14-10-2021, 22:11
Bu gün Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası Dövlət Gömrük Komitəsi Akademiyası ilə birgə əməkdaşlıq çərçivəsində hüquq fakültəsi tələbələrinə "Hüquqşünasın analitik bacarığı: Sübut etmənin metodikası" mövzusunda təlim keçirilmişdir. Seminar "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyinin təlimçisi Hidayət Əzimov tərəfindən təqdim edilmişdir. Qeyd edək ki, təlimçi Hidayət Əzimov Azərbaycan Vəkillər Kollegiyasının üzvü, “Ernist and Young” beynəlxalq konsultasiya şirkətində Hüquq xidmətləri şöbəsinin rəhbəridir. Tədbirdə, həmçinin "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB-nin İdarə heyətinin üzvü Ellada Bayramova və baş katibi Ramin Nurəliyev, həmçinin Akademiyanın müəllim və tələbə heyəti də iştirak etmişdirlər. Seminarda hüquqşünasın hüquqi məsələləri doğru şəkildə təhlil etməsi üçün lazım olan keyfiyyət və bacarıqlar haqqında, eləcə də sübutetmədə vacib məqamlar barədə tələblərə praktiki biliklər verilmişdir. Həmçinin, hüquq normalarının doğru şərh edilməsinin və praktikada yerli və beynəlxalq kazusların, məhkəmə işlərinin həllində analitik düşüncə metodlarının doğru istifadəsinin faydalarından danışılmışdır. "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB mütəmadi olaraq müxtəlif ali təhsil müəssisələrində hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr üçün hüququn müxtəlif istiqamətləri üzrə seminarlar, təlimlər, eləcə də təcrübə proqramları təşkil edir. Bu baxımdan, gələcəkdə də AYNHA ilə Akademiyanın əməkdaşlığının davam etdirilməsi barədə görüş keçirildi.
|