03-04-2017, 11:16

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalandı.
Hüquqşünas tələbələrin Yay Təcrübə Proqramına start verildi.
"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə əməkdaşlığı çərçivəsində Hüquqşünasların V Yay Təcrübə Proqramına start verilir. Yay Təcrübə Proqramı hüquqşünas tələbələrin nəzəri biliklərinin təcrübə ilə daha da möhkəmlənməsinə, onların praktiki olaraq hüquq sahəsində lazımı məlumatlara yiyələnməsinə xidmət edir. Yay Təcrübə Proqramı çərçivəsində hüquqşünas tələbələr Bakı şəhəri və regionlardakı məhkəmələrdə, prokurorluq və polis orqanlarında, özəl hüquq şirkətləri və şirkətlərin hüquq şöbələrində təcrübə keçmək imkanı əldə edəcəklər. V Yay Təcrübə Proqramına sənədlərin təqdim edilməsi üçün qeydiyyat başlanmış və 20 may tarixinə qədər davam edəcəkdir. 30 may qeydiyyatdan keçən tələbələr üçün məlumatlandırıcı seminar keçiriləcəkdir. İyun, iyul, avqust ərzində tələbələr 1 aylıq təcrübədə olacaqlar. Tələbələr təcrübə keçəcəkləri yeri və vaxtı özləri qeydiyyat blankında bildirirlər. Yay Təcrübə Proqramına tələbələrin yerləşdirilməsi keçəcəkləri qeydiyyat tarixinin ardıcıllığına əsasən aparılır. Sənədlər ancaq AYNHA-nın ofisində təqdim edilir. Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər aşağıdakılardır:
- Şəxsiyyəti təsdiq edən sənədin surəti
- Hüquqşünas tələbə olduğunu təsdiq edən sənədin surəti (tələbə bileti, dipom, arayış)
- AYNHA-nın tərtib etdiyi CV formasını və qeydiyyat anketini doldurmaq
- 20 AZN (sığorta, sertifikat və s. xərclər üçün)
- Fotoşəkil ¾ölçüdə rəngli (1 ədəd)
Ötən il keçirilən IV Yay Təcrübə Proqramında 56 hüquqşünas tələbə iştirak etmişdir. Onlardan 22 tələbə hüquq mühafizə orqanlarında, 34 tələbə isə hüquq şirkətlərində təcrübə keçmişlər. 6 tələbə isə təcrübədə olduğu müəssisə tərəfindən iş təklifi almışdır.
“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı arasında imzalanmış rəsmi əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilən V Yay Təcrübə Proqramının əsas məqsədi hüquqşünas tələbələrin bilik və bacarıqlarının inkişafı, praktiki yollarla onlara peşəkar mütəxəssis olmaları üçün yaxından köməklik göstərməkdir.
Ünvan: Bakı ş, İstiqlaliyyət pr-57, Bakı AZ1001,
Tel: (99 412) 497 56 65, 012-493-96-24, 051-589-10-13
E-mail: office@aynha.az , office.aynha@gmail.com
|