Nəşrlərimiz
 
 
— Azərbaycan – Ermənistan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn obyekti kimi
 

04-11-2019, 11:34

 

Azərbaycan – Ermənistan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn obyekti kimi

Müəllif: Ülvi Əsədullayev

Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq hüquq ixtisası üzrə I kurs tələbəsi

 

Azərbaycan – Ermənistan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn obyekti kimi

 

 

 Münaqişə dedikdə iki qarşı tərəfin bir-biri ilə mübarizə aparması başa düşülür. Bu konteksdə “münaqişə” sözünün mənasının anlaşılması lazım gəlir. Münaqişə o zaman baş verir ki, əgər iki və ya daha artıq tərəf (fərd və ya qrup) hesab etsin ki, onların maraqları, məqsədləri və ya ambisiyaları bir-birinə uyğun gəlmir, bu zaman onlar düşmən münasibətini ifadə edir və öz hərəkəti ilə digər tərəflərin maraqlarının qorunmasına maneçilik törədirlər.

Qarabağ münaqişəsində də məhz iki tərəfin – Azərbaycan və Ermənistanın maraqları toqquşur. Daha doğrusu, Azərbaycanın qədim dədə-baba torpaqları olan Qarabağ bölgəsinə ermənilərin öz iddialarının irəli sürməsi münaqişənin başlanması üçün əsasdır.

Beynəlxalq hüquqi aspektdən baxsaq Qarabağ münaqişəsi də onun predmetinə daxildir. Hər hansı bir münaqişə beynəlxalq səviyyəyə qaldırılan zaman onun hüquqi və faktiki əsası göstərilməlidir.

BMT təhlükəsizlik 1945-ci ildə dövlətlərarası beynəlxalq münaqişləri həll etmək məqsədilə yaradılmışdır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi  822, 853, 874 və 884 saylı qətnamələri qəbul olunmuşdur. Lakin bu qətnamalər hələ də yerinə yetirilməmişdir.

 

Açar sözlər: Qarabağ münaqişəsi, işğal olunan ərazilər, qətnamələr, BMT Təhlükəsizlik Şurası, Beynəlxalq məsuliyyət, hüquqi və faktiki əsaslar

 

Hələ ibtidai icma quruluşunda insanlar yaşamaq üçün münbit torpaqlara, o cümlədən Azərbaycan torpaqlarına, Qarabağa üz tutmuşlar. Buna bariz nümunə kimi tapılan mağaraları göstərmək olar (9, s.18).

Bildiyimiz kimi, Azərbaycan ərazisində erkən dövlət qurumları yaranıb fəaliyyət göstərmişdir. Ermənilərin isə heç bir dövlət qurumu olmamış, sonradan başqa-başqa ərazilərə öz əsassız iddialarını irəli sürmüşlər.

Hələ Çar Rusiyası dövründə ermənilər bu məqsədlə rusların tərəfində olmuş, bununla da onların hesabına müvafiq torpaqlar əldə edərək, öz dövlətlərini qurmağa ümid bəsləmişlər. Bu məsələ də rusların işinə yarayırdı. Ruslarla ermənilər eyni dindən olduğundan ruslar erməniləri özlərinə dini dayaq hesab edirdilər. Bu məqsədlə 1813 Gülüstan və 1828 Türkmənçay müqaviləsi ilə Azərbaycan ərazisinə xeyli sayda erməni ailəsi köçürülmüş və uzun müddət burada məskunlaşmışlar. Bu da zaman-zaman yerli əhali ilə ermənilər arasında müvafiq anlaşılmazlıqlara, konfliktlərə gətirib çıxarırdı (2, s.22,29)

Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda artıq 100 ildən çox idi ki, xeyli sayda erməni ailəsi burada məskunlaşmış və əhalinin bir hissəsinə çevrilmişdilər. AXC-nin fəaliyyətində 5 hökumət kabineti fəaliyyət göstərmiş və bu kabinetlərin hamısında ermənilərə də müvafiq sayda mandat ayrılmışdır.

Azərbaycanda müstəqil dövlət qurulmasına baxmayaraq bu dövrdə yenə də ermənilər təxribatlar törədirdilər.  1919-cu ilin sonları - 1920-ci ilin yazında Zəngəzurda erməni-daşnak silahlı quldur dəstələri dinc azərbaycanlı əhaliyə qarşı basqınlar və kütləvi qırğınlar törətdilər.

Ermənilər Cavanşir qəzasında da sakitləşmirdilər. Onların qəzanın dağətəyi kəndlərinə hücumları adi hal almışdı. Erməni quldur dəstələri 1918-ci ilin yaz-yay aylarında qəzanın düzənlik hissəsinin müsəlman əhalisinə qarşı da çoxsaylı zorakılıq aktları etmişlər.

Qarabağın digər qəzası Cəbrayılda da erməni silahları dinc əhaliyə hücum edirdilər. 1918-ci ilin dekabrında Cəbrayıl qəzasının azərbaycanlı kəndlərinə ermənilərin hücumları genişlənmiş, 1919-cu ilin əvvəllərində daha dağıdıcı xarakter almışdı. Şuşa qəzası və Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində ermənilərin vəhşilikləri daha amansız şəkil almışdı.

Bu dövrdə ermənilər təxribat törətməklə qalmır, öz ərazi iddialarını da irəli sürürdülər. Onların ərazi iddiaları AXC-nin müstəqilliyi üçün təhlükə yaradırdı. Buna görə də, AXC İrəvanı ermənilərə güzəştə getdi, bir şərtlə ki, ermənilər Azərbaycanın digər torpaqlarına olan iddialarından əl çəkməli idilər. Bir çox mənbələrdə bu, AXC-nin böyük səhvi kimi göstərilir. Sonrakı illərdə AXC dağıldı və SSRİ quruldu. SSRİ hakimiyyətinin sonlarına yaxın ermənilər artıq münaqişəyə başladılar. Əvvəllər onlar sadəcə ərazi iddialrını irəli sürürdülərsə, indi artıq bunun uğrunda mübarizəyə, hətta müharibəyə başladılar. 1988-ci ildə başlayan müharibə 1993-cü il Zəngilanın işğalına qədər davam etdi. Bu dövr müstəqilliyimiz yeni əldə olunduğundan, daxili münaqişlər də mövcud idi və bu ermənilərin torpaqlarımızın 20%-ni işğal etməsinə kömək etdi (7, s.21).

SSRİ dağılmamışdan məsələyə beynəlxalq hüququn obyekti kimi baxmaq, hardasa döğru olmazdı. Ancaq SSRİ dağıldıqdan sonra həm Azərbaycan, həm də Ermənistan müstəqil dövlət olduğundan beynəlxalq hüququn mütləq subyekti sayılır. Bu münaqişənin beynəlxalq hüququn 2 subyekti arasında olması onun beynəlxalq hüququn obyekti olmasından xəbər verir.

Münaqişə dedikdə iki dövlətin maraqlarının toqquşması başa düşülür. Ancaq biz bu məsələdə maraq toqquşması mövqeyimizi ortaya qoysaq, onda həm Azərbaycan, həm də Ermənistanın Qarabağa olan hüququnu bərabərləşdiririk, Ermənistanın Azərbaycan torpaqlarına etdiyi təcavüzünü pərdə arxasına salarıq.

Ermənilərin törətdiyi əməllər beynəlxalq hüquq normalarına ziddir və onlar beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmalıdırlar.

Beynəlxalq hüquq məsuliyyəti, beynəlxalq vəzifələrin pozulması nəticəsində yaranan zərərin aradan qaldırılması üçün beynəlxalq hüquq subyektinin hüquqi öhdəliyi və ya beynəlxalq müqavilə ilə nəzərdə tutulmuş hallarda qanuni hərəkətlər nəticəsində yaranan zərərin ödənilməsi vəzifəsidir (11, s.14).

Beynəlxalq hüquqi məsuliyyət üçün əsaslar mövcud olmalıdır. Bu əsaslar hüquqi və faktiki əsaslara bölünür. Dövlətin məsuliyyətinin hüquqi əsası kimi ancaq hüquqi aktlarda əks olunmuş, hüquqi olan beynəlxalq hüquq normaları başa düşülməlidir. Burada müvafiq müqavilələr, konvensiyalar, aktlar aiddir. Ermənilər də bir çox aktları pozmuşdurlar. Bu kimi aktlara 1907-ci il “Quru müharibəsi qanunları və adətləri haqqında” Haaqa konvensiyası, 1937-ci il “Terrorizmin qaşısının alınması və cəzalandırılması haqqında” Konvensiya, 1949-cu il 12 avqust tarixli “Cenevrə konvensiyaları” habelə, 1948-ci il 10 dekabr tarixli “İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə”ni misal göstərə bilərik (6).

Burada göstərilən normalara Ermənistanın riayət etməməsi və o normaları pozması onların məsuliyyətə cəlb olunması üçün əsasdır.

Faktiki əsasa gəlincə, dövlətin beynəlxalq hüquqi məsuliyyətinin faktiki əsasını beynəlxalq hüquq pozuntusu təşkil edir. Beynəlxalq hüquq pozuntusu dövlətin hüquqazidd, təqsirli davranışı olub, beynəlxalq hüquq qaydasının pozulması və beynəlxalq hüququn digər subyektlərinə ziyan vurulması ilə nəticələnən hərəkət və ya hərəkətsizliyində ifadə olunur (5, s.36).

Ermənilərin Dağlıq Qarabağa təcavüzü, Xocalıda törətdikləri soyqırım məhz onların beynəlxalq məsuliyyətinin faktiki əsasını təşkil edir. Bu əməllər onların beynəlxalq məsuliyyətə cəlb olunmasına əsas verir.

Beynəlxalq məsuliyyətlə bağlı beynəlxalq təşkilatlarda paktlar, konvensiyalar qəbul olunmuşdur. Dövlətlərin məsuliyyəti məsələsini bu aktlar əsasında beynəlxalq məhkəmələr həll edirlər. Beynəlxalq məsuliyyəti tətbiq edən orqanlara Avropa İnsan hüquqları Məhkəməsi, Beynəlxalq Ədalət Məhkəməsi, Avropa Birliyi Məhkəməsini misal göstərə bilərik. Dövlətlərin, həmçinin Ermənistanın beynəlxalq məsuliyyətindən danışarkən, BMT Təhlükəsizlik Şurasından danışmaq da yerinə düşər. BMT Təhlükəsizlik Şurası BMT-nin 6 əsas orqanından biridir. BMT təhlükəsizlik şurası öz səlahiyyətinə aid olan məsələlərlə bağlı qətnamələr qəbul edir (4, s.183).

Bu qətnamələrin Azərbaycana aid olan hissəsinə nəzər salaq: 1992-ci ildə erməni silahlı birləşmələri respublikamızın ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını kifayət qədər genişləndirmişdilər. Lakin heç bir beynəlxalq təşkilat hamının gözü qarşısında baş verməkdə olan və beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu işğalçılıq əməllərinə obyektiv qiymət vermədi. Doğrudur, müxtəlif dövrlərdə BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri, bəyanatları meydana çıxdı, bununla belə, həmin sənədlər münaqişənin həqiqi səbəblərini dəqiq şəkildə qiymətləndirmir, təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərq qoymurdu.

1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Respublikası bu barədə bütün beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə və dünya dövlətlərinə müraciət etdi. 1992-ci ilin martında

 Azərbaycan BMT-yə üzv qəbul edildi. Bundan sonra Azərbaycan BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş etdi. BMT-nin nümayəndə heyəti bu müraciətə əsaslanaraq regiona səfər etdi və bu barədə BMT Baş katibinə müvafiq məlumatlar verdi. 1992-ci ildə Şuşanın işğalı Azərbaycanı yenidən BMT-yə müraciət etmək məcburiyyətində qoydu. May ayının 12-də BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ problemini müzakirə edərək bəyanat verməklə kifayətləndi. Bəyanatda Dağlıq Qarabağda vəziyyətin pisləşməsindən narahatlıq ifadə olunur və məcburi köçkünlərə təcili yardım göstərilməsinin zəruriliyi bildirilirdi. 1993-cü ildə BMT Təhlükəsizlik şurasının 822, 853, 874 və 884 saylı qətnamələri qəbul olundu. Bu qətnamələr Ermənistana qarşı heç bir məsuliyyət müəyyən etmirdi. Məsələn 822 saylı qətnaməyə nəzər salaq. Bu qətnamə Kəlbəcərin işğalından sonra qəbul edilmişdir. Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyə, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi. Bundan sonra 853, 874, 884 saylı qətnamələr müvafiq olaraq Ağdamın, Qubadlının və Zəngilanın işğalından sonra qəbul edilmişdir. Bu qətnamələrdə də sadəcə işğal olunmuş bölgələrdən erməni qoşunlarının çıxması qeyd olunurdu, ancaq heç bir məcburiyyət tədbirləri nəzərdə tutulmurdu (2, s.79).

Yekun olaraq onu qeyd edə bilərik ki, Ermənistan üçün qətnamələr müəyyən edən Təhlükəsizlik Şurasının rolu danılmazdır. Təhlükəsizlik Şurası ilə yanaşı, digər beynəlxalq hüquqi mexanizmlərin müsbət tərəfi ilə yanaşı, bu mexanizmlərin mənfi tərəfi də vardır. Belə ki, qeyd olunan orqanların çıxardığı qərarlar, qətnamələr elə çıxarıldığı kimi qalır, tətbiq olunmur. Daha bir mənfi cəhəti isə onların tətbiq edilməsinə qeyd olunan orqanlarda heç bir məcburiyyət tədbiri nəzərdə tutulmur. Bu isə beynəlxalq məhkəmələrə, təşkilatlara beynəlxalq hüququn subyektlərinin inamının itməsinə səbəb olur.

Yekunda qeyd edə bilərik ki, yuxarıda qeyd olunan məqamlara istinadən Dağlıq Qarabağ münaqişəsi beynəlxalq münaqişədir. Dünya birliyi bu məsələdə öz mövqeyini ortaya qoymalı və məsələnin həll olunması üçün səylərini göstərməlidirlər.

1994-cü il may ayının 12-də atəşkəs elan olunmasına baxmayaraq ermənilər demək olar ki, ordumuzun silahlı bölmələrini müvafiq istiqamətlərdən atəşə tutur. Yaxın dövrlərə nəzər salsaq, 2016-cı ilin aprelində “Aprel döyüşləri” adı ilə tanınan qısamüddətli döyüş baş verdi. Ermənistan bizim ordumuzdan qat-qat çox itki verdi. Lələtəpə və digər adsız yüksəkliklər düşmən işğalından azad oldu. Bu döyüşdə ordumuzun nə qədər güclü olduğu və nəyə qadir olduğu qarşı tərəfə məlum oldu.

Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində xarici dövlətlərdən müasir silahlar alınır. Azərbaycan büdcəsinin xeyri hissəsi hərb sahəsinə ayrılır. Bu da dövlətimizin Dağlıq Qarabağ məsələsinə, bu torpaqların işğaldan azad olunmasına səylərini göstərir.

Azərbaycan Respublikası öz torpaqlarında nahaq qan tökülməsin, dinc əhali və hərbiçilər həlak olmasın deyə münaqişənin sülh yolu ilə həll olunmasına ümid edir və səy göstərir. Lakin məsələ sülh yolu ilə həll olunmazsa, müharibə qaçınılmazdır.

Prezident İ.Əliyev, həmçinin Müdafiə naziri Z.Həsənov həm ölkə daxilində, həm də beynəlxalq arenadakı çıxışlarında da qeyd etmişlər ki, əgər münaqişəni sülh yolu ilə həll etmək mümkün olmazsa, müharibə qaçınılmazdır və Azərbaycan bu yolla məsələni həll edəcək.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

BMT Hüquq Kоmissiyаsının dövlətlərin məsuliyyətinə dаir lаyihəsi.

  1. E.Əhmədov Ermənistanın Azərbaycana təcavüzü, Bakı, Elmin İnkişafı Fondu, 2015.
  2. Hüsеynоv L. H. Bеynəlxаlq hüquq, dərslik, Bаkı: Hüquq ədəbiyyаtı, 2000; 365s.
  3. Hüsеynоv. L.H. İnsаn hüquqlаrının bеynəlxаlq müdаfiəsi. Bаkı, Hüquq ədəbiyyаt, 2008, 324s.
  4. İbаyеv V. Ə. Bеynəlxаlq humаnitаr hüquqdа məsuliyyət məsələləri,Bаkı: Еlm, 2000; 166s.
  5. İnsаn hüquqlаrı və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа" Kоnvеnsiyа 4 nоyаbr 1950.
  6. Qarabağ gündəliyi, Qarabağ Azadlıq Təşkilatı, 2016.
  7. Y.Hüseynov Qarabağ Tarixi mənbələrdə, Bakı 2012.
  8. Z.Bünyadov Azərbaycan Tarixi (Ən qədim zamanlardan XX əsrə qədər), dərslik, Bakı 2007.
  9. Namig H.Aliyev İnternational law issues in Nagorno-Karabakh conflict, Publishing house “UNİVERSAL”, Tbilisi 2009.
  10. Алексеев Н. С. Ответственность нацистских преступников. М, 1968.