04-11-2019, 11:45
Müəllif: Fatimə Bayramova
Azərbaycan Respublikasının Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı
ŞƏRƏF VƏ LƏYAQƏT ƏLEYHİNƏ OLAN ƏMƏL VƏ HƏRƏKƏTLƏRƏ QARŞI AZƏRBAYCAN VƏ AVROPA DÖVLƏTLƏRİNİN MÜBARİZƏSİ
Açar sözlər: şərəf və ləyaqət, cinayət qanunvericiliyi, mülki qanunvericilik, inzibati qanunvericilik, mübarizə, hüquqlar.
XÜLASƏ
Şəxsiyyətin şərəf və ləyaqəti onun ən ali, təbii və ayrılmaz hüququdur.
Şərəf və ləyaqətin müdafiəsinin aktuallığı onda ifadə olunur ki, bunlara qarşı törədilən cinayətləri istər Avropa, istərsə də milli qanunvericiliyimizdə tədqiq etməklə, insanların şərəf və ləyaqətinə qəsd edən əməllərin dairəsi və onlara görə tətbiq edilən sanksiyaların növünü müəyyən etməklə bunun kimi ali dəyərə göstərilən həssas münasibət ön plana çəkilir. Bu hüquqlar bir sıra beynəlxalq paktlarda və konvensiyalarda təsbit olunmaqla beynəlxalq səviyyədə də müdafiə olunur.
Şərəf və ləyaqət hüququnun həm cinayət, həm mülki, həm inzibati qanunvericiliklərlə, həmçinin bir sıra başqa aktlarda da müdafiə olunması bu hüquqların şəxsiyyətin həyatında nə qədər əhəmiyyətli olmasından və böyük rol oynamasından xəbər verir. Şərəf və ləyaqət cinayət qanunvericiliyində əsas obyekt olmaqla yanaşı əlavə obyekt qismində çıxış etdiyi bir çox cinayətlərin olduğunun da şahidi oluruq. Bu cür cinayətlərin dəqiq siyahısını müəyyənləşdirməklə və onların şərhini verməklə şərəf və ləyaqət daha ciddi mühafizə altına alınır.
Key words: honor and dignity, criminal legislation, civil legislation, administrative legislation, fight, rights.
SUMMARY
People’s honor and dignity are their most supreme, natural and inseparable rights.
The topicality of protection of honor and dignity is reflected in it that such a sensitive attitude towards the highest value is at the forefront by researching the crimes committed against them in Europe or in our national legislation and determining the scope of acts committing against people’s honor and dignity and the type of sanctions imposed on them. These rights are protected internationally by enshrining in a number of international treaties and conventions.
The protection of the rights of honor and dignity, both in criminal and civil and administrative laws, as well as in a number of other acts, is an indication of the importance of these rights in one's life. Honor and dignity are the main objects in criminal law, and we see that there are many offenses that act as extras. Honor and dignity are protected more carefully by determining and commenting the exact list of such crimes.
ŞƏRƏF VƏ LƏYAQƏT ƏLEYHİNƏ OLAN ƏMƏL VƏ HƏRƏKƏTLƏRƏ QARŞI AZƏRBAYCAN VƏ AVROPA DÖVLƏTLƏRİNİN MÜBARİZƏSİ
Şərəf və ləyaqət insanı bir şəxsiyyət kimi xarakterizə edən, ali keyfiyyətlərə malik olan dəyərlərdir. Bütün bu dəyərlər insana əxlaqi baxımdan öz davranışını qanunlara, əxlaq normalarına, o cümlədən mənəviyyata uyğun nizamlamağa imkan verir. Həm şərəf, həm də ləyaqət subyektiv anlayışlardır. Həmçinin onlar obyektivliyə də malikdirlər. Bir çox hallarda insanın özünə verdiyi qiymətdən (ləyaqət) asılı olaraq, ətrafdakılar ona qiymət verir (şərəf). Lakin bəzən insanın özünə verdiyi qiymətlə davranışları uyğun gəlməyəndə (özünə yüksək qiymət verən insanın bu qiymətə layiq olmayan alçaldıcı hərəkətləri) ətrafdakıların ona verdiyi qiymət də fərqlənməyə başlayır və fərdə onun davranışlarına görə qiymət verilir [1, s.171-174]. Cəmiyyətin inkişafı tarixində daim bu ali keyfiyyətə malik olan şəxslər böyük əhəmiyyətə malik olmuşlar. Bu baxımdan da istər cəmiyyət, istərsə də insan onların qorunmasında biganə ola bilməzlər. Buna görə də bütün sivil dövlətlərin qanunvericiliyində insanların şərəfi, ləyaqəti və işgüzar nüfuzunun qorunması institutu nəzərdə tutulmuşdur və bu mövzu daim öz aktuallığını qorumuşdur.
Bu mövzu ətrafındakı fikirlər daim dinamik olaraq qalmışdır. Belə ki, hazırki dövrdə kütləvi informasiya vasitələrinin və internet informasiya resurslarının cəmiyyətdə artan payı bu mövzunun praktiki əhəmiyyətini daha ön plana çəkir. KİV-nin rolunun artması bu sahədə qanunvericini də hərəkətə keçməyə vadar edir. Belə ki, şərəf və ləyaqət əleyhinə törədilən əməllərin növünün artması qanunvericidən də həmin əməllərin kriminallaşdırılmasının tələb edir.
Şərəf və ləyaqətin müdafiəsi hüququ qanunvericilikdə konstitusion norma kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsi şərəf və ləyaqətin müdafiəsi hüququna həsr edilmişdir. Bununla belə, şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq inzibati, mülki və cinayət hüquqi məsuliyyət yaradır. Bu hüquqların pozuntusunun ilkin müdafiəsi mülki qanunvericiliklə tənzimlənir. Daha ciddi müdafiəsi isə inzibati qanunvericiliklə nəzərdə tutulduğu qaydada təmin olunur. Yüksək ictimai təhlükəliliyi ilə seçilən əməllərin törədilməsi ilə şərəf və ləyaqət hüququ tapdalanan şəxsin müdafiəsi artıq cinayət qanunvericiliyi ilə həyata keçirilir.
Şərəf və ləyaqət əleyhinə olan cinayətlər sadəcə qüvvədə olan cinayət qanunvericiliyində deyil, indiyə qədər mövcud olmuş bütün cinayət qanunvericiliklərində mövcud olmuşdur və hər birində onun üçün ayrı-ayrı cəzalar nəzərdə tutulmuşdur. Belə ki, 1922-ci il Azərbaycan SSR-in qəbul olunmuş ilk Cinayət Məcəlləsinin “Həyat, sağlamlıq, şəxsiyyətin azadlığı, şərəf və ləyaqəti əleyhinə olan cinayətlər” adlı V bölməsinin “Şəxsiyyətə və onun şərəf və ləyaqətinə qarşı sair cinayətlər” adlı 5-ci fəslinin 172 və 173-cü maddələri [2], 1927-ci il Cinayət Məcəlləsinin “Həyat, səhhət, azadlıq və şəxsiyyət .... qarşı olan cinayətlər” adlı VI fəslinin 202,204 və 205-ci maddələri [3], 1960-cı il Cinayət Məcəlləsinin “Dövləti cinayətlər” adlı I fəslinin “Sair dövləti cinayətlər” adlı ikinci bölməsində, “Şəxsiyyət əleyhinə olan cinayətlər” adlı III fəslində, “İdarəçilik qaydaları əleyhinə olan cinayətlər” adlı IX fəslində, “Hərbi cinayətlər” adlı XI fəslində bir sıra maddələr [4] şərəf və ləyaqət əleyhinə olan cinayətləri əks etdirir. Qüvvədə olan Cinayət Məcəlləsində isə şərəf və ləyaqət daha geniş həcmdə öz əksini taparaq bir sıra əməllərdə əsas və əlavə obyekt qismində təsbit olunmuşdur.
Əsas obyektin mühafizəsi qismində şərəf və ləyaqət əleyhinə edilən cinayətlər hazırda qüvvədə olan cinayət qanunvericiliyimizdə “Şəxsiyyət əleyhinə olan cinayətlər” adlanan VIII bölmənin “Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər” adlı XIX fəslində üç maddədə: 147 (Böhtan), 148 (Təhqir) və 148-1-ci (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddələrdə təsbit edilmişdir [5].
Qanunverici mülki məsuliyyətə səbəb olan böhtanla (təhqirlə) cinayət məsuliyyəti yaradan böhtanı (təhqiri) bir-birindən fərqləndirmək üçün cinayətin edilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi CM-in 147-ci və 148-ci maddələrinə daxil etmişdir. CM-in 147-ci və 148-ci maddələrinə görə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələyici və ya nüfuzdan salan məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. Qalan bütün hallarda belə məlumatların yayılması mülki məsuliyyət doğurur [6, s. 520-521].
Əlavə obyekt qismində şərəf və ləyaqət əleyhinə törədilən cinayətlərə hücum etməklə, işgəncə və digər pis rəftarla və ya psixi iztiraba dair hərəkətlər ilə törədilən əməllər (məsələn,111.0.1; 113; 133; 126.1 və s.); cinsi istismar, ailə münasibətlərinə, milli ləyaqətə və mənəviyyata qəsd edən hərəkətlər (hərəkətsizlik) ilə törədilən əməllər (məsələn,108; 149; 150; 151; 152; 172; 175 və s.); xuliqanlıq hərəkətləri ilə törədilən əməllər (məsələn,120.2.2; 126.2.4; 127.2.3; 221); hədə-qorxu ilə tələb etmə və məcburetmə hərəkətləri ilə törədilən əməllər (məsələn, 115.1; 120.2.1;125; 165.1; 170; 182; 235 və s.); köləlik, insan alveri, məcburi əmək və azadlığa qəsd edən hərəkətlər (hərəkətsizlik) ilə törədilən əməllər (məsələn, 106; 110; 113; 115.2; 144-1; 144-2; 146 və s.); ədalət mühakiməsinə dair ictimai münasibətlərə qəsd edən hərəkətlər (hərəkətsizlik) ilə törədilən əməllər (məsələn, 110; 111.0.1; 112; 290; 292; 295; 296; 297 və s.); vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulması, zərər vurulması və mühüm zərər vurulması ilə nəticələnən hərəkətlərlə (hərəkətsizliklə) törədilən əməllər (məsələn, 201.1; 302.1; 308.1; 309; 314 və s.); idarəetmə və hərbi xidmət keçmə qaydalarına qəsd edən hərəkətlər (hərəkətsizlik) ilə törədilən əməllər (məsələn, 323; 324; 340 və s.) daxildir.
“Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7№-li Qərarına əsasən, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər [7].
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsinin I və II hissələri, 148-ci (təhqir) maddəsi üzrə cinayət işi başlamağın rədd edilməsi, başlamış cinayət işinin xitam edilməsi, habelə hökmün çıxarılması mülki mühakimə icraatı qaydasında şərəf və ləyaqətin müdafiəsini istisna etmir.
Şərəf və ləyaqətin əlavə obyekt qismində çıxış etdiyi cinayətlər üzrə məhkəmə təcrübəsi zamanı şəxsin şərəf və ləyaqətinə qəsd edildiyi hər bir halda nəzərə alınır. Lakin şərəf və ləyaqət əlavə obyekt qismində çıxış etdiyindən cinayətlərin tövsifi zamanı əlavə olaraq 147 və 148-ci maddələrə istinad edilməyə ehtiyac olmur. Çünki bu obyektlər həmin cinayətlərin özləri ilə əhatə olunur [8].
Son 10 ildə daxili işlər orqanları tərəfindən qeydə alınmış şərəf və ləyaqət əleyhinə olan cinayətlərin statistikasına nəzər yetirdikdə bu cinayətlərin sayının orta hesabla azaldığını müşahidə edirik [9]. Bu isə qüvvədə olan Cinayət Məcəlləsində bu cinayətlər üçün nəzərdə tutulmuş cəzaların sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında mühüm rol oynayır. Lakin buna baxmayaraq ictimai münasibətlərin sürətlə inkişafı (xüsusən də internet şəbəkəsindən istifadəyə dair) şərəf və layaqətin mühafizəsi sahəsində inzibati və cinayət hüquqi sahədə normativ təkmilləşdirmələrin və əlavələrin edilməsini zəruri edir.
Mülki qanunvericilikdə şəxsin şərəf və ləyaqətinin pozulması ilə bağlı maddi və mənəvi zərərin ödənilməsi nəzərdə tutulmuşdur. İnsanın mövcud həqiqi qüsurlarının kəskin tənqidi deyil, onun şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə sirrini və şəxsi toxunulmazlığını pozan yalan məlumatlar təkzib edilir və onları yayan şəxsin maddi və mənəvi məsuliyyəti yaranır. Maraqlı şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə sirrini və şəxsi toxunulmazlığını pozan yalan məlumatlar təkzib edilir və onları yayan şəxsin maddi və mənəvi məsuliyyəti yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsini özündə ehtiva edir. Bu maddəyə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların, hüquqi şəxs isə özünün işgüzar nüfuzunu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunmasını və onların yayılması nəticəsində dəymiş zərərin ödənilməsini tələb edə bilər [10. Maddə 23].
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 164.2-ci (Seçkiqabağı və ya referendumla bağlı təşviqatın aparılması qaydalarının və müddətinin pozulması), 171-ci (Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakılığa çağıran çıxışlar edilməsi, yaxud belə materialların yayılması), 193-cü (İşçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmə), 205-ci (Seksual qısnamaya məruz qalmış işçiyə təzyiq göstərilməsi), 360-cı (Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma), 375-ci (Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulması), 377-ci (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etmə), 510-cu (Xırda xuliqanlıq), 511-ci (Avtoxuliqanlıq), 594-1.1.4-cü (Vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulması) və bir sıra başqa maddələrinin tərkibində istər birbaşa, istərsə də dolayısı ilə şəxsin şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun müdafiəsi hüququ öz əksini tapmışdır. [11]
Şərəf və ləyaqət bütün bəşəriyyət üçün ali dəyər kimi qiymətləndirildiyindən Azərbaycan Respublikası Cinayət qanunvericiliyində olduğu kimi şərəf və ləyaqət bir sıra inkişaf etmiş Avropa dövlətlərində də cinayət-hüquqi mühafizə altına alınmışdır. Bu dövlətlərdən biri də Almaniya Federativ Respublikasıdır. Almaniya Federativ Respublikasının Cinayət Məcəlləsində də dövlət başçısının yəni – Federasiya Prezidentinin şərəf və ləyaqətinə qarşı edilən əməl kriminallaşdırılmışdır. Almaniya Cinayət Məcəlləsinin 90-cı maddəsində öz əksini tapan bu müddəaya əsasən açıq bir görüş və ya yazılı materialın yayılması vasitəsilə Federasiya Prezidentinə böhtan atma üç aydan beş ilədək həbs ilə cəzalandırılır. Həmçinin Federasiya Cinayət Məcəlləsində “Dövlət və onun rəmzlərinin böhtanı”, “Nifrətə təhrik”, “Bəşəri ləyaqəti ləkələyən tərzdə hadisənin qeyri-insani və ya qəddar aspektlərini nümayiş etdirən və yaxud bəşəriyyətə və insanlara qarşı zorakılığın tərənnümünü ifadə edən yazılı materialların açıq şəkildə nümayiş etdirməklə, poçtla göndərməklə yayılması”, “Cənazə narahatçılığı adı altında qəbirlərə hörmətsizlik”, “Böhtan” və s. adlı maddələr vardır. Bundan əlavə milli qanunvericilikdən fərqli olaraq Almaniyada böhtan əməlinin daha fərqli maddələrdə də əks olunduğunun şahidi oluruq. Belə ki, “Qəsdən böhtan” (187-ci maddə), “Siyasi arenada böhtan” (188-ci maddə) buna misal ola bilər.
Almaniyada ölmüş şəxslərin şərəf və ləyaqəti də cinayət hüquqi mühafizə altındadır. Belə ki, Almaniya Federativ Respublikası Cinayət Məcəlləsinin 189-cu maddəsinə əsasən ölüm xatirəsini pozma yəni, ölmüş insan xatirəsinə böhtan atmaq iki ildən çox olmayaraq həbs və ya cərimə ilə cəzalandırılır. Bu da milli qanunvericiliyimizlə müqayisədə fərqli məqamlardan biridir [12].
Şərəf və ləyaqət əleyhinə edilən əməllərə qarşı cəzaların nəzərdə tutulduğu cinayət qanunvericiliyini tədqiq edilən digər bir Avropa dövləti isə Fransadır. Fransa cinayət qanunvericiliyində birbaşa şəxsin şərəf və ləyaqətinə qəsd edən “təhqir” və “böhtan” cinayəti təsbit olunmamışdır. Almaniya cinayət qanunvericiliyində olduğu kimi, Fransa Cinayət Məcəlləsində də ölmüş şəxsin şərəf və ləyaqəti qanunla qorunur. Eyni zamanda, insanların şərəf və ləyaqətini qorumaqla bərabər, heyvanlara qarşı da eyni cür yanaşma nəzərdə tutur. Belə ki, “Heyvanlara qarşı zalim hərəkətlər” maddəsinin məzmununa görə, əsrlikdə tutulan hər hansı heyvanın və ya əhilləşdirilmiş və ya hər hansı ev heyvanı üzərində zalım hərəkətin edilməsi və ya heyvanlara qarşı cinsi qaba rəftar etmək daxil olmaqla ciddi qaba rəftar və bunlar olmadıqda belə lazımsız zərbə vurma 2 illik həbs və 30,000 €-luq cərimə ilə cəzalandırılır. Əlavə cəza kimi məhkəmə heyvan saxlamağa qarşı daimi, əks təqdirdə qadağanı təyin edə bilər.
Fransa Cinayət Məcəlləsində şərəf və ləyaqət əleyhinə olan cinayətlərin tədqiqatı zamanı belə bir nəticə hasil olur ki, burada bu kimi əməllərə görə əsasən daha yumşaq cəza siyasəti yürüdülməkdədir. Belə ki, bəhs edilən cinayətlərin böyük bir hissəsinə görə sanksiya kimi cərimə cəzası və qısa müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilir. Həmçinin Fransa cinayət qanunvericiliyində milli qanunvericiliyimizdə nəzərdə tutulmayan yeni tipli əməllər də təsbit edilməkdədir [13]. Bu da həmin Avropa ölkəsində şərəf və ləyaqət əleyhinə olan əməllərə qarşı fərqli mövqedən və fərqli sosial dəyərlərin mövcud olmasından xəbər verir.
Rusiya Federasiyasının 01 yanvar 1997-ci ildən qüvvəyə minən Cinayət Məcəlləsində də şəxsiyyətin şərəf və ləyaqəti əleyhinə edilən bəzi əməllər kriminallaşdırılmışdır. Həmin Məcəllənin “Şəxsiyyətin azadlığı, şərəf və ləyaqəti əleyhinə olan cinayətlər” adlanan 17-ci fəslinin 129-cu maddəsində böhtan və 130-cu maddəsində isə təhqir cinayət əməllərinin tərkibləri (dispozisiya və sanksiyaları) nəzərdə tutulmuşdur. Bu cinayətlərə görə Azərbaycan Respublikası cinayət qanunvericiliyi Rusiya qanunvericiliyi ilə müqayisədə daha humanist cəza siyasəti yeridir.
Rusiya Cinayət Məcəlləsi ilə Azərbaycan Cinayət Məcəlləsi arasında olan oxşarlıqlar və hətta belə demək olarsa eyniliklər qonşu ölkənin qanunvericiliyinin təsiri ilə əlaqəlidir. Həmçinin sanksiya tədbirlərində də müşahidə olunan eyniliklər bu fikri daha da qüvvətləndirməyə imkan verir. Lakin bəzi cinayətlərin sanksiyalarının müqayisəsi zamanı məlum olur ki, Rusiya sərt cəza siyasəti yürüdərək milli qanunvericiliyimizə nisbətən daha ciddi sanksiyalar nəzərdə tutur [14].
Türkiyə Cəza Qanununda da şərəf və ləyaqət əleyhinə törədilən cinayətlərə görə ciddi sanksiya tədbirləri nəzərdə tutulmuşdur. Hətta bəzi əməllər üçün 7 il və daha çox müddətə həbs cəzası təsbit edilmişdir. Bu əməllərə görə daha ciddi sanksiya tədbirlərinin tətbiq olunması onunla izah edilə bilərki, qanunverici bu əməllərə görə daha sərt cəza tədbirləri tətbiq etməklə diqqəti bu cinayətlərə cəlb etməyə çalışmışdır [15]. Tətbiq edilməsi nəzərdə tutulan daha ciddi cəza tədbirləri şərəf və ləyaqət kimi ali dəyəri pozmağa meyilli olan şəxsləri həmin hərəkətləri törətməkdən çəkindirir və onları qanunlara əməl etmək ruhunda tərbiyələndirir.
Bəzi ölkələrin cinayət qanununda şərəf və ləyaqət ayrıca maddə kimi, hətta ayrı qanunlarda əks olunduğu halda, bəzilərində isə bu iki cinayət tərkibi bir maddədə birləşdirilmişdir (məsələn Türkiyə cəza qanununun 125-ci maddəsi). Şərəf və ləyaqətə qəsd edən böhtan və təhqir əməlini ayrı-ayrı normalarda öz əksini tapdığı qanunvericiliyə misal olaraq Almaniyanı göstərə bilərik.
Avropa dövlətlərinin şərəf və ləyaqət əleyhinə olan cinayətlərə qarşı sanksiya tətbiq edilməsi məsələsi üzrə mövqeyi ondan ibarətdir ki, bu cür pozuntulara yol vermiş şəxslərə cərimə cəzası və ya daha yüngül sanskiya tədbirləri tətbiq edilməklə kifayətlənilsin. Onlar fikirlərini söz və fikir azadlığının məhdudlaşdırılmaması baxımından əsaslandırırlar. Lakin mühüm bir meyar diqqətdən yayınır ki, şərəf və ləyaqət kimi ali dəyər pul və ya digər maddi nemətlə əvəzlənə biləcək səviyyədədir mi?! İnsanın şərəfini və ləyaqətini alçaldan hər bir şəxs sadəcə müəyyən məbləğdə pul cəriməsi ilə şəxsin şərəf və ləyaqətini alçalda bilər mi?! Əgər ölkəmiz Avropa dövlətlərinin mövqeyindən çıxış edib bu kimi əməllərə qarşı daha yumşaq cəza siyasəti yeritsə idi, bu ölkədə özbaşınalığa səbəb olar bilərdi. Maddi cəhətdən zəngin olan hər bir şəxs insanların mənəvi keyfiyyətlərini alçaltmaqdan çəkinməzdi. Milli qanunvericiliyimizdə azadlıqdan məhrumetmə və digər cəza tədbirləri tətbiq edilməklə bu əməllərin törədilməsindən çəkindirmək, insanları qanuna əməl etmək ruhunda tərbiyələndirmək məqsədi güdülür.
Şərəf və ləyaqət milli qanunvericiliklərlə yanaşı, beynəlxalq hüquq normaları ilə də müdafiə olunur. Belə ki, 1948-ci il tarixli “İnsan hüquqları haqqında” Bəyannaməsinin 12-ci maddəsi, 1966-cı il tarixli “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsi, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsi, “İnsan hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsi şərəf və ləyaqətin müdafiəsinə həsr olunmuşdur.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi şərəf və ləyaqətin müdafiəsi ilə bağlı bir sıra qərarlar qət etmişdir. Məsələn, Savda Türkiyəyə qarşı işində Məhkəmə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü maddəsinin (ləyaqəti alçaldan rəftarın qadağan edilməsi) və 9-cu maddəsinin (fikir, vicdan və din azadlığı); habelə hərbi məhkəmənin müstəqil və qərəzsiz olmağına görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulmasını, N. İsveçə qarşı işində 3-cü maddənin (ləyaqəti alçaldan rəftarın qadağan edilməsi) pozulduğunu, Kuriç və digərləri Sloveniyaya qarşı işində 8-ci maddənin (şəxsi və ailə həyatına hörmət edilməsi hüququ) pozuntusunun baş verdiyini və s. yekdilliklə qət etmişdir [16].
Şərəf və ləyaqət ali dəyər kimi qiymətləndirildiyindən onun pozulmasına görə Azərbaycanda və Avropa ölkələrində tətbiq edilən cəza tədbirləri də onun dəyərinə uyğun olmalı və onu yetərincə müdafiə altına almalıdır.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI
- Prof. Ziyafət Əsgərov. Konstitusiya Hüququ. Bakı. 2011
- Azərbaycan SSR Cinayət Məcəlləsi – 1922
- Azərbaycan SSR Cinayət Məcəlləsi – 1927
- Azərbaycan SSR Cinayət Məcəlləsi – 1960
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Bakı. 2018
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası I Hissə. “Hüquq Yayın Evi”. Bakı. 2018
- Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7№-li Qərarı
- Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlar məcmuəsi (1961-2018)
- https://mia.gov.az/?/az/content/29992/
- AzərbaycanRespublikasının Mülki Məcəlləsi. Bakı. 2018
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi. Bakı. Hüquq yayın evi. 2016
- Almaniya Federativ Respublikası Cinayət Məcəlləsi
- Fransa Cinayət Məcəlləsi
- Rusiya Federasiyası Cinayət Məcəlləsi – 1997
- Türkiyə Cəza Qanunu
- İnsan Hüquqlari üzrə Avropa Məhkəməsinin Qərarlar Toplusu. Bakı-2017
|