Nəşrlərimiz
 
 
— Yuvenal ədliyyə sistemi: Beynəlxalq standartlar və milli qanunvericilik.
 

04-11-2019, 11:04

 

Yuvenal ədliyyə sistemi: Beynəlxalq standartlar və milli qanunvericilik. Müəllif: Cəmilə Rzayeva

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “Dövlət hüququ” ixtisası üzrə magistr tələbəsi

 

Yuvenal ədliyyə sistemi: Beynəlxalq standartlar və milli qanunvericilik

 

Açar sözlər: Yuvenal ədliyyə sistemi, beynəlxalq təcrübə , yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi, uşaq ombudsmanının yaradılması.

 

Xülasə

Beynəlxalq hüquqi aktların, o cümlədən BMT-nin yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə dair Minimal Standart Qaydaları -

( Pekin Qaydaları) və Uşaq Hüquqları haqqında Konvensiyanın təhlili göstərir ki, yetkinlik yaşına çatmayanlar barəsində aparılan ədalət mühakiməsinin əsas vəzifəsi yetkinlik yaşına çatmayanlara dair xüsusi müdafiə tədbirlərinin tətbiq edilməsindən ibarət olmalıdır. Yuvenal ədliyyə tək yuvenal məhkəmələrin yaradılmasının deyil, həmçinin uşaqların müdafiəsinə yönəlmiş ayrı-ayrı sosial xidmətlərin  yaradılmasını da ehtiva edir.

 

  Qeyd edək ki, beynəlxalq standartlar birbaşa olaraq yetkinlik yaşına çatmayanlara dair xüsusi məhkəmələrin yaradılmasını tələb etmir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, yuvenal ədliyyə sisteminin inkişaf etdiyi bir çox ölkələrin təcrübəsində yetkinlik yaşına çatmayanlara dair işlərə xüsusi şəraitdə baxılır. Məsələn, qapalı iclaslarda və ya qeyri-rəsmi şəraitdə. Bu cür şəraitlərdə tətbiq edilən cəzalar yetkinlik yaşına çatanlara tətbiq edilən cəzalarla müqayisədə öz yumşaqlığı ilə seçilir. Ölkəmizdə bu tipli tədbirlərin təkmilləşdirilməsi üçün Yuvenal ədliyyə sisteminin formalaşdırılması ədalət mühakiməsi sahəsində aktual mövzulardan biridir. Lakin Yuvenal Ədliyyənin inkişaf etdirilməsinə mane olan bir sıra səbəblər vardır. Bu sistemin bərqərar olmasını ləngidən səbəblərdən hüquqi mühafizəkarlıq, maliyyə vəsaitinin çatışmazlığı, cinayət və cinayət-prosessual qanunvericilikdə olan boşluqlar, bu cür məhkəmələrin aidiyyət problemi, kadr çatışmazlığı  və s. göstərmək olar.

  “Yuvenal ədliyyə” ifadəsi geniş məfhum kimi özündə yetkinlik yaşına çatmayanlarla bağlı cinayət, mülki, boşanma və övladlığa götürmə kimi bütün prosesləri ifadə edir. “Ədalət mühakiməsi” termini sözün həqiqi mənasında burada cinayət mühakiməsi üzrə icraatın bütün mərhələlərində öz əksini tapır. Doğrudur, hələ antik dövrlərdən həddi-büluğa çatma yaşı və cinayətə görə cəzalandırma zamanı yaş xüsusiyyətləri nəzərə alınırdı. Müasir yuvenal ədliyyə konsepsiyası yetkinlik yaşına çatmayanların bütün sahələrdə hüquqlarının və azadlıqlarının qorunmasına xidmət etməsi ilə aktualdır.

  BMT-nin Uşaq Hüquqları Konvensiyası cinayət törətmiş yetkinlik yaşına çatmayan şəxslərin xüsusi qayğıya və yardıma olan hüquqlara malik olduğunu diqqətə çəkir. Uşaqlar qanunu pozduqları zaman, onların hüquqlarını tanıyan xüsusi ədalət mühakiməsi sisteminə cəlb olunma hüququna malikdirlər. Uşaqların zəifliyi sadəcə cəza sanksiyalarının tətbiqini deyil, həm də onların islah edilməsinə və hüquqlarının bərpasına yönələn yanaşmanı tələb edir. (5)

  Uşaq Hüquqları Konvensiyası uşaq hüquqlarının unuversal təbliği və müdafiəsi üçün əsas əhəmiyyətli bir sənəd olsa da, hələ də bir çox ölkələrdə uşaq hüquqlarının, xüsusən də onların qanunla problemləri yarandığı hallarda yaşanan bir həqiqətə çevrilə bilməsi üçün çoxsaylı maneələr aşılmamış qalmaqdadır. Uşaqlara qarşı polis zorakılığı, yaxud istəyə zidd olaraq yoxa çıxmalar, özbaşına saxlanılmalar və azdlıqdan məhrum etmənin ən son vasitə olmasına baxmayaraq bir çox yetkinlik yaşına çatmayanların xırda qanun pozuntuları törətdikləri halda  belə həbs qətimkan tədbirlərindən istifadə edilməsi heç də nadir hadisə deyildir. Dünyanın bir çox dövlətlərində Beynəlxalq hüquqa zidd olaraq, uşaqlar həm də çox zaman qəbuledilməz şəraitlərdə saxlanılır, saxlanma zamanı zorakılığa, o cümlədən intizam tədbiri kimi fiziki cəzalara məruz qalır və bəzi ölkələrdə hətta edam olunurlar. 2018-ci ilin məlumatlarına əsasən dünyada uşaqlara qarşı edam cəzaları ən çox İran, İraq, Pakistan kimi ölkələrdə tətbiq edilir. Dünyanın inkişaf etmiş ölkələrindən olan Yaponiyada da hələ də uşaqlara qarşı edam cəzası tətbiq edilir.

  Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cinayət məsuliyyəti yaşı 16 yaşdan yaranır.   BMT-nin Uşaq Hüquqları Komitəsi 16-18 yaşlı uşaqların cinayət qanunun tətbiq edilməsi məqsədləri üçün yetkinlik yaşına çatmışlar kimi qəbul edilməsi ilə əlaqədar da öz xüsusi narahatlığını ifadə etmişdir. Komitənin mövqeyinə görə Konvensiyanı ratifikasiya edən tərəf dövlətlər 18 yaşa çatmamış bütün yetkinlik yaşına çatmayanların cinayət qanununun uşaqlara şamil etdiyi xüsusi müdafiədən yararlanmasını təmin etməlidirlər. Milli qanunvericiliyimizdə bu cür dəyişikliyin edilməsi təqdirəlayiq hal olardı. BMT-nin Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə dair Minimal Standart Qaydaları, başqa sözlə Pekin Qaydaları müəyyən edir ki, “ yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti yaşı konsepsiyasını tanıyan hüquq sistemlərində bu yaşın başlanğıcı emosional, əqli və intellektual yetkinlik faktorlarını nəzərdə tutaraq çox aşağı yaş səviyyəsində müəyyən edilməməlidir”.

  Cinayət məsuliyyəti yaşı dünyanın bir çox ölkələrində fərqlidir. Cinayət törətmiş uşaqların fiziki və əqli inkişafını tamamlamadığı düşünüldüyündən, yetişginlərdən fərqli  bir mühakiməyə tabe olmaları düşüncəsi üzərində duraraq, uşaqların cinayət mühakiməsi ilə əlaqəli qanunlar qəbul edən ölkələrdən biri də Almaniyadır. Almaniyada qəbul edilmiş 1953-cü il tarixli Qanuna görə yaşı on dörddən aşağı olan uşaqların cinayət məsuliyyətinə alınmırlar. (7, s.76)

  İngiltərədə 1908-ci ildə Uşaq Qanunu qəbul edilmiş, İngiltərə və Uelsdə Uşaq Məhkəmələri qurulmuşdur. Bu qanunla 14 yaşından aşağı olan uşaqların azadlıqdan məhrum edilməsi qadağan edilmiş, 14 və 16 yaş arasında olan uşaqlara isə bəzi şərtlərlə azadlıqdan məhrum edilmə cəzası verilə bilərdi.

  Amerikan hüququnda cinayət məsuliyyəti yaşı 7-dir. 8 və 14 yaşları arasındakı uşaqların hadisələri qavrama qabiliyyətləri araşdırılır və əgər etdikləri hərəkətin nəticələrini anlayabiləcək vəziyyətdə olduqları qənaətinə gəlinərsə, cinayət məsuliyyətinə cəlb ediləcəkləri qəbul edilmişdir.

  Fransada cinayət məsuliyyəti yaşı 13 yaş olduğu qəbul edilmişdir.

  İsveçrədə 7-15 yaş arasındakı uşaqların məhdud cinayət məsuliyyəti anlayışları mövcuddur və sadəcə tərbiyəvi xarakterlər tədbirlər tətbiq olunmaqdadır. 2-ci qrup şəxslər 15-18 yaş arasında olan şəxslərdir. Bu şəxslər qanunla “gənc” adlandırılır və cəza təyinində güzəştlər tətbiq edilir. 18 yaş ilə 25 yaş arasında olan şəxslər isə “ gənc yetişginlər” adlandırılır və bu şəxslərin cinayət məsuliyyətləri tamdır. (9, s. 50)

  Çin hüquq sistemində isə 14 yaşından aşağı uşaqların cinayət məsuliyyətinin olmadığı qəbul edilmişdir. On dörd yaşla on altı yaş arasında olan uşaqlar haqqında cəza tədbirləri yerinə “idarə tədbirləri” adlanan tədbirlər tətbiq edilir. Cinayət törətmiş yetkinlik yaşına çatmayan şəxslər üçün ayrıca məktəblər və tərbiyə müəssiələri açılmışdır. Çalışma məktəbləri adlanan yerlər isə, önəmsiz hüquq pozuntuları törədən uşaqlara özəl bir tədris prosesi tətbiq etmək məqsədi ilə dövlət tərəfindən qurulmuşdur.

  Bu kateqoriya şəxslər barəsində cinayət mühakimə icraatının xüsusiyyətlərini müəyyən edən BMT-nin 29 noyabr 1985-ci il tarixli yetkinlik yaşına çatmayan şəxslər barəsində ədalət mühakiməsi icraatına aid minimal standart qaydaları-Pekin qaydaları , əsas beynəlxalq normativ akt hesab edilir. Bu beynəlxalq aktda bir sıra əsas prinsiplər və əsas qaydalar əks edilmişdir ki, məhz onlar yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət mühakimə icraatının xüsusiyyətlərini müəyyən etməklə yanaşı, onların hüquq və azadlıqlarına təminat verir.  Yetkinlik  yaşına çatmayanların törətdiyi cinayət işləri üzrə cinayət mühakimə icraatı beynəlxalq hüquqi aktlara uyğun formada Respublikamızda təşkil edilmişdir.

  Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan şəxslərin törətdikləri cinayətlər barədə cinayət işinə daha təcrübəli hakimlər tərəfindən baxılmalıdır. Daha təcrübəli hakimlər dedikdə, həm ümumiyyətlə hakimlik təcrübəsi, həm də yetkinlik yaşına çatmayan şəxslərin cinayət işləri üzrə daha çox təcrübəsi və səriştəsi olan hakimlər başa düşülür.

  Yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmə baxışının gedişində və hökm çıxarılan zaman məhkəmə ümumi qəbul olunmuş beynəlxalq hüquqi prinsipləri rəhbər tutmalıdır. Həmin prinsiplər aşağıdakılardır:

1)    Yetkinlik yaşına çatmamış şəxs başqa şəxsə zor tətbiq edilməsi ilə müşayət olunan ciddi əmələ yol verməmişdirsə, yaxud digər ciddi cinayəti təkrar törətməkdə təqsirli bilinməmişdirsə və ya digər təsir tədbirləri mövcud olmadıqda, onun barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunması məqsədəuyğun deyildir;

2)    Yetkinlik yaşına çatmayan şəxs islah müəssisəsinə yalnız son tədbir kimi və zəruri olan minimum müddətdə yerləşdirilməlidir;

3)     Yetkinlik yaşına çatmayan şəxsin azadlığının məhdudlaşdırılması haqqında qərar, bu məsələyə mükəmməl baxıldıqdan sonra müddəti mümkün qədər minimuma endirilməklə qəbul edilməlidir;

4)    Təsir tədbirləri bütün hallarda nəinki cinayətin ağırlığına və hallarına, həm də yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, həmçinin cəmiyyətin tələbatına uyğun gəlməlidir;

5)    Əgər bu, işin hallar ilə öz təsdiqini tapmırsa, heç bir yetkinlik yaşına çatmayan şəxs valideynlərinin nəzarəti altından tamamilə və ya qismən götürülə bilməz. (2)

   Azadlıqdan məhrum etmə ilə bağlı olmayan tədbirlər diqqət dairəsindən uzaq olan, milli təcrübədə geniş tətbiq olunmayan və nəzəri cəhətdən lazımı səviyyədə araşdırılmayan, lakin həm cəmiyyyətin, həm də cinayət törətmiş şəxslərin faydalana biləcəyi vacib potensiala malik olan sahədir. Yetkinlik yaşına çatmayanlar barəsində həyata keçirilən mühakimənin cəzalandırcı deyil, bərpaedici olmasında böyük rolu vardır. Qeyd etmək lazımdır ki, Uşaq hüquqları Komitəsi Uşaq Hüquqları Konvensiyasına tərəf olan dövlətlərin  hesabatlarının nəzərdən keçirən zaman ölkələrdə yetkinlik yaşına çatmayan qanun pozucularının azadlıqdan məhrum edilməsinə qarşı hansı alternativlərin olduğunu mütəmadi olaraq yoxlayır və dəfələrlə belə tədbirlərin gücləndirilməsinə çağırmışdır.

    Yetkinlik yaşına çatmayan qanun pozucuları cinayət məsuliyyətindən azad olaraq alternativ xidmətlərə və qayğıya doğru yönəldilməlidirlər. Bu cür diskresion tədbirlər, ədalət mühakiməsinin istənilən mərhələsində səlahiyyətli orqanlar tərəfindən verilə bilər. Pekin Qaydalarının 5.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan qanun pozucularına qarşı tətbiq edilən təsir tədbirləri həmişə onların şəxsiyyətinə, həm də qanun pozuntusunun şəraitinə uyğun olmalıdır. Yalnız yetkinıik yaşına çatmayanların öz fiziki və psixoloji xüsusiyyətlərinə görə daha böyük qayğıya ehtiyacları olduğundan, həmin Qaydaların 17.1(a) maddəsində bildirilir ki, təsir tədbirləri təkcə qanun pozuntusunun şəraiti və ağırlığı ilə deyil, yetkinlik yaşına çatmayanın vəziyyəti və tələbatı, həmçinin cəmiyyətin tələbatı ilə ölçülməlidir. Beləliklə, səlahiyyətli orqanlar  yetkinlik yaşına çatmayanlara qarşı təsir tədbirləri seçərkən, həm qanun pozucusunun maraqlarını, həm də cəmiyyətin maraqlarını nəzərə almalıdır. (5, s.10)

   Dövlət yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarını qorumaq üçün yuvenal ədliyyə sistemi, yəni yuvenal məhkəmələr yarada bilər. Yuvenal ədliyyədə prosessual təhlükəsizlik xüsusi əhəmiyyət kəsb edir, çünki onlar uşağın maraqlarının qorunmasına xidmət edirlər.

   Məşhur türk müəllifi Uluğtəkinə görə, pozitivist və humanist düçüncələrə arxalanmaq surətilə, cəmiyyətin ekonomik, sosial və siyasi inkişaf səviyyələrinin nəzərə alınması ilə yaradılan Yuvenal məhkəmələr aşağıdakı əsaslara dayanaraq yaradılmalıdır:

  1. 1. Uşaqlar haqqındakı qərar verərkən, uşağın ailə vəziyyəti və şəxsi xüsuisyyətləri diqqətə alınaraq verilməlidir.
  2. 2. Yetkinlik yaşına çatmayanların mühakimə sistemində , yaşlı cinayətkarların tabe olduğu qatı, qarmaşıq, cəzalandırcı çətin prosedurlardan uzaq durulmalıdır.
  3. 3. Uşaq məhkəmələrində sosial xidmət ekspertinin olması vacibdir. Sosial xidmət eksperti uşaqları psixoloji cəhətdən məhkəmə prosesinə hazırlamalı və məhkəmə prosesi ilə əlaqədər bilgi verməlidir. Sosial xidmət ekspertlərinin uşaqların məhkəmə prosesinə hazırlanması və uşaqların ifadələrinin alınması sırasında prosesdə iştirak etməsi hakim və uşaq arasındakı dialoqun daha asan təmin edilməsinə rolu böyük ola bilər. (10, s.28-30)

    Azərbaycanda yuvenal ədliyyə sistemində problemlər müxtəlif səpkili və çox mürəkkəbdir. Bunların hamısı uşaq hüquqları baxımından vacib hesab olunmalıdır. Ər-Riyad Prinsipləri, Pekin Qaydaları və BMT UHK kimi beynəlxalq qayda və prinsiplər qanunla mühakimə edilmiş uşaqlarla rəftarın əsasən həmin uşağın cəmiyyətə yenidən inteqrasiyasına yönəldiyini bildirir və uşağı buna ruhlandırmağı və ya həmin mühitdə konstruktiv rol oynamağı tələb edir. Bu yanaşma Azərbaycan Respublikasının Cinayət Məcəlləsində əksini tapmışdır. Beynəlxalq insan hüquqları hüququnda yuvenal ədliyyə sisteminin bəyan edilən məqsədi uşağın bərpası və sosial reinteqrasiyasıdır.

    Yuvenal Ədliyyə konsepsiyasının ən önəmli məqsədlərindən biri də yetkinlik yaşına çatmayanlara münasibətdə azadlıqdan məhrumetmə ilə bağlı olmayan tədbirlərin tətbiq edilməsinə daha çox nail olmaqdır. İllərin təcrübəsi göstərir ki, cinayət mühakimə icraatının istənilən mərhələsində məcburetmə tədbirlərindən ən çox istifadə ediləni azadlıqdan məhrum etmə ilə bağlı olan tədbirlərdir. Sözügedən tədbirlərin tətbiqinə yalnız onlar hüquqi prosedura əməl edən məhkəmə araşdırmasından sonra təyin edildikdə və törədilmiş cinayətə münasibətdə açıq-aydın qeyri-mütənasib davranışa bərabər olmadıqda yol verilməlidir. Lakin, azadlıqdan məhrum etmə ilə bağlı olan tədbirlərin tətbiqi ağır zorakı cinayətlər törətmiş şəxslər barəsində zəruri olduğu halda, cinayətlərin qarşısının alınması və ya cinayət törətmiş şəxslərin sosial reinteqrasiyası baxımından əlverişli deyil.

     Beləliklə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan alternativlərin əsas məqsədi cinayət sanksiyalarını qanun pozucusunun ehtiyaclarına fərdi olaraq uyğunlaşdırmaq və bununla da sanksiyaları daha səmərəli etməkdir. Həmçinin azadlıqdan məhrumetmə ilə bağlı olmayan tədbirlər cəmiyyət üçün ümumilikdə azadlıqdan məhrum etmədən daha ucuz başa gəlir. Azadlıqdan məhrum etmə ilə bağlı olmayan tədbirləri ehtiva edən, fərdi olaraq uyğunlaşdırılmış cəza sanksiyalarının ümumi məqsədi cinayətkarlığın azaldılmasından ibarətdir. Azadlıqdan məhrum etmə ilə bağlı olmayan tədbirlərin istifadəsi zamanı beynəlxalq miqyasda tanınmış insan hüquqlarına riayət edilməlidir.

      Ölkəmizdə Yuvenal ədliyyə sisteminin yaradılmasına o qədər də böyük ehtiyac duyulmamasının əsas səbəblərindən biri yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın olduqca aşağı səviyyədə olmasıdır.

   Ölkəmizdə Yuvenal ədliyyə sisteminin formalaşdırılması üçün ona daxil ola bilən aşağıdakı dövlət qurum və təşkilatlarının yaradılması və mövcud olanların təkmilləşdirilməsi olduqca vacibdir:

a)     Yuvenal məhkəmələr;

b)    İxtisaslaşmış ədliyyə, daxili işlər, səhiyyə, təhsil və mədəniyyət, sosial müdafiə, sosial xidmətlər, qəyyumluq və himayəçilik, dövlət məşğulluq xidməti, gənclərlə bağlı siyasətin həyata keçirilməsi üzrə dövlət orqanları;

c)     Tərbiyə müəssisələri və cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan ixtisaslaşmış penitensiar müəssisələr.

d)    Uşaq ombudsmanı və uşaqların hüquqlarının müdafiəsi üzrə səlahiyyətləndirilmiş digər şəxslər;

Ümumuiyyətlə, uşaq ombudsmanı institutu dünya təcrübəsində nisbətən yeni bir qurumdur. Uşaqların hüquq və azadlıqlarının qorunması məqsədi ilə müsbət haldır ki, dünya dövlətlərinin təcrübəsində yeni milli təsisatlar-ixtisaslaşmış ombudsmanlar formalaşmağa başlamışdır. İlk dəfə uşaq ombudsmanları Norveçdə (1981) daha sonra isə bəzi Avropa dövlətlərində, Latın Amerikasında, Kanada, İsraildə və başqa ölkələrdə yaradılmışdır.   Azərbaycan Respublikasının uşaqların hüquqlarının müdafiəsi üzrə müəyyən müsbət təcrübəsi və müxtəlif sahələrdə zəngin qanunverici bazası vardır.

    Azərbaycanda Yuvenal ədliyyə sisteminin formalaşdırılması prosesində bir sıra beynəlxalq sənədlərdəki göstərişlərin nəzərə alınması vacibdir. Beynəlxalq Cəza Reformu Platformu  uşaq ədalət mexanizmi planı hazırlamışdır. Bu plan dünya gənəlində yetkinlik yaşına çatmayanların mühakimə sistemləri içərisindəki şiddəti azaltmaya istiqamətləndirilmişdir. BMT Uşaq Hüquqları Konvensiyasına, Uşaq Ədalət Sisteminin Minimum Standart Qaydalarına əsasən hazırlanmış plan aşağıdakı müddəalardan ibarətdir:

  1. 1. Yetkinlik yaşına çatmayanların azadlıqdan məhrum edilməsi başvurulacaq son çarə olmalıdır.
  2. 2. Cinayət işi ancaq seçilmiş və bu sahədə ixtisaslaşmış orqanlara həvalə edilməlidir.
  3. 3. Yetkinlik yaşına çatmayanlar üçün azadlıqdan məhrum etmə yerləri əvəzinə alternativ müəssisələr yaradılmalıdır.
  4. 4. Uşaqların işlərinə baxmaq üçün daha az çətin proseduru olan özəl Uşaq Məhkəmələri yaradılmalıdr.
  5. 5. Uşaqların saxlandığı yerlərdə reabilitasiya, təhsil, idman və mədəniyyət mərkəzləri mövcud olmalıdır.
  6. 6. Uşaqlara verilmiş cəzaların müddəti bitdikdən sonra, bir müddət uşaqların reabilitasiya prosesinə nəzarət etmək üçün nəzarətçilər təyin edilməlidir.
  7. 7. Azadlıqdan məhrum edilmiş yetkinlik yaşına çatmayanlarla ailələri arasında əlaqə hər vasitə ilə təmin edilməlidir. (12)

   Hal-hazırda ən aktual məsələlərdən biri uşaqlarla səmərəli iş apara biləcək Yuvenal Məhkəmənin yaradılmasıdır. Mövcud hakimlər korpusundan istifadə edərək bu sahədə böyük irəliləyişə nail olmaq mümkündür. Hər bir məhkəmədə bir ixtisaslaşmış hakim olarsa, uşaqların işinə düzgün baxılmasına, onların durumunun qiymətləndirilməsinə, beynəlxalq standartlara uyğun alternativ tədbirlərin tətbiqinə imkan yaranır.

     İctimai həyatın bu vacib sahəsində  islahatın aparılmasında mümkün olan addımlardan biri də Yuvenal Ədliyyə və Yuvenal Ədliyyənin administrasiyasında orqanlar haqqında yeni qanunun tətbiq edilməsidir. Yetkinlik yaşına çatmayan şəxslərin cinayət işlərində həbsə qədər, həbs zamanı, məhkəməyə qədər, məhkəmə zamanı və saxlanma zamanı proseduralardan başlayaraq bütün prosedurların müəyyən edilməsini təmin edəcək və eyni zamanda xüsusi psixo-sosial reabilitasiya və cəmiyyətə yenidən intqerasiya, önləyici və ya profilaktik tədbirlərin geniş yer tutduğu belə ayrıca qanuna ehtiyac vardır.

İstifadə edilmiş ədəbiyyat siyahısı:

  1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Bakı, “Digesta”, 2019, 456 s
  2. BMT-nin yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin icrasına aid 29 noyabr 1985-ci il tarixli minimal standart qaydaları (Pekin qaydaları) (31 may 2002-ci il tarixli AR qanunu ilə təsdiq edilmişdir).
  3. N.Adilov. “Yetkinlik yaşına çatmayanlar üçün cinayət mühakiməsi” Azərbaycan Gənc Hüquqşünaslar Birliy; Açıq Cəmiyyət İnstitutu Yardım Fondu. Bakı 2012. 304 s.
  4. S.Babayeva. ‘Yetkinlik yaşına çatmayan şəxslərin cinayətkarlığı və yuvenal ədliyyə” Məqalə.  Polis Akademiyası. Bakı 2015. S 223-225.
  5. S.A.Əliyeva,R.T.Səmədov Yetkinlik yaşına çatmayanlar üçün azadlıqdan məhrumetməyə alternativlər: Beynəlxalq standartlar və milli qanunvericilik. Bakı, GNS Poliqraf, 2017. S.48

 

  1. Uşaq hüquqları haqqında konvensiya (20 noyabr 1989-cu il.) https://www.unicef.org\magic\media.
  2. M. E.Ramirez. Juvenile Juctice and Delinquency Preventıon. 2015. Page.95.
  3. T.D.Hommes. Juvenile Juctice.  2017. Page.78.
  4. G.Erükçü, E.Akbaş. “Dünyada Çocuk Mahkemelri Uygulamalarına Eleştirel Bir Bakış”. İnsan ve Toplum Bilimleri Araştırmaları Dergisi. Ankara 2016. S. 135-153.
  5. S.S.Uluğtekin. “Çocuk Mahkemeleri ve Sosyal İnceleme Raporları. Ankara 2016. Türkiye Barolar Birliği Yayımı. Yayın No: 71, 2004.
  6. https://www.unicef.org/turkey/crc/
  7. https://www.juvenile-in-justice