Nəşrlərimiz
 
 
— Cinayət məsuliyyətinə cəlb etməyə əsas verən yaş həddi
 

04-05-2022, 12:05

 

Cinayət məsuliyyətinə cəlb etməyə əsas verən yaş həddi

Müəllif: Esmira Tağıyeva

Müstəqil Hüquqşünas

 

Cinayət məsuliyyətinə cəlb etməyə əsas verən yaş həddi

Hüquq sahələri müvafiq hüquq normalarının, hüquqi prinsiplərin, hüquq qaydalarının müəyyən edilməsində digər elmlərin təcrübəsi və biliklər sistemindən geniş istifadə edir. Cinayət hüququ da bu baxımdan istisnalıq yaratmır. Əgər nəzərə alsaq ki, o, cəmiyyətdə bərqərar olmuş ən müxtəlif və çoxsaylı ictimai münasibətlər dairəsini cinayətkar qəsdlərdən qoruyur, onda bu hüquq sahəsinin öz vəzifələrini həyata keçirmək üçün həmin münasibətlərin hansı qaydalar əsasında tənzim olunduğu ilə tanış olmasının böyük önəm kəsb etdiyi aydın olar.

Cinayət tərkibi elementlərinin ifadə edildiyi hərəkət və ya hərəkətsizlik – cinayət əməlinin cinayət məsuliyyəti yaratması üçün qanunvericiliklə bir sıra əsaslar müəyyənləşdirilir, lakin həmin tələblərin differensiasiyası cinayət qanununun formulə edilməsində digər hüquq və eyni zamanda qeyri-hüquq sahələrinə müraciət edildiyini də aşkarlayır. Cinayət Məcəlləsinin 19-cu maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinin ümumi şərtlərinin cinayət törətmiş şəxs üçün anlaqlılığı və dəqiqləşdirilmiş yaş həddinə çatmağı  tələb etməsi təkcə hüquqi düşüncənin köməyi ilə yox, həm də tibbi meyarların sərf-nəzər edilməsi sayəsində məcburilik xarakteri qazanır. Sonrakı maddənin birinci müddəasında isə deyilir: “Cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir.”

Cinayət və cinayət məsuliyyətinin yaş həddinin xüsusiyyətləri: Cinayət psixofizioloji aktdır. Cinayətin hansı kateqoriyasına daxil olan əməlin törədilməsindən asılı olmayaraq burada mütləq subyekt iştirak edir, çünki o, bu əməlin bilavasitə icraçısıdır. Ona görə də hər hansı cinayət əməli tövsif edilərkən həmin əməlin ictimai təhlükəlilik dərəcəsi, xarakteri və s. amillər tədqiq edildiyi kimi, onun subyektinin də psixofizioloji xüsusiyyətləri, şəxsiyyəti barədə məsələlər nəzərdən keçirilir. Lakin əvvəlcə də qeyd etdiyimiz kimi, burada cinayət-hüquqi düşüncə ilə yanaşı, cinayət hüquq münasibətlərinin tənzimlənməsi üzrə milli mentalitetin, mədəni ənənələrin ümumdünya tarixi təcrübəsi, psixologiya, pedaqogika, təbabət, biologiya elmlərinin insanın psixi fəaliyyətinin formalaşması qanunauyğunluqları və mərhələləri ilə bağlı göstəriciləri müqayisə edilir, cinayət qanunvericiliyinin mövqeyi ilə tutuşdurulur1. Bunun nəticəsidir ki, cinayət məsuliyyətinin yaranması üçün minimum 16 yaş həddi seçilmişdir, çünki fiziologiya, yaş məsələləri ilə bağlı ekspertlər bu yaşda artıq yetkinlik yaşına çatmamış şəxslərin öz davranışının sosial əhəmiyyətini daha yaxşı dərk etmək, bu davranışın hansı formada təzahür edəcəyi barədə qərarlar qəbul etmək, eyni zamanda buna görə məsuliyyət daşımaq qabiliyyətinin mövcudluğu haqqında ortaq qənaətə gəlmişlər.

Göründüyü kimi, burada yenə də söhbət cinayətin subyektləri olan şəxslərin psixi funksiyalarının  bir – biri ilə qarşılıqlı əlaqədə olmasının vacibliyindən gedir. Deməli, məhz yaş institutu ilə anlaqlılıq institutunun birgə araşdırılması maddədəki “yaş həddinə çatmış” ifadəsindən sonra “anlaqlı şəxs” birləşməsinin istifadəsini zəruri etmişdir. Əslində, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinin seçilməsi xeyli dərəcədə anlaqlılığın tibbi və hüquqi meyarlarının doğru və münasib əsaslarla müəyyən edilməsindən asılıdır.

Çünki heç də Cinayət Məcəlləsinin Xüsusi hissəsinin dispozisiyalarının hamısında subyektin yaşı göstərilmir. Eyni zamanda qanunla anlaqlılıq deyil, anlaqsızlıq institutunun kriteriyaları müəyyən edilir. Bu baxımdan nəzərdə saxlasaq ki, Ümumi hissənin müddəaları Xüsusi hissənin normalarının qurulması üçün bazis rolunu oynayır, onda bəlli olur ki, yaş həddinin reallığı düzgün əks etdirdiyinə haqq qazandırmaq üçün anlaqlılığın yuxarıda sadaladığımız meyarları əvvəlcədən geniş müzakirə edilmişdir və həmçinin Məcəllənin “anlaqsızlıq” adlanan 21-ci maddəsinin normalarına əsasən konkret cinayət törətmiş subyektin anlaqlı və ya anlaqsız olmasının tibbi və hüquqi meyarları hesaba alınır.

Bundan başqa, törədilmiş konkret cinayətə görə yaş həddi cinayətkarın şəxsiyyəti ilə nisbətdə də müəyyən informasiya verə bilir. Cinayətin subyekti müəyyən sosial-psixoloji xarakterli şəxsdir, çünki onun mövcudluğu cəmiyyətdən kənarda təsəvvür edilə bilməz. Cinayətkarın şəxsiyyəti cinayətin subyektindən daha geniş anlayışdır – o, özündə şəxsin müəyyən yaş həddinə çatması və anlaqlı olması kimi cinayət tərkib əlamətlərindən başqa, bütövlükdə şəxsi xarakterizə edən bir sıra başqa əlamətləri də birləşdirir1. Bu mövqe cinayətin subyektinin kriminoloji aspektdə tədqiqi adlandırılır. Şəxsiyyət – insana cəmiyyət tərəfindən verilən qiymətdir və buna görə də həmin insan cinayət törədərkən onun şəxsiyyəti ilk növbədə məhz cəmiyyət tərəfindən pislənilir ki, bu da onun cinayət məsuliyyəti ilə cavabdehlik daşımasına səbəb olur. Təsadüfi deyil ki, cəza təyini zamanı təqsirkarın şəxsiyyətinin nəzərə alınması cəza təyinin ümumi əsaslarından biri kimi Məcəllədə təsbit edilir. Həmçinin qüvvədə olan CM-in 86-cı maddəsinə görə, məhkəmə yetkinlik yaşına çatmayanlara ümumi qaydalarla yanaşı, onun həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi və şəxsiyyətinin digər xüsusiyyətləri əsasında cəza təyin edir. Göründüyü kimi, kriminologiya cinayətin subyekti və cinayətkarın

şəxsiyyəti anlayışlarını eyniləşdirməmək mövqeyinə tərəfdar çıxır.

Cinayətin subyektinin yaş həddi müxtəlif dövrlərdə müxtəlif şəkildə müəyyən olunmuşdur. Bu isə uzun müddət Azərbaycanın Sovet imperiyasının hakimiyyəti altında olması ilə bağlı olmuşdur. 1924-cü ildə qəbul edilmiş SSR ittifaqı və müttəfiq respublikaların cinayət qanunvericiliyinin Əsas başlanğıclarında konkret yaş qeyd edilməmişdi, lakin həddi-büluğa çatmayanlar adlanan yetkinlik yaşına çatmayanlar iki qrupa ayrılırdı: azyaşlılar və həddi-büluğa çatmamışlar1. Belə mövqe müttəfiq respublikalara cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinin müstəqil təyin edilməsi və cəza təyin edərkən həddi-büluğa çatmayanlar barəsində yüngülləşdirici halların nəzərə alınması üçün əsas verirdi. Sonralar 1929-cu il 30 oktyabr tarixli qərarla yaş həddi 16 müəyyən edilir və 14 yaşından 16 yaşına qədər olan şəxslərin işinin məhkəməyə verilməməsi imperativ norma kimi müəyyən edilirdi. Lakin cinayətkarlıqla mübarizədə əsas mərkəz məsələ yetkinlik yaşına çatmayanların cinayətlərinin qarşısının alınması idi. Bu baxımdan 7 aprel 1935-ci ildə SSRİ MİK və XKS tərəfindən qəbul edilmiş “Həddi-büluğa çatmayanlar arasında cinayətkarlığa qarşı mübarizə haqqında” qərar bir sıra tədbirlərin həyata keçirilməsinə şərait yaratsa da, bir sıra cinayətlərə görə daha aşağı yaş həddi – 12 yaş müəyyən etmişdi. SSR İttifaqı və müttəfiq respublikaların cinayət-hüquqi münasibətlərini tənzimləyən 1958-ci il tarixli Əsaslarda müəyyən edilmiş yaş həddi isə sonrakı CM-lər tərəfindən qəbul olundu. Həmin qaydalara görə cinayətin subyekti üçün minimum 16 yaş tələb olunurdu, bəzi cinayətlər isə cinayət məsuliyyətinə 14 yaşdan cəlb etməyə əsas verirdi. Qanunvericiliyin bu mövqeyi qüvvədə olan 1999-cu il tarixli CM-in də ruhu ilə uzlaşır. Lakin adam öldürmə cinayətinin təqsirin hər iki formasında törədilməsinə görə məsuliyyəti 14 yaşdan müəyyən edən əvvəlki -1960-cı il Məcəlləsindən fərqli olaraq hal-hazırkı cinayət qanunvericiliyində yalnız qəsdən adam öldürməyə

görə cinayət məsuliyyəti 14 yaşdan yaranır. Həmçinin Azərbaycan SSR-in Cinayət Məcəlləsində cinayət məsuliyyətinə görə yaş həddini rəsmiləşdirən maddəsi “Yetkinlik yaşına çatmayanların məsuliyyəti” adı ilə təsbit edilmişdir. Bu da çox güman ki, həmin Məcəlləyə ondan əvvəl qəbul edilmiş bir sıra qərarların, kriminal əməllərlə mübarizədə münasibətləri tənzim etməyə cəhd edən qanunların təsirinin ifadəsidir.

          Lakin nəzərdən qaçmayan bir məqam var ki, bir sıra cinayətlər üçün subyektin indiyə kimi qəbul edilmiş cinayət qanunlarında təsbit olunmuş ümumi yaş həddindən yüksək yaşa çatması tələbi həmin qanunların əksəriyyəti üçün aktual olmuşdur. Belə ki cinayət qanununda bəzi dispozisiyalar blanket xarakteri daşıyır, yəni bu dispozisiyalarda təsbit edilmiş, cəza təhdidi altında qadağan olunmuş əməlləri törətmək üçün subyektin çatmalı olduğu yaş həddini dəqiqləşdirdikdə digər qanunvericilik aktlarına istinad edilir. Məsələn, hərbi qanunvericiliyə nəzər yetirsək, CM-də formulə edilmiş hərbi xidmət əleyhinə cinayətlər fəslindəki kriminal əməlləri törətdikdə yalnız 18 və ya daha yüksək yaşı olan subyektin cinayət məsuliyyəti daşıması barədə normanın mütləqliyindən söhbət açmaq olar. Vəzifəli şəxslər tərəfindən törədilən cinayətlər də bu qəbildən misal çəkilə bilər. Bu yaş həddi artırılmış minimum yaş həddi hesab edilir. Artırılmış yaş həddi bəzi maddələrin elə özündə də qeyd edilir. Məcəllənin 20.2-ci maddəsində qeyd olunan bəzi cinayətlərə görə müəyyən edilmiş 14 yaş isə cinayət məsuliyyətinin azaldılmış minimum həddi adlandırılır. Bundan başqa, cinayət məsuliyyətini sosial prinsiplərə daha münasib formada differensiasiya etmək üçün CM-də ayrıca bölmə - yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti bölməsi onlara cəza təyin etməklə bağlı münasibətləri də əhatə etməklə təqdim olunur.

Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə Azərbaycan və xarici ölkələrin yanaşması:

Cinayətin subyekti cinayət tərkibinin zəruri elementlərindən biridir. CM-in 3-cü maddəsi də yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməli cinayət məsuliyyətinin əsaslarından biri kimi təsdiq edir. Cinayət tərkibi cinayətin mühüm informasiya verən “modeli”dir. Belə ki törədilən cinayətdə tərkibin zəruri əlamətlərindən biri olmazsa, cinayət məsuliyyəti istisna edilir. Buna görə də subyekt üçün bəzi tələblərin dəqiq müəyyən edilməsi əksər ölkələrin cinayət qanunu üçün xarakterikdir.

Azərbaycan Respublikasının hazırda hüquqi qüvvəyə malik olan CM-də subyektin yaş həddi cinayətlərin kateqoriyaları üzrə, bəzi cinayətlər istisna olmaqla, demək olar ki, fərqlənmir. Lakin dünyanın hüquq sistemlərinin çoxluğunda bir qədər fərqli məqamlara rast gəlmək  mümkündür. Respublika cinayət qanunvericiliyində 14 yaşdan məsuliyyətə cəlb etməyə hüquq verən cinayətlərin siyahısı qəti göstərilir. Bu cinayətlər heç də cinayətlərin konkret kateqoriyasindan seçilməmişdir. Burada yalnız həmin ictimai təhlükəli əməllərin xarakteri, onların cəmiyyətə, şəxsiyyətə, dövlətə vurduğu ziyanın dərəcəsi və digər kriminogen xüsusiyyətləri nəzərə alınmışdır. Xarici ölkələrin heç də hamısı cinayət əməllərinin təsnifatında geniş diferensiasiyaya yer vermir və bunlara uyğun müəyyən edilmiş məsuliyyət tədbirlərinin də sərtliyi hiss olunur. Məsələn, Albaniya Cinayət Məcəlləsi ilə cinayətlərin iki növü – kriminal pozuntu və kriminal xəta (qanunazidd hərəkət) fərqləndirilir. Bu cinayətlərin içərisindən hər hansıları ayırd edilmədən kriminal pozuntular üçün 14 yaş, kriminal xətalar üçün isə 16 yaş müəyyən edilmişdir. Əlavə edək ki, belə bir mövqenin müəyyən edilməsinə baxmayaraq, bu hallarla bağlı məcəllələrdə ayrıca “səbəbli əlaqə” adı altında maddə təsbit edilir. Məlum olduğu kimi, səbəbli əlaqə cinayətin obyektiv cəhətinin ünsürlərindən biridir və mahiyyətcə təqsirkarın cinayət törətməsi üçün əldə rəhbər tutduğu səbəb ilə törətdiyi cinayətin nəticələri arasında bağlılığın olmasını ehtiva edir. Uzun müddətli müzakirələrin prioritet mövzusu olmuş səbəbli əlaqənin müəyyən edilməsi, şübhəsiz, cinayətin tövsifində bir sıra məsələlərə aydınlıq gətirir. Bu baxımdan Albaniyanın CM-də yüksək mütləqliyi ilə seçilən belə bir qəti norma müəyyənləşdirilir: “Heç kəs öz törətdiyi hərəkət və ya hərəkətsizliyi ilə həmin əməlin baş vermiş və ya baş verə biləcək nəticələri arasında heç bir səbəbli əlaqə mövcud deyilsə, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Nisbətən oxşar yanaşmaya Özbəkistan qanunvericiliyində də rast gəlinir. Belə ki ölkənin cinayət qanunu cinayət məsuliyyətinin minimum yaş həddi kimi 16 yaş müəyyən edir. Lakin elə həmin maddədə 13 yaş və yuxarı yaşda olan şəxslərin, 14 yaş və yuxarı yaşlı şəxslərin, 18 yaş və yuxarı yaşlı şəxslərin ayrı-ayrı cinayətlərə görə cavabdehlik daşıması qeyd olunur. Bu maddədə göstərilir ki, 13 yaşına çatmış və 13 yaşından yuxarı şəxslər ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə cinayətinə görə, digər qeyd etdiyim şəxslər isə Xüsusi hissə ilə nəzərdə tutulmuş başqa cinayətləri törətməyə görə cinayət məsuliyyətinə cəlb edilirlər.

Yaş həddinin təyin edilməsinin əsas məsələlərindən biri də, şübhəsiz, əvvəlcə də qeyd etdiyimiz kimi, cinayətlərin hansı yaşdan cinayət məsuliyyəti yaratmasıdır. Ümumi yaş həddi müxtəlif dövlətlərdə müxtəlif əsaslarla müəyyən edilir. Hətta müxtəlif cinayət qanunlarında cinayət məsuliyyəti üçün yaş həddi müəyyən edən cinayət-hüquqi normaların hansı ad altında birləşdirilməsi də fərqlidir. Əlbəttə, burada əsas meyarlardan biri cinayət qanunlarının quruluşunda nəzərə çarpan fərqlərin mövcudluğudur. Müxtəlif ölkələrin qanunlarında bu hissəyə “cinayət məsuliyyətinin yaş həddi”, “cinayət məsuliyyətinin minimum yaş həddi”, “cinayət məsuliyyətinə cəlb edilməli olan şəxslər” adı verilmişdir. Estoniya CM-də bu, bir qədər başqa formada – “təqsirli olan şəxslər” və ya “təqsirlilik qabiliyyəti” adlandırılır. Sonrakı maddə də eyni qaydada – “əqli qabiliyyət” adı ilə verilir və bu, anlaqlılıq məsələlərini tənzimləyir. Elə Azərbaycan Respublikasının 1960-cı il Məcəlləsində də bu maddə hal-hazırkı kimi “Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi” kimi deyil, “Yetkinlik yaşına çatmayanların məsuliyyəti” başlığı altında təsbit edilirdi. Yaş həddi məsələsinə gəldikdə əksər cinayət qanunları 14-16 yaş həddi mövqeyində durur. Lakin daha yüksək yaş həddini müəyyən edən qanunlar da az deyildir. Məsələn, Bolqarıstan qanunvericiliyi ilə cinayət məsuliyyətinə cəlb etmək üçün ümumi yaş həddi 18 yaş müəyyənləşdirilmişdir. 14 yaşdan 18 yaşına qədər olan şəxslərin də cinayət məsuliyyəti daşıması qeyd edilir. Lakin bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün onların törətdiyi əməllərin faktiki xarakterini, təbiətini anlamaları və onları idarə edə bilmələri tələb edilir. Macarıstan cinayət qanununa görə isə 14 yaşdan məsuliyyət müəyyən edən bir sıra cinayətlər istisna olmaqla cinayətin subyektləri 20 yaşına və ya daha yüksək yaş həddinə çatmış və törətdikləri cinayətlərin mahiyyətini və nəticələrini anlamışlarsa, cinayət məsuliyyəti daşıyırlar.

Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi də daxil olmaqla  bir sıra CM-lər bəzi cinayətlərin xarakterinin şəxslər tərəfindən daha erkən yaşda qavranıla bilməsini nəzərə alaraq, onlar üçün məsuliyyətin daha aşağı yaş həddindən başlanmasını təsdiqləyir. Lakin məsələn, cinayət məsuliyyətinin yaş həddi kimi 14 yaş müəyyən edən Latviya Məcəlləsi, anlaqsızlıq halları istisna olmaqla, 14 yaşı tamam olmamış şəxslərin cinayət məsuliyyətini istisna edir. Həmçinin, bu cinayət qanunlarının əksəriyyətində yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti ilə bağlı normalar rəsmiləşdirilməklə qanunvericiliyin mövqeyi dəqiqləşdirilir. Respublika cinayət qanunvericiliyi də yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinə ayrıca bölmə ayırmışdır. Burada qeyd edilir ki, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmçinin bütün bunlarla yanaşı, cinayət qanunu 14 yaşına çatmayan şəxslərin məsuliyyət məsələsini belə həll edir: “İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman bu Məcəllənin 20.1 və 20.2-ci maddələrində nəzərdə tutulmuş yaş həddinə çatmamış şəxslər barəsində görülən tədbirlər və həmin tədbirlərin tətbiqi qaydası müvafiq qanunla müəyyən edilir”. Burada müvafiq qanun dedikdə “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 31 may 2002-ci il tarixli Qanunu nəzərdə tutulur.

Nəticə

Aydındır ki, cinayət hüququ elmi cinayət hüququ fənni və cinayət qanunvericiliyinin təkmilləşdirilməsi üçün mühüm baza rolunu oynayır. Bu sahələr daim bir-biri ilə əlaqəli formada fəaliyyət göstərir və cinayət-hüquqi münasibətləri tənzimləmək məqsədilə qəbul ediləcək normativ-hüquqi aktların mahiyyətini müəyyən edirlər. Müxtəlif cinayət qanunlarında Ümumi hissə ilə Xüsusi hissənin nisbəti sırf bu adla adlanmasa da, özünü göstərməkdədir. Eyni zamanda nəzərə alsaq ki, cəmiyyətdəki ictimai münasibətlər bütün ölkələrdə bənzər şəkildə təzahür edir, onda bəlli olur ki, müxtəlif cinayət qanunlarının Xüsusi hissələrində oxşar cinayət əməllərinə qeyri-hüquqilik əlamətinin şamil edilməsi təsadüfi deyil. Ümumi hissənin quruluşu baxımından isə cinayət qanunvericilərinin mövqeyi fərqlənir. Məsələn, heç də bütün ölkələrin cinayət qanunvericilik aktlarında yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti ilə bağlı məsələlərə xüsusi bölmə həsr edilməmişdir. Bu kateqoriyadan olan şəxslərin isə cinayətlər, həm də kifayət qədər ictimai təhlükəli cinayətlər törətməsi son zamanlar xeyli aktuallaşıb. 2007-ci ilin statistikasına görə respublikada cinayət törətmiş 485 yetkinlik yaşına çatmayandan 141-i oğurluq, 17-si qəsdən sağlamlığa ağır zərər vurma, 22-si soyğunçuluq, 56-sı xuliqanlıq cinayətinin subyekti olmuşdur. Belə halların mövcudluğu  BMT Baş Məclisinin hələ 1985-ci il 29 noyabr tarixində «Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar minimum standart qaydalar»ı müəyyən etməsinə əsas vermişdi ki, hazırkı CM-dəki həmin şəxslərlə bağlı müddəalar da bu qaydalara uyğun formulə edilmişdir. Lakin bununla belə, cari araşdırmalar cinayətlərin əksərən 25-29 yaşlı şəxslər tərəfindən törədildiyini etiraf edir. Bu hal insanların bu yaş dönəmində təkcə daha da fəallaşması ilə yox, həm də onların ictimai münasibətlərə yanaşmaları baxımından şəxsiyyətlərinin tam formalaşması prosesinin başa çatması ilə izah olunur. Bu prizmadan çıxış edərək, məhkəmə təcrübəsi də 18-24 yaşlı şəxslərə cəza təyin edərkən bu yaş dövrünü çox vaxt yüngülləşdirici hal kimi nəzərə alır.

 

İstifadə olunmuş ədəbiyyatın siyahısı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Bakı, “Hüquq” Yayın Evi, 2014, 444 səh

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Bakı, “Qanun”, 1999, 184 səh.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin kommentariyası. Bakı, “Hüquq” Yayın Evi, 2014, 1087 səh.

Ağayev İ.B. Azərbaycan Respublikasının Cinayət Hüququ. Ümumi və xüsusi hissələr. Bakı, “Nurlar”, 2010, 831 səh.

Ağayev İ.B. Cinayət tərkibi. Bakı, “Təhsil”, 2005, 496 səh

Naumov A.V. Rusiya cinayət hüququ: Ümumi hissə. Bakı, “Qanun”, 1998, 636 səh.

Qafarov T.M. Cinayət hüququ. Ümumi hissə. Bakı, Bakı Dövlət Universiteti nəşriyyatı, 1995, 484 səh

Qafarov T.M. Həddi-büluğa çatmayanların cinayətləri və məsuliyyət. Bakı, “Elm”, 1979, 127 səh.

Səməndərov F.Y. Cinayət hüququ. Ümumi hissə. Bakı, “Digesta”, 2013, 719 səh.

http://www.legislationline.org/documents/section/criminal-codes