04-11-2019, 11:47
Müəllif: Xavər Osmanova
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Mülki hüquq münasibətlərində xarici valyutanın yeri və rolu
Giriş. Mülki hüquq münasibətlərinin qeyri-məhdud bir sferanı əhatə edir. Bizlər hər gün mülki münasibətlərin iştirakçısı oluruq, lakin çox vaxt bunun fərqinə varmırıq. Ən sadə misal kimi, mağazadan alış-veriş edərkən yaranan satıcı-alıcı münasibətini göstərə bilərik. Başqa bir misal bank əməliyyatlarını həyata keçirərkən yaranan münasibətlərdir. Xülasə, hər kəs öz gündəlik tələbatları üçün mülki münasibətlərə girir. Roman-german hüquq sisteminə daxil olan digər ölkələr kimi, Azərbaycan Respublikasında da mülki hüquq münasibətləri Mülki Məcəllə ilə tənzimlənir.
Mülki hüquq münasibətlərinin əsasında əmtəə dəyəri olan valyuta dayanır. Valyuta dedikdə, pul və pul dəyəri olan müxtəlif sərvətlər başa düşülür. Etibar Əliyev öz dərsliyində valyutanın dörd növünü qeyd edir: milli valyuta, xarici valyuta, beynəlxalq valyuta, beynəlxalq kollektiv valyuta.[7, s 400]
Məqalənin mövzusunu, xarici valyutanın mülki münasibətlərin predmeti kimi istifadəsi təşkil edir. Məqalədə xarici valyuta dedikdə ABŞ dolları nəzərdə tutulmuşdur. Bu da təsadüfü deyildir. Müasir dövrdə dünya iqtisadiyyatının Bretton-Vuds sisteminə yönəlik olması, dolların milli iqtisadiyyatlarda rolunu artırır. Məqalənin əsas istiqamətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı təşkil edir.
Xarici valyuta mülki münasibətlərin obyekti kimi. Azərbaycan Respublikasının Konstitusiyasınn 19-cu maddəsi pul vahidindən bəhs edir. Həmin maddənin birinci bəndində deyilir: “Azərbaycan Respublikasının pul vahidi manatdır”və üçüncü müddəada biraz da genişləndirilərək qeyd olunur: “Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır”[1, s 9] Bu normanın “pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi” müddəası pulun hansı hallarda ödəniş vasitəsi kimi çıxış etməsinin və ödəniş vasitəsinin hüquqi anlayışının müəyyən edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, pulun ödəniş vasitəsi kimi işlədilməsi hallarına hər hansı malın, işin, xidmətin və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması aid olunur.[2] Göründüyü kimi, Konstitusiyanın maddələrində xarici valyutanın ödəniş vasitəsi olmasından bəhs edilmir. Bəs xarici valyuta hansı hallarda mülki münasibətlərin obyekti kimi çıxış edir? Bu suala Mülki Məcəllənin 439-cu maddəsinə istinad edərək cavab verəcəyik. “Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.” [5] Mülki Məcəllənin bu maddəsi bir yandan xarici valyutanın mülki dövriyyədə iştirakını tanısa da, digər tərəfdən Konstitusiyanın 19-cu maddəsi ilə ziddiyyət yaradır. Bu məsələyə aydınlıq gətirmək üçün Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərar qəbul etmişdir. Qərarda bu məsələ kifayət qədər ətraflı şərh edilmişdir. Qanunun məzmunundan belə bir nəticə çıxır ki, xarici valyuta o zaman mülki dövriyyədə çıxış edə bilər ki, müqavilənin predmetini hər hansı bir əşya, mal, xidmət yox, məhv pulun özü təşkil etsin. Burada söhbət borc müqaviləsindən və onun xüsusi bir növü olan kredit müqaviləsindən gedir.
Sabir Allahverdiyev də öz kitabında yazır: “Borc müqaviləsinin predmeti xarici valyuta da ola bilər. Məsələn, ABŞ dolları, Almaniya markası, Rusiya rublu və s. borc verilə bilər”[6, s 335] S.Allahverdiyev həmçinin qeyd edir ki, satılan əşya üçün ödəniş vasitəsi kimi xarici valyutadan da istifadə edilə bilər. [6, s 25] “Azərbaycan Respublikasında valyuta sərvətləri həm rezidentlərin, həm də qeyri-rezidentlərin mülkiyətində ola bilər. Onlar qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, valyuta sərvətləri ilə hər hansı əqd bağlamaq və əməliyyatlar aparmaq hüququna malikdirlər.”[3] “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsində valyuta sərvətləri ablayışı izah olunur. Xarici valyuta da bu anlayışa daxil edimişdir.
Beləliklə, deyə bilərik ki, Konstitusiyanın 19-cu maddəsində söhbət ödəniş vasitəsi kimi manatın istifadə olunmasından gedir. Bu zaman yaranan münasibətlərin obyektini müxtəlif mallar, xidmətlər alqı-satqı obyektləri təşkil edir. Məsələn, A. şəxsi Azərbaycandan avtomobil alarsa, ödəniş vasitəsi kimi manatdan istifadə edir. Həmin şəxs kredit götürmək üçün banka müraciət etdikdə isə ona xarici valyutada kredit verilə bilər. Çünki bu zaman xarici valyuta ödəniş vasitəsi kimi yox, müqavilənin predmeti kimi çıxış edir.
“Konstitusiyanın 19-cu maddəsinin III hissəsinin tələbi də ölkə ərazisində manatdan başqa digər pul vahidlərinin məhz ödəniş vasitəsi kimi işlədilməsini qadağan edir. Bununla belə, Konstitusiyanın həmin tələbi fiziki və hüquqi şəxslər tərəfindən xarici valyutanın sərbəst istifadə edilməsini, həmçinin xarici valyutada bank əməliyyatlarının həyata keçirilməsini istisna etmir. Əksinə, mülki dövriyyə iştirakçıları arasında əmanət və borc münasibətlərində xarici valyutadan istifadə edilməsinə məhdudiyyət qoyulması Konstitusiya ilə mülkiyyət hüququna verilmiş təminatla ziddiyyət yaratmış olardı.” [2]Konstitusiya mülkiyyətin hər üç formasını tanıyır və qeyd olunur ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.
Onu da qeyd edək ki, xarici valyuta əmanət müqaviləsinin də predmeti kimi çıxış edə bilər. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.1-ci maddəsində deyilir: “əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir” [4] Banklar əmanət kimi həm milli həm də xarici valyutanı qəbul edirlər. Əmanət müqaviləsinin də kredit müqaviləsi kimi predmetini pul təşkil edir.
Qeyd etmək lazımdır ki, bank qanunvericiliyinə əsasən bank, kreditləri faizlə verir, yəni əmanət münasibətlərində olduğu kimi kredit məbləği də faiz şəklində müvafiq artımla qaytarılmalıdır. Təbii ki, əmanətlər üzrə ödənilən faizlər kimi, kredit üzrə faizlər də adətən əsas borc məbləğinin valyutasında müəyyən edilir, çünki bank qanunvericiliyinə əsasən banklar valyuta risklərini tənzimləyərkən aktiv və öhdəliklər üzrə ödənilən faizləri açıq valyuta mövqelərinin hesablanmasına daxil edirlər. [2]
Pul öhdəliyinin xarici valyutada icrası. Birinci başlıqda xarici valyutanın mülki dövriyyədə yerinə aydınlıq gətirdik və aydın oldu ki, xarici valyutadan istifadə heç də Konstitusiyanın maddələrinə zidd deyil. Bu Konstitusiya Məhkəməsinin
(bundan sonra AR KM) Plenum Qərarında şərh olunan birinci məsələ idi. Digər bir vacib məsələ isə odur ki, xarici valyutada götürülən borc öhdəliyi necə icra olunmalıdır. Bu məsələyə də aydınlıq gətirərkən adı çəkilən qərara istinad edəcəyik.
Məsələni daha yaxşı başa düşmək üçün belə bir nümunə gətirək. A adlı şəxs B bankından xarici valyutada beş illik kredit müqaviləsi bağlayır. Müqavilə bağlanarkən xarici valyutanın alış və satış qiymətini 0.80 manat təşkil edir. Öhdəliyin ikinci ilində xarici valyutanin məzənnəsi qalxaraq 1 manata çatır. Bu zaman borclu kredit üzrə pul öhdəliyini necə həll edəcəkdir?
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin(bundan sonra AR MM) 439.2-ci maddəsində deyilir: “Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.”[5] Bu maddəyə əsasən:
-tərəflər pul öhdəliyini hansi valyutada ödəyəcəklərinə dair müqaviləyə əlavə şərt qoya bilərlər
- əgər heç bir əlavə şərt qoyulmayıbsa, öhdəlik üzrə ödəniş manatla həyata keçirilir.
AR MM-nin 439.7-ci maddəsin də isə qeyd olunur ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidi. [5] İlk baxışdan MM-nin 439.2 və 439.7-ci maddələri arasında ziddəyət olduğu nəzərə çarpır. Bu ziddiyyətə AR KM Plenumunun 14 may 2015-ci il tarixli Qərarında aydınlıq gətirilmişdir.
AR MM-nin 439.2- ci maddəsi predmetini xarici valyuta təşkil edən münasibətlərə aid edilir. Əgər tərəflər arasında ayrı qayda nəzərdə tutulmamışdırsa, xarici valyutada olan pul öhdəliyi manatla ödənilməlidir. 439.7-ci maddə isə manatla olan pul öhdəliklərinə şamil olunur. “Mülki Məcəllənin 439.7-ci maddəsi isə o halları tənzimləyir ki, manatda olan hər hansı müqavilə üzrə pul öhdəliyinin icrası anına məzənnə dəyişikliyi baş verir və bunun nəticəsində manatın dəyəri xarici valyutaya nisbətdə artır və ya azalır. Tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda, borclu yalnız öhdəliyin əmələ gəldiyi vaxta müəyyənləşdirilmiş müqavilə qiymətini ödəyir. Yəni məzənnə dəyişikliyi nəticəsində manatın dəyəri azalarsa, kreditor borcludan müqavilə üzrə artıq məbləğin ödənilməsini tələb edə bilməz və ya əksinə, dəyəri artarsa, borclu manatda daha az məbləğin ödənilməsini iddia edə bilməz.” [2]
Beləliklə, yuxarıda çəkdiyimiz nümunəyə qayıtsaq, A şəxsi xarici valyutada aldığı krediti manatla ödəyəcəkdir və bu zaman məzənnə 0.80 manatla deyil, 1 manatla hesablanacaqdır.
“ Əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilməlidir.”[2]
İstifadə edilmiş ədəbiyyat
1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2018, 67 s.
2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarı: http://www.supremecourt.nakhchivan.az/index.php/hüquqi-aktlar/11-azərbaycan-respublikasının-hüquqi-aktları/15-konstitusiya-məhkəməsinin-qərarları/364-ar-mülki-məcəlləsinin-439-1,-439-2-və-439-7-ci-maddələrinin-ar-konstitusiyasına-uyğunluğunun-yoxlanılması-və-həmin-maddələrin-bəzi-müddəalarının-şərh-edilməsinə-dair
3. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 1994-cü il tarixli Qanunu: http://www.e-qanun.az/framework/9238
4. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2006-cı il tarixli Qanunu: http://www.e-qanun.az/framework/1213
5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: http://www.e-qanun.az/code/8
6. Allahverdiyev.S. Azərbaycan Respublikasının mülki hüquq kursu: Dərslik.III cild. Bakı: Digesta nəşriyyatı, 2009, 525 s.
7. Əliyev.E.Ə. Beynəlxalq iqtisadi hüquq: Dərslik. Bakı: UniPrint, 2012, 645 s.
|