Nəşrlərimiz
 
 
— Cinayət işinin başlanmasının səbəbi kimi kütləvi informasiya vasitələrinin məlumatları
 

22-04-2022, 00:26

 

Cinayət işinin başlanmasının səbəbi kimi kütləvi informasiya vasitələrinin məlumatları

Müəllif: Abbaszadə Xəyal

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq hüquq ixtisası üzrə ikinci kurs magistrantı.

 

Cinayət işinin başlanmasının səbəbi kimi kütləvi informasiya vasitələrinin məlumatları.

 

Giriş

Sosial şəbəkələrin, dövri mətbuatın problemlərin həll olunmasında ciddi və effektiv təsirə malik olduğu bir dövrdə insanlar tərəfindən cinayətin əlamətlərini əks etdirən məlumatların hüquq-mühafizə orqanlarına göndərməzdən əvvəl kütləvi informasiya vasitələrinə (KİV) göndərilməsi hallarına tez-tez rast gəlinir. KİV-lərin cəmiyyətdə təsirinin artması iləəlaqədar, yayılan məlumatlara cinayətkarlıqla mübarizədə istinad olunması praktikada artıq geniş yayılmşdır. Bütün bunlar cinayət işinin başlanmasının səbəbi kimi KİV məlumatlarının xarakteri, əhəmiyyəti və istifadəsi mövzusunun nəzəri olaraq araşdırılmasını gündəmə gətirmişdir.

Təcrübədə bəzən cinayətin baş vermə halları və ya cinayətə hazırlıq hərəkətləri kimi faktlar KİV əməkdaşlarının peşə fəaliyyəti iləəlaqədar bilavasitə onlar tərəfindən aşkar edilir, bəzən isə, həmin faktlar foto və ya video çəkiliş, səs yazısı və s. vasitələrlə maddi daşıyıcılarda əks olunur.[1]

Cinayət prosessual hüququndan məlum olduğu kimi cinayət təqibi üzrə icraatın açılması, cinayət işinin başlanılmasıüçün müvafiq səbəb vəəsaslar olmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 209-cu maddəsinə görə, qanunda nəzərdə tutulmuş səbəblər vəəsaslar olduğu bütün hallarda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dərhal cinayət işi başlamalıdır. Cinayət işinin başlanmasıüçün səbəblər dedikdə, səlahiyyətli dövlət orqanlarının cinayətin edilməsi haqqında aldıqları qanunla müəyyən edilmiş məlumat mənbələri, əsaslar dedikdə isə, cinayətinm əlamətlərinin mövcud olmasını göstərən faktiki məlumatlar başa düşülür. Cinayət işininn başlnamasıüçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya KİV məlumatları yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər.

Bu yazıda qüvvədə olan cinayət prosessual qanunvericiliyimizəəsasən, KİV məlumatlarını cinayət işinin başlanmasının səbəbi kimi nəzərdən keçirilərək bu istiqamətdə sual doğuran məsələlərdən söz açılacaq.

[1] Cinayət prosesi: ali məktəblərin hüquq fakültələri üçün dərslik /Mirağa Cəfərquliyev, Bakı: Qanun, 2001, səh 211

 

Kütləvi informasiya vasitələrinin məlumatları cinayət işinin başlanması səbəbi kimi

 

Azərbaycan Respublikasının yeni qəbul olunmuş 30 dekabr 2021-ci il tarixli “Media haqqında” Qanununun 1-ci maddəsinəəsasən, kütləvi informasiya dedikdə, əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərəçatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatların nəzərdə tutulması göstərilsə də, həmin Qanunda kütləvi informasiya vasitələrinə anlayış verilməmiş, əvəzində media anlayışından istifadə edilmişdir. Belə ki, media, kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühitini ehtiva edir.[2]

[2]Azərbaycan Respublikasının “Media haqqında” Qanunu

Lakin yuxarıda qeyd olunan Qanunun qüvvəyə minməsi ilə ləğv edilmişAzərbaycan Respublikasının “Kütləvi informasiya vasitələri” haqqında Qanununun 3-cü maddəsində kütləvi informasiya vasitələrinə anlayış verilməklə göstərilmişdir ki, dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları kütləvi informasiya vasitələri hesab olunur.[3]

[3]Azərbaycan Respublikasının “Kütləvi informasiya vasitələri haqqında” Qanunu

 

Hazırki  qanunvericiliyimizdə kütləvi informasiya vasitələri ifadəsi çıxarılaraq, media ifadəsindən istifadə olunmağa başlanmışdır ki, bu da dəyişən ictimai mühitdə, gündəlik olaraq texnoloji tərəqqinin müşahidə olunduğu müasir aləmdə yeni tendensiyaların yaranması səbəbindən kütləvi informasiya vasitələri ifadəsindən daha geniş tutumlu media ifadəsinin qanunvericiliyə daxil edilməsi zərurətini meydana çıxarmışdır. Bununla belə, bu iki ifadə oxşar anlayışları ehtiva etdiyindən və hazırda qüvvədə olan Azərbaycan Respublikası CPM-in müvafiq maddələrində kütləvi informasiya vasitələri (KİV) ifadəsindən istifadə edildiyindən məqalədə cinayət işinin başlanması səbəbi kimi medianın və ya əvvəlki qanunvericilikdə anlayışı verilmiş kütləvi informasiya vasitələrinin məlumatları nəzərdən keçirilmişdir.

Bu və ya digər formada KİV-in sərəncamında olan məlumatların cinayət işinin başlanma səbəbi kimi çıxış etməsinin iki forması vardır. Birincisi əgər KİV rəhbərliyi əldə etdiyi məlumatların nəşr edilməsi, efirə buraxılması və s. formada yayınlanmasını məqsədəuyğun hesab etməzsə, onları yayımlamadan hüquq-mühafizə orqanlarına göndərə bilər. Bu halda həmin məlumatların prosessual hüquqi rejimi hüquqi şəxsin və ya vəzifəli şəxsin cinayət haqqında məlumatı kimi müəyyən olunacaqdır. Lakin dərc olunmamış və ya yayınlanmamış məlumatları hüquq-mühafizə orqanlarına göndərmək KİV rəhbərlərinin vəzifəsi deyildir. İkinci halda, yəni KİV rəhbərliyi əldə etdiyi məlumatı yayımlamaq hüququndan istifadə etdikdə onlar KİV məlumatları hesab olunacaq və xüsusi prosessual rejimdə cinayət işinin başlanması səbəbi kimi çıxış edəcəklər. [4]

Təhlil olunan məsələ Rusiya cinayət prosessual qanunvericiliyində də eyni qaydada tənzimlənir. Adıçəkilən ölkənin qanunvericiliyinəəsasən yayınlanmış materialı prokurorun tələbinəəsasən müvafiq KİV-in rəhbəri onlara verməyə borcludur. Baxmayaraq ki, hazırda Rusiyanın Cinayət Prosessual Məcəlləsində KİV-in məlumatları ayrıca, müstəqil olaraq cinayət işi başlama səbəbi kimi qeyd edilməmişdir, lakin 140-cı maddə (Поводы и основания для возбуждения уголовного дела) qeyd etdiyimiz məsələni dəözündə ehtiva edir:

[4] Cinayət prosesi: xüsusi hissə : dərslik /F. M. Abbasova. Bakı: ZərdabiLTD, 2014., səh 192

1. Cinayət barədə məlumat vermə, bəyan etmə; 

2. Könüllü etiraf etmə;

3. Başa çatmış və ya hazırlanan cinayət əməli haqqında digər mənbələrdən əldə olunmuş məlumatlar (Eyni zamanda KİV-дən. Lakinbununla bağlı Məcəllədə ayrıca bənd yoxdur); 

4. Materialların cinayət təqibi sorğusunu həll etmək üçün prokurorun ilkin araşdırmanı həyata keçirən orqana gönərdiyi qərarı; [5]

[5]Угодовно-процессуальный кодекс Российской Федерации, 2018

Cinayətin törədilməsi və ya onun törədilməsinə hazırlıq faktına dair müvafiq KİV-lərə məlum olmuş, cianyət işinin başlanmasıüçün səbəb hesab edilən KİV məlumatları mətbuatda, radioda, televiziyada əks etdirildikdən sonra cinayət təqibi orqanlarına göndərilməlidir.

Belə olan halda, KİV-in yayımlamadığı məlumatları cinayət işini başlatmaq səlahiyyəti olan orqana təqim etməsi onun öz mülahizəsinə buraxılmış olur. Hesab edirəm ki, həmin məlumatları cinayət təqibini həyata keçirən orqana təqdim edilməsi KİV rəhbərlərinin vəzifəsi kimi müəyyən olunmalıdır.

Qeyd olunanların təhlilindən bu nəticəyə gəlmək mümkündür ki, cinayət işinin başlanması səbəbi kimi KİV məlumatları o zaman çıxış edəcəkdir ki, onlar mütləq şəkildə kütləyəçatdırılmış olsun, yəni cəmiyyətin görə biləcəyi, onlara bəyan ola biləcək bir şəkildə və yerdəəks olunmuş olsunlar. Lakin bunlara baxmayaraq 3 hal mövcuddur ki, məlumatlar yayınlanmasa, belə məhkəmə tərəfindən onların əldə olunmasına məcburiyyət tətbiq edilə bilər:

1. İnsan həyatının müdafiəsi məqsədilə;

2. Ağır yaxud xüsusilə ağır cinayətlərin qarşısını almaq məqsədilə;

3. Şəxsin müdafiəsini təmin etmək məqsədilə; 

KİV məlumatlarına əsasən cinayət işinin başlanmasının prosessual rejimi Cinayət Prosessual Məcəlləsinin xüsusi maddəsi ilə tənzimlənir. Həmin qanunvericilik aktının 206-cı maddəsinə görə, cinayət törədilməsi və ya onun törədilməsinə hazırlıq faktına dair məlumatları aidiyyəti üzrə göndərmiş və ya dərc etmiş KİV-in vəzifəli şəxsləri, habelə məlumatların müəllifləri onlarda olan və cinayət haqqında məlumatı təsdiq edən sənədləri təhqiqatçıya, müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə təqdim etməlidir. Yayınlanmış məlumatların cinayət təqibi orqanına göndərilməməsi, təhvil edilməməsi inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 374-cü maddəsinəəsasən: “İnformasiya sahibi tərəfindən açıq informasiyanıəldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə, informasiyanın əldə edilməsi haqqında yazılı sorğunun qəbul edilməsindən imtina olunmasına görə, informasiya sahibi tərəfindən malik olduğu sənədlərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş saxlanma, komplektləşdirilmə və mühafizə qaydalarının pozulmasına görə fiziki şəxslər və hüquqi şəxslər müəyyən məbləğdə cərimə edilirlər.”

Törədilmiş və ya hazırlanan cinayətlər haqqında KİV-in məlumatlarının cinayət işinin başlanmasının müstəqil səbəbi kimi müəyyən edilməsi həmin təşkilatların ictimai qaydaların və qanunçuluğun möhkəmləndirilməsində, insan hüquq və azadlıqlarının qorunmasında rolunun getdikcə artdığını ifadə edir. Mətbuatda dərc olunmuş məlumatlar təkcə məqalə, qeyd və məktub şəklində deyil, həm də felyetonlar, müsahibələr şəklində ola bilir. Bilmək lazımdır ki, onlar da müəyyən zamanda cinayət işinin başlanması səbəbi kimi iştirak edə bilər. Törədilmiş və ya hazırlanan cinayətlərləəlaqədar KİV-əünvanlanmış, dərc edilməmiş yazışmalar KİV-in vəzifəli şəxsləri tərəfindən Cinayət Prosessual Məcəlləsinin 205-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət təqibi orqanlarına göndərilə bilər. Bir şeyi də qeyd etmək lazımdır ki, məlumatın hansı mətbuat orqanında dərc edilməsinin əhəmiyyəti yoxdru. Belə məlumatlar dövlətə və ya xüsusi sektora mənsub olan respublika və yerli mətbuat orqanlarında da verilə bilər. [6]

[16İbtidai istintaq [Mətn] : [dərs vəsaiti] / S. X. Aslanov., Bakı: [Qanun], 2015., 607 səh

Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatları dərhal qeydə almalı və ona baxmalıdır, eyni zamanda KİV-dən əldə olunan məlumatlara əsasən cinayət işinin başlanmasıüçün yetərli əsasların olduğunu müəyyənləşdirmək məqsədilə ilkin yoxlama aparmalıdır. Yəni həmin məlumatları dəqiqləşdirməlidir, əks halda həmin orqanların fəaliyyəti ləngiyər və effektiv nəticəəldə olunmaz. Eyni zamanda, vətəndaşın hüquq və qanuni mənafelərinin təmin edilməsi bilavasitə ibtidai araşdırmanın öz vaxtında edilməsindən asılıdır. Cinayət prosessual fəaliyyətin ilkin mərhələsində zəruri məlumat çatışmazlığı ilə bağlı yaranan çətinliklər onun effektivliyini aşağı salır.

Hüquq mühafizə orqanlarının bütün KİV-lərə nəzarət etmək imkanı mövcud deyildir. Bunları  vətəndaşlar icra etməli və müvafiq orqanlara məlumat verməlidirlər. Bir sıra rus alimlər belə fikir irəli sürürlər ki, KİV-lərin məlumatlarının ayrıca olaraq Cinayət Prosessual Məcəllədə nəzərdə tutmağa ehtiyac yoxdur, onlara cavab olaraq bir qrup alimlər qeyd edir ki, əgər belə bir hüquq olmasa idi, cinayət işinin başlamaq səlahiyyəti olan orqan oturub hər hansısa şəxsin xəbər verməsini gözləyər və ya heç bir məlumatı olmadığışəxsin, ərazinin axtarışına başlayar, ictimai təhlükəli əməli özü müəyyən etməyəçalışardı. Hər iki variant prosesi ləngitmiş və xeyli vaxt aparmış olardı.[7] Bu səbəbdən yayınlanmış materialların hüquq mühafizə orqanlarına təqdim olunması vəzifə olaraq müəyyən olunmuşdur.

[7]Статье - Сообщение о преступлении в СМИ: процессуальное значение и способы проверки, (Шипицина В. В.) ("Российский следователь", 2009, N 5)

 

Nəticə

Beləliklə, KİV cinayətlərin üstünün açılmasında, ictimai təhlükəli əməllər haqqında hüquq mühafizə orqanlarının daha operativ şəkildə məlumat əldə etməsindəönəmli rola malikdir. Hüquq mühafizə orqanlarının bütün KİV-lərə nəzarət etmək imkanı mövcud deyildir. Bunları vətəndaşlar icra etməli və müvafiq orqanlara məlumat verməlidirlər. Lakin yuxarıda qeyd olunduğu kimi, KİV rəhbərliyi özündə cinayətin əlamətlərini əks etdirən materiallar barəsində yalnız onları yayımladıqları halda hüquq mühafizə orqanlarına məlumat verməyə borcludurlar, yayımlanmamış materiallar haqqında isə məlumat vermək onların öz səlahiyyətinə verilmişdir. Bu məsələ hüquqşünaslar tərəfindən mübahisə hal kimi qəbul edilir. Bir qrup alimlər belə qənaətə gəlir ki, yayınlanmamış materiallarda belə cinayət əməlinin elementləri olduğu açıq-aşkar görünərsə, faktla bağlı hüquq mühafizə orqanlarına  məlumat vermək KİV rəhbərliyinin vəzifəsi kimi müəyyən edilməlidir. Hesab edirəm ki, bu yanaşma daha doğrudur. Çünki belə bir öhdəliyin müəyyən olunması hüquq mühafizə orqanlarının yükünü azaltmaq və fəaliyyətinə dəstək vermək məqsədi daşıyır. Mübahisə doğuran digər məsələ müstəntiq yaxud təhqiqatçının cinayət haqqında yayımlanmış məlumatın yoxlanılmasında onun etibarlılığı və yetərliliyinin müəyyənləşdirilməsi iləəlaqəlidir. KİV-dən əldə olunan məlumatlara əsasən cinayət işinin başlanmasıüçün yetərli əsasların olduğunu müəyyənləşdirmək məqsədilə ilkin yoxlamanın aparılması lazım gəlir. Belə olan halda cinayətin başlanmasına səbəb kimi KİV məlumatları yoxsa məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi hesab olunmalıdır. Fikrimcə, ikinci konsepsiya daha uyğundur, çünki KİV məlumatları burada ilkin yoxlamanın başlanmasına səbəb olmuşdur. Cinayət işi isə ilkin yoxlama zamanı təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar etdiyi məlumatlar əsasında başlanmışdır. Bundan əlavə media ilə əlaqədar normativ aktlarda baş vermiş sonuncu dəyişikliklər səbəbindən cinayət prosessual qanunvericiliyimizdə də kütləvi informasiya vasitələri ifadəsinin media sözü ilə dəyişdirilməsi zərurətini də doğurmuşdur. Bütün qeyd olunanlardan göründüyü kimi texnika və texnologiyanın sürətli inkişafı qanunvericilikdə müntəzəm dəyişiklik və əlavələrin həyata keçirilməsini zəruri edir.

 

İstifadə olunmuş ədəbiyyat siyahısı

1.  Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi.

2. Угодовно-процессуальный кодекс Российской Федерации.

3. “Media haqqında” Azərbaycan Respublikasının Qanunu.

4. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu.

5. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu.

6. Cinayət prosesi: xüsusi hissə : dərslik /F. M. Abbasova. Bakı: Zərdabi LTD, 2014., səh 192.

7. Cinayət prosesi: ali məktəblərin hüquq fakültələri üçün dərslik /Mirağa Cəfərquliyev, Bakı: Qanun, 2001, səh 211.

8. İbtidai istintaq [Mətn] : [dərs vəsaiti] / S. X. Aslanov., Bakı: [Qanun], 2015., 607 səh.

9. Статье - Сообщение о преступлении в СМИ: процессуальное значение и способы проверки, (Шипицина В. В.) ("Российский следователь", 2009, N)