12-02-2018, 11:12

Sığorta sənayesinin ən vacib oyunçulardan olan zərər tənzimləyiciləri (loss adjusters) bir qayda olaraq sığorta şirkətlərində fəaliyyət göstərirlər. Onları sığorta iddiaları üzrə mütəxəssislər kimi də qəbul etmək olar. İnkişaf etmiş ölkələrin əksəriyyətində zərər tənzimləyiciləri müvafiq Davranış Məcəlləsi əsasında fəaliyyət göstərməli və Zərər Tənzimləyicilərinin Çarter İnstitutunun üzvü olmalıdırlar. Zərər tənzimləyiciləri minimum iki il təhsil almalı və sonda müvafiq qaydada test imtahanı verməlidirlər.
Qeyd olunmalıdır ki, hüquqi şəxs zərər tənzimləyiciləri özləri də digər peşəkarların, məsələn, mühasiblərin, mühəndislərin, hüquqşünasların və s. xidmətlərindən istifadə edirlər və bunu belə əsaslandırırlar ki, ixtisaslı peşəkarların tənzimləmə prosesinə cəlb olunması müştərilərə yüksək dərəcəli xidmət göstərilməsi baxımından əhəmiyyətlidir.
ZƏRƏR TƏNZİMLƏYİCİLƏRİNİN İŞİ
Sığorta şirkətləri sığorta tələbi olduqda müəyyən suallara cavab tapmaq üçün zərər tənzimləyicilərinin əməyindən istifadə edirlər. Bu suallar aşağıdakıları əhatə edə bilər:
-
1. Mən (sığortaçı) məsuliyyət daşıyırammı?
-
2. Əgər məsuliyyət daşıyıramsa, o zaman hansı həcmdə?
-
3. Əgər məsuliyyət daşımıramsa, hansı səbəbə görə?
-
4. Mənim iddia qaldırmağım üçün hər hansı başqa şəxs varmı?
-
5. Zərərlərin bölüşdürülməsi üçün zərərə məruz qalmış sığorta predmeti digər sığortaçı tərəfindən də sığortalanmışdırmı (ikiqat sığortanın olub-olmamasının müəyyənləşdirilməsi)?
-
Zərər tənzimləyicisinin birinci vəzifəsi sığorta müqaviləsinə əsasən sığortaçının hansı həcmdə məsuliyyət daşıdığını müəyyənləşdirməkdən ibarətdir. Zərər tənzimləyicisi zərərin məhz başlanğıc mərhələsində həlledici rol oynayır. O, hadisəyə ilkin baxış keçirdikdən dərhal sonra sığortaçıya məlumat verməlidir. Onun məlumatları faktlara, fikirlərə və tövsiyyələrə əsaslanmalıdır.
Zərər tənzimləyicisi sığortalıya bildirməlidir ki, iddia qaldırmaq tənzimləyicinin yox, bilavasitə onun borcudur, Sığortalı zərər hadisəsi barədə tam və dəqiq məlumat verməli, eyni zamanda lazım gəldikdə, digər yardımçı sənədləri, məsələn, təmir xərclərini, qaimələri, qəbzləri, sahibkarlıq hüququnu təsdiq edən sənədləri və s. təqdim etməlidir.
İddia qaldırıldıqda, zərər tənzimləyicisi həmin zərərin miqdarını, təsvirini və qiymətləndirməsini həyata keçirmək üçün onu araşdırır, bəzi məqamları sığortalı ilə razılaşdırır və son aktı zərərin tənzimlənməsi məqsədilə sığortaçıya təqdim edir.
-
Tənzim olunan zərərin miqdarını təsdiq edən müvafiq Forma zərər tənzimləyicisi tərəfindən tərtib olunur və imzalanmaq üçün sığorta olunana verilir. Həmin forma ilə sığortaçı tərəfindən təklif olunan rəqəmlərin sığorta müqaviləsinin şərtlərinə uyğun olmasına aydınlıq gətirilir.
Zərər tənzimləyicisinin digər mühüm vəzifəsi eyni zərər üçün məsuliyyət daşıyan digər şəxsin\şəxslərin (sığortaçı və ya faydalanan şəxs qarşısında məsuliyyət daşıyan digər şəxs) olub-olmamasını araşdırmaqdan ibarətdir. Əgər bu cür şəxs vardırsa, o zaman sığortaçı sığorta ödənişləri ilə bağlı xərclərini sonradan üçüncü şəxsdən tələb etmək üçün bütün zəruri sənədləri, fiziki dəlilləri və foto\video çəkiliş materiallarını toplamalıdır.
- İri həcmli zərərlərdə və ya katastrofik hadisələr zamanı zərər tənzimləyicilərinə tələbat ön plana çıxır. Zərərin böyük yanğın nəticəsində, daşqın və ya iri həcmli təbiət hadisəsi nəticəsində yaranmasına baxmayaraq, zərər tənzimləmə peşəsi iddiaçının ehtiyaclarını təmin etmək üçün müvafiq resurslara malik olur. Bu peşənin icrası qeyri-iş saatlarında, əksər hallarda təhlükəli şəraitdə həyata keçirilə bilər. İstənilən halda ixtisaslaşmış zərər tənzimləyiciləri öz vəzifələrini həm milli, həm də beynəlxalq arenada tez və peşəkarcasına yerinə yetirməlidirlər. Zərər tənzimləyiciləri zəruri hallarda sığortaçını təmsil edərək bir sıra ölkələrə səfərə çıxırlar. İri həcmli katastrofik qasırğalar, zəlzələ və qiyam hallarında bu cür səfərlərə faktiki olaraq ehtiyac yaranır.
- Əgər zərər tənzimləyicisi lap başlanqıcda iddiaçının hisslərinə hörmət və ehtiramla yanaşarsa, bunu, onun işinin yarısının müvəffəqiyyətlə görülməsinə bərabər hesab etmək olar. Zərər tənzimləyicisi sığorta hadisəsindən dərhal sonra sığortalı ilə münasibət yaratmağa səy göstərir. İddiaçı adətən deyək ki, yanğından, travmadan və s. hadisədən sonra şok vəziyyətində olur və sığortaçının nümayəndəsinin və ya zərər tənzimləyicisinin hadisə yerinə gəlməsini və onun “könlünü almasını” umur. Ona görə də vacibdir ki, zərər tənzimləyicisi ilk öncə zərərə məruz qalmış sığortalı ilə münasibət yaratmalı, necə deyərlər, “buzu sındırmalıdır”. Hadisə yerinə yetişən zərər tənzimləyicisi dərhal sığorta hadisəsi üzrə soyuq faktların əldə edilməsinə girişməməlidir. Zərər tənzimləyicisinin bu cür “yumşaq” yanaşmaya sərf etdiyi vaxt sonradan sığortaçıya hiss olunacaq divident gətirəcəkdir.
-
Fırıldaqçılıq hallarına yol verilərsə, iddiaçı zərər tənzimləyicisinin xeyirxah münasibətindən məhrum olar və o zaman zərər tənzimləyicisi hadisəni müvafiq ədalət mühakiməsi yolu ilə araşdırmağa üstünlük verəcəkdir. Nəticə etibarı ilə bu, sığortalı üçün arzu olunan hal deyildir.
O zaman, bütün yuxarıdakıları yüksək səviyyədə həyata keçirmək üçün zərər tənzimləyicisi hansı özəl keyfiyyətlərə malik olmalıdır?
- Zərər tənzimləyicisi
-
-
Xasiyyətcə - müvafiq xarakterli, ədəbli, ağıllı, təmkinli, səmimi baxışlı və xeyirxah əlli olmalıdır;
-
Peşəkarlıq baxımından - təcrübəli, işini bilən, qətiyyətli biznes qərarı vermək qabiliyyətli (minimum iqtisadi və hüquqi savad), ümumi dünyagörüşlü olmalıdır;
-
Psixoloji baxımdan - inandırma qabiliyyətinə malik, diplomatic, ləyaqət hissli, günah və şərdən uzaq, Şerlok Holmes, müasir, mükəmməl yaddaşa malik, qərəzsiz və obyektiv olmalıdır;
-
Digər peşələrə münasibət baxımından– o, sığorta ilə bərabər mühasibat, bank işi, kontrakt işləri, hüquq və qanunvericilik, daşınmaz əmlak, insan xarakteri – psixologiya, tibb, fizika, mexanika, kimya, ticarət, reklam və satış, gəmiçilik, hətta atçılıq və onun ticarəti işlərini kifayət qədər anlamalıdır;
-
Qeyri-adi qabiliyyət – O, telepat, hypnotist və atlet olmalıdır;
-
Digər - Zərər tənzimləyicisinin bütün növ maşın və mexanizmlər, materiallar barəsində minimum bilgiləri olmalıdır və o, hər bir şeyin, ayaqqabı yapışqanından tutmuş göydələnlərədək cari qiymətlərini bilməlidir.
-
O, hər şeyi bilməli, görməli, lakin vaxtından öncə heç bir şey deməməlidir və lazım olan yerə vaxtında yetişməlidir.
-
O, sığorta şirkətlərini, iddialar üzrə meneceri, zərər qiymətləndiricilərini, anderraytinq departamentini, ümumi və yerli agentləri, hüquqşünasları, sığortalını, iddiaçını və sığorta kommissiya ofisini qane etməlidir.
-
P,S Hörmətli qəza ekspertləri!Təbiidir ki, Siz öz fəaliyyətinizdə bilavasitə müvafiq əmək müqaviləsindən və vəzifə təlimatlarından irəli gələn öhdəlikləri yerinə yetirir və bu zaman qüvvədə olan sığorta qanunvericiliyinin müddəalarını və digər əlaqəli normativ–hüquqi sənədləri icra üçün rəhbər tutursunuz. Bu anlaşılandır, normaldır və belə də olmalıdır. Lakin bununla belə, yuxarıda sadalanan peşəkar keyfiyyətlərə daha yaxından yiyələnmək üçün Siz davamlı olaraq öz üzərinizdə işləməli və hər fürsətdə ixtisas səviyyənizin artırılması qayğısına qalmalısınız. Bu yazının təqdim edilməsində də əsas məqsəd Sizlər üçün belə bir kiçik fürsətin yaradılmasından ibarətdir.
Şükür Hüseynov (FİNS.AZ)
Sığorta eksperti
|