Nəşrlərimiz
 
 
— HÜQUQUN UNİFİKASİYASI
 

11-02-2022, 22:27

 

HÜQUQUN UNİFİKASİYASI

Müəllif: İlqar Babayev

Hüquq üzrə fəlsəfə doktoru
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü
 
HÜQUQUN UNİFİKASİYASI

Bir çox elm sahəsində qarşımıza çıxan “unifikasiya” termini hüquq sahəsində də istifadə edilməkdədir. Hüququn unifikasiyası dedikdə, eyni münasibətlərə tətbiq olunan müxtəlif dövlətlərin hüquq sistemlərinə aid olan hüquq normaları arasında olan fərqlərin azaldılması və ya ortadan qaldırılması prosesi başa düşülür.

Bu proses XIX əsrin ortalarında Avropada meydana çıxmışdır. I Dünya Müharibəsindən sonra isə Millətlər Cəmiyyətinin və digər beynəlxalq təşkilatların (Haaqa Beynəlxalq Xüsusi Hüquq Konfransı, UNIDROIT, Amerika Dövlətlərinin Beynəlxalq Konfransı və s.) himayəsində bu sahədə aparılan fəaliyyətlər daha da artmışdır (United Nations, 1970, s. 13).  Bu fəaliyyətlərin intensivləşməsi milli hüquq sistemləri arasında olan fərqlər və uyğunsuzluqlar səbəbiylə ortaya çıxan çətinliklərdən qaynaqlanmışdır.

Ümumi olaraq, milli hüquq sistemləri arasında mövcud olan fərqlərin azaldılması deyəndə hüququn harmonizasiyası (harmonization),  unifikasiyası (unification), approksimasiyası (approximation) və ya  konvergensiyası (convergence)  terminləriylə qarşılaşa bilərik. Bu terminlər hətta bəzən bir-birlərinin yerinə istifadə olunmaqdadır (Smiths, 2007, s. 219).  Ancaq diqqətli şəkildə araşdırıldığında bu terminlər arasında müəyyən fərqlər olduğunu və hər zaman bir-birlərinin yerinə istifadə edilə bilməyəcəyini görürük.

Məsələn, hüququn harmonizasiyası mövzusunu araşdıran Boodman harmonizasiya terminini kökünü musiqidə gördüyümüz harmoniya (harmony)  terminindən yola çıxaraq açıqlamağa çalışmış və bu anlayışın əslində üç ünsürdən ibarət olduğunu bildirmişdir. Boodmana görə, analogiya tətbiq edilərsə, harmonizasiyadan bəhs edə bilmək üçün hansısa bir fərqin mövcud olması, harmonizasiyanın predmetlərinin öz xüsusiyyətlərini davam etdirməklə birlikdə harmonizasiya nəticəsində yeni bir forma alması və ortaya çıxan yeni formanın bir ahəngə sahib olması vacibdir (Boodman, 1991, ss. 701-702).   Beləliklə, Boodmana görə, harmonizasiya fərqli predmetlərin öz xüsusiyyətlərini davam etdirməklə yanaşı ahəngli bir forma meydana gətirmək üçün birləşdiyi və ya bir-birinə uyğunlaşdığı bir prosesdir.

Picat    və    Soccio    isə araşdırmalarında harmonizasiya, unifikasiya və standartlaşdırma (standardization)    terminlərinə anlayış vermişdirlər. Müəlliflərə görə, harmonizasiya, iki və daha artıq hüquq sistemi arasındakı fərqləri/ziddiyyətləri azaltmaq və ya ortadan qaldırmaq məqsədi ilə bu hüquq sistemlərini bir-biri ilə uzlaşdırmağa deyilir. Unifikasiya, birdən çox anlayışı asimilasiya etmək məqsədi ilə bir araya gətirərək yeni bir bütün yaratma fəaliyyətidir. Standartlaşdırma isə, bütün hissələri müəyyən qədər bir-birinə oxşar olan bir qrup ünsürü eyni formaya salmaq fəaliyyətini ehtiva etməkdədir (Picat & Soccio, 2011, s. 372).  Bu müəlliflərə görə kodifikasiya bir standartlaşdırma, Avropa İttifaqı reqlamentləri (regulations) isə unifikasiya fəaliyyətidir.

Zweigert  və  Kötz, müqayisəli hüququn beynəlxalq mənada hüququn unifikasiyası layihələrindəki əhəmiyyətli roluna diqqət çəkdikdən sonra, unifikasiyanın tərifini verməmiş, əvəzində isə unifikasiya fəaliyyətinin əsasında duran siyasi məqsədin hüququn ümumi prinsiplərinin mənimsənilməsi surəti ilə milli hüquq sistemləri arasındakı fərqlərin azaldılması və ya ortadan qaldırılması olduğunu qeyd etmişdirlər (Zweigert & Kötz, 1998, s. 24).  Onlar harmonizasiya termininə də tərif və ya anlayış verməmiş, sadəcə Avropa İttifaqı daxilində reqlamentlər və dekretlərlə (directives) millətlərüstü (supranational) mənada harmonizasiyanın artan əhəmiyyətə malik olduğunu ifadə etməklə kifayətlənmişdirlər.

David    və    Brierley    də    həmmüəllif olduqları əsərdə müqayisəli hüququn unifikasiyadakı rolunu açıqlayarkən unifikasiyaya anlayış verməmiş, sadəcə unifikasiya vasitələrinə (instrumentlərinə) yer vermiş, müqayisəli hüququn funksiyalarından birinin həm hüququn unifikasiyası, həm də harmonizasiyası hədəfi olduğunu qeyd etmişdirlər (David & Brierly, 1968, ss. 5-6). Beləliklə, onlar dolayı olaraq hüququn unifikasiyası və harmonizasiyası arasında  fərqin  mövcud olduğunu qəbul etmişdirlər.

Türk hüquq doktrinasında bu mövzunu tədqiq etmiş Özsunay da hüququn unifikasiyası ilə hüququn harmonizasiyası terminləri arasında fərq qoymuşdur (Özsunay, 1976, ss. 208-214).    Özsunay,  unifikasiyanın “iki və daha çox hüquq sistemində müəyyən bir sahəni və ya hüquq institutunu tənzimləyən, əhatə dairəsi eyni olan hüquq normalarının məqsədli şəkildə unifikasiyası” olaraq anlaşılması gərəkdiyini vurğulamış və bunun hüququn konvergensiyasından fərqləndiyinə diqqət çəkmişdir. Müəllif koordinasiya, approksimasiya, ekvalizasiya və harmonizasiya terminlərini Avropa Birliyinin əsasını qoyan konvensiyalar çərçivəsində tədqiq etmişdir.

 Son nəticədə bu terminlərin bir-birindən fərqləndiyini, lakin ümumi nəzər yetirdikdə hamısının təməlində hüquq sistemləri arasındakı fərqləri azaltmaq və ya ən azından bu fərqlər arasında bir uzlaşma yaratmaq cəhdi olduğunu, bu səbəbdən də bəzi hallarda bir-birlərinin yerinə istifadə edildiyini görmək mümkündür (Özkan, 2017, s. 161).

Hüququn unifikasiyasından bəhs edərkən bu sahədə çox vacib olan bir mövzuya – müqayisəli hüquqa da diqqət yetirmək əhəmiyyət daşıyır. Hüququn müqayisəsi araşdırmalarına olan ehtiyac, hüququn unifikasiyası məqsədini daşıyan bütün fəaliyyətlərin ortaq nöqtəsi olaraq qarşımıza çıxır. Belə ki, yekcins (uniform) bir mətnin ortaya qoyulması və bunun sanki təbii hüquq kimi qəbul edilməsi kifayət deyil. Bu mətnin təməlində duran və unifikasiya prosesində iştirak edənlərə və mətni hazırlayanlara təsir edən milli hüquq normalarının təsbit edilməsi də əhəmiyyətlidir.

1970-ci illərdə Rene David, hüququn unifikasiyası fəaliyyətlərinin dörd mərhələdən ibarət olduğunu bildirmiş və bu mərhələləri açıqlamağa çalışmışdır (Basedow, 2016, ss. 907-908).  O unifikasiyanın ilk mərhələsinin müqayisəli hüquq mərhələsi olduğunu ifadə etmişdir. David, beynəlxalq alğı-satqı hüququ istisna olmaqla, digər hüquq sahələrində unifikasiya məqsədi daşıyan çalışmalarda ciddi bir hazırlıq fəaliyyətinin əksikliyini iddia etmiş və bu vəziyyəti XIX əsrdə mövcud olmuş qanunvericiliyin hər şeyə qadir olduğu inancına və doğru texnikanın istifadəsinin və adətlərin əhəmiyyətinə qarşı etinasızlıq göstərilməsi ilə əlaqələndirmişdir. Hüquq layihələrinin bir çoxunda kifayət qədər müqayisəli hüquq araşdırması hazırlığı görünməsə də, bu layihələrin çoxu əsasən fərqli hüquq sistemlərindən gələn mütəxəssislərdən ibarət komissiyalar tərəfindən aparılır. Bu komissiyalarda aparılan çalışmalar hüququn unifikasiyası fəaliyyətinin ikinci mərhələsini meydana gətirir. Bu komissiyaların məqsədi, müqayisəli hüquqla bağlı biliklərin paylaşılması və layihəyə daxil olan böyük hüquq sistemlərində qəbul edilə biləcək bir sıra həll yollarının müəyyənləşdirilməsidir. Buna baxmayaraq bu cür mütəxəssis qrupları tərəfindən ortaya qoyulan müqayisəli hüquq biliklərinin əvvəlcədən aparılmış müqayisəli hüquq çalışmalarını təməl almadığı zaman anlaşılmaları çətin olduğu və çox da etibarlı olmadığı təcrübəsi ortaya çıxmışdır. Lakin bu cür çalışmalar ümumi (ortaq) bir mətnin qəbul edilməsində, yəni hüququn unifikasiyası fəaliyyətinin üçüncü mərhələsində əhəmiyyət qazana bilər. Belə ki, bu mərhələ əsasən siyasi qayğıların kölgəsində aparılmaqdadır. Bu mərhələdə ortaya qoyulan həmin çalışma diplomatik konfransın bütün iştirakçılarının bəhs olunan mətnin qəbulu zamanı öz hüquq sistemlərinin xüsusiyyətlərinə və texnikalarına sadiq qalmağı arzuladıqlarında onların etirazlarının qarşısının alınmasında və təklif edilən həll yollarını qəbul etmələrində təsirli rol oynaya bilər. Bu qayğı xüsusilə də hüququn unifikasiyasının dördüncü mərhələsində, yəni hüququn unifikasiyası məqsədilə konvensiyaların qəbul edilməsi zamanı konvensiyaya tərəf olacaq dövlətlərin konvensiyanı təsdiqləməsi mərhələsində irəli çıxmaqdadır.

Hüququn unifikasiyası məqsədi ilə aparılan müqayisəli hüquq tədqiqatları ümumiyyətlə konkret hüquq sahəsi və ya konkret hüquqi problemlə bağlı olmaqdadır. Bu araşdırmalar daha çox müvafiq ölkələrdəki hüquq normaları və bu normaların məhkəmələr tərəfindən tətbiqi üzərində dayansa da, bəzi araşdırmaların müvafiq ölkədəki ticarət adətlərini də nəzərə aldığını görmək mümkündür (Basedow, 2016, ss. 908-909).    Məsələn, alğı-satqı hüququnun unifikasiyası üzrə yuxarıda qeyd olunan işdə aparılan müqayisəli hüquq tədqiqatı zamanı standart müqavilə müddəalarında təsbit olunmuş xarici kommersiya təcrübəsinin də nəzərə alındığı müşahidə edilmişdir. Buraya nümunə olaraq Avropa İttifaqında “Avropa Ümumi Satış Hüququ” və “Avropa Sığorta Hüququ Rejimi” çalışmalarını da əlavə etmək olar. Bu çalışmalarda illər ərzində müqavilə hüququ, alğı-satqı hüququ və sığorta hüququ sahələrində müqayisəli hüquq araşdırmaları aparılmışdır. Bu cür tədqiqatlar hüququn unifikasiyası üçün ilkin şərtdir.

Ümumi mətnin qəbulundan və ya hüququn unifikasiyasindan sonra mütəmadi araşdırmalar aparmaq və  unifikasiyanın əslində hansı səviyyədə baş verdiyini müəyyən etmək də müqayisəli hüquq araşdırmaları aparan hüquqşünasların işidir. Bu tip tədqiqatları müqayisəli tətbiq təcrübəsini araşdıran tədqiqat kimi qiymətləndirmək olar. Müqayisəli hüquq araşdırmaları aparan hüquqşünaslar  qanunvericilik mərhələsində həyata keçirilən unifikasiya prosesinin praktikada daha da irəli getməsini təmin etməlidirlər. Çünki praktikada fərqliliyin olmasına məhəl qoymamaq bu qəbul edilmiş ümumi mətnin gələcəkdə yenidən nəzərdən keçirilməsi zərurətini ortaya çıxaracaqdır. Əgər müvafiq dövlətlərin unifikasiyanı təmin etmək üçün real iradəsi yoxdursa, belə bir çalışmanın heç bir fayda verməyəcəyini demək mümkündür. Lakin son yüz ildə dövlətlərin bu istiqamətdə, məsələn, beynəlxalq dəmir yolu nəqliyyatı hüququnun unifikasiyası sahəsində belə bir iradəni ifadə etdiklərini müşahidə etmək mümkündür. 1890-cı ildə qəbul edilmiş müvafiq konvensiyanın müxtəlif şərhlərinin olması nəticəsində mətndə müəyyən fasilələrlə çoxlu dəyişikliklər edilmişdir. Bu konvensiyanın ilk variantlarında nəzərdə tutulmuşdu ki, fors-major hallar zamanı dəmir yolları daşınan yüklərə dəyən hər hansı zədə və ya itkiyə görə məsuliyyət daşımır. 1920-ci illərdə Roma hüququnun Vis Major institutunda əsasını tapan fors-major anlayışının Almaniya və Fransada fərqli şəkildə interpritasiya edildiyi göründü. Fransa məhkəmələri dəmir yolu şirkətinin işçilərinin tətili kimi daxili hadisələri də fors-major hal kimi şərh edərkən, Almaniya məhkəmələri belə bir şərhi rədd edərək, yalnız xarici hadisələrin bu çərçivədə qiymətləndirilə biləcəyini bildirmişdir. Nəticədə, İkinci Dünya Müharibəsindən sonra konvensiyaya edilən ilk dəyişikliklə 1952-ci ildə konvensiyadan fors-major anlayışı çıxarılmışdır. Bu anlayışın əvəzinə yeni mətndə zərər, itki və ya digər nəticələrin baş verməsinə səbəb olan hadisələrin qaçılmaz xarakteri vurğulanmışdır. Bu tarixdən sonra tətillərin fors-major olması ilə bağlı məhkəmə qərarı verilməsə də, bir dəmir yolu şirkətinin işçilərinin tətil etməsinin qaçılmaz bir hadisə olduğunu sübut etməsi çox çətin görünür.

Yekcins  hüquq normalarının yaradılmasına yönəlmiş beynəlxalq sənədlərin çox vaxt məhkəmələr tərəfindən doldurulmalı olan boşluqları ehtiva etdiyini görmək mümkündür. Beynəlxalq Ədalət Məhkəməsi Nizamnaməsinin 38.1.c maddəsinə və CISG-in 7.2-ci maddəsinə əsasən, məhkəmələr ilk növbədə müvafiq beynəlxalq sənədin ümumi prinsiplərinə uyğun olaraq bu boşluğu doldurmağa çalışmalıdır, lakin ümumi prinsip yoxdursa, milli hüququn beynəlxalq xüsusi hüquq qaydalarına uyğun olaraq müəyyən edilən normalar  nəzərə alınmalıdır. Bu ümumi prinsiplərin müəyyən edilməsi və qiymətləndirilməsi isə mahiyyətcə müqayisəli hüquq tədqiqatı deməkdir (Basedow, 2016, ss. 909-910).  Milli məhkəmələrdə çalışan hakimlər müəyyən dərəcədə öz hüquq sistemlərindən irəli gələn əngəllərə ilişib qalsalar da, bu tıxacın aradan qaldırılması  müvafiq beynəlxalq sənədlərin xarici ölkələrdə tətbiqi təcrübəsinə diqqət çəkməli olan müqayisəli hüquq tədqiqatları aparan hüquqşünasların işidir.

Ümumilikdə isə, hüququn unifikasiyası prosesinin doğru şəkildə həyata keçirildiyi zaman dövlətlərin hüquq sistemləri arasındakı fərqləri azaldaraq həm dövlətlər, həm də onların vətəndaşları üçün bir sıra üstünlüklər meydana gətirdiyini söyləmək mümkündür. 

İstifadə olunmuş ədəbiyyat

  1. Basedow, J. (2016). Karşılaştırmalı Hukuk ve Kullanıcıları (G. Kurtulan, Çev.). İstanbul Üniversitesi Hukuk Fakültesi Mecmuası, 76(2), 879-917.
    1. Boodman, M. (1991). The  Myth  of  Harmonization  of  Laws. American  Journal  of  Comparative  Law, 39, 701-708.
      1. David, R., & Brierly, J. E. C. (1968). Major  Legal  Systems  in  the  World  Today. Stevens&Sons.
        1. Özkan, Z. (2017). Avrupa Özel Hukukunun Uyumlaştırılması. Ankara Üniversitesi Hukuk Fakültesi Dergisi, 66(1), 157-199.
          1. Özsunay, E. (1976). Karşılaştırmalı Hukuka  Giriş. İstanbul Üniversitesi Yayınları.
            1. Picat, M., & Soccio, S. (2011). Harmonisation  of  European  Contract  Law: Fiction  or  Reality? International Business Law Journal, 4.
              1. United Nations. (1970). Unification of the Law of Intarnational Trade: Note by the Secretariat. Yearbook of the United Nations Comission on International Trade Law, 1. https://www.uncitral.org/pdf/english/yearbooks/yb-1968-70-e/vol1-p13-17-e.pdf
                1. Zweigert, K., & Kötz, H. (1998). Introduction to Comparative Law (T. Weir, Çev.). Clarendon Press.