Nəşrlərimiz
 
 
— Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürmə zamanı uşaq hüquqlarının təmin edilməsi
 

22-04-2022, 00:11

 

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürmə zamanı uşaq hüquqlarının təmin edilməsi

Müəllif: Səadət İsmayılova

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi - Aparıcı məsləhətçi

 

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürmə zamanı uşaq hüquqlarının təmin edilməsi

İstənilən cəmiyyətdə uşaqların mənəvi və fiziki sağlamlığının qorunması, hüquq və azadlıqlarının təmin edilməsi dövlətin inkişafı ilə bağlı olan strateji məsələlərdən biridir. Müxtəlif dövrlərdə baş vermiş silahlı münaqişələr, müharibələr, təbii fəlakətlər, kütləvi xarakterli insidentlər, yoxsulluq uşaqların kimsəsiz qalmasına səbəb olmuşdur. Belə bir şəraitdə kimsəsiz uşaqların valideyn qayğısından kənarda qalması digər ölkə vətəndaşlarının diqqətindən yayınmamış və dünyada ölkələrarası övladlığa götürmə (beynəlxalq övladlığa götürmə) kimi bir anlayış yaranmışdır.[1]

Bu məqsədlə 29.03.1993-cü il tarixdə “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında" Haaqa Konvensiyası qəbul edilmiş, Azərbaycan Respublikası (bundan sonra – AR) isə 3 bəyanatla bu Konvensiyaya qoşulmuşdur:

[1] https://www.infoplease.com/us/family-statistics/history-adoption

  1. Yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında övladlığa verilmiş uşaqlar AR ərazisini tərk edə bilərlər;
  2. AR ərazisində adətən daimi yaşayan uşaqların övladlığa götürülməsi yalnız Mərkəzi orqanın funksiyalarının 22-ci maddənin 1-ci bəndinə uyğun olaraq yerinə yetirdiyi halda həyata keçirilə bilər;
  3. AR özünün iştirakçısı olmadığı sazişlər əsasında övladlığa götürmələri tanımayacaqdır.[2]

AR-nın tərəfdarı olduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən AR ərazisində AR vətəndaşı olan uşağı övladlığa götürmə və ya övladlığa götürmənin ləğvi AR-nın qanunvericiliyinə uyğun olmaqla həyata keçirilir.[3]

Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin vahid uçotunun elektron qaydada aparılması, valideyn-namizədlə müsahibə keçirilməsi, onun maddi-məişət şəraitinin müayinəsi, valideyn-namizəd üçün təlimin təşkili, valideyn-namizədə uyğun uşağın və övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi, valideyn-namizədlə uşaqların yerləşdiyi müəssisələrdə görüşlərin təşkili, övladlığa götürülən uşaqların sınaq müddətində valideyn-namizədin evində yerləşdirilməsi və digər məsələlər AR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) tərəfindən həyata keçirilir.[3]

[1]https://e-qanun.az/framework/5917

[2]https://e-qanun.az/framework/46946

[3]https://e-qanun.az/framework/44673

 

Övladlığa götürmə proseduru bir sıra mərhələlərlə səciyyələnir. Belə ki, müraciət etmək istəyən şəxslər müvafiq ərizə formasını doldurur, bu məqsədlə yaradılmış e-sosial.az portalı üzərindən ərizə vasitəsilə müraciət edir, bu müraciətlər Nazirlik tərəfindən izlənilir, aidiyyəti qurumlardan məlumatla toplanılır, baxılır, bundan sonra tərəflər müsahibəyə çağırılır, onların mənzil şəraitləri yoxlanılır, təlim keçirilir, müəssisədə uşaqla görüşdürülür, sınaq müddəti (3 ay) verilir.

Nazirlik sınaq müddətinin sonunda övladlığagötürmə ilə bağlı bütün mərhələlərin nəticəsinə uyğun olaraq övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında 7 iş günü müddətində rəy hazırlayır, bundan sonra uşaq övladlığa götürmək istəyən şəxs həmin rəylə birlikdə müvafiq sənədlərlə məhkəməyə müraciət edir. Övladlığa götürmə barədə ərizəyə məhkəmələrdə Nazirliyin iştirakı ilə xüsusi icraat qaydasında baxılır.

Ədliyyə Nazirliyinin 2021-ci il üçün övladlığa götürmə və övladlığa götürmənin ləğvi haqqında hesabatına əsasən ötən il əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən məhkəmələrə yalnız 2 ərizə daxil olmuş, onlardan 1-i təmin edilmiş, digəri isə geri qaytarılmışdır (ərizəçilər tərəfindən təqdim olunan ərizədə forma və məzmuna riayət edilməməsi, tələbin əsaslılığını təsdiq edən sənədlər, tələbin istinad etdiyi fakt və halları təsdiq edən sübutlar siyahısının iddia ərizəsinin məzmununda göstərilməməsi əsası ilə). Aparılmış təhlildən görünür ki, həmin uşaqların yaş tərkibi 1 yaşa kimi, cinsi isə qız olmuşdur. 

Müxtəlif dünya ölkələrində övladlığa götürülmə ilə bağlı statistikaya nəzər salsaq, onun getdikcə azaldığının şahidi olurq. Çünki qlobaltendensiyaya əsasən, hər bir ölkənin başlıca məqsədi uşaqların öz ölkə vətəndaşlarının himayəsində qalmağıdır.[5]

Kanada övladlığa götürmə şurasının sədri Deboran Brennan bu azalmanı bir sıra faktorla əlaqələndirir. Belə ki, onun sözlərinə əsasən Kanadada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaq övladlığa götürməsi 50.000 dollardan artıq pul məbləğini tələb edir. Habelə bu proses 18 aydan bir neçə ilə kimi davam edə bilir. Məhz bu faktorlar Kanadada bu sahədə kəskin azalmanın göstəricisidir.

Artıq ölkəmizdə övladlığagötürmə sahəsində müasir idarəetmə mexanizminin yaradılaraq hazırda tətbiq olunması və uşaqların övladlığa götürülməsini stimullaşdıran tədbirlərin və dəstəkləyici mexanizmlərin hazırlanması bu sahəyə olan diqqətin göstəricisidir. Təsadüfi deyildir ki, dövlət başçısının 24 noyabr 2020-ci il tarixli Fərmanı ilə övladlığa götürülən hər uşaq üçün aylıq 160 manat, övladlığa götürülən sağlamlıq imkanları məhdud hər uşaq üçün aylıq 480 manat məbləğində müəyyən olunmuşdur.[6]

 

[5]https://www.cbc.ca/news/politics/international-adoptions-canada-decline-1.4253698

[6]https://www.sosial.gov.az/post_399519