04-11-2019, 11:52
Müəllif: Əfəndiyeva Xəyalə
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, dövlət hüququ ixtisasının magistrantı
MÜLKİ PROSESDƏ MƏHKƏMƏ EKSPERTİZASI: PROSESSUAL-HÜQUQİ TƏNZİMLƏNMƏ VƏ QANUNVERİCİLİYİN TƏKMİLLƏŞDİRİLMƏSİ KONTEKSTİNDƏ
Müasir cəmiyyətdə, qloballaşmağa doğru gedən dünyanın yeni sosial-iqtisadi və hüquqi münasibətlər şəraitində, ədalət mühakiməsi çərçivəsində elm, texnika, incəsənət və ya sənət sahəsində biliklərdən istifadəyə olan tələbat kəskin artır. Bu isə məhkəmə ekspertizası institunu vətəndaşların hüquq və azadlıqlarının, habelə dövlətin maraqlarının müdafiəsinin mühüm və müstəqil prosessual mexanizmi kimi nəzərdən keçirməyə imkan verir. Məqalədə mülki icraatda məhkəmə ekspertizasının təşkili və həyata keçirilməsini tənzimləyən prosessual normalar təhlil edilmiş, həmçinin ekspertiza fəaliyyətinin prosessual nizamlanması sahəsində boşluqlara və nöqsanlı məqamlara münasibət bildirilmişdir.
Açar sözlər:mülki proses, məhkəmə ekspertizası, ekspert, prosessual norma, komission məhkəmə ekspertizası, kompleks məhkəmə ekspertizası
SUMMARY
İn modern society, in the context of new social-economical and legal relations of the world towards globalization, within the justice, demand increases using knowledge in science, technique, art or profession. This allows to look over the institution of forensic examination as a significant and independent procedural mechanism of citizens ̓ rights and freedoms and protection of state interests. In this article, procedural norms related to organization and realization of forensic examination in civil procedure were analyzed, also were expressed attitude gaps in law and other flaws in area of procedural regulation of forensic examination activity.
Key words: civil procedure,forensic examination, expert, procedural norm, comission forensicexamination, complex forensic examination
Məhkəmə ekspertizasının imkanlarından geniş istifadə olunması hüquq pozuntularına qarşı mübarizə sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə ekspertizası fəaliyyətinin əsas funksiyası xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Bu funksiyanın metodoloji, təşkilati və prosessual cəhətdən təmin olunması, nəzəri və praktiki sahədə aktual məsələlərdən biridir.
Mülki məhkəmə icraatında məhkəmə ekspertizası fəaliyyətinin prosessual hüquqi tənzimlənməsi başlıca olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi vasitəsilə həyata keçirilir. MPM-də ekspertizanın aparılması ilə bağlı məsələləri tənzimləyən normalar ayrıca fəsildə birləşdirilməmiş, əsas etibarı ilə “sübutlar” adlanan VII fəslin tərkibində verilmişdir.
MPM-in “Ekspert” adlanan 63-cü maddəsi ekspertin hüquqi statusunu müəyyən edir. Həmin maddəyə əsasən, “xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən və məhkəmə tərəfindən təyin edilən şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər” [2, m.63]. Fikrimizcə, ekspertlə bağlı tələbləri müəyyən edən bu normada bir qədər natamamlıq vardır. Belə ki, həm “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanunda, həm də CPM-də ekspertə verilən anlayışda müvafiq olaraq “işin nəticəsində marağı olmayan” və “cinayət prosesində şəxsi marağı olmayan” ifadələri istifadə olunmuşdur. Ekspert işdə marağı olmayan şəxsdir və bu tələb rəy verilməsi zamanı onun obyektivliyini təmin etmək üçün mühüm əhəmiyyət daşıyır. Ekspertin işdə birbaşa və ya dolayı yolla marağı olması ona etiraz üçün əsaslardan biridir və bu MPM-də də təsbit olunmuşdur. Həmçinin, xüsusi biliyə malik şəxs kimi ekspertizanı həyata keçirən ekspertin rolu mülki və cinayət prosesində bir-birindən fərqlənmir, yəni hər iki halda ekspert iş üçün əhəmiyyətli halların müəyyən edilməsi məqsədi ilə tədqiqat aparan şəxsdir. Buna görə də, hesab edirik ki, MPM-də ekspertə verilən anlayışın CPM-dəki anlayışdan fərqlənməsi düzgün hesab olunmamalı və bu maddəyə, “işin nəticəsində marağı olmayan” sözləri əlavə edilməlidir.
Yuxarıda qeyd edilən maddənin ikinci hissəsində ekspertin vəzifələri sadalanır. Bunlara prosessual hərəkətlərdə və məhkəmə baxışında iştirak etmək üçün məhkəmənin çağırışı ilə gəlmək, qarşısına qoyulmuş suallar üzrə obyektiv rəy vermək, üzərinə qoyulan vəzifəni yerinə yetirmək üçün zəruri biliyə malik olmadıqda rəy verməkdən imtina etmək aiddir. MPM-in 100-cü maddəsində göstərilir ki, ekspertin hüquq və vəzifələri bu Məcəllənin 63-cü maddəsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilir. Burada “digər qanun” rolunda “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” qanun çıxış edir. Həmin Qanunun 13-cü maddəsində yuxarıda sadalanan vəzifələrdən əlavə ekspertin digər vəzifələri də nəzərdə tutulmuşdur. [3, m.13]
Ekspertin MPM ilə müəyyən edilmiş hüquqlarına rəy vermək üçün zəruri olduqda iş materialları ilə tanış olmaq, məhkəmə iclaslarında iştirak etmək, suallar vermək, əlavə materialların təqdim edilməsini məhkəmədən xahiş etmək hüququları aiddir. Bu hüquqlarla yanaşı ekspertiza fəaliyyəti haqqında qanunla ekspertin məhkəmə ekspertizasının aparılmasına başqa ekspertlərin də cəlb olunması üçün vəsatət vermək, qanunvericiliklə nəzərdə tutulmuş qaydada ekspertizanın predmetinə aid, rəy verilməsi üçün zəruri olan prosessual hərəkətlərin aparılmasında iştirak etmək, verdiyi rəyin, eləcə də ifadənin proses iştirakçıları tərəfindən düzgün izah edilməməsi və yaxud təhrif edilməsinə dair məhkəmə iclasının protokoluna daxil edilməsi məqsədilə məlumat vermək, qoyulmuş suallardan əlavə, məhkəmə ekspertizasının predmetinə aid olmaqla iş üçün əhəmiyyət kəsb edən digər halları da öz rəyində göstərmək, məhkəmə ekspertizasını təyin etmiş orqan və ya şəxsin hərəkəti ekspertin hüquqlarını pozduğu halda qanunla müəyyən edilmiş qaydada şikayət etmək kimi hüquqları da müəyyən olunmuşdur.
MPM-in 97-ci maddəsi məhkəmənin ekspertiza təyin etməsi ilə bağlı qaydaları müəyyən edir. Həmin maddənin birinci bəndinə görə, işə baxılarkən xüsusi bilik tələb edən sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər [2, m.97]. Fikrimizcə, bu normanın ifadəsində qeyri-dəqiqlik vardır. Belə ki, maddənin məzmunundan aydın olur ki, ekspertiza təyin edilməsinin məqsədi xüsusi bilik tələb edən sualları izah etməkdir. Azərbaycan dilinin izahlı lüğətində “izah” sözünün mənası aydınlaşdırma, şərh etmə formasında göstərilir [11, s.619]. Lakin ekspert hər hansı sualı, müəyyən olunmuş faktı izah etmir, o sualları araşdıraraq, tədqiqat apararaq yeni fakt üzə çıxarır. Ekspertiza iş üçün əhəmiyyətli olan halların müəyyənləşdirilməsi, başqa üsulla alına bilməyən məlumatın-sübutun əldə olunması üçün təyin edilir. Buna görə də, həmin normanın “işə baxılarkən iş üçün əhəmiyyət kəsb edən və xüsusi bilk tələb edən halların müəyyənləşdirilməsi üçün məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər” şəklində formulə edilməsinin daha məqsədəuyğun olduğunu hesab edirik.
Mülki məhkəmə icraatında ekspertiza həm işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində, həm də məhkəmə baxışı gedişində təyin edilə bilər. Məhkəmə ekspertizanın təyin edilməsi məsələsini həll edərkən bir sıra halları nəzərə almalıdır. Əvvəla, ekspertiza ilə müəyən ediləcək faktın iş üçün əhəmiyyət kəsb edib-etməməsi müəyyənləşdirilməlidir. Çünki, ekspert rəyi sübut növüdür və sübutların aidliyi qaydasına uyğun olaraq məhkəmə yalnız tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar sübutları qəbul edir. İkincisi, ekspertin müəyyən etməli olduğu faktın iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapıb-tapmadığını aydınlaşdırmalıdır. Bu, prosessual qənaət prinsipinin təmin edilməsi üçün də vacibdir. Üçüncüsü isə, müəyyən növ ekspertizanın elmi imkanları müəyyənləşdirilməlidir. Əgər tədqiqatın predmeti olan faktları elm və texnikanın hazırki inkişaf səviyyəsi əsasında müəyyən etmək mümkün deyildirsə, onda bu halda məhkəmə ekspertizasının təyini də məqsədəuyğun deyildir [12, s.102]. Məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin etdikdə tərəflərin bərabərliyi və çəkişmə prinsipini nəzərdən qaçırmamalı, ekspertizanın təyin ediməsi barədə qərardadda nəyə görə öz istəyi ilə ekspertiza təyin etdiyini əsaslandırmalıdır.
İşdə iştirak edən şəxslər qarşılıqlı razılıq əsasında konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. Məhkəmə bu təklifi qəbul edə, yaxud rədd edə bilər. Məsələn, təklif olunan ekspertə etiraz üçün əsaslar mövcuddursa, həmin ekspert təyin olunacaq ekspertiza sahəsində xüsusi biliyə malik deyildirsə və bu kimi digər hallarda məhkəmə bu təklifi qəbul etməməli və bunun səbəblərini ekspertizanın təyin edilməsi barədə qərardadda əsaslandırmalıdır. Tərəflərin bununla bağlı təklifi olmadıqda ekspertizanın aparılması bu barədə qərardadı almış ekspertiza idarəsinin rəhbəri tərəfindən konkret ekspertə (ekspertlərə) həvalə olunur.
F. Abbasova dissertasiyasında qeyd edir ki, çox zaman müxtəlif sahələrdə ixtisaslaşmış mütəxəssislərin birgə iştirakını tələb edən bir sıra ekspertizalar təyin edilir. Belə hallarda məhkəmənin tədqiqat zamanı məhz hansı ekspertlərin iştirak edəcəyini və hansı metodların tətbiq ediləcəyini qabaqcadan bilməsi çətin olur. Ekspert idarəsinin rəhbəri isə öz əməkdaşlarının bacarığı və ixtisaslaşma səviyyəsinə bələd olduğundan belə ekspertizaların təşkilini daha səmərəli həyata keçirir. Bu səbəbdən, ekspert idarəsində tədqiqatın aparılması üçün eksperti seçmə səlahiyyətinin yalnız həmin idarənin rəhbərinə məxsus olmasının daha düzgün olduğunu hesab edir [4, s.108].
İşdə iştirak edən şəxslər ekspertizanın keçirilməsi zaman baxılmalı olan sualları məhkəməyə təqdim edə bilərlər. Lakin rəyin alınmasına dair sualların yekun məzmununu isə bilavasitə məhkəmə müəyyən edir. Çünki, tərəflər sualları məhkəməyə təqdim etsə də, bəzi hallarda bunlar işə aid olmayan, ekspertin araşdırma sahəsinə daxil olmayan, cavablandırılması üçün xüsusi biliyin tətbiqinə zərurət olmayan, düzgün şəkildə formulə olunmayan suallar ola bilər ki, məhkəmə bunları bir-bir aydınlaşdırdıqdan sonra lazım olmayan sualları kənarlaşdırır və sualların yekun məzmununu müəyyənləşdirir. Məhkəmə işdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini əsaslandırmağa borcludur.
MPM-in 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Bu normanın tətbiqinə o halda zərurət yaranır ki, ekspert rəyi olmadan işin halları barədə düzgün məlumat almaq qeyri-mümkün olur.
Bu normanın tətbiqi üçün ümumilikdə işdə iştirak edən şəxslər deyil, məhz tərəflər ekspertizanın keçirilməsində iştirak etməkdən imtina etməli və ya onun keçirilməsinə mane olmalıdırlar. Söhbət burada tərəfin hərəkətsiz davranışından gedir [5, s.171]. Normanı tətbiq etməzdən əvvəl məhkəmə ilk növbədə şəxsin ekspertizanın keçirilməsinə mane olmasının qarşısını ala biləcək hüquqi vasitələr vardırsa, onları tətbiq etməli, şəxsin ekspertizadan imtina etməsi və ya digər hərəkətlərlə ona mane olmasının MPM-in 97.5-ci maddəsində göstərilən nəticələrə səbəb olacağı barədə onu xəbərdar etməlidir. Həmçinin, məhkəmə ekspertiza ilə müəyyən edilməli olan halın başqa sübutlarla müəyyən edilməsinin mümkünlüyünü araşdırmalı və bu mümkün olduqda işi mahiyyəti üzrə həll etməlidir. Məhkəmənin faktı təsdiq olunmuş və ya rədd edilmiş sayması işdə iştirak edən başqa şəxslərin hüquqlarını pozulması ilə nəticələnərsə, məhkəmə bu normanı tətbiq etməməlidir.
Avropa Şurası Nazirlər Komitəsinin 28 fevral 1984-cü il tarixli R(84) 5 saylı “Nazirlər Komitəsi üzv dövlətlərə mülki icraatın məhkəmə sisteminin təkmilləşdirilməsinə yönəldilmiş prinsipləri haqqında” Tövsiyəsində mülki işlərin məhkəmə araşdırması proseduralarının sadələşdirilməsi barədə qeyd olunan təkliflər sırasında, hər hansı tərəfin məhkəmə araşdırması zamanı özünü insafsız tərzdə apardığı və işin araşdırmasını uzatmaq məqsədi ilə proseduru aşkar şəkildə pozduğu hallarda, məhkəmənin mübahisənin mahiyyəti üzrə qərar qəbul etmək səlahiyyətinə malik olması və ya müəyyən sanksiyalar tətbiq etməli olduğu da göstərilmişdir [10, s.66]. Yuxarıda qeyd olunan maddənin tələbləri bu təklifə uyğundur. Burada məhkəmə 97.5-ci maddəni tətbiq edərkən ümumilikdə mübahisəni mahiyyəti üzrə həll etməsə də, ekspertiza təyin edilmiş faktın təsdiq və ya rədd edilməsi ilə həmin hissədə yaranmış mübahisəni həll edir.
MPM-in 99-cu maddəsi ekspertiza təyin edilməsi haqqında qərardadın məzmununu tənzimləyir. Məhkəmənin qərardadı ekspertizanın aparılması üçün əsas sayılır. Qərardadda məhkəmənin adı, ekspertizanın təyin edilməsi vaxtı, baxılan iş üzrə tərəflərin adı, ekspertizanın adı, təsdiq edilməsi və ya rədd edilməsi üçün ekspertiza keçirilən faktlar, ekspert qarşısında qoyulmuş suallar, ekspertin soyadı, adı, atasının adı və ya ekspertizanın keçirilməsi tapşırılan idarənin adı, ekspertə göndərilən materiallar, ekspertizanın keçirilməsi və rəyin verilməsi müddəti, həmçinin bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıması haqqında ekspertin məhkəmə tərəfindən xəbərdar edilməsi göstərilməlidir.
Təcrübədə bəzən məhkəmə mülki işin bütün materiallarını ekspertə göndərir və ekspertiza keçirilməsi müddətində hər hansı prosessual hərəkətə ehtiyac olduqda, həmin materialların ekspertiza başa çatmamış geri qaytarılması, dayandırılmış icraatın təzələnməsi problemi yaranır. Bu zaman nəzərə almaq lazımdır ki, işin bütün materiallarının ekspertə göndərilməsinin zəruriliyi qanunvericilikdə nəzərdə tutulmamışdır. İşin materialları bütövlükdə və ya iş materiallarında olan ayrı-ayrı sübutlar və sənədlər tanış olmaq üçün məhkəmədə və ya ekspertizanın keçirildiyi yerdə ekspertə təqdim edilə bilər [9, s.270].
Qeyd olunan maddədə, qərardadda göstərilməli olan məsələlərdən biri kimi ekspertizanın keçirilməsi və rəyin verilməsi müddəti də təsbit olunmuşdur. Yəni ekspertizanın keçirilməli olduğu müddəti məhkəmə (hakim) müəyyən etməlidir. Mülki məhkəmə icraatı zamanı müxtəlif və çoxsaylı ekspertizalar təyin edilə bilər. Bu ekspertizalar xüsusi biliklərdən istifadə edərək müxtəlif metodikaların və üsulların tətbiq edilməsi ilə və ekspertizanın xarakterindən, tədqiqatın həcmindən asılı olaraq müxtəlif müddətlərdə aparılır. Hakim isə qərardadda elə müddət göstərməlidir ki, nə həddən artıq uzun olmaqla icraatı yubatsın, nə də müəyyənləşdirilmiş müddətdə ekspertizanın aparılmasını mümkünsüz etsin. Lakin hakim heç də hər bir halda ekspertizanın aparılması üçün zəruri olan müddəti düzgün müəyyənləşdirmək iqtidarında olmur. Belə olan halda o, ya ekspertlə əvvəlcədən “məsləhətləşməli”, ya da “təxmini” müddət müəyyən etməlidir. Qanunvericilikdə məhkəmənin ekspertlə rəyin verilməsi müddəti ilə bağlı məsləhətləşmək kimi səlahiyyəti nəzərdə tutulmamışdır. Digər tərəfdən, məhkəmə özü müddəti müəyyənləşdirdikdə və bu müddət ərzində tədqiqat aparılaraq ekspertizanın tamamlanması mümkün olmadıqda məsələnin necə həll olunacağı da mülki-prosessual qanunvericilikdə əks olunmamışdır. Həmçinin, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunda da bu məsələnin tənzimlənməsi ilə bağlı normaya rast gəlinmir. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında” Təlimatın 4.4-cü maddəsində göstərilir ki, ekspertizanın aparılmasını mülki prosessual qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərlə təmin etmək mümkün olmadıqda Mərkəzin rəhbəri bu barədə ekspertizanı təyin etmiş orqana və ya şəxsə məlumat verir. Ekspertizanın icra müddəti həmin orqanla razılaşdırılır [1, m.4]. Müddətin uzadılması ilə bağlı belə bir halın mümkünlüyü mülki-prosessual məcəllədə təsbit olunmayıb və icra hakimiyyəti orqanı kimi Ədliyyə Nazirliyinin qəbul etdiyi normativ-hüquqi aktla məhkəmənin üzərinə “razılaşdırılmaqla” bağlı funksiyanın qoyulması düzgün hesab olunmamalıdır. Həmçinin, Mərkəz məhkəmə ekspertiza fəaliyyətini həyata keçirən yeganə orqan deyil və bu fəaliyyəti həyata keçirən digər orqanlarda da bu kimi situasiyalar yarandıqda məsələ həll olunmamış qalır. Buna görə də, hesab edirik ki, mülki-prosessual məcəlləyə aşağıdakı məzmunda norma əlavə edilməlidir: “Ekspertizanın hərtərəfli və tam şəkildə keçirilməsi üçün müəyyən edilmiş müddətin uzadılması zərurəti yarandıqda, ekspertin (ekspertiza idarəsinin rəhbərinin) müraciətinə əsasən, məhkəmə ekspertizanın keçirilməsi müddətinin uzadılması məsələsini həll etməlidir.”
MPM-in 99-cu maddəsində ekspertizanın aparılması qaydası ilə bağlı müddəalar təsbit olunmuşdur. Ekspertiza çəkişmə prinsipinə və işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Çəkişmə prinsipi ekspertizanın təyin olunması, konkret səlahiyyətli şəxsin ekspert kimi seçilməsi, ekspert qarşısında qoyulan sualların müəyyənləşdirilməsi, ekspertizaya göndəriləcək materialların toplanması, ekspert rəyinin məhkəmədə tədqiqi zamanı ekspertə suallar verilməsi və ekspertizanın keçirilməsi ilə bağlı digər məsələlərdə işdə iştirak edən şəxslərin bərabər şəkildə iştirakı üçün lazımi şəraitin yaradılması ilə təmin olunur. Məhkəmə istənilən vaxt ekspertizanın keçirilməsinin gedişi ilə bağlı məlumat əldə edə bilər.
Qeyd olunan maddənin ikinci bəndinə əsasən, ekspertiza ekspert idarələrinin işçiləri və ya məhkəmələr tərəfindən tapşırılan digər işçilər tərəfindən həyata keçirilir. Burada “məhkəmələr tərəfindən tapşırılan digər işçilər” dedikdə ekspertiza idarəsindən kənar ekspertiza, yəni müstəqil ekspertlərin cəlb edilməsi başa düşülür. Ölkəmizdə ekspertiza fəaliyyətini həyata keçirən bir sıra ixtisaslaşmış ekspertiza idarələri fəaliyyət göstərir. Lakin, xüsusi biliklərin tələb olunduğu elə sahələr ola bilir ki, həmin idarələrdə bu sahə üzrə mütəxəssis yoxdur, yaxud bir sıra hallarda həmin idarəyə müraciət etmək mümkün olmur. Belə hallarda məhkəmə ekspertizasının keçirilməsi konkret şəxsə həvalə edilir [9, s.271]. Təcrübədə belə hallara çox az rast gəlinir və ekspertizalar bir qayda olaraq, dövlət ekspertiza idarələrində həyata keçirilir. Ancaq hər bir halda belə bir imkan, mülki prosessual məcəllədə nəzərdə tutulmuşdur. Lakin burada bir məsələyə diqqət yetirmək lazım gəlir. Belə ki, ekspertiza dövlət ekspertiza idarələrində aparıldıqda onun həyata keçirilməsi ilə bağlı münasibətlər “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” qanunla tənzimlənir. Ekspertiza idarəsindən kənarda aparılan ekspertizanın təşkili və aparılması ilə bağlı münasibətləri tənzimləyən normalar isə, nə MPM-də, nə də başqa bir normativ-hüquqi aktda təsbit olunmuşdur və bu məsələ tənzimlənməmiş olaraq qalır.
MPM-in 99.2-ci maddəsində göstərilir ki, ekspertizanın keçirilməsi bir neçə ekspertə tapşırla bilər. Bu özündə komission və kompleks ekspertizanı ehtiva edir ki, bu barədə daha geniş formada “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunda müvafiq normalar təsbit olunmuşdur.
Komission məhkəmə ekspertizası eyni ixtisas üzrə sayı iki nəfərdən az olmayan ekspertlər tərəfindən aparılan ekspertizadır. Komission ekspertiza əsasən, mürrəkkəb və təkrar ekspertizalar zamanı, həmçinin tədqiqat obyektlərinin həcmi çox olduqda təyin edilir. Komissiya tərkibindəki hər bir ekspert müstəqildir və sərbəst şəkildə özünün əldə etdiyi, həmçinin başqa ekspertlər tərəfindən əldə olunmuş nəticələri qiymətləndirərək öz zəruri biliyi hüdudlarında qoyulmuş suallara cavab verir. Ekspertlər rəy verməmişdən qabaq öz aralarında məsləhətləşirlər. Ümumi nəticəyə gəldikdə, onlar bir ümumi rəy verirlər və bu rəy bütün ekspertlər tərəfindən imzalanır. Ekspertlər arasında fikir ayrılığı olduqda isə hər bir ekspert buna səbəb olan məsələ barəsində yazılı şəkildə öz rəyini ayrıca tərtib edir [3].
Kompleks məhkəmə ekspertizası iş üçün əhəmiyyətli olan halların aydınlaşdırılması müxtəlif bilik və ya elm sahələri, yaxud biliyin bir sahəsi daxilində müxtəlif üsullar sistemi əsasında yalnız bir neçə tədqiqat aparmaqla həyata keçirilə bildikdə təyin edilən ekspertizadır. Başqa sözlə, əgər suala (suallar qrupuna) cavab vermək üçün müxtəlif profilli ekspertlərin peşəkar hazırlığının əsasını təşkil edən xüsusi biliklərdən istifadə olunursa, belə halda ekspert tədqiqatı kompleks tədqiqatdır [7, s.3]. Bu da onu komission ekspertizadan fərqləndirir. Kompleks ekspertizaların təyin olunması zamanı yol verilən nöqsanlardan biri əsas olmadan kompleks ekspertizanın təyin olunması barədə qərardadın çıxarılmasıdır. Belə ki, ekspertiza qarşısında qoyulmuş suallar müstəqil xarakter daşıyır və öz aralarında əlaqədar deyillərsə, bu zaman kompleks ekspertiza təyin edilməməlidir [8, s.57]. Kompleks məhkəmə ekspertizasının aparılmasında iştirak edən ekspertlərin rəyində ekspertlərin hər birinin apardığı tədqiqatın növü və həcmi, müəyyənləşdirdiyi faktlar, əldə etdiyi nəticələr göstərilməlidir. Hər bir ekspert bilavasitə onun tərəfindən aparılmış tədqiqatı əks etdirən hissədə rəyi imzalayır və buna görə məsuliyyət daşıyır.
Mülki icraatda məhkəmə ekspertizası ilə bağlı mülki prosessual məcəllə ilə müəyyənləşdirilən məsələlərdən biri də əlavə və təkrar ekspertizanın keçirilməsi ilə bağlıdır. MPM-in 102.1-ci maddəsinə görə, ekspertin rəyi kifayət qədər aydın və tam olmadıqda (yəni, qoyulmuş bütün suallara cavab verilmədikdə) məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Əlavə ekpertizanın keçirilməsində məqsəd aparılmış tədqiqatdakı və ya rəydəki boşluğu aradan qaldırmaqdır. Əlavə ekspertiza ilkin ekspertizanın keçirildiyi eyni obyektlər üzərində aparılır və onun gedişində əvvəllər həll olunmayan məsələlər tədqiq olunur. Həll edilmiş məsələlər şübhə altına alınmır və onlar barəsində ekspertin gəldiyi nəticələr yenidən yoxlanmır. Bu hal onu təkrar ekspertizadan fərqləndirir. Ona görə də, əlavə ekspertizanın keçirilməsi ilkin ekspertizanı keçirən eyni ekspertə tapşırıla bilər. Rəy aydın olmadıqda rəyi aydınlaşdırmaq və tamamlamaqdan ötrü ekspert məhkəmədə dindirilərkən ona suallar verilir. Əlavə ekspertiza o halda təyin edilir ki, rəyin natamamlılığını və aydın olmamasını ekspertin dindirilməsi you ilə aradan qaldırmaq mümkün olmur [6, s.134].
102.2-ci maddədə isə təkrar ekspertizanın keçirilməsi halları göstərilmişdir [2, m.102]. Burada təkrar ekspertizanın keçirilməsinin iki halı nəzərdə tutulmuşdur. Birinci hal məhkəmənin əsassızlığına görə ekspert rəyi ilə razılaşmamasıdır. Bu zaman ilkin ekspertin verdiyi rəyin işin həqiqi halları ilə uyğun gəlməməsi başa düşülür. Məsələn, rəyin tədqiqi hissəsiylə nəticə hissəsi arasında uyğunsuzluq olması. Təkrar ekspertiza ilə bağlı tipik səhv kimi, ekspert tərəfindən ehtimal rəy verildikdə təkrar ekspertizanın təyin edilməsi çıxış edir. Əgər rəyin məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı onun elmi əsaslığına şübhə yaranmırsa, ehtimal rəy özü- özlüyündə təkrar ekspertizanın təyininə əsas verə bilməz [13, s.34]. İkinci hal isə bir neçə ekspertin rəyləri arasında ziddiyyətin olduğu haldır. Buraya həm eyni məsələ barəsində müstəqil keçirilmiş bir neçə ekspertiza üzrə, həm də komission ekspertiza üzrə komissiyanın tərkibində olan bir neçə ekspertin eyni məsələ barəsində bir-birinə ziddiyyət təşkil edən rəylər verməsi başa düşülür. Təkrar ekspertizanın aparılması hər bir halda başqa ekspertə və ya ekspertlərə tapşırılır.
Lakin “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna diqqət yetirdikdə, burada təkrar ekspertizanın aparılmasının daha iki halı nəzərdə tutulmuşdur. Bunlardan biri, ekspertin əsaslandığı sübutların etibarsız (qeyri-mötəbər) hesab edilməsidir. Belə ki, sübutların etibarsızlığı rəyin də etibarsızlığına gətirib çıxarır. İkincisi isə, ekspertizanın aparılmasının prosessual qaydalarının pozulmasıdır. Məsələn, ekspertin səlahiyyətli olmadığının müəyyən edilməsi. Bu, ekspertə etiraz üçün əsas verən hallardan biri olmaqla, belə şəxsin ekspertiza aparması kobud prosessual pozuntudur və təkrar ekspertizanın keçirilməsi üçün əsasdır. Buna görə də, mülki prosessual məcəllədə təkrar ekspertizanın təyin edilmə hallarının natamam şəkildə ifadə olunduğunu və yuxarıda qeyd edilən halların mübahisənin ədalətli həlli üçün əhəmiyyətini nəzərə alaraq, qeyd edilən son iki halın da təkrar ekspertiza ilə bağlı müvafiq maddəyə əlavə edilməsinin zəruri olduğunu hesab edirik.
Beləliklə, məhkəmə ekspertizasının mübahisənin həllinə səmərəli təsiri həmin münasibətləri tənzimləyən prosessual normaların hansı formada qurulmasından asılıdır. Mülki məhkəmə icraatında ekspertizanın prosessual-hüquqi əsasları ilə bağlı qanunvericiliyin mütərəqqi xarakter daşımasına baxmayaraq, bir sıra məsələlər nəzərdən qaçırılmışdır. Məqalədə təhlil edilmiş məsələlərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məhkəmə ekspertizasının mülki prosesdə mübahisənin həllinə səmərəli təsir mexanizmi kimi rolunu daha da artıracaqdır.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:
1. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat” barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qərarı.
http://www.e-qanun.az/framework/28873
2. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi. http://www.e-qanun.az/code/9
3. Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu. http://www.e-qanun.az/framework/91
http://www.e-qanun.az/framework/28873
4. Abbasova F.M. Azərbaycanda məhkəmə ekspertizasının yaranması, müasir vəziyyəti və inkişafının hüquqi, elmi tənzimi məsələləri. H.e.n. alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı, 2000, 129 s.
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Kommentariyası, B.H.Əsədovun redaktəsi ilə. Bakı: Digesta, 2002, 790 s.
6. Əsədov B, Mirkamal V, Hacıbəyli Ə və b. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin elmi-praktiki kommentariyası. Bakı: Patronat-S, 2003, 560 s
7. Əsgərova M.P, Cəfərov A.R. Kompleks ekspertizanın təyin edilməsi və keçirilməsinə dair istintaq, məhkəmə orqanları işçiləri və ekspertlər üçün metodik tövsiyələr. Bakı, 1996, 93 s.
8. Əsgərova M.P. Məhkəmə ekspertizası ümumi nəzəriyyəsinin formalaşması. H.e.n. alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı, 1998, 175 s.
9. Hüseynov Ə, Kərimli B, Manafov F. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin kommentariyası, Bakı: Digesta, 2015, 1392 s
10. Məmmədli S.H. Mülki icraatda Avropa standartları / Bakı Universitetinin Xəbərləri (Sosial-siyasi elmlər seriyası) № 3, 2015, s 61-71.
11. Orucov Ə, Abdullayev B, Rəhimzadə N. Azərbaycan dilinin izahlı lüğəti, II cild. Bakı: Şərq-Qərb, 2006, 792 s.
12. Rəsulbəyova N.İ. Mülki mühakimə icraatının kriminalistik təminatı. H.e.n. alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı, 2010, 168 s.
13. Россинской Е.Р. Судебные экспертизы в гражданском судопроизводстве: организачия и практика. Москва: Юрайт, 2011, 535 с.
|