Nəşrlərimiz
 
 
— Dövlət qulluqçularının hüquqi statusu və insan hüquqları
 

04-05-2022, 11:53

 

Dövlət qulluqçularının hüquqi statusu və insan hüquqları

Müəllif: Esmira Tağıyeva

Müstəqil Hüquqşünas

 

Dövlət qulluqçularının hüquqi statusu və insan hüquqları

Açar sözlər: Dövlət qulluğu, dövlət qulluqçusu, insan hüquqları, hüquqi status

 

  1. Dövlət qulluğunun və dövlət qulluqçusunun anlayışı və mahiyyəti.

Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.

Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətdə islahatları uğurla davam etdirir. Bu islahatlarda məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb, onun Əsasnaməsi təsdiq edilib. Komissiyanın əsas məqsədi dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, qanunvericilikdə nəzərdə tutulan siyasətin həyata keçirilməsini təmin etməkdir. Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynayır.

Sosial-iqtisadi və siyai islahatların getdiyi bir dövrdə əhalinin həyat səviyyəsinin, insan və vətəndaş hüquq və azadlıqlarının təminat səviyyəsinin yüksəldilməsinə xidmət edən sosial institutların fəaliyyətinin tədqiqi mühüm əhəmiyyət kəsb edir. Sosial institutlardan biri kimi dövlət qulluğu dövlətin sosial siyasətinin yerinə yetirilməsində, sosial sabitliyin, daxili və xarici təhlükəsizliyin, bütövlükdə cəmiyyətin inkişafı üçün zəruri infrostrukturun səmərəli fəaliyyətinin təmin olunmasında, dövlətin vəzifə və məqsdələrinin, siyasi iradəsinin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir.

          Akademik Ramiz Mehdiyev dövlət qulluğunuu Azərbaycanın müstəqil dövlətçiliyinin möhkəmləndirilməsində, sosial-iqtisadi proqramların həyata keçirilməsində, mədəni inkişafında və bütövlükdə cəmiyyət həyatının müxtəlif sahələrinin tənzimlənməsində böyük əhəmiyyət kəsb edən fəaliyyət sahəsi kimi qiymətləndirilir [5, s.575].

          Dövlət qulluğu bütövlükdə cəmiyyətin dövlət barədə təəssüratı ilə sıx əlaqədar olub, dövlət hakimiyyətinin mövcud sistemi ilə müəyyən olunur və dövlətin inzibati fəaliyyətinin mahiyyətindən və rolundan asılı olur. Dövlət qulluğuna siyasi strukturun elementi, hakimiyyətin institutu kimi yanaşsaq, onu dövlət orqanlarının hakimiyyət səlahiyyətlərinin icra mexanizmi kimi də səciyyələndirmək olar.

  1. [2, s.191]

Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” 2000-ci il 21 iyul tarixli Qanununun 2-ci maddəsinə əsasən, Dövlət qulluğu-Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və  funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir [1, m.2]

          Dövlət qulluğunun məqsədlərinə onun qarşısındakı vəzifələrin yerinə yetirilməsilə nail olunur. Bu vəzifələr demək olr ki, ictimai və dövlət həyatının bütün sahələrini əhatə edir. Belə ki, ictimai təhlükəsizliyin və asayışın təmin edilməsi, cəmiyyət üçün əlverişli həyat şəraitini təmin edən xüsusi müəssisə və təşkilatların təsis edilməsi, sosial-iqtisadi və mədəni sahələrdə idarəetmənin həyata keçirilməsi, iqtisadiyyatın sahələrinin və struktur bölmələrinin maliyyə və təşkilati cəhətdən dəstəklənməi, mədəniyyət təsisatlarının yaradılması və maliyyələşdirilməsi də dövlət qulluğunun qarşısında duran vəzifələrdəndir.

          Dövlət qulluğunun nüfuzunun və əhalinin dövlət qulluğuna inamının artırılması, dövlət orqanlarınmın fəaliyyətində səmərənin və çevikliyin artırılması, vətəndaş məmnunluğunun təmin olunması, dövlətin konstitusiya quruluşunun qorunması, iqtisadiyyatın inkişafı üçün şəraitin yaradılması, dövlət orqanlarının dövlət qulluğuna yararlı, öz vəzifələrini yerinə yetirməyə qabil olan, yüksək ixtisaslı kadrlarla təmin edilməsi, dövlət orqanlarının kadr potensialının formalaşdırılması da dövlət qulluğunun vəzifələrindəndir.

          Vətəndaş məmnunluğunun təmin olunması, onların hüquq, azadlıq və qanuni maraqlarının müdafiəsi, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsi, korrupsiyaya və süründürməçiliyə qarşı mübarizə, dövlət qulluğuna ictimai etimadın formalaşdırılması da dövlət qulluğu mexanizminin qarşısında duran vəzifələrdəndir.

Bütün bu vəzifələri layiqincə yerinə yetirmək üçün dövlət qulluğunun ixtisaslaşmış bir heyətə ehtiyacı var. Dövlət qulluğunun heyəti dedikdə, dövlət qulluqçuları, dövlət orqanlarının kadrları nəzərdə tutulur.

          Dövlət qulluğunun məqsəd və funksiyalarının həyata keçirilməsi dövlət qulluqçularının vəzifələrini və dövlət orqanlarının səlahiyyətlərini əməli olaraq icra etməsi ilə birbaşa əlaqədardır. Azərbaycan Respublikasının bütün dövlət hakimiyyət orqanları dövlətin funksiyalarını vahid şəkildə, lakin müxtəlif forma və metodlarda həyata keçirirlər. Dövlətin və dövlət qulluğunun funksiyaları ölkədə sosial rifahı təmin edən, insanın və vətəndaşın hüquq və azadlıqlarının qorunmasına, dövlətin və cəmiyyətin sabit və səmərəli şəkildə idarə edilməsinə təminat yaradan başlıca cəhətlər kimi çıxış edirlər. Funksiyalar dövlət qulluğunun təşkili və dövlət qulluqçularının bilavasitə fəaliyyəti prosesində meydana çıxan qulluq münasibətlərinə göstərilən təsirin konkret fəaliyyət istiqamətləri kimi çıxış edərək onun məqsəd və vəzifələri ilə şərtlənir. [6, s.16]

          Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” 2000-ci il 21 iyul tarixli Qanununun 14-cü maddəsinə əsasən, Dövlət qulluqçusu-həmin Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır [1, m.14].

          Həmin qanuna müvafiq olaraq, Azərbaycan Respublikasında dövlət qulluğu vəzifəsi dedikdə, dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan struktur vahidi başa düşülür.

         

  1. Dövlət qulluqçularının hüquqi statusu

        Hüquqi status dövlət və şəxsiyyət arasındakı əlaqələrin əsasını müəyyənləşdirir, insanın hüquq, vəzifə və azadlıqlarının məcmusunu nəzərdə tutr. Şəxsin konstitusiyada təsbit olunmuş konstitusiyon hüquqi statusu onun xüsusi hüquqi statusunun özəyidir. Yəni əsas insan hüquq və azadlıqları ilə birbaşa bağlıdır və hətta ondan törəmədir.

        Dövlət qulluğuna qəbul olanadək ümumi vətəndaş statusuna malik olan şəxs dövlət qulluğuna daxil olduğu andan etibarən dövlət qulluqçusu statusu əldə edir. Bu statusla əlaqədar olaraq o, yeni hüquqlar, vəzifələr, səlahiyyətlər əldə etdiyi kimi, bir sıra məhdudiyyətlərlə də üzləşir. Daimçi dövlət qulluğuna daqxil olmaqla əldə olunan hüquqi status dövlət qulluğuna xitam verilənə qədər qüvvədə olur. Dövlət qulluqçusu qulluqda irəliləyərkən, ixtisas dərəcəsində yüksələrkən, məsuliyyət tədbirləri ilə üzləşən zaman bu hüquqi statusun məzmunu da dəyişir [4, s.139].

        Dövlət qulluqçusunun hüquqi statusu- dövlət qulluğu ilə əlaqədar meydana çıxan hüquq münasibətlərinin məzmununu müəyyənləşdirən önəmli meyardır.

Dövlət qulluqçusunun hüquqi statusuna təsir edən əsas meyarlar bunlardır:

  1. 1. Dövlət qulluğunun növü
  2. 2. Tutulan vəzifənin yerləşdiyi dövlət orqanının hakimiyyətin hansı qoluna aid olması
  3. 3. Tutulan vəzifənin yerləşdiyi dövlət orqanının hakimiyyətin hansı kateqoriyasına malik olması
  4. 4. Tutulan dövlət qulluğu vəzifəsinin növü və təsnifatı
  5. 5. Dövlət qulluqçusunun malik olduğu ixtisas dərəcəsi
  6. 6. Xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi
  7. 7. Attestasiyanın nəticəsi
  8. 8. Dövlət qulluğunun xitamı

        Dövlət qulluğun  xitam verilməsinin əsasları Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” 2000-ci il 21 iyul tarixli Qanununun 33-cü maddəsində əks olunmuşdur. Belə ki;

  • Dövlət qulluqçusunun öz arzusu ilə
  • Dövlət orqanı ləğv edildikdə
  • Dövləq qulluqçularının sayı və ya ştatlar ixtisar edildikdə
  • Qanunvericiliyin tələblərini pozularaq işə qəbul edildikdə
  • Qanuna uyğun olaraq yaradılmış attestasiya komissiyası tərəfindən peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinin səviyyəsinin kifayət dərəcədə olmadığına görə dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə verilmiş qiymət və tövsiyələr əsasında dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müvafiq qərar qəbul edildikdə
  • Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə
  • Azərbaycan respublikası vətəndaşlığından çıxdıqda
  • Qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər həmin vəzifədən imtina etməzsə
  • Qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyası yerinə yetirə bilmədikdə
  • Məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda
  • dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə
  • dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda dövlət qulluğuna xitam verilir.

        Müxtəlif ədəbiyyatlarda dövlət qulluqçusunun hüquqi statusunu səciyyələndirən əlamətlərə bunlar daxil edilir:

  • dövlət qulluqçularına işlədiyi orqanın səlahiyyət hüdudlarında hüquq və vəzifələr verilməsi
  • dövlət qulluqçularının fəaliyyətinin müvafiq orqanınn üzərinə qoyulmuş məqsəd və vəzifələrin həyata keçirilməsinə xidmət etməsi və əsmi9 xarakter daşıması
  • dövlət qulluqçularının hüquq və əzifələrinin bölünməzliyi [5, s.44]

Dövlət qulluqçularının müxtəlif kateqoriyaları bir-birndən öz hüquqi statuslarının xüsusiyətlərinə görə fərqlənirlər. Bu xüsusiyyətlər onların tutduğu vəzifənin növü, təsnifatı, qulluq funksiyaları, vəzifə və səlahiyyətlərinin xarakteri, işlədikləri dövlət orqanının spesifik xesusiyyətləri ilə şətlənir. Dövlət qulluğuna daxil olmazdan qabaq adi vətəndaş statusuna malik olan şəxs dövlət qulluğuna başladığı andan etibarən həm də xüsusi hüquqi ststua əldə edərək dövlət qulluğu münasibətlərinin subyekti kimi hüquq və vəzifələrə malik olur və müvafiq hüquqi məsuliyyət daşıyır [6, s.142]

        Beləliklə, dövlət qulluqçularının hüquqi statusu dövlət qulluğu təsisatının əsas elementi olub, dövlət qulluqçusunun dövlət qulluğuna qəbul, qulluq keçmə qaydasını və şərtlərini, onun hüquq və vəzifələrini, funksiyalarını, təminatlarını məhdudiyyətlərini və məsuliyyət dərəcəsini müəyyənləşdirir.

  1. İnsan hüquqlarının dövlət qulluğunda və ya dövlət qulluqçularının hüquqlarında təsbiti.

Hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir.

İnsan hüquqları institutu, məzmun etibarilə müxtəlif, eyni statusa sahib olmayan hüquqları tədqiq edir və qoruyur. İnsan hüquqları institutu anarxiya rejiminə yönəlmir və insanın hər istədiyini edəbiləcəyi bir mühiti formalaşdırma məqsədini güdmür. Dövlətin insan hüquqlarına hörmətlə yanaşması, dövlətin bu sahədə tənzimləmə aparma səlahiyyətini aradan qaldırmır, ancaq bu tənzimləmənin məqsədini tənzimləyir və məhdudlaşdırır. Anarxiya nizamı, bütün hüquqları təhlükə altına aldığına görə, nizam-intizam qorunmalıdır və dövlətin hakimiyyət səlahiyyətlərinə də hörmətlə yanaşmaq lazımdır. Lakin hakimiyyət səlahiyyətləri, insanların legitim və ağlabatan maraqlarının məcmusundan ibarət olan, ictimai maraqların doyurulmasına yönəlməlidir.

Bildiyimiz kimi Azərbaycan Respublikasının qanunvericilik aktları qəbul edilərkən əsas insan hüquq və azadlıqları nəzərə alınmış və həmin müddəalar ayrı-ayrılıqda birbaşa öz əksini tapmışdır. İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində beynəlxalq təşkilatlar qarşısında Azərbaycan tərəfindən götürülmüş geniş miqyaslı və spesifik öhdəliklər ölkədə yeni bir mühit yaratmış və Hökumətin gündəliyinə yeni vəzifələr daxil etmişdir. Bu baxımdan, öhdəliklərin yerinə yetirilməsinə nəzarət və implementasiya tədbirlərinin birləşdirilməsi prosesi siyasi öhdəliklərin hüquqi qaydalara və dövlətçilik təcrübəsinə çevrilməsinə töhfə vermişdir. Müstəqillik qazandıqdan sonra qısa bir müddətdə demokratik institutların yaradılması və möhkəmləndirilməsi, insan hüquqları dəyərlərinin müdafiəsi və təşviqi daxili və xarici siyasətin əsas komponentlərinə çevrilərək cəmiyyətin şüuruna təsir göstərmiş, vətəndaşlar üçün yeni imkanlar və dövlət qurumları üçün isə ciddi öhdəliklər yaratmışdır.

         Azərbaycan Respublikası insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, ATƏT , Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.

          İnsan hüquqları (azadlıqları) dedikdə, bütün insanların malik olduğu hüquqlar (azadlıqlar) başa düşülür. Bu hüquqları (azadlıqları) insan doğulduğu andan, insanın doğulması ilə necə deyərlər, “avtomatik surətdə” əmələ gəlir. Özü də insanlar göstərilən hüquqları (azadlıqları) yaşadığı dövlətə mənsubiyyətindən, həmin dövlətin vətəndaşı sayılmasından asılı olmayaraq əldə edirlər. Bir daha təkrar edərək göstərilir ki, dövlət öz qanunları ilə vətəndaşlarına bu cür hüquqlar verə bilməzlər, çünki həmin hüquqları insanlar doğulan kimi qazanırlar (məösələn, yaşamaq hüququ, mülkiyyət hüququ, azadlıq hüququ və s.).

        “Dövlət qulluğu haqqında” qanunda da xüsusilə dövlət qulluqçularının hüquqi statusu məsələsində aşkar surətdə insan hüquqarının əsas müddəalarının tətbiqini görmək mümkündür.

Belə ki, Dövlət qulluqçularının hüquqi statusu məsələsində müəyyən edilmiş hüquq və vəzifələrə baxsaq demək olar ki, insan hüquqlarına hörmət və onların tətbiqinin əsas prioritet məsələ olduğunu aşkar şəkildə görə bilərik.

          Qanunun 19-cu maddəsinə nəzər saldıqda yuxarıda sadalanan hüquqarının təsiri və öz əksini tapmasını görə bilərik. Nümunə üçün bir neçə müddəanı qeyd edə bilərik: [1, m.19]

  • şərəf və ləyaqətinə xələl gətirən məlumatları təkzib etmək üçün xidməti araşdırma aparılmasını tələb etmək
  • müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək;
  • həmkarlar ittifaqlarında birləşmək;
  • qulluq keçdiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya əmrin qanuniliyi və ya dürüstlüyü dövlət  qulluqçusunda şübhə doğurursa, həmin göstərişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb etmək
  • qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, dövlət qulluqçusu funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə,  ictimai birliklərdə üzv olmaq;
  • qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil  məqsədilə məzuniyyət almaq;
  • qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər (sosial məzuniyyətlər, özünün və ya ailə üzvlərinin  müalicəsi ilə əlaqədar və elmi məzuniyyətlər), özünün və ya ailə üzvlərinin əlilliyi

        Qeyd olunanlara diqqət yetirsək, görərik ki, dövlət qulluqçularının sadalanan hüquqları əslində elə ümumi insan hüquqlarından törəmə lakin daha konkretdir. Başqa sözlə həmin Qanunda əks olunub-olmamasından asılı olmayaraq, dövlət qulluqçularının da digər insanlar kimi anadan gəlmə və sırf onların şəxsiyyəti ilə bağlı olan ayrılmaz hüquqları olur. Sadəcə fərq ondan ibarətdir ki, dövlət qulluqçusu olduğun zaman həmin hüquqlar müəyyən mənada məhdudlaşır. Məsələn hər bir insana qanunla qadağan olunmayan hər bir fəaliyyəti göstərməsi nəzərdə tutulduğu halda, dövlət qulluqçulaqrı yalnız Qanunda qeyd olunan və onlar üçün nəzərdə tutulan hüquqları, səlahiyyətləri həyata keçirə bilərlər və ya kimsəönin qanunla qadağan olunan əməli törətməsi müvafiq məsuliyyət yaratdığı halda, dövlət quluqçusu əksinə öz vəzifəsini, səlahiyyətini yerinə yetirmədiyi halda müvafiq məsuliyyəti yaranır.

        İnsan hüquqları nəinki bu sahədə, hətta istənilən hüquq sahəsində öz əksini, tənzimlənmə üsul və vasitələrini bəzən tam, bəzən isə tələb olunan qanunvericiliyin tələbinə uyğun olaraq məhdudlaşmış şəkildə tapır.

 

İstifadə olunmuş ədəbiyyat siyahısı

  1. Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” 21 iyul 2000-ci il tarixli Qanunu
  2. Azadov,E., Yanq,R.. Dövlət idarəetməsində islahatlar: nailiyyətlər, problemlər, perspektivlər. Bakı-2005.
  3. Hüseynova N.Ş.. Dövlət qulluğu və kadr siyasəti. Monoqrafiya. Bakı-“Adiloğlu”-2013. -“Elm2-2005. S. 44
  4. İsmayılov S.A. Azərbaycanda dövlət qulluğunun və idarəetmə sisteminin keçmişi, bugünü və perspektivləri. Bakı-“Oğuz Eli”-2013

Mehdiyev R.Ə. Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə. “Şərq-Qərb”-2007.

  1. Rzayev Ə. Dövlət qulluğu: nəzəriyyə və praktika. Bakı