Nəşrlərimiz
 
 
— Sosial turizm nədir?
 

09-02-2022, 22:06

 

Sosial turizm nədir?

Sosial turizm nədir?

 

Müəllif-Günəş Azərli

Bakı Dövlət Universiteti - Hüquqşünaslıq fakültəsi, Turizm Hüququ üzrə magistrant

 

Xülasə

Məqalədə sosial turizm anlayışının tərifi, məzmunu və həyata keçirilməsi yolları təhlil edilir, sosial turizmi digər turizm formalarından fərqləndirən xüsusiyyətlər, bu sahənin sosial faydaları müəyyənləşdirilməyə çalışılır. Məqalədə həmçinin sosial turizmin dövlət tərəfindən tənzimlənməsinin əhəmiyyətinin nədən ibarət olduğu, dövlətin maliyyə yardımı ilə yanaşı, sosial turizmlə məşğul olan müxtəlif təşkilat və birliklərin də fəaliyyəti haqqında danışılır, onların sosial turizmin təbliğinə necə töhfə verməsi araşdırılır.

Giriş. Turizm sektoru araşdırılarkən onun iqtisadi funksiyası ilə yanaşı, insanın biososial potensialının təkrar istehsalı funksiyasına da xüsusilə diqqət yetirmək lazımdır. İstirahət təməl insan hüquqlarından biridir, lakin əhalinin aztəminatlı seqmenti üçün səyahət etmək ciddi problemdir. Sosial turizm də məhz aztəminatlı, səyahət etmək hüququ olan, lakin bu hüququndan tam istifadə edə bilməyən ailələr üçün nəzərdə tutulmuşdur. SSRİ dövründə geniş şəkildə tətbiq edilən bu sahənin sonrakı dövrlərdə turizm sektorundakı rolu azalsa da, müasir dövrdə sosial turizmlə bağlı yeni ideyalar formalaşmış, insanların istirahət hüququ üçün nə dərəcədə əhəmiyyətli olduğu müəyyən edilmişdir.

Sosial turizmin anlayışı və növləri. Turizmin indiki dövrdə başa düşülən anlayışı hələ XIX əsrdə yaranmışdır [1, s. 42]. Bu dövrdə bazar günləri də daxil olmaqla hər gün işə getməli olan işçilər üçün tətillər nəzərdə tutulmadığı üçün əhalinin əksəriyyətinin tətilə getmək imkanları çox məhdud idi və turizm yalnız cəmiyyətin yüksək təbəqələri üçün əlçatan idi [1, s. 42]. Sosial turizm üçün tədbirlər 1936-cı ildə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən Ödənişli Tətil Konvensiyası qəbul edildikdən sonra başlamışdır. Bu konvensiyanın mahiyyəti 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd edilmişdir [2]. Belə ki, konvensiyaya əsasən, hər kəsin istirahət və asudə vaxt, o cümlədən iş vaxtının ağlabatan məhdudlaşdırılması və ödənişli dövri tətillər hüququ vardır.

Sosial turizm anlayışı ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Beynəlxalq Sosial Turizm Təşkilatı 2010-cu ilin sentyabrında keçirdiyi son Ümumi Yığıncağında qəbul edilmiş yeni nizamnaməsində qeyd edir ki, sosial turizm cəmiyyətin imkansız təbəqələrinin və ya turizmdə iştirak edə bilməyənlərin bu sahədə iştirakı ilə bağlı əlaqə və hadisələrdir [5, s. 31]. Bu qrupların turizmə daxil edilməsi yaxşı müəyyən edilmiş və sosial xarakterli maliyyə və ya digər müdaxilələrlə mümkün olur. Bir çox Avropa cəmiyyətləri turizmin işçilər üçün oynadığı mühüm bərpaedici funksiyanı çoxdan qəbul etmiş və öz əhalisinin əksəriyyətinin bayramlardan istifadə etməsinə imkan yaradan müddəalar hazırlayaraq, səyahət etmək və işdən çıxmaq üçün sosial hüququn olması fikrini təsdiq etmişlər [1, s. 43]. Bu məqsədlə müxtəlif xüsusiyyətlərinə görə fərqlənən qruplar üçün social turizmin tətbiqi nəzərdə tutulur:

  1. Uşaqların, gənclərin, məktəbli və tələbələrin istirahətinin təşkili. Uşaqların dünya haqqında fəal bilik əldə etməsi üçün uşaq turizminin önəmi aydındır. Lakin maddi təminatın aşağı olması, dövlət dəstəyinin kifayət qədər olmaması buna imkan yaratmır. Eyni zamanda turizmə aid təkliflərin müxtəlif formalarına kifayət qədər həssas olan bu qrup əksər hallarda inkişaf etmiş turizm infrastrukturu olmasını və standart turizm xidmətləri göstərilməsini tələb etmir [3, s. 8].
  2. Yaşlı şəxslər üçün turizmin təşkili. Bir çox inkişaf etmiş ölkələrdə bu qrupa mənsub insanlar turistlərin əsas kütləsini təşkil etsə də, Azərbaycanda qənaətbəxş pensiya alan kütlə əhalinin yalnız kiçik bir hissəsini əhatə edir [3, s. 8]. Buna görə də yaşlıların səyahəti üçün sosial turizm təminatına ehtiyac duyulur.
  3. Əlil şəxslər üçün turizmin təşkili. Turist kütləsinin çox cüzi bir hissəsini əlil şəxslər təşkil edir. Onların istirahəti zamanı xüsusi tələblər təmin edilməlidir. Lakin hətta sosial turizmin tətbiq edildiyi sovet dövründə belə əlillərlə bağlı xüsusi səyahətlərin təşkil edilməsinə diqqət ayrılmamışdır [3, s. 8].
  4. Əhalinin aztəminatlı və sosial cəhətdən müdafiə olunmamış qrupları üçün turizmin təşkili. Aztəminatlı şəxslərin, ailələrin istirahət hüquqlarını təmin etmək üçün xüsusi tələblər təmin edilməlidir.

Sosial turizmin dövlət tərəfindən tənzimlənməsinin əhəmiyyəti nədən ibarətdir. Əsas missiyası dünya üzrə ÜDM-nin 9 faizini təşkil edən 260 milyon işi dəstəkləyən dünyanın ən böyük sənayelərindən biri olan Səyahət və Turizm haqqında məlumatlılığın artırılması olan Dünya Səyahət və Turizm Şurasının məlumatına görə sosial turizmin inkişafında dövlət dəstəyinin rolu böyük əhəmiyyət kəsb edir[1, s. 43]. Belə ki, sosial turizm təkcə imkansız səyahətçilərə qayğı nöqteyi-nəzərindən deyil, həm də onların potensial işəgötürənləri nöqteyi-nəzərindən başa düşülməlidir. Buna görə də yalnız hökumət və onun institutu vasitəsilə sosial turizmin mövcudluğunu və inkişafını təmin etmək mümkündür [1, s. 43]. Şirkətlər investisiyalarının tez qaytarılması, ziyarətçilərin çoxluğu, orta gündəlik tariflər kimi məsələlərlə maraqlanırlar, “aşağı alıcılıq qabiliyyətli” və ya əlil səyahətçilər, binaların onların ehtiyac və əlilliklərinə uyğun olaraq dəyişdirilməsi isə onların maraq dairəsində deyil. Buna görə də yalnız mənfəət marağı olan biznes bölmələri və institutları sadəcə olaraq sosial turist rifahının maraqlarını müdafiə edə və təmsil edə bilməzlər, Nəticə etibarı ilə social turizmin təşkilində əsas subyekt dövlət və həqiqətən də sosial turistlərə qayğı göstərən, bununla bağlı mənfəəti olmayan qeyri-hökumət təşkilatları ola bilər.

Sosial Turizm sahəsində ixtisaslaşmış orqanlar. Beynəlxalq Sosial Turizm Təşkilatı (International Social Tourism Organisation) beynəlxalq platformada sosial turizm hüququnun tənzimlənməsində və inkişafında böyük rol oynayır. 7 iyun 1963-cü ildə beynəlxalq qeyri-kommersiya təşkilatı kimi təsis edilmiş Beynəlxalq Sosial Turizm Təşkilatı beynəlxalq çərçivədə sosial turizmin inkişafına yardım etmək məqsədi daşıyır [4]. O, öz üzvlərini turizm fəaliyyətini əlaqələndirmək, habelə sosial turizm, onun mədəni aspektləri, habelə sosial turizmin iqtisadi və sosial nəticələri ilə bağlı bütün məsələlər barədə məlumatlandırmaqdan məsuldur. 

Beynəlxalq Sosial Turizm Təşkilatı gənclərin, ailələrin, yaşlıların, əlillərin bütün sosial səviyyələri üçün istirahətə, turizmə çıxışı təşviq etmək və bu məqsədi dövlət, sosial subyektlər və operatorlar vasitəsilə həyata keçirmək məqsədi daşıyır.

Beynəlxalq Sosial Turizm Təşkilatının hazırda 35 ölkədə 165 üzv təşkilatı mövcuddur [4]. Onun diqqətini yönəltdiyi əsas maraq qruplarına gənclər, maliyyə problemləri ilə üzləşən ailələr, əlillər, səyahət edə bilməyən və ya səfərlərin təşkili ilə bağlı çətinliklərdən qorxan yaşlılar daxildir.

Nəticə. Sosial turizm günü-gündən inkişaf etməkdədir. Bununla bağlı dövlət tənzimlənməsinin olması isə bu sahənin inkişafı üçün olduqca böyük əhəmiyyətə sahibdir. Bu sahədə həm milli, həm də beynəlxalq səviyyədə əsaslı tədbirlərin görülməsinə, hüquqi sistemin yaradılmasına böyük ehtiyac var.

 

Ədəbiyyat Siyahısı

 

  1. 1. Jana Jablonska, Matúš Jaremko, Gejza M. Timčák, Social Tourism, Its Clients and Perspectives,   Mediterranean Journal of Social Sciences Vol 7, 42 (2016).
    1. 2. Universal Declaration of Human Rights, 1948.
      1. 3. Fərhad Rəhmanov, Azərbaycanda Sosial Turizmin İnkişafı Problemləri.
        1. 4. International Social Tourism Organisation, https://isto.international/  
          1. 5. Scott McCabe, Social tourism and its contribution to sustainable tourism, Nottingham University Business School Abstract Social, 31.