikayət apellyasiya şurasının qərarı ilə təsdiq edildiyi halda, həmin qərardan qanunvericiliklə müəyyən edilmiş müddətdə məhkəməyə şikayət verilmədikdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Apellyasiya Şurasının qərarının ləğv edilməsi barədə şikayət təmin olunmadıqda, patent müvəkkili patent müvəkkillərinin dövlət reyestrindən çıxarılır 7.Göründüyü kimi həmin an burada Apellyasiya Şurasının qərarının “qüvvəsi” (bu ifadə altında əslində şikayət verilməməsi və ya məhkəmə tərəfindən həmin şikayətin təmin edilməməsini nəzərdə tuturuq) ilə bağlam yaradır. 2)Əsasnamənin 7-ci maddəsinə görə isə şikayətə baxılarkən onun üçün qoyulan tələbləri pozan patent müvəkkilinə qarşı xəbərdarlıq edilir; yenidən attestasiya edilir, nəticə qənaətbəxş olmadıqda reyestrdən çıxarılır-deməli,bu məqamda onun reyestrdən çıxarılma anı, sanki bir addım geriyə çəkilib. (Peczenik təsnifat modelinə8 əsasən “uyğunsuzluq” boşluğudur-“inconsistency gap”) Müvəkkilin reyestrdən çıxarılma anının aydın müəyyən edilməsi zərurəti görürük. Bu anlaşılmazlıqlardan (leges ab omnius intellegi debent-hərçənd bir az uzaqlaşdıq.) sadəcə biridir.

  B) Bəli, müvəkkillərin reyestrdən çıxarılma əsasları ilə bağlı razı olmadığımız bir neçə məsələyə toxunmaq gərəkdir.Əsaslar belədir: a)“vəkalət verənlə müqavilə şərtlərini kobud şəkildə pozması Apellyasiya Şurası tərəfindən təsdiq olunduğu halında (vəkalət verən tərəfindən əsaslandırılmış şikayət ərizəsi daxil olarsa)” Digər bir müstəqil əsas kimi: b)“yenidən attestasiyanın nəticələri qənaətbəxş olmadıqda”.9 Fikrimizcə, “b”-nin “a”-ya nisbətən müstəqil əsas kimi müəyyən edilməsi düzgün deyil.Axı çünki “a” bəndindəki hal onsuzda yuxarıda qeyd etdiyimiz 7-ci maddəyə görə “b” halını şərtləndirmək iqtidarındadır, həm də sual olunur-qanunvericilikdə yenidən atestasiyanı şərtləndirən digər bir əsas varmı ki?-yoxdur.Deməli, “a”-dan başqa yenidən atesstasiyanı şərtləndirən əsas yoxdursa “b” halının təsbiti gərəksizdir. Nəhayət göstərilənlərin (Əsasnamədə belə əsaslara həmçinin müvəkkilin vəfatı, digər pozuntulara yol verməsi və s. hallar aid edilib.)“əsas” kimi yox, məhz “səbəb” qismində müəyyənləşdirilməsini daha məqsədəmüvafiq hesab edirik, əsas qismində məhkəmə qərarı və ya Əqli Mülkiyyət Agentliyinin (Bundan sonra-Agentlik) qərarı çıxış edə bilərdi.Belə ki, qanunvericilik sahələrində “səbəb” və “əsas” anlayışları arasındakı belə incə cizgi heç də istisna olunmur.

  C) Təkliflərimizdən biri də belə səbəblər qismində əlavə olaraq “patent müvəkkilinin qanunvericiliyin tələbləri pozulmaqla müvafiq statusu əldə etməsi halı”nın təsbit olunmasıdır.(Çünki, attestasiyanın nəticələrini saxtalaşdıran müxtəlif hallar ola bilər və s.) Xitamla bağlı müxtəlif normativ-hüquqi aktlarda (dövlət qulluğu və s.) qeyd olunan səbəbi görsək də, təəsüf ki, reyestrdən çıxarılma ilə bağlı belə səbəbə yer verilməyib.Eləcə də bir sıra ölkələrin qanunvericiliyində belə səbəblər qismində müvəkkilin xəbərsiz itkin düşməsi, ölmüş elan edilməsi, məhkum edilməsi, barəsində tibbi xarakterli məcburiyyət tədbirlərinin tətbiq edilməsi,məhkəmə qərarı ilə fəaliyyət qabiliyyətsiz və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi hallarının bilavasitə göstərilməsinə baxmayaraq, (Halbuki,“Vəkillər və vəkillik fəaliyyəti haqqında” AR Qanununda belə hallar xitamla bağlı hallardandır10.) təəsüf ki, AR qanunvericiliyində yalnız “vəfat etmə halı” sonuncu əsas kimi göstərilərək, normanın dairəsi açıq saxlanılmamışdır.(məsələn, qanunvericiliklə müəyyən edilmiş digər hallara istinad belə yoxdur...) Ümumiyyətlə, müşahidə etdiyimiz budur ki, AR qanunvericiliyində fəaliyyətə xitam verilmə ilə bağlı demək olar ki, bütün normativ-hüquqi aktlar “qapalı norma” mövqeyindədir.(lakin bunu mübahisələndirməyəcəyik...) Uzun sözün qısası, qeyd etdiyimiz bu bir neçə səbəbin Əsasnamənin mətninə əlavə olunmasının vacibliyi qənaətindəyik. D)Yeri gəlmişkən, reyestrdən çıxarılma əsaslarından daha biri “patent müvəkkili tərəfindən məzmunu həqiqətə uyğun olmayan sənədlər və məlumatlar verildiyi” halıdır.Qeyd edək ki, maddənin qüvvədən düşmüş variantında “bilərəkdən” ifadəsi (mütləq şərt kimi) yer alsa da, sonradan dəyişiklik edilərək həmin ifadənin normanın mətnindən çıxarılmasını uğursuz addım hesab edirik, hansı ki, qanunvericilikdə müşahidə etdiyimiz daha dəqiq tənzimləmələr kifayət qədərdir-məsələn, “Korrupsiya haqqında” AR Qanununda maliyyə xarakterli tələblərə dair məlumatların verilməsinə münasibətdə məhz “qəsdən” ifadəsi işlədilib11 və s. kimi çox saylı aktlar fikrimizi təsdiq edəcəkdir...

  E) Vurğulanmalı olan məsələlərdən biri də patent müvəkkili ilə vəkalət verən arasında yaranan qarşılıqlı münasibətlər zamanı meydana gəlir, Əsasnamənin 2.2-ci maddəsinə görə vəkalət verən üzərinə düşən öhdəlikləri yerinə yetirmədikdə və ya Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarına, patent müvəkkilinin peşəkarlıq etikasına qarşı çıxan tələblər irəli sürdükdə, patent müvəkkili müqavilə ilə ondan aldığı tapşırığı yerinə yetirməkdən imtina edə bilər.Fəqət, patent müvəkkilləri ilə bağlı onların peşəkarlıq etikasına dair tələbləri müəyyən edən xüsusi normativ-hüquqi akt və ya norma müəyyən edilmədiyindən belə tələblərin nə olması adresatda kifayət qədər sual doğuracaq.İkincisi, əgər biz çıxış yolu kimi ən son vəziyyətdə “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnaməyə istinad etsək belə (bu kimi istinad dünya təcrübəsində istisna olunmayan olunmayan haldır), yenə də “Vəkillər və Vəkillik fəaliyyəti haqqında” Qanunda təsbit olunmuş- etika ilə bağlı “Vəkillərin Davranış Qaydaları haqqında” sözügedən Əsasnaməyə istinad edən heç olmasa hər hansı blanket normadan belə “məhrum” olduğumuzu görəcəyik. 

  F) Diqqətəlayiq digər bir məqam patent müvəkillərinin attestasiyası üçün rüsum prosedurlarıdır ki, təəsüf doğuran üç məqamın şahidiyik: Birincisi, Əsasnaməyə görə attestasiyadan keçmiş şəxs müvafiq bildirişi aldıqdan sonra 1 (bir) ay müddətində patent müvəkkillərinin qeydiyyata alınması, şəhadətnamə verilməsi və qeydiyyata alınmış patent müvəkkili barədə məlumatların dərc olunması üçün müəyyən edilmiş haqqın ödənilməsini təsdiq edən sənədləri Agentliyə təqdim etmədiyi təqdirdə attestasiyanın nəticələri ləğv edilmiş hesab edilir.12 Olduqca ədalətsiz mövqe hesab edirik-həm də nəzərə alsaq ki, həmin şəxs əsasnamənin həmin maddəsinin digər bir tələbinə əsasən il ərzində yalnız 1 dəfə attestasiyadan keçmək üçün müraciət edə bilər, belə olan halda attestasiyanın nəticələrinin ləğvinin birmənalı qəbul edilməsi ədalətsizdir.Özü də namizədin attestasiyada iştirak etməməsinin üzrlü səbəbləri tanındığı halda, rüsum üçün–yəni sonrakı prosedura münasibətdə üzrlü səbəblərin tanınmaması, fikrimizcə, məntiqi deyil...İkincisi, Əsasnamənin mətninə edilmiş 18.12.2018-ci il dəyişikliklərinə qədər burada blanket xarakterli norma kimi “AR Dövlət rüsumu haqqında” Qanuna istinad edilmişdi, ancaq həmin qanunda nə qeydiyyat,nə şəhadətnamənin verilməsi, nə də məlumatların dərci üçün uzun müddət idi ki, rüsum qüvvədə deyildi.Göstərilən tarixdən sonra guya vəziyyətdən çıxış yolu kimi “rüsum” dan yan keçilsə də, yenə də “haqqın” məbləğinin müəyyən edilməsi və ödənilməsi qaydasına istinad edən hər hansı bir norma görə bilmirik.Həmçinin nədənsə, müvafiq dəyişiklik edilərkən Əsasnamənin digər bir maddəsində təsbit olunmuş “ilkin olaraq ərizəyə qoşulmalı olan rüsum barədə sənəd” diqqətdən yayınmışdır, yəni attestasiya üçün həmin rüsumun da hansı aktla müəyyən edilməsi sual altındadır... Nəhayət üçüncüsü, Əsasnaməyə görə müəyyən edilmiş haqların ödənilməsini təsdiq edən sənədlər təqdim edildikdən sonra 3 (üç) gün müddətində şəxs patent müvəkkili kimi patent müvəkkillərinin dövlət reyestrində qeydiyyata alınır və ona şəhadətnamə verilir.Deməli, dərc üçün ayrıca haqq ödənilməsinə dair tələbin olmasına baxmayaraq, dərclə bağlı konkret müddət qanunvericilikdə öz əksini tapmayaraq məhdudlaşdırılmamışdır.Xatırlatmaq yerinə düşər ki, sözügedən nüanslarla bağlı “Sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində rüsumların və ödənişlərin məbləği və ödənilməsi Qaydasının təsdiq edilməsi haqqında” AR Nazirlər Kabinetinin Qərarı qüvvədən düşmüşdür.Qəribədir ki, 2019-cu il fevral dəyişiklikləri ilə “Dövlət rüsumu haqqında” Qanunda təkcə şəhadətnamə verilməsi üçün 10 manat rüsum müəyyən edildi və digər məsələlər yenə diqqətdən yan keçdi...

  7. “Patent müvəkkilləri haqqında” Əsasnamə, maddə 6 (2000)

  8. Aleksander Peczenik and Gunnar Bergholtz, Statutory Interpretation in Sweden, Sudbury, 313 (1991)

  9. “Patent müvəkkilləri haqqında” Əsasnamə, maddə 8 (2000)

  10. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunu, maddə 23, 28 dekabr 1999-cu il 

  11. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunu, maddə 6, 13 yanvar 2004

  12  “Patent müvəkkilləri haqqında” Əsasnamə, maddə 6 (2000)

 

  Patent müvəkkillərinin atesstasiyası ilə bağlı ixtisas dərəcəsinə (digər şərtlərə də) dair tələblərə kamparavistik yanaşma gərəyi duyuruq. Belə ki, milli qanunvericiliyə görə sənaye mülkiyyətinin mühafizəsi sahəsində xüsusi kurs bitirən və ya həmin sahədə ən azı iki il stajı olan şəxslər, hüququn tətbiqi və tədrisi sahəsində ən azı iki il stajı olan hüquqşünaslar ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəriciyə görə hüquqların qorunması sahəsində AR normativ hüquqi aktları,

beynəlxalq müqavilələri üzrə zəruri biliklərə malik olmaq şərti ilə patent müvəkkili kimi atesstasiyadan keçə bilərlər.13Göründüyü kimi Azərbaycanda patent müvəkkili anlayışı ümumi məna kəsb edir, yəni sənaye mülkiyyətinin mühafizəsi sahəsində “patent agenti” və “patent vəkili” anlayışları bilavasitə fərqləndirilmir, sadəcə olaraq şəxslər və hüquqşünaslardan söhbət gedə bilər.Lakin əksər-xüsusən də anqlo-sakson hüquqi sistemli dövlətlərdə göstərilən anlayışlarla bağlı müəyyən edilmiş prinsipial fərqlərdən biri budur ki, agentlər əmtəə nişanı, coğrafi göstərici və digər əlaqədar obyektlərlə bağlı (ixtira, faydalı model, sənaye nümunəsi istisnadır) təmsilçilik və hüquqi məsləhət funksiyası daşımır, ali hüquq təhsilinin olması patent vəkilində olduğutək təməl şərt deyil, agent daha çox inzibati orqanlar qarşısında, patent vəkili isə məhkəmə qarşısında təmsilçilik və müdafiə funksiyasına malikdir.14 Eləcə də, agentlərin qeydiyyat proseduru, xidmətlərinin dəyəri də aydın fərq yaradır, həm də agentlərin fəaliyyətində “ilkinlik” sezilir-məsələn patent almaq üçün iddia sənədinin tərtibi və s.Odur ki, müdafiə xarakterli tədbirlərin həyata keçirilməsi ilə bağlı pozulmuş patent hüquqlarının məhkəmə mübahisələrində yalnız patent vəkilindən danışmaq mümkündür.15Ancaq Azərbaycanda agent anlayışından, ümumiyyətlə, istifadə olunmur, bütün patent müvəkkillərinə ümumi olaraq məhkəmədə təmsilçilik, müdafiə və məsləhət funksiyaları həvalə edilmişdir.Hindistan, Sinqapur kimi ölkələrdə isə yalnızca “patent agenti” anlayışından istifadə olunur.(Məsələn, Hindistanın 1970-ci qəbul edilmiş və indi də qüvvədə olan patent qanununda müvəkkil anlayışından istifadə olunmayıb, Sinqapurda isə hüquq təhsili zəruri şərtdir. 16)

Staja gəlincə, milli qanunverici ən azı 2 il stajı müəyyən edərkən onun “fasiləsizliyi tələbini” irəli sürməmişdir17.Maraqlıdır ki, Avstraliya qanunvericisi patent müvəkkilinin qeydiyyata alınması üçün belə tələbə fasiləsizlik prinsipini də əlavə edir.Əgər 2 il staj fasiləli şəkildə toplanmışsa, bu zaman həmin stajın toplandığı hüdud 5 il müəyyən edilərək çərçivələnir18.Almaniyada (patentanwälte–patent müvəkkili) göstərilən müddət 3 il, Ukraynada ən azı 5 il təşkil edir19.Kanadada bu müddət aylarla-24 ay kimi müəyyən edilir və patent müvəkkillərinin attestasiyası ABŞ-a münasibətdə çoxmərhələli prosedurlarla müşahidə olunur.20Yeri gəlmişkən, nəzərə çarpan digər bir fərq bəzi ölkələrdə tələb kimi hüquq pozuntusuna yol verməmək şərtinin irəli sürülməsidir.Məsələn, Avstraliyada son 5 il ərzində əqli mülkiyyət sahəsində hüquq pozuntusuna görə məsuliyyətə cəlb edilməyən şəxslər attestasiyaya buraxılırlar21 , halbuki milli qanunvericilikdə belə tələbdən yan keçilmişdir.Həmçinin ABŞ, (patent müvəkillərinin sayına görə Kaliforniya, Nyu-yorkvə Texas ardıcıl olaraq ilk üçlüyü bölüşür.) Avstraliya kimi dövlətlərin timsalında-digər ölkələrdən fərqli olaraq, Azərbaycanda patent müvəkkilinin yüksək mənəvi göstəricilərə və nüfuza malik olması tələbi qanunda və ya əsasnamədə bilavasitə təsbit edilməyib. 22

Mövcud fərqlərdən danışarkən “çürükçülüyə” yol vermək istəmədiyimizdən, qısaca olaraq prosessual qanunvericiliyə - 2017-ci il 31 oktyabr tarixində nümayəndəlik institutuna edilmiş köklü dəyişikliyi də xatırlayaq... Patent müvəkkillərinin fəaliyyəti ilə əlaqədar boşluqlar kifayət qədərdir. O ki qaldı, yaş senzinə-AR qanunvericiliyində konkret yaş məhdudiyyətini görmürük.Yeni Zenlandiya (burada bir çox müvəkkil Trans-Tasman Müqaviləsinə əsasən həm də Avstraliyada tamhüquqlu müvəkkil hesab olunurlar)23 və Yaponiyada (burada onlar əmtəə nişanı, kommersiya sirrinin mühafizəsi, gömrük sahəsində də bütün instansiyalarda səlahiyyətlidirlər) isə əks mövqeyin şahidi oluruq.Həmçinin Yaponiyada “benrişilər”("弁理士) adlanan həmin şəxslərin statusu nəinki patentlə bağlı normativ baza ilə, eləcə də vəkillik fəaliyyəti ilə bağlı qanunda da (弁護士法-bengoşilərin statusu haqqında qanun, 1949-cu il) tənzimlənir, Azərbaycanda isə “Vəkillər və Vəkillik fəaliyyəti haqqında” Qanunda nəinki xüsusi norma, ümumiyyətlə Əsasnamədə həmin qanuna istinad edən hər hansı norma yoxdur24 ...Attestasiyanın keçirilmə tezliyinə gəlincə, əksər ölkələrdə tələb ildə ən azı 1 dəfə kimi müəyyən olunsa da, Hindistanda bu göstərici ən azı 2 dəfədir25.

13.“Patent müvəkkilləri haqqında” Əsasnamə, maddə 5 (2000)

14. https://www.beemlaw.com/patent-agents-vs-patent-attorneys/ (last visited April 22, 2019)

15. Randy Gibson J.D Law and Patent law. George Mason University (2000)

16. http://www.depenning.com/patent-agent-india.html (last visited March 16, 2019)

17. Yenə orada, 14-cü istinad

18. The Institute of Patent and Trade Mark Attorneys of Australia, https://ipta.org.au/ (last visited April 20, 2019)

19. https://ukrpatent.org/en (last visited March 28, 2019)

20. http://www.ic.gc.ca/eic/site/cipointernet-internetopic.nsf/eng/h_wr02066.html (last visited April 20, 2019)

21. Yenə 19-cu istinad

22. Baker and Rannells, PA. Patent Attorneys and Patent Agents – United States, (December 20th, 2012)

23. Yenə orada, 19-ci istinad

24. 弁理士法 Japan Patent Attorney Act.No.49 of April 26, 2000 昭和二十四年六月十日法律第二百五号 No. 205 of June 10, 1949

25. Yenə orada, 17-cu istinad

 

  II.Sənayə mülkiyyətinin mühafizəsində “yetərsiz” məsuliyyət. Kriminallaşdırma prosesində sovet dönəminin qalıq izləri

A.Yetərsiz məsuliyyət cinayət-hüquqi aspektdə

“Patent haqqında” AR Qanununun 24-cü maddəsinə görə patent hüquqlarını pozan şəxslər AR İnzibati Xətalar Məcəlləsinə və AR Cinayət Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.Lakin göstərilən məqamda hesab edirik ki, patentlə bağlı hüquqlara qəsd edən əməllərin kriminallaşdırılmasına münasibətdə qanunverici digər əqli mülkiyyət obyektlərindən fərqli olaraq sənaye mülkiyyəti obyektlərinə qəsd edən əməllərə görə inzibati məsuliyyətin müəyyən edilməsinə kifayət qədər etinasız yanaşma nümayiş etdirir.AR CM-nin 166 - c ı m a d d ə s i n ə g ö r ə , ixtiraçılıq və patent hüquqlarını pozma, yəni ixtiradan və ya səmərələşdirici təklifdən qanunsuz istifadə etmə və ya ixtira yaxud səmərələşdirici təkliflərin mahiyyəti barədə məlumatları müəllifin razılığı olmadan və rəsmi dərc edilənədək yayma, müəllifliyi mənimsəmə, şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa cinayət məsuliyyəti yaradır.Diqqətimizi çəkən iki məsələ var: Birincisi, “Patent haqqında” AR Qanununda səmərələşdirici təklif anlayışından istifadə olunmur, eləcə də aydındır ki, o patentlə müəllifliyi, ilkinliyi təsdiq edilən və istifadəsi üçün müstəsna hüquq verilən obyektlər sırasında göstərilməmişdir.Deməli, normanın mətnindən belə aydın olur ki, onda səmərələşdirici təklifə münasibətdə hüquqların pozulması patent hüquqlarının yox, ixtiraçılıq hüquqlarının pozulması anlayışına aid ediləcəkdir və üstəlik qanunvericinin mövqeyinə görə ixtiraçılıq hüquqlarının obyekti təkcə ixtira deyil26.Əslində ixtiraçılıq və səmərələşdirici təklif anlayışına qüvvədə olan qanunvericilikdə tərif verilməmişdir.“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”AR Qanununun anlayışlar aparatında da əqli mülkiyyət hüquqları anlayışına səmərələşdirici təklifə olan hüquqlar aid edilməmişdir27.Eləcə də tədqiqatımıza “cəlb olunan” digər normativ hüquqi akt kimi “İxrac nəzarəti haqqında”AR Qanununun anlayışlar aparatında da əqli fəaliyyətin nəticələri anlayışına kəşflər aid edilsə də, səmərələşdirici təklif qeyd edilməmişdir28 .Yeri gəlmişkən, Ümumdünya Əqli Mülkiyyət Təşkilatını təsis edən Konvensiyanın 2-ci maddəsində əqli mülkiyyət hüququnun obyektləri siyahısında da bilavasitə səmərələşdirici təklif göstərilməmişdir, hərçənd belə siyahının qeyri-qətiliyi məsələni qabartmağımıza mane olmamalıdır. Təhlil üçün AR Konstitusiyasının 30-cu maddəsində öz əksini tapmış aşağıdakı müddəalara fokuslanaq: “Hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.”Deməli, Konstitusiya özlüyündə “ixtiraçılıq hüququ” anlayışını təsbit edir, ancaq qanunvericilikdə ixtiraçılıq fəaliyyətinin nədən ibarət olmasına dair norma tapmaq müşkül məsələdir-bəlkə də, bu sovet dövrünün tarixi-hüquqi qalıqlarıdır.

26. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, maddə 166, 30 dekabr 1999

27. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında “ Azərbaycan Respublikasının qanunu, maddə 1, 22 may 2012

28. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunu , maddə 1, 26 oktyabr 2004

 

Son fikrimizi arqumentləşdirmək üçün Azərbaycan SSR 1978-ci il Konstitusiyasının müvafiq normasına diqqət yetirək- “...bu azadlıq elmi tədqiqatların, ixtiraçılıq və səmərələşdiricilik fəaliyyətinin daha da genişləndirilməsi...” Görünən budur ki, istinad edilən konstitusion normada həm ixtiraçılıq, həm də səmərələşdiricilik anlayışına toxunulub.Yeri gəlmişkən əqli mülkiyyət sahəsində o dövr üçün kifayət qədər geniş məsələləri tənzimləyən 167 maddədən ibarət SSRİ Nazirlər Sovetinin 21 avqust 1973-cü il tarixli qərarı ilə təsdiq edilmiş kəşflər, ixtiralar və səmərələşdirmə təkliflərinə dair Əsasnaməyə görə səmərələşdirmə (Qeyd: 1978-ci il Konstitusiyası və qüvvədə olan AR CM səmərələşdir”ici”, AR Əmək Məcəlləsi isə hər iki ifadəni işlətmişdir...) təklifinə dəqiq anlayış verilmişdir.Nəhayət son-mühüm arqument kimi Azərbaycan SSR 1960-cı il Cinayət Məcəlləsinin “müəlliflik və ixtiraçılıq hüquqlarını pozma” adlı 140-cı maddəsinin dispozisiyasına da nəzər salaq: “ixtiranın və ya səmərələşdirici təklifin müəllifliyini mənimsəmə və ya ixtiranın, yaxud səmərələşdirici təklifin müəllifini şərikli müəllifliyə məcbur etmə, habelə ixtira qeydə alınana qədər ixtiraçının razılığı olmadan onu elan etmə...” 

Göründüyü kimi burada vurğuladığımız əlamətlər demək olar ki, tam üst-üstə düşür. Ancaq 1960-cı il CM-də xeyli miqdarda ziyan tərkibdə nəzərdə tutulmayıb ki, bu da vacib istisnadır.Yeri gəlmişkən, sovet dönəmi üçün əqli mülkiyyət hüquqlarına dair fikrimcə, müstəsna əhəmiyyət daşıyan Azərbaycan SSR-in 1964-cü il Mülki Məcəlləsində 29 əqli mülkiyyət obyektlərinin hüquqi rejimi ilə bağlı (o cümlədən, kəşflər) müfəssəl normalara rast gəlinsə də, qüvvədə olan Mülki Məcəllə belə “imkandan” məhrumdur.Ancaq əslində tənzimləmənin məqsədəmüvafiq olmaması özlüyündə məcəllənin belə “iqtidara” malik olmasını heçə endirir.Maraqlıdır ki, burada hər ikisi qeyri-ənənəvi qrupa aid edilməsinə baxmayaraq səmərələşdirici təkliflər kəşflərlə yox, məhz ənənəvi obyektlərlə birlikdə nizamlanmışdır.Belə ki, beşinci bölmə kəşflərə, altıncı bölmə isə ixtira, səmərələşdirici təklif və sənaye nümunəsi ilə bağlı hüquqlara həsr olunub.Məhz bu halın özü də sözügedən qalıqlardandır.Növbəti maraqlı məsələ hüquqtəsdiqləyici sənədlərin növü ilə bağlıdır.Köhnə Mülki Məcəlləyə görə ixtiranın müəllifi öz mülahizəsinə uyğun ya ixtira üçün müstəsna hüququ dövlətə verilməklə müəllifliyinin qəbul edilməsini, ya da ixtira üçün ona müstəsna hüquq verilməklə müəlliflik hüququnun qəbul olunmasını tələb edə bilər. Birinci halda ixtira üçün müəlliflik şəhadətnaməsi, ikinci halda patent verilir.Hazırda qüvvədə olan patent qanunvericiliyində isə belə aydın diferensasiyaya ümumiyyətlə yol verilməmişdir.

29. Azərbaycan SSR-in Mülki Məcəlləsi, 1, 4, 5 və 6-cı bölmələr, 11 sentyabr 1964-cü il il

 

Əlqərəz, qanunvericinin mövqeyindən digər nəticə çıxarmağımız qeyri-mümkün olmaqla, səmərələşdirici təklifin ixtiraçılıq anlayışının tərkib hissəsi hesab edilməməsinin, o cümlədən həmin maddənin dispozisiyasına (eləcə də maddənin adına) zəruri dəyişikliyin tərəfdarıyıq, çünki: a)səmərələşdirici təklif qeyri-ənənəvidir, ixtira isə ənənəvi intellektual mülkiyyət obyektidir və patentlə mühafizə edilir. b)ixtira yalnız texniki həllə yönəlik təkliflərlə bağlı mövcuddur, səmərələşdirici təklif isə həm texniki, həm idarəçilik, həm də təşkilati təkliflərlə bağlıdır.c)yuxarıda göstərdiyimiz Əsasnaməyə görə səmərələşdirmə təkliflərinə dair hüquqtəsdiqləyici sənəd vəsiqə, ixtira ilə bağlı patentdir. ç)AR-nın Əmək Məcəlləsinin ixtiraçı anlayışı ilə səmərələşdirici anlayışı, o cümlədən ixtira və təklif arasında qoyduğu fərqlər kifayət qədər aydındır.d) sənaye mülkiyyətinin digər obyektlərinin (xüsusən də, sənaye nümunəsi) mühafizəsi ilə əlaqədar cinayət qanunvericiliyi təminatlardan bir xeyli kasaddır.Odur ki, dispozisiyaya həm də sənaye nümunəsi ilə bağlı müvafiq əlavələr edilməlidir... Sənaye nümunəsinin qorunma mexanizmindən söz düşmüşkən, Azərbaycandan fərqli olaraq Türkiyədə məhkəmə-müdafiə tədbirləri, prosessual əsaslar və məsuliyyət tədbirlərini müfəssəl tənzimləyən qanunqüvvəli akt kimi qəbul edilmiş “Endüstriyel tasarımların korunması hakkında” ayrıca normativ-hüquqi aktın mövcudluğunu vurğulamaq mütləqdir.Burada digər əsas fərqli məqam müddətlərlə bağlıdır.Əgər Azərbaycan qanunvericiliyində sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin 5 ildən artıq olmamaq şərtilə uzadılması mümkündürsə, sözügedən aktla “endüstriyel tasarım” üçün həmin müddət 5 illik yenilənmə dövrləri ilə 25 ildən artıq olmamaq şərtilə uzadıla bilər.30

Azərbaycanda sənaye nümunəsi üçün əsas şərt yenilik və orijinallıqdır.Müəlliflərdən M.Yolçuyev həmin meyarların müqayisəsini apararaq qeyd edir ki, orijinallıq meyarı Avropa dövlətlərində fərqli məna yükünə malikdir31.Məsələn Almaniyada əsas məsələ yaradıcı şəxsin zehni əməyinin səviyyəsidir,-adi yaradıcı insanlardan qəti fərqlənməlidir.Lakin Fransada vəziyyət fərqlidir, “səviyyə” Almaniyadan fərqli olaraq mühüm meyar deyil-əsas olan nəticədir.İsveçrədə isə orijinallıq özündə ayırdediciliyi ehtiva edir, hansı ki, Türkiyə qanunvericisi də analoji mövqedədir.Müəllifin qeyd etdiyi, vacib məsələlərdən biri də budur ki, ixtira və faydalı modeldən fərqli olaraq sənaye nümunəsi üçün “sənayedə tətbiq ediləbilənlik”, yəni dəfələrlə istehsal olunabilənlik şərti 2009-cu ildə “Patent haqqında” AR Qanununun mətnindən çıxarılmışdır-Türkiyədə eyni vəziyyəti görsək də, Almaniya qanunvericiliyində həmin şərt hələ də öz mövcudluğunu saxlamaqdadır.32Yeri gəlmişkən, Azərbaycan “Sənaye nümunələrinin qeydiyyatı haqqında” Haaqa Sazişinin Cenevrə Aktının (2010), eləcə də, “Sənaye nümunələrinin beynəlxalq təsnifatının təsisi haqqında” Lokarno sazişinin (2003) üzvüdür.Unutmadan bunu da qeyd edək ki, ixtira ilə bağlı da ABŞ-ın məhkəmə təcrübəsi yalnız “yaradıcı düha parıltısı” ilə (flash of creative genius) ərsəyə gəlmiş ixtiralara patent verilməsini mümkün sayır və fikrimizin ilk bariz nümunəsi ABŞ Ali Məhkəməsi tərəfindən 1850-ci ildə qəbul edilən Hotckiss v. Greenwood qərarıdır, hansı ki, məhkəmə farfor qapı dəstəklərinin daha dayanıqlı və estetik olmasına baxmayaraq patentin tanınmasından göstərilən xüsusatda imtina etmişdi. 33

  B. Patent hüquqlarının qorunmasında inzibati məsuliyyətin spesifikası İkinci bir məsələ CM-nin 165-166-cı maddələrinə münasibətdə 165-ci maddənin qeyd hissəsində xeyli miqdarda ziyanın dəyərinin 1000 manatdan artıq müəyyən edilməsidir ki, AR İnzibati Xətalar Məcəlləsində də öz növbəsində az miqdarda ziyanın vurulması ilə bağlı digər eyniadlı maddələri görə bilsək də 34, (yəni müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma; inteqral sxem topologiyasından istifadəyə müstəsna hüququn pozulması; folklor nümunələrindən istifadə tələblərinin pozulması; məlumat toplularından qeyri-qanuni istifadə edilməsi) məhz 1000 manatdan artıq olmayan ziyana münasibətdə patent və ya ixtiraçılıq hüquqlarının pozulmasına görə məsuliyyət müəyyən edən müstəqil normanın nəzərdə tutulmamasının şahidiyik.Təəsüf ki, yalnız AR İXM-in toxumçuluq haqqında qanunvericiliyin pozulmasına dair 287-ci maddəsində patent sahibi ilə lisenziya müqaviləsi bağlamadan bitki sortlarının toxumlarından istifadə edilməsinə və geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulmasına dair 270-ci maddəsində dövlət qeydiyyatına alınmamış və ya patenti alınmamış, yaxud sertifikatlaşdırılmamış geodeziya və kartoqrafiya materiallarının və məlumatlarının, xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlığının, cihazlarının ticarət dövriyyəsinə daxil edilməsinə görə məsuliyyət nəzərdə tutulur.Bu isə potensial hüquq pozuntularının çox kiçik bir hissəsi sayıla bilər.Həm də axı qeyd etdiyimiz hər iki maddədə ziyanın miqdarı belə, tərkibdə müəyyən edilməyib.Odur ki, AR İXMə sənaye mülkiyyətinin mühafizəsi ilə bağlı müvafiq tərkibin əlavə edilməsinin zərurəti qənaətindəyik...

 

30.554 sayılı Endüstriyel Tasarımların Korunması Hakkında Kanun Hükmünde Kararname/95

31. Yolçuyev Mübariz, Azerbaycan Hukukunda Endüstriyel Tasarım Kavramı ve Korunması (Türk Hukuku İle Mukayeseli Olarak) ,13. (2015)

32. Yenə orada, 11-15

33. Tuğba Canatan Akıcı, Amerika Birleşik Devletleri ve Türkiye’de Patent Haklarının Gelişim Süreci, Ankara, 75. (2011)

34. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, maddə 185-188, 29 dekabr 2015

 

Özü də “Haqsız rəqabət haqqında” AR Qanununda müəyyən edilmiş maliyyə sanksiyaları aşkara çıxardığımız vəziyyətə “bəraət” qazandırmır.Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi formasında (yəni, digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması) haqsız rəqabətdən söz düşmüşkən, vurğulamalı olduğumuz bəzi mütləq məqamlar vardır: AR-nın müvafiq qanunvericiliyində qeydiyyata alınmamış sənaye mülkiyyəti obyektinin mümkün qorunma şərtlərindən bəhs edilmir.(Paris və TRIPS kimi beynəlxalq aktlarda da göstərilən məsələyə toxunulmurdu.)Anglosakson hüquqi sisteminə mənsub amerikan və ingilis hüququnda qeydiyyata alınmayan və ya qorunma müddəti başa çatmış yaradıcılıq məhsullarının istər zahirən, istərsə də funksional cəhətdən birə-bir təqlidi mümkün və hüquqi hesab edilir35.Çünki ingilis-sakson yanaşmasında qorunma təminatı olmayan yaradıcılıq məhsulunun təqlidi əksinə, iqtisadiyyata həyat verir, rəqabəti artırır, bazarda qiymətləri aşağı salır.(me too product...)36Tam əksinə qitə hüququnun mühüm parçası olan fransız hüququnda belə kor-koranə təqlid (slavish imitation) haqsız rəqabət sayılır.Maraqlıdır ki, Almaniyada Fransadakı sərt mövqedən fərqli olaraq belə təqlidə yol verilir: “Nachahmungfreiheit və ya freedom of imitation”, ancaq müəyyən istisna şərtlərlə patenti alınmamış məhsulun mühafizəsi mümkündür, belə analoji vəziyyəti İspaniyaya da aid edə bilərik37.Qeyd edək ki, Türkiyədə əvvəllər bu mənada “tescilsiz” obyektlərin mühafizəsi nəzərdə tutulmasa da, (hazırda AR-da belədir) 2016-cı il “Sınai Mülkiyyet Kanunu” na görə qeydiyyata alınmayan sənaye mülkiyyəti obyektlərinin də qorunmasına təminat verilir.38

35. Cahit Suluk, Karşılaştırmalı hukuk işığında türk hukukunda tescilsiz sinaî ürünlerin haksız rekabet hükümleri ile korunması, 12. (2014)

36. Yenə orada, 12-16

37. http://www.ankarabarosu.org.tr/siteler/ankarabarosu/frmmakale/2014-1/06.pdf(last visited April 20, 2019)

38. Sınai Mülkiyyet Kanunu, madde 51, 22.12.2016,

 

Yeri gəlmişkən, növbəti təəsüfdoğurucu məqamı istintaq aidiyyatına nəzər salarkən aşkarladıq. Belə ki, AR CPM-in 215.3.1-ci maddəsinin tələblərinə görə AR CM-nin 165.2(müəlliflik və əlaqəli hüquqlar) 165-2(folklor nümumələri), 165-3(məlumat topluları), 166.2-ci (patent və ixtiraçılıq) maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq prokurorluq tərəfindən aparılır.Lakin nədənsə qanunverici inteqral sxem topologiyasından istifadəyə müstəsna hüququn pozulması əməlinə görə aidiyyatı müəyyən etməyi “unudub”.Aidiyyatı müəyyən edən iki normativ hüquqi aktdan digəri kimi “AR CPM-nin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” AR Qanununun və həmin Qanunla təsdiq edilmiş AR CPM-nin tətbiq edilməsi barədə AR Prezidentinin Fərmanında da sözügedən əməlin adı çəkilmir.Şübhəsiz, AR Konstitusiya Məhkəməsinin hakimi İ.Nəcəfovun öz xüsusi rəyində vurğuladığı kimi, cinayət prosesində analogiya mümkün represiyaları genişləndirmir, o, cinayət-prosessual münasibətlərə və onları yaradan hüquqi faktlara dinamizm verməklə pozitiv rol oynayır.39(Qeyd:“Normativ hüquqi aktlar haqqında” AR Konstitusiya Qanununa görə, cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. 40)Ancaq əminliklə deyə bilərik ki, qanunvericinin dövlət orqanının səlahiyyətləri baxımından (xüsusən də ona münasibətdə yalnız qanunda göstərilənlərə icazə verildiyini bəyan edən hüquqi aksiomu mütləqləşdirsək)hər dəfə analogiyanın “ümidinə” qalması adresat üçün heç də yaxşı vəziyyət yaratmayacaqdır.Bununla belə sevindirici hal da var-Azərbaycan MDB məkanında inteqral sxem topologiyalarına dair qanun qəbul edən ilk dövlətdir. Məsələ ilə əlaqədar son qeydimiz isə budur ki, ABŞ-ın məhkəmə praktikası inteqral-sxem topologiyasını ənənəvi yanaşmadan fərqli olaraq sənaye mülkiyyətinin obyekti kimi tanıyır.41

39. AR KM-nin “AR CPM-in 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12.02.2015-ci il Qərarı

40. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan R espublikasının 21 dekabr 2010-cu il Konstitusiya Qanunu , maddə 13

41. Prof. S.S.Allahverdiyev, Azərbaycan Respublikasının Mülki Hüququ, III Cild IV kitab, 6-cı fəsil.(2008) 

 

III. Əqli Mülkiyyət Agentliyinin statusunun publik hüquqi şəxs qismində müəyyən edilməsi ilə bağlı həyata keçirilməli olan zəruri normativ tədbirlər

Qeyd etmək lazımdır ki, təşkilati-hüquqi islahatların yaratdığı nəticələrlə bağlı olaraq müvafiq əlaqədar aktlarda uyuşmazlıqlar-institusional baryerlər özünü büruzə verir.“İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” AR Prezidentinin 2018-ci il 20 aprel tarixli Sərəncamının 2-ci hissəsinə əsasən yaradılmış Əqli Mülkiyyət Agentliyinin və onun tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Agentliyin fəaliyyətinin təmin edilməsi haqqında AR Prezidentinin 2018-ci il 30 iyul tarixli Fərmanının 3.3-cü bəndinə əsasən publik hüquqi şəxs olmasına baxmayaraq “Patent haqqında” Qanunda “müvafiq icra hakimiyyəti orqanının Apellyasiya Şurası” ifadələri işlənmişdir.Belə ki, 2018-ci ilin müvafiq islahatlarına qədər Apellyasiya Şurası müvafiq icra hakimiyyəti qismində Komitənin tərkibində fəaliyyət göstərsə də, artıq publik hüquqi şəxsin, yəni müvafiq icra hakimiyyətinin yaratdığı qurumun tərkibindədir.Göstərilən məqamda “Patent müvəkkilləri haqqında Əsasnamə”yə dəyişiklik edilərək qeyd etdiyimiz ifadələr balanslaşdırılsa da, sözügedən qanunda hələki bunu görə bilmirik.Qısaca,“qanunlar bu günə nisbətdə hər zaman dünənkidir”(tempora mutantur et nos mutamur in illis-zamanlar da, biz də, qanunlar da: dəyişirik.)Doğrudur, ilk baxışdan qanunun prezident aktına uyğunlaşdırılmaq “öhdəliyi” olmasa da, normaların məntiqi tələbatdan irəli gələn harmonizasiyası mütləqdir.(Qeyd: dəyişiklik edilməli olan aktlardan biri də “Patent haqqında” AR Qanununun tətbiq edilməsi barədə qüvvədə olan 1998-ci il tarixli Fərmandır.) Odur ki, keçirilən islahatlarla bağlı mövcud hüquqi vakuum gərəkdir ki, diqqətdən yayınmasın.

Sual olunur ki, Əqli Mülkiyyət Agentliyinin,yəni publik hüquqi şəxsin əməkdaşları dövlət qulluqçusu hesab edilirmi? Əslində, cavabı Agentliyin fərmanla təsdiq edilmiş Nizamnaməsinin 1.7-ci bəndində aydın görsək də, (həmin bəndə görə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müvafiq hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətlər göstərdiyinə, hüquqi hərəkətləri həyata keçirdiyinə görə Agentliyin əməkdaşları dövlət qulluqçularına bərabər tutulurlar.) “Dövlət qulluğu haqqında” AR Qanununda bu məsələyə, ümumiyyətlə, toxunulmur, publik hüquqi şəxslərin adı belə keçmir, odur ki, məsələyə mütləq şəkildə bu qanun səviyyəsində də aydınlıq gətirilməlidir!O ki qaldı, sözügedən publik hüquqi şəxsin qanunla yox, məhz prezident tərəfindən müəyyən edilməsinə, bu özü də kifayət qədər mübahisəlidir.Öz təklifimizə keçməzdən əvvəl ümumən publik hüquqi şəxslə bağlı aşağıda qeyd edəcəyimiz müəlliflərin arqumentlərini mövzu ilə əlaqədar “haşiyə” olaraq nəzərdən keçirək:

AR Mülki Məcəlləsinin 43-cü maddəsinə görə Azərbaycan Respublikası və bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir.Bu hallarda onların səlahiyyətlərini hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.Yeri gəlmişkən, “Bələdiyyələrin statusu haqqında” AR Qanununun 11-ci maddəsinə görə bələdiyyələr hüquqi şəxsdirlər və əgər nazirliklərə baxsaq, Vergilər və Maliyyə Nazirliklərinin Əsasnamələrində birbaşa olaraq məhz həmin nazirliklərin hüquqi şəxs olmasıgöstərilmişdir.Müəlliflərdən F.Mehdiyev qeyd edir ki, nazirliklərə-mərkəzi icra hakimiyyəti orqanlarına hüquqi şəxs statusunun verilməsi bütöv və vahid idarəetmə, iyerarxiya, nazirliyin məhz elə dövlətin hüquqi şəxsiyyətini təmsil etməsi, nəhayət yuxarıda göstərdiyimiz “hüquqi şəxs olmayan orqanları” ifadəsinə ziddir.AR MM-in 43.3-cu maddənin tənzimlənməsi, əslində Almaniya hüquq sistemindən götürülübdür.Almaniyada dövlət hakimiyyəti orqanlarının hüquqi şəxs statusu yoxdur. 42Azərbaycanda, təəsüf ki, digər çoxsaylı dövlətlərdən fərqli olaraq ümumi hüquq şəxsləri ilə xüsusi hüquq (xüsusi hüquqa tabe olan) şəxsləri arasında hədd müəyyən edilməmişdir.(personne morale de droit public/prive)Gürcüstanda məsələyə aydınlıq gətirən 1999-cu il tarixli “Ümumi hüquq şəxsləri haqqında” ayrıca qanun mövcuddur.Yenə MDB dövlətlərindən Ukrayna Mülki Məcəlləsinə baxsaq, hüquqi şəxslərin sözügedən bölgüsünün şahidi olacağıq.43Qeyd edilən məqamlarda müəlliflə razılaşmamaq qeyri-mümkündür və özümüz də əlavə etmək istəyirik ki, hüquqi şəxsin əsasnaməsi yox,(nazirliklərdəki) nizamnaməsindən danışmaq olar.Hesab edirik ki, belə bənzətmə aparmaqda da haqlıyıq-necə ki, hüquqi şəxsin onun hüquq şəxs olmayan nümayəndəlik, filial və idarəsi üçün əsasnamədən danışmaq olar, eləcə də hüquqi şəxs qismində dövlətin onun hüquqi şəxs olmayan nazirliyinin əsasnaməsindən danışmaq mümkün olur...

Müəlliflərdən T.Cəfərov qeyd edir ki, 43-cü maddədə göstərilən “digər hüquqi şəxslər” ifadəsi dolayısıyla dövlətin hüquqi şəxs olması qənaətinə aparır, lakin bələdiyyələrdən fərqli olaraq dövlətin belə statusu konstitusion və ya qanunvericilik səviyyəsində bilavasitə təsbit edilməyib.Lakin Türkiyə Cümhuriyyeti Anayasasına görə (maddə 23) dövlətin hüquqi şəxs olması “devlet ve diğer kamu tüzel kişileri” ifadəsi ilə təsdiqini tapmışdır.Müəllifə görə, əsas məsələ və təəsüf doğuran hal isə AR “Publik hüquqi şəxslər haqqında” Qanunda nə dövlətin, nə də bələdiyyələrin hüquqi şəxs olması ilə bağlı heç bir müddəanın yer almamamasıdır ki, göstərilən fikirlə də, son dərəcədə razıyıq.Yeri gəlmişkən, maraqlıdırmüəllif publik hüquqi şəxsi dövlətin “yetkinlik yaşına çatmayan” övladına bənzədir... 44

Nəhayət, gələk Əqli Mülkiyyət Agentliyinin publik hüquqi şəxs qismində yaradılması məsələsinə.AR-dan fərqli olaraq Türk Cümhuriyyətinin Konstitusiyasında belə bir müddəa var idi:“Kamu Tüzel kişiliği, ancak kanunla ve ya kanunun açıkça verdiği yetkiye dayanılarak kurulur.”45 Ancaq nədənsə, 2017-ci ildə Konstitusiyaya dəyişiklik edilərək ikinci ifadədən imtina olunmuşdur.46Bundan əlavə tədqiqat zamanı diqqətimizi çəkən budur ki, hətta nəinki qanunla, bu Konstitusiyanın özündə belə bilavasitə hansı orqanların publik hüquqi şəxs olması “adbaad” sadalanır.Biz yuxarıda problem kimi “qanunun fərmana tabeliyindən” danışmışdıq...Əslində Əqli Mülkiyyət Agentliyinin qanunla yox, məhz prezident tərəfindən təsis edilməsini “qəbahət” saymırıq.Xülasə, iki dövlətdə olan nümunələrə münasibətdə ortaq məxrəcin tərəfdarıyıq.Məxrəc nədir?-qanunlarda hər hansı sahədə göstərilmiş (çəkindirmə və tarazlaşdırma prinsipinin məhsulu kimi) “müvafiq icra hakimiyyətinin” məhz prezidentin tətbiqedici fərmanı ilə hansı orqan olması sonradan müəyyən edildiyi kimi, eyni qaydada əvvəla bu və ya digər sahədə fəaliyyət göstərəcək qurumun ilk olaraq qanunda “müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qurum” ifadəsi formasında qanunverici, sonradan isə prezident tərəfindən müəyyən edilməsini mümkün sayardıq.Bununla da, hazırda yaranmış vəziyyət kimi “qanunun fərmanı izləmək öhdəliyi” aradan qaldırılmış olacaq deyə düşünürük...

42.Mehdiyev Fərhad, İnzibati hüquq (Administrative Law), 15. (2010)

43.Yenə orada, 18

44.Ceferov Tebriz, Türkiye ve Azerbaycan açısından kamu tüzel kişiliği kavramının incelenmesi, 93. (2017)

45.https://www.tbmm.gov.tr/anayasa/anayasa82.htm

46.Türkiye Cumhuriyeti Anayasası (2017-ci il dəyişiklikləri ilə)- https://www.mevzuat.gov.tr/MevzuatMetin/1.5.2709.pdf

 

IV.Patent hüquqları-universal və regional təminatlar sistemində

A.Universal müqavilələr

Sənaye mülkiyyətinin hüquqi mühafizəsi üzrə tarixən ilk iki tərəfli beynəlxalq müqavilələr 1880-ci ildən sonra meydana çıxmağa başlamışdı.Odur ki, ilk bu cür müqavilə 1881-ci il Avstriya - Almaniya müqaviləsidir.Elə həmin dövrdə (1883) 11 dövlət (Belçika, Braziliya, İspaniya, Fransa, Qvatemala, İtaliya, Niderland, Portuqaliya, Salvador, Serbiya, İsveçrə) tərəfindən patent hüquqlarının beynəlxalq əsaslarının ana sütunu, konstitusiyası sayılan Paris Konvensiyası imzalanır...

• Paris Konvensiyası - Azərbaycan 1995-ci ildən iştirakçısıdır, Konvensiyanın Stokholm mətni isə SSRİ tərəfindən 1968-ci il tarixində ratifikasiya edilmişdir.Sənaye mülkiyyətinin mühafizəsi sahəsində ilk açıq tipli (WIPO-ya üzv olan bütün dövlətlərə açıqdır) beynəlxalq hüquqi akt olan bu sənəddə üzvlərin patent qanunvericiliyinin unifikasiyası və vahid beynəlxalq patentin yaradılması nəzərdə tutulmasa da, (yəni patentlərin birbirindən asılı olmaması prinsipi), milli rejimin (əcnəbilərin patent əldə etmək üçün üzləşdiyi diskriminasiya halllarının aradan qaldırılması), eləcə də ilkinlik (prioritetlik) prinsipinin müəyyən edilməsi (avtomatik olaraq üzv olan digər dövlətlərdə də Konvensiya ilə müəyyən edilən zaman intervalında ərizə vermək üçün üstünlük hüququ) Konvensiyanın mühüm müsbət cəhətlərindən hesab olunmalıdır.

• “Patent kooperasiyası haqqında” Vaşinqton Müqaviləsi (Patent Co-operation Treaty,1970) Müqavilə beynəlxalq axtarış orqanının yaradılmasını, ilkin beynəlxalq ekspertizanın (onun nəticələri ərizəçinin patent almaq istədiyi ölkənin milli idarələrinə təqdim edilir və məhz bu məqamda Avropa Patent sistemi PCT-dan yenidən milli ekspertizanı tələb etməyərək, yalnız validasiyanı tələb etməsi ilə fərqlənir.) aparılmasını təsbit etməklə, ancaq yenə də- Paris Konvensiyasında olduğu kimi vahid beynəlxalq patentin yaradılmasını nəzərdə tutmur.Əsas etibarilə milli Patent Ofislərinin bürokratiyasına son qoymaq məqsədi daşıyan bu Müqavilənin patent müraciətlərində yeknəsəqliyi təmin etdiyi söylənilə bilsə də, qoruma sistemində istənilən müddəalara malik deyil...

•Beynəlxalq patent təsnifatı haqqında Strasburq Sazişi (İnternational Patent Classfication,1971) Azərbaycan 2003-cü ildə qoşulmuşdur və yalnız Paris Konvensiyasına üzv olan dövlətlər üçün açıqdır

•TRİPS (Trade Related Intellejtual Property Right) Ümumdünya Ticarət Təşkilatının hüquqi baza və əsası sayılan Mərakeş hüquqi aktlar Paketinə daxil...olan...bu..Saziş çoxtərəfli beynəlxalq ticarət da nışıqlarının Uruqvay Raundu nəticəsində 1994-cü ildə..imzalanmışdır. TRİPS patentə dair Paris Konvensiyasından sonra ikinci ən geniş əhatəli müqavilə hesab olunur, eləcə də həmin Konvensiyada olduğu kimi burada da patent hüquqlarına dair milli rejim müəyyən edilir.47 Azərbaycan..ÜTT..nin üzvü olmadığına görə təbii ki, TRİPS-in iştirakçısı deyildir.

47. Tekinalp, Ünal, “Fikrî Mülkiyet Hukuku”, 4. Baskı, İstanbul , 226. (2005 )

B.Regional sistemlər

Gələk regional müqavilələrə: • NAFTA (North American Free Trade Agreement) Meksika, ABŞ və Kanada arasında bağlanan Şimali Amerikanı əhatə edən Razılaşmada patentə dair normalar əsas etibarilə TRİPS-ə paralel olaraq təsbit olunmuş, xüsusən də, belə normalar patentin qüvvədə olma müddəti və məcburi lisenziya ilə əlaqədardır.

 • “Avropa Patenti haqqında” Münhen Konvensiyası (EPC,1973) ilə vahid Avropa patenti müəyyən edilərək, iqamətgahı Münhendə yerləşən Avropa Patent İdarəsi yaradılmışdır. Yalnız Avropa İttifaqının üzvü olan dövlətlərlə məhdudlaşmadığından onu“Böyük Avropa Patenti” Müqaviləsi də adlandırırlar.

 • Lüksemburq Müqaviləsi (1975) EPC-dəki təminatlar məhz qorunma mexanizmləri prizmasından tamamlanmış, haqsız rəqabət, əmtəənin sərbəst dövriyyəsi üçün geniş təminatlar nəzərdə tutulmuşdurMüştərək Apellyasiya Məhkəməsinin və Əlavə Protokola əsasən üzv dövlətlərdə ixtisaslaşmış müvafiq məhkəmənin yaradılması təsbit olunub.

 • Afrika qitəsində isə ingilisdilli dövlətlər Sənaye Mülkiyyəti Təşkilatını (ARIPO-1976), fransızdilli dövlətlər isə Afrika Əqli Mülkiyyət Təşkilatını (OAPI-1977) yaratmışlar.48

• Nəhayət, Avroasiya Patent Konvensiyası (1994, Azərbaycan 1995-ci ildən ratifikasiya ilə tamhüquqlu üzvdür.) MDB ölkələri ərazisində qüvvədədir. Konvensiya BMT-nin üzvü olan və 1883-cü il Paris, həm də 1970-ci il Vaşinqton Müqavilələri ilə əlaqəli olan digər dövlətlər üçün də açıqdır.Avrasiya Patent təşkilatının iki əsas orqanı təsis edilmişdir: 1)İnzibati şura; 2)Avrasiya Patent İdarəsi.Yeri gəlmişkən, 2018-ci il tarixində Azərbaycandan olan nümayəndə Avrasiya Patent İdarəsinin VitsePrezidenti vəzifəsinə təyin edilmişdir.

 48. Şehirali, Feyzan Hayal; “Patent Hakkının Korunması”, Ankara, 35. (1998)

V. Patent hüquqlarının pozulmasına dair mübahisələrdə səlahiyyətli məhkəmə orqanlarının xüsusatları

A.İxtisaslaşdırılmış dövlətdaxili prosessual mexanizmlər

 

Hər nə qədər ixtisaslaşmış milli patent məhkəmələrinin mövcudluğu qulağa xoş gəlsə də, əksər mütəxəssislər belə məhkəmələrin iqtisadi-siyasi təsirlərə qarşı daha “həssas” olduğunu, ümumi məhkəmələrlə müqayisədə hakimlərin daha çox qeyri-prosessual münasibətlərə girmək ehtimalının yüksəkliyini və aidiyyat ilə bağlı çox saylı mübahisələrə yol açma potensialını vurğulayırlar.49 Azərbaycanda nəinki ixtisaslaşdırılmış patent, ümumilikdə əqli mülkiyyət məhkəmələrinin olmaması bir tərəfə dursun, heç Ali Məhkəmə tərəfindən belə işlər üzrə məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinə dair qərar da qəbul edilməyib.Qeyd edək ki, AR Prezidentinin 03.04.2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə yalnız vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmələrin yaradılması nəzərdə tutulur.Lakin 2016-cı il tarixli Uzunmüddətli Milli Strategiyada və ən əsası da Azərbaycan:2020 Gələcəyə Baxış İnkişaf Konsepsiyasında mühüm prioritetlərdən biri də əqli mülkiyyət sahəsində məhz institusional potensialın gücləndirilməsi, ixtisaslaşdırılmış məhkəmələrə olan tələbat idi. Bəzi dövlətlərdə mövcud olan nümunələrə diqqət yetirək: • Rusiya.İxtisaslaşdırılmış patent məhkəmələrinin yaradılması təşəbbüsləri hələ SSRİ-nin dağıldığı dönəmdən etibarən mövcud olsa da, belə təşəbbüslər öz leqal əsasını 2013-ci ildə (Konstitusiya Qanunu ilə) əldə etmişdir, lakin bu dəfə ixtisaslaşdırılmış məhkəmə qismində patent yox, arbitraj məhkəmələri sistemində Əqli Mülkiyyət Məhkəməsi yaradıldı.(həmçinin Ali Arbitraj məhkəməsi Plenumunun müvafiq Qərarı qeyd edilməlidir)Çox maraqlıdır ki, bu məhkəmə həm 1-ci instansiya, həm də kassasiya instansiyası kimi fəaliyyət göstərir. 50Göstərilən məqam “Rusiya Federasiyası məhkəmə sistemi haqqında” və “Rusiya Federasiyası Arbitraj Məhkəmələri haqqında” Konstitusiya Qanunları ilə tənzimlənir.Belə ki, kassasiya icraatının predmetinə həmin məhkəmənin ilk instansiya qismində baxdığı işlər və arbitraj apellyasiya məhkəmələrinin baxdığı işlər aid edilir51.Birinci intansiya qismində baxılan işlərin dairəsi RF Arbitraj Prosessual Məcəlləsi ilə müəyyən edilmişdir.52 Sözün düzü, belə hallar digər dövlətlərin təcrübəsində də istisna olunası deyil –məsələn, Almaniyada Federal Sosial Məhkəməsi həm birinci, həm kassasiya instansiyasıdır.Bir məqam da diqqətimizdən yayına bilməzdi ki, Azərbaycanda Rusiyadan fərqli olaraq məhkəmələrin statusu ilə bağlı qanunlar, yəni xüsusilə “Məhkəmələr və hakimlər haqqında” və hətta “Konstitusiya Məhkəməsi haqqında” Qanunlar konstitusiya qanunu statusuna malik deyil, Rusiyada isə əksini gördük.

• Çin.1993-cü ildən etibarən dövlətin bütün ərazisində orta və yüksək xalq məhkəmələri strukturlarında əqli mulkiyyət işləri üzrə tribunallar, bəzi iri şəhər və əyalətlərində isə əqli mülkiyyət üzrə ixtisaslaşdırılmış məhkəmələr təsis edilmişdir.Belə məhkəmələr hazırda Pekin, Şanxay və Quancjouda fəaliyyət gostərir.Çindəki patent sistemi avropa patent sisteminə uyğun olmaqla, əsas baza müddəaları alman qanunvericiliyi ilə üst-üstə düşür.Patent hüquqlarının pozulması ilə əlaqədar işlərə birinci instansiya kimi orta səviyyəli xalq məhkəmələri baxır.Patent hüquqlarının pozuntusu nəticəsində vurulmuş zərərin məbləği 100 milyon yuandan (10 milyon avrodan) artıqdırsa, bu zaman həmin işlər birinci instansiya məhkəməsi kimi yüksək dərəcəli xalq məhkəmələrinin aidiyyatındadır.Əgər baxılan iş mühüm əhəmiyyətə malikdirsə, (tutaq ki, kütləvi informasiya vasitələrində geniş işıqlandırılan) məhkəmə həmin işə yüksək səviyyəli birinci instansiya məhkəməsində baxılması barədə vəsatət qaldırmaq səlahiyyətindədir.53“Patent haqqında” ÇXR Qanunu isə 1984-cü ildə qəbul olunmuşdur və bu dövlətin Cinayət Məcəlləsinin 216-cı maddəsi nəzərdə tutur ki, patentə dair ciddi yanıltma şəxsin qazancının dörd misli məbləğində cərimə, əgər qazancı müəyyən deyilsə, 200.000 yuana kimi cərimə ilə cəzalandırıla bilər.54

• ABŞ-ın digər federal alt məhkəmələr sistemində Court of Claims (federal dövlətə qarşı təzminat mübahisələri ilə bağlı), Court of Tax, Court of International Trade, Court of Military Appeals kimi məhkəmə təsisatları ilə yanaşı patent və gömrük mübahisələri ilə bağlı Court of Customs and Patent də xüsusi yerə malik idi.55Ancaq Court of Customs and Patent Appeals 1909-cu ildən 1982-ci ilə qədər fəaliyyət göstərsə də, həmin tarixdən öz yerini Federal Dairə Apellyasiya Məhkəməsinə vermişdir. Əslində isə məhkəmə ilk olaraq Payne-Aldrich Tarif aktı ilə məhz Tarif Şurasının qərarlarından verilən şikayətlərə baxan Gömrük Məhkəməsi qismində təsis edilərək 1910-cu ildə fəaliyyətə başlamış və ilk hakimləri ABŞ prezidenti U.Taft tərəfindən təyin edilmişdir.İlk dövrlərdə belə şikayətlərdə son və qəti instansiya kimi çıxış etsə də, 1914-cü ildən Ali Məhkəməyə də şikayət hüququ tanınaraq, həm də 1922-ci il Patent Qanununa görə, onun yurisdiksiyası daha da genişlənmiş, nəhayətində 1929-cu ildə məhkəmənin adı yuxarıda qeyd etdiyimiz kimi dəyişdirilmişdir.ABŞ Ali Məhkəməsi “ex-parte” Bakelite işində məhkəmənin təsisinin məhz ABŞ Konstitusiyasının 1-ci maddəsinin təsiri altına düşməsinə aydınlıq gətirmişdir.56  

 

49.Jacques de Werra, A closer loo