Nəşrlərimiz
 
 
— Sosial təminat hüququ üzrə sosial müavinətlər və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi məsələləri
 

04-11-2019, 10:25

 

Sosial təminat hüququ üzrə sosial müavinətlər və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi məsələləri

Müəllif: Gülnar Məstiyeva

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, beynəlxalq hüquq ixtisasının I kurs magistrantı

 

Sosial təminat hüququ üzrə sosial müavinətlər və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi məsələləri

 

Açar sözlər: sosial təminat hüququ, sosial müavinətlər, sosial müdafiə sistemi, qanunvericiliyin təkmilləşdirilməsi

Keywords: social security law, social benefits, social protection system, improvement of legislation

Xülasə

Məqalədə Azərbaycan Respublikasında sosial müavinət təminatının hüquqi tənzimlənməsi məsələləri kompleks şəkildə tədqiq edilmiş, milli və beynəlxalq qanunvericilik normalarının müqayisəli hüquqi təhlili aparılmış, sosial müavinətlər üzrə qanunvericiliyin təkmilləşdirilməsi üçün konkret təklif və tövsiyələr verilmişdir. Məhz sosial müavinət almaq hüququ olan şəxslərin və onların ailə üzvlərinin çox geniş əhali təbəqəsini əhatə etməsi bu mövzuya müraciət edilməsinə səbəb olmuşdur.  

Summary

In the article the issues of legal regulation of  social welfare in the Republic of Azerbaijan were comprehensivel, conducted a comparative legal analysis of national and international legislation, and made specific proposals and recommendations for improving the legislation on social benefits. Covering a large segment of population of people that having rights to get social benefits and their families  caused to apply this topic.

 

  Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 11-ci maddəsində, Avropa Sosial Xartiyasının 12-ci maddəsində və digər beynəlxalq aktlarda öz təsbitini tapan və hər kəsə şamil edilən sosial təminat hüququ insanın əsas sosial-iqtisadi hüquqlarından biridir. Dövlətin sosial funksiyası ilə birbaşa bağlı olan sosial təminat hüququ onu ifadə edir ki, özünü saxlamaq qabiliyyətindən məhrum olmuş, yaxud başqalarına nisbətən cəmiyyətdə daha çox sosial müdafiəyə ehtiyacı olan şəxsin öz yaşayışını təmin etmək üçün dövlətdən müəyyən məbləğ əldə etmək haqqı vardır.

  Sosial müdafiə və sosial təminat sisteminin müstəqil həlqələrindən birini məhz sosial müavinətlər təşkil edir. 2006-cı ilə qədər respublikamızda sosial müavinətlərlə bağlı vahid normativ akt mövcud olmamış, bu məsələ müxtəlif qanunvericilik aktları ilə tənzimlənmişdir. 7 fevral 2006-cı il tarixdə Sosial müavinətlər haqqında” Azərbaycan  Respublikasının  Qanunu qəbul olunduqdan sonra sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsasları, eləcə də bu sahədə yaranan digər münasibətlər bu qanunla tənzimlənməyə başlanmışdır.

  Bu gün sosial problemlər öz həllini yalnız cəmiyyət və dövlətin birgə əməkdaşlığı nəticəsində tapa bilər. Sosial problemlərin aradan qaldırılmasının başlıca məqsədi insanların cəmiyyətdə layiqli həyat səviyyəsinin təmin edilməsidir. Bu vaxtadək elmi ədəbiyyatda layiqli həyat səviyyəsi ilə bağlı müxtəlif fikirlər səsləndirilmişdir. Məsələn, B.A.Kistyakovski hesab edir ki, “dövlətin ən mühüm vəzifəsi yoxsul təbəqənin “ayağa qaldırılması” və bunun üçün də cəmiyyətin layiqli həyat səviyyəsinin sosial-hüquqi əhəmiyyətinin tanınmasıdır” [7, s. 121].

Sosial təminat hüququnun əsas institutlarından biri olan sosial müavinətlər milli hüquq ədəbiyyatında xüsusi tədqiqatların predmeti olmuşdur. Sosial müavinətlərlə bağlı bəzi məsələlər M.N.Əliyev, İ.İ.İsmayılov, R.İ.Mürşüdov, K.S.Batıqin, M.A.Qocayev, Ə.T.Nağıyevvə başqaları tərəfindən araşdırılmışdır. Belə ki, sosial müavinətlər institutunda əmək bazarının yaranması ilə bağlı çoxlu dəyişikliklər olmuş və bu, onun digər nəzəri və praktiki məsələlərinin kompleks şəkildə tədqiq edilməsini tələb edir.

  Sosial təminat hüquqları hər şeydən öncə ümumi xarakter daşıyır və bütün vətəndaşlara şamil edilir.Hüququn bu sahəsinə əmək qabiliyyəti olmayanlara, ailə başçısını itirənlərə pensiyaların, ehtiyacı olan ailələrə ünvanlı sosial yardımın, əmək qabiliyyəti olmayanlara sosial müavinətlərin təyin olunması və ödənilməsi, aztəminatlı ailələrə pulsuz sosial xidmətin göstərilməsi və bəzi digər münasibətləri, həmçinin onlarla sıx surətdə əlaqədar olan digər  münasibətləri tənzimləyən hüquq normalarının məcmusu kimi anlayış vermək olar. İnsanların  ən mühüm sosial təminat hüquqlarından birini də məhz sosial müavinətlər tutur.

  Sosial müavinətlərin tarixinə salsaq görərik ki, sosial təminatın bu növü hələ XX əsrin 20-ci illərinin II yarısından başlayaraq muzdlu işçilərə verilən sosial sığorta ödənişlərinin tərkib hissələrindən biri kimi meydana gəlmişdir. Buna baxmayaraq cəmiyyətdə yeni sosial-iqtisadi münasibətlərin yaranması sosial müavinətlərin yeni növlərinin meydana gəlməsi ilə nəticələndi [4, s. 312].

  2006-cı ilə qədər respublikamızda sosial müavinətlərlə bağlı vahid normativ akt mövcud olmamış, bu məsələ müxtəlif qanunvericilik aktları ilə tənzimlənmişdir. 7 fevral 2006-cı il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunduqdan sonra sosial müavinətlərin təyin edilməsi və verilməsinin hüquqi əsasları, eləcə də, bu sahədə yaranan digər münasibətlər adıçəkilən qanunla tənzimlənməyə başlanmışdır.

“Sosial müa­vi­nət­lər haq­qın­da”  Azərbaycan Respublikasının Qa­nun­unda ilk dəfə ola­raq sosial müa­vi­nətə le­qal an­la­yış ve­ril­miş­dir. Hə­min qa­nu­nun 1-­ci mad­də­sinə əsasən, sosial müa­vi­nət­lər de­dik­də , qa­nun­la müəy­yən edil­miş qay­dada ayrı-ayrı ka­te­qo­riya şəxs­lərə sosial yar­dım gös­tə­ril­məsi məq­sə­dilə ay­lıq və ya bir­də­fə­lik ödə­ni­lən pul vəsai­ti başa dü­şü­lür  [10]. Lakin professor  M.N. Əliyevin qeyd etdiyi kimi, qa­nun­ve­ri­ci­lik sosial tə­mi­na­tın bu nö­vü­nün təq­dim edil­məsi məq­sə­dini sosial sı­ğor­ta ilə əla­qə­lən­dir­mə­miş və onun əsas məqsədini gös­tərə bil­mə­miş­dir. M.N.Əliyevin sosial müavinətlərə verdiyi həmin anlayışa görə , sosial təminat sis­temi üzrə sosial müa­vi­nət­lər de­dik­də, qa­nun­la nə­zər­də tutul­muş hal­lar­da və qay­dada tam və ya qis­mən iti­ril­miş əmək haqqını və ya gə­lir­ləri kompen­sa­siya etmək, həm də əlavə mad­di yardım gös­tər­mək məq­sə­dilə müəy­yən ka­te­qo­riya şəxs­lərə aylıq, döv­ri və bir­də­fə­lik tə­yin olu­nan pul ödə­niş­ləri başa dü­şü­lür [5, s. 314].

  Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

  Sosial müavinətlərə dair qanunvericilik aktlarının sırasında ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası qeyd olunmalıdır. Onun 38-ci maddəsi ilə qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə və qanunla nəzərdə tutulmuş digər hallarda hər kəsin sosial təminat hüququna malik olması bəyan olunur [1]. Həmin maddənin mətnindən belə nəticə çıxır ki,  döv­lət  iş­lə­mək im­kan­la­rı­nı və ya əmək­dən gə­lir əl­də et­mək ki­mi iş qa­bi­liy­yə­ti­ni itir­ən vətəndaşların tələbatını ödəmək məqsədilə onlara  ki­fa­yət qə­dər pul və­sa­itlərinin ayrılmasını, həmçinin digər sosial xidmətlər göstərilməsi ilə əlaqədar olaraq yaranan münasibətlərin hüquqi cəhətdən tənzimlənməsini həyata keçirir.

Qanunvericilik aktlarının  ikinci qrupunu beynəlxalq hüquqi aktlar, yaxud Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir. Qeyd  etmək lazımdır ki, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra bir çox beynəlxalq təşkilatların (Birləşmiş Millətlər Təşkilatının, Beynəlxalq Əmək Təşkilatının, Avropa Şurasının və s.) bərabər hüquqlu üzvü olmuşdur.  Müavinət təminatına dair həmin təşkilatların Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş normativ aktları (konvensiyalar, tövsiyələr və s.) da sosial müavinətlər institutunun mənbələrinə daxil edilir (məsələn, Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası, Beynəlxalq Əmək Təşki-latının “Əlillərin peşə reabilitasiyası və məşğulluğu haqqında” Konvensiyası,“Analığın mühafizəsi haqqında” Konvensiyası və s.).

  Ötən illər ərzində Azərbaycanda əhalinin sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində bir sıra uğurlu addımlar atılmış və mövcud qanunvericilik təkmilləşdirilmişdir. Ölkəmizdə sosial müdafiə proqramları əhatəli və intensiv olsa da, bu istiqamətdə bəzi problemlər hələ də qalmaqdadır. Məhz bu problemlərin aradan qaldırılması və qanunvericilikdə mövcud boşluqların doldurulması, ziddiyyətli məqamların öz həllini tapması məqsədilə bir sıra təkliflər irəli sürülmüşdür.

  Qanunvericilikdə  əlillərin və  sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların hüquqları, onlara verilən müavinətlər öz əksini tapsa da, adıçəkilən şəxslərin qayğısına qalmaq üçün hər gün saatlarla vaxt ayıran şəxslər üçün isə heç bir güzəşt və ya müavinət nəzərdə tutulmamışdır. Fikrimcə, bu boşluq öz vaxtı və gücünü yalnız qayğıya sərf edən şəxsləri əmək bazarından kənar qoyur. Təklifim Böyük Britaniyada mövcud olan baxıcı müavinətinin ölkəmizin sosial təminat üzrə qanunvericiliyində öz təsbitini tapmasıdır.

  Yuxarıda qeyd edildiyi kimi,  Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmuşdur. Konvensiyanın  20-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşaqların ailə mühitində böyüməsi üçün müvafiq tədbirlər görmək öhdəliyi daşıyırlar [11]. Eyni zamanda həmin Konvensiyanın 18-ci maddəsinə uyğun olaraq iştirakçı dövlətlər uşaqların tərbiyəsi üçün vəzifələrinin icrasında valideynlərə, qəyyum və himayəçilərə mümkün köməklik göstərməyə borcludurlar [11]. Göstərilən Konvensiya ilə müəyyən edilən öhdəliklərə əməl olunması üçün ölkəmizdə “Uşaq hüquqları haqqında” Qanun qəbul edilmişdir. Bu Qanunun 31-ci maddəsində göstərilir ki, valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi onların övladlığa, qəyyumluğa, himayəçiliyə, digər ailəyə verilməsi, bunlar mümkün olmadıqda isə uşaqlara baxan müəssisələrdə yerləşdirilməsi üsulu ilə təmin edilir [12]. Bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin 29 mart 2006-cı il 1386 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” təsdiq olunmuşdur [2]. Həmin Proqramda göstərilir ki, Azərbaycan  Respublikasının da qoşulduğu BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına görə ailə uşağın sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün ən mühüm mühitdir. Həmin Konvensiyanın tələblərinə əsasən dövlət uşaq müəssisələrindən uşaqların bioloji və ya digər alternativ ailələrə verilməsi, bu uşaqların hüquqlarının qorunması daimi diqqət mərkəzində olmalı, uşaqları qəbul edən ailələrə sosial yardım edilməlidir [11]. Göründüyü kimi, valideyn himayəsindən məhrum olmuş uşaqları qəyyumluğa (himayəçiliyə) götürən şəxslərə dövlət tərəfindən zəruri sosial yardım göstərilməlidir. Bu baxımdan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) sosial müavinətin onların gəlirindən, ünvanlı dövlət sosial yardımına hüququndan asılı olmayaraq təyin edilməsi daha düzgün olardı [9, s. 91-92].

Əvvəlki qanunvericilikdə şəxsin çoxuşaqlı ana hesab olunması üçün vəfat etmiş ananın övladlığa götürülməmiş uşaqları təzə ailədə 8 yaşına çatanadək faktiki tərbiyə edildikdə, həmin uşaqlar da nəzərə alınırdı. Qüvvədə olan qanunvericilikdə isə güzəştlərin dairəsini məhdudlaşdırmaq məqsədilə vəfat etmiş ananın övladlığa götürülməmiş uşaqları təzə ailədə faktiki tərbiyə edilsələr də ögey ananın çoxuşaqlı ana hesab olunması üçün  nəzərə  alınmır. Bundan fərqli olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ögey ata və ögey  ana vəfat etmiş ögey oğlunu və ya ögey qızını azı 5 il tərbiyə etmiş və saxlamışdırsa, doğma valideynlərlə bir səviyyədə ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər [6]. Eyni zamanda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 92-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ögey ata və ana ögey oğul və qızlarını tərbiyə etmişlərsə və saxlamışlarsa, onlardan saxlanmaq üçün təminat verilməsini tələb edə bilərlər [3]. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsində 5 və daha çox uşağı 8 yaşınadək tərbiyə etmiş qəyyum kişilərə yaşa görə güzəştli  pensiya təyin edilməsi nəzərdə tutulmuşdur [6]. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ögey anaların yaşa görə pensiya hüququ məsələlərini araşdırmışdır. Plenum həmin məsələ ilə əlaqədar hüquq bərabərliyi prinsipindən çıxış edərək 01 dekabr 2010-cu il tarixli xüsusi qərar qəbul etmişdir. Qərarla beş və daha çox uşağı övladlığa götürüb səkkiz yaşınadək böyüdən analara, beş və daha çox uşağı səkkiz yaşınadək tərbiyə etmiş  ögey analara 5 və daha çox uşağı 8 yaşınadək tərbiyə etmiş qəyyum kişilərin yaşa görə pensiya təminatında tanınan güzəştlərin tətbiq olunmasını Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə etmişdir [9, s. 43-44].

  Göründüyü kimi, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 92-ci və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunan normalarla “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci  maddəsində təsbit olunan normalar arasında kolliziya ( ziddiyyət)  mövcuddur. Həmin kolliziyanın aradan qaldırılmasına, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 92-ci, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 15-ci maddəsi ilə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi arasındakı ziddiyyətin qanunvericilik qaydasında həll edilməsinə ehtiyac duyulur. Başqa sözlə desək, çoxuşaqlı anaların yaşa görə sosial müavinət hüququ müəyyən edilərkən onların səkkiz yaşınadək tərbiyə etdikləri ögey oğul və qızlarının nəzərə alınması məqsədəuyğun olardı[8, s. 43-44].

Məqalədə öz əksini tapan nəticələr və verilmiş təkliflər qüvvədə olan sosial müavinətlər üzrə qanunvericiliyin gələcək təkmilləşdirilməsi üçün əhəmiyyət kəsb edə, həmçinin gələcək elmi-tədqiqat işlərində, hüquqtətbiqetmə fəaliyyətində istifadə oluna bilər.

 

İstifadə edilmiş mənbələr:

  1.  Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2016, 72 s.
  2. “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasi Prezidentinin 29 mart 2006-cı il tarixli 1386 nömrəli sərəncamı: http://www.e-qanun.az/framework/11537
  3. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.  Bakı: Hüquq Yayın evi, 2017, 251 s.
  4. Əliyev M.N. Sosial təminat hüququ:Dərslik. Bakı: Adiloğlu, 2007, 464 s.
  5. Əliyev M.N. Müavinətlərin anlayışı, təsnifatı və onun məbləğinin müəyyən edilməsi metodları / Keçid dövründə Azərbaycan respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr məcmuəsi. 10-cu buraxılış.  Bakı: Səda, 2004, s. 96-101
  6. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli qanunu: http://www.e-qanun.az/framework/11566
  7. Кистяковский Б.А. Социальные науки и право: Очерки по методологии социальных наук и общей теории права. М., 1916, 708с.
  8. Quliyev C.B. Həyat səviyyəsi:yoxsulluğu törədən və azaldan sosial-iqtisadi amillər. Bakı, Avropa, 2011, 235 s.
  9. Mürşüdov Ü.İ. Sosial müavinət və təqaüdlərin hüquqi tənzimi. Bakı: Avropa, 2013, 265 s.
  10. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli qanunu: http://www.e-qanun.az/framework/11508
  11. “Uşaq hüquqları haqqında” BMT Konvensiyası: http://miqrasiya.nakhchivan.az/en/images/stories/konvensiyalar/7.pdf

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli qanunu: http://www.e-qanun.az/framework/3292