Nəşrlərimiz
 
 
— AZƏRBAYCAN RESPUBLİKASININ ƏMTƏƏ NİŞANI QANUNVERİCİLİYİNDƏ QEYRİ-ƏNƏNƏVİ NİŞANLARIN MÜHAFİZƏSİ
 

13-06-2019, 11:11

 

AZƏRBAYCAN RESPUBLİKASININ ƏMTƏƏ NİŞANI QANUNVERİCİLİYİNDƏ QEYRİ-ƏNƏNƏVİ NİŞANLARIN MÜHAFİZƏSİ

Müəllif: Elnur Kərimov

Marmara Üniversitesi, "Özəl Hukuk" fakültəsi- Magistr II kurs

 

AZƏRBAYCAN RESPUBLİKASININ ƏMTƏƏ NİŞANI QANUNVERİCİLİYİNDƏ QEYRİ-ƏNƏNƏVİ NİŞANLARIN MÜHAFİZƏSİ

 

GİRİŞ

  Qlobal bazarda mal və ya xidmətlərin seçimi prosesində istehlakçıların birinci növbədə nəzər yetirdiyi ünsür olan əmtəə nişanının əhəmiyyəti[1] və iqtisadi dəyəri[2] günbəgün artmaqdadır. İxtiralar, sənaye nümunələri, faydalı modellər və “nou-hau” kimi obyektlərin üzərində yaranan hüquqlar kimi, əmtəə nişanı hüququ da, mahiyyəti etibarilə, sənaye mülkiyyəti hüququ hesab olunur.[3] Əmtəə nişanı hüququnun qanunla mühafizə olunmasının səbəbi onun bazardakı təyinatı ilə sıx əlaqəlidir.[4] Hər hansı bir əmtəə nişanı bazarın müəyyən bir sektorunda məhsulların mənbəyinə işarə etməsə, ya da mal və ya xidmətin keyfiyyəti haqqında istehlakçıda fikir formalaşdırmasa, əmtəə nişanından söhbət gedə bilməz.

  XX əsrin başlanğıcından bəri söz, şəkil, loqo, qrafik dizayn və ya bunların kombinasiyası kimi ənənəvi nişanlarla birlikdə, istehlakçı ilə daha sürətli və keyfiyyətli[5] ünsiyyətə şərait yaradan yeni növ nişanlar meydana çıxmağa[6] və mal və ya xidmət sahibləri tərəfindən istifadə olunmağa başladı. Yeni tip nişanlara hüquq ədəbiyyatlarında qeyri-ənənəvi nişanlar[7] deyilir. Qeyri-ənənəvi nişanlar əmtəə nişanı hüququna gətirdiyi yeniliklər üzündən kifayət qədər tənqid olunur. Bir çox ölkədə rəng, səs, qoxu və ya dad kimi belə nişanların qeydə alınması üçün qüvvədə olan müvafiq hüquqi baza mövcud deyil. Lakin qeyri ənənəvi nişan fərqləndirmə qabiliyyətinə malik olduqda və mal və ya xidmətləri eyniləşdirdikdə, belə nişanların qeydə alınıb-alınmaması problemi doktrinada öz həllini axtarır.

  Məqaləmizin məqsədi qeyri-ənənəvi nişanların Azərbaycan Respublikasının əmtəə nişanı qanunvericiliyi çərçivəsində mühafizə edilməsinin mümkünlüyünü araşdırmaq və qarşılaşılan hüquqi boşluqların aradan qaldırılması üçün təkliflər verməkdir. Birinci hissədə əmtəə nişanının məzmunu izah ediləcək və qeyri-ənənəvi nişanların mövcud anlayış və təriflər içərisində yeri öyrəniləcək. İkinci hissədə qeyri-ənənəvi nişanların qeydiyyatı ilə əlaqədar beynəlxalq sazişlər və milli qanunvericiliyin tətbiqi problemləri işıqlandırılacaq. 

  Nəticə hissəsində məqaləmizin irəli sürdüyü fikirlər ümumiləşdirilərək qanunvericiliyin və praktikanın təkmilləşdirilməsi istiqamətində təkliflər veriləcək.

[1]Deven R. Desai, From Trademarks to Brands, 64:4 Florida Law Review 981, 1011 (2012).  

[2] 3 UĞUR ÇOLAK, TÜRK MARKA HUKUKU, 8 (2016).

[3]L.M. Van Hoozer,  International Trademark Law, 42 Mississippi Law Journal 178, 178 (1971). Buna baxmayaraq, ədəbiyyatda əmtəə nişanı və coğrafi göstəriciləri sənaye mülkiyyəti obyektləri sırasına daxil etməyən yanaşma mövcuddur. Bu yanaşmaya əsasən, əmtəə nişanı və coğrafi göstəricilər milli qanunvericiliklə mühafizə olunur, hüquqi qüvvəyə malikdir və mülkiyyət xüsusiyyəti daşıyır, ancaq sənaye mülkiyyəti obyekti deyil. Ə.M. RÜSTƏMOV, PATENTLƏR VƏ ƏMTƏƏ NİŞANLARI: TƏRTİBİ, MÜHAFİZƏSİ VƏ AXTARIŞI, 8 (2004). Hesab edirik ki, əmtəə nişanı və coğrafi göstəricilərin sənaye mülkiyyəti xarakterinin təkzibi bu obyektlərin təbiətinə və sənaye mülkiyyəti anlayışına uyğun deyil. Sənaye mülkiyyətinin mühafizəsi məqsədilə tərtib olunan 1883-cü il tarixli Paris Sazişində əmtəə nişanlarına yer verilməsi əmtəə nişanlarının sənaye mülkiyyəti olub-olmadığı haqqında mübahisənin mövcud olmadığına dəlalət edir. Üstəlik, BƏMT tərəfindən də əmtəə nişanları sənaye mülkiyyətinin bir növü kimi tanınır. WIPO, UNDERSTANDING INDUSTRIAL PROPERTY, 6 (2016).

[4] 2 İLHAMİ GÜNEŞ, MARKA HUKUKUNDA ÖNCEYE DAYALI HAKLAR VE AYIRT EDİCİ İŞARETLER, 31-32 (2015).

[5] Nurhan Babür Tosun ve Kamile Elmasoğlu, Duyusal Markalamanın Marka Sadakati Üzerindeki Rolü, 2:1 Maltepe Üniversitesi İletişim Fakültesi Dergisi 92, 92 (2015); Lisa P. Ramsey, Non-traditional Trademarks and Inherently Valuable Expression, in The Protection of Non-traditional Trademarks: Critical Perspectives (Irene Calboli & Martin Senftleben eds.), 2 (2018).

[6] Lisa P. Lukose, Non-traditional Trademarks: A Critique, 57 Journal of Indian Law Institute 197, 198 (2015); Qian Zhan, The International Registration of Non-traditional Trademarks: Compliance with the TRIPs Agreement and the Paris Convention, 16:1 World Trade Review 111, 111 (2017).

[7] Xarici hüquq doktrinasında bu cür nişanlara “qeyri-ənənəvi” (ingiliscə: non-traditional marks) ifadəsi ilə yanaşı, “qeyri-şərti nişanlar” (ingiliscə: non-conventional marks), bəzən isə “atipik nişanlar” (ingiliscə: atypical marks) deyilir. Əmtəə Nişanı Qanunvericiliyi haqqında 2006-cı il tarixli Sinqapur Konvensiyasında “qeyri-ənənəvi nişanlar” anlayışına üstünlük verilib. Bu məqsədlə, məqaləmizin bundan sonrakı bölmələrində “qeyri-ənənəvi nişanlar” terminindən istifadə olunacaq. 

 

  I. ƏMTƏƏ NİŞANININ TƏYİNATI VƏ NÖVLƏRİ

  1.   1.1 Əmtəə Nişanının Anlayışı

  Əmtəə nişanının tərifi həm beynəlxalq və milli qanunvericilikdə, həm də hüquq ədəbiyyatlarında verilib. Əmtəə nişanı hüquqi və iqtisadi[8] termindir. Britaniya Ensiklopediyasına görə, əmtəə nişanı bir sahibkarlıq müəssisəsinin öz mallarını eyniləşdirmək və başqaları tərəfindən hazırlanan və ya daşınan mallardan fərqləndirmək üçün istifadə etdiyi gözlə görünə bilən istənilən işarə və ya simvoldur”.[9] İqtisadi lüğətə əsasən, əmtəə nişanı dedikdə, “müəyyən istehsalçının, yaxud satıcının malını başqa satıcıların, istehlakçıların analoji mallarından fərqləndirməyə imkan verən ad, nişan, simvol, şəkil, rəmz, yaxud damğa” [10] başa düşülür.

  Sənaye Mülkiyyətinin Mühafizəsi haqqında 1883-cü il tarixli Paris Sazişində[11] (Paris Sazişi) əmtəə nişanının tərifi verilməsə də, bəzi beynəlxalq sazişlərdə[12], məsələn, Ticarətlə Əlaqədar Əqli Mülkiyyət Hüquqları (TRIPs) Sazişinin[13] 15-ci maddəsinin 1-ci bəndində əmtəə nişanına anlayış verilir. Həmin bəndə müvafiq olaraq, “bir müəssisənin mal və ya xidmətlərini digər müəssisələrin mal və ya xidmətlərindən fərqləndirən istənilən işarə və ya işarə kombinasiyası əmtəə nişanı ola bilər”. TRIPs Sazişi bu cür işarələrə, “xüsusilə, şəxs adlarını, hərfləri, rəqəmləri, təsviri elementlər və rəng kombinasiyaları, o cümlədən, bu işarələrin istənilən kombinasiyasını” aid edir. TRIPs Sazişində əmtəə nişanına verilən tərif Avropa Birliyində və digər tərəf dövlətlərdə əmtəə nişanı anlayışının formalaşmasına töhfə vermişdir.

  TRIPs Sazişində verilən əmtəə nişanı olaraq qeydiyyata alına biləcək işarələrin siyahısı qapalı dairə təşkil etmir.[14] 15-ci maddənin ilk bəndində istifadə olunan “xüsusilə” ifadəsi sadalanan simvolların əmtəə nişanı ola biləcək işarələr kimi qəbul edildiyini, bu mövzuda tərəf dövlətlər arasında vahid razılığın mövcud olduğuna işarə edir. Sözü gedən maddə qeyri-ənənəvi nişanların sazişin əhatə dairəsinə daxil olub-olmaması nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir. Ədəbiyyatlarda TRIPs Sazişindəki siyahının geniş təfsirini dəstəkləyən, əmtəə nişanın fərqləndiricilik xüsusiyyətinin aparıcı rol oynadığını irəli sürən baxışlarla[15] yanaşı, bəzi müəlliflər[16] siyahının qapalı olduğunu müdafiə edir.

[8]Əmtəə nişanlarını iqtisadi aspektdən xarakterizə edən yanaşmalar üçün baxın. William M. Landes, Richard A. Posner, Trademark Law: An Economic Perspective, 30 The Journal of Law and Economics 265, 309 (1987).

[9] Encyclopaedia Britannica, Trademark (2019), https://www.britannica.com/topic/trademark (son giriş tarixi: 16 Mart 2019-cu il).

[10] Camid Mövsümov, İqtisadi Lüğət (2018), 111.

[11] Ümumilikdə 177 dövlətin üzv olduğu Paris Sazişi əqli mülkiyyət hüquqlarının mühafizəsi üzrə ən böyük təsir dairəsinə malik beynəlxalq sənədlərdən hesab olunur. Azərbaycan Respublikasında Paris Sazişi 25 dekabr 1995-ci ildə qüvvəyə minib.

[12] Əqli mülkiyyət hüquqlarının müxtəlif növlərini tənzimləyən beynəlxalq konvensiyalar hazırlananda milli hüquq sistemlərində əmtəə nişanına dair irəli sürülən yanaşmaları uzlaşdırmaq yolunda göstərilən səylərə baxmayaraq, əmtəə nişanına vahid anlayışın verilməsi bir çox beynəlxalq və regional səviyyədə hüquqyaradıcı fəaliyyəti həyata keçirən komissiyanın üzləşdiyi problemlərdən biri idi. Xüsusilə, Paris Sazişinin danışıqlar prosesinde bu problem məqsədyönlü şəkildə bir kənara qoyulmamışdı. Əksinə, əmtəə nişanının anlayışı haqqında bir sıra müzakirələr, təəssüf ki, nəticəsiz qalmışdı. Paris Sazişinin yenidən nəzərdən keçirilməsi məqsədilə aparılan 1952-ci ildə Vyana və 1954-cü ildə Brüssel danışıqlarından sonra 1956-cı ildə toplanan Vaşinqton Konqresində Beynəlxalq Əqli Mülkiyyət Hüquqlarının Mühafizəsi Assosasiyasının nümayəndələri bildirmişdi ki, həmin tarixi şəraitdə Paris Sazişinə üzv olan bütün dövlətlərdə qüvvədə olacaq vahid əmtəə nişanı tərifinin qəbul edilməsi vaxtsız addım ola bilər. Roberto Carapeto, A Reflection About the Introduction of Non-Conventional Trademarks, 34 Waseda Bulletin of Comparative Law 25 , 27-28 (2016).

[13]Azərbaycan Respublikası Ümumdünya Ticarət Təşkilatına, eləcə də, Mərakeş Sazişinin 1C saylı əlavə sənədi olaraq 15 aprel 1994-cü ildə qəbul edilən TRIPs Sazişinə tərəf olmadığı üçün, TRIPs Sazişi Azərbaycan Respublikasında hüquqi qüvvəyə malik deyil.

[14]Zhan, yuxarıda 6, 114.

[15]Huala Adolf, The Trade-related Aspects of Intellectual Property Rights and Developing Countries, 39:1 The Developing Economies 49, 64 (2001).

[16]Paul J. Heald, Trademarks and Geographical Indications: Exploring the Contours of the TRIPs Agreement, American Association of Law Schools’ Intellectual Property Session’s Symposium on Compliance with the TRIPs Agreement, 29 Vanderbilt Journal of Transnational Law 635, 639 (1996).

 

  Hüquq ədəbiyyatlarında əmtəə nişanına aid edilən anlayışlar, bir qayda olaraq, fərqləndirmə qabiliyyəti üzərində formalaşıb.[17]Schmidt-Szalewski[18], əmtəə nişanını bazara çıxarılan mal və ya xidmətlərin tanınmağına yardım edən işarələr kimi ifadə edib. Türk hüquq ədəbiyyatlarında əmtəə nişanına daha çox mal və ya xidməti eyniləşdirən, onu digər mal və ya xidmətlərdən fərqləndirən, beləliklə, mal və ya xidmətə bir dəyər qazandıraraq istehlakçıların seçimlərinə yardım edən işarələr olaraq anlayış verilib.[19] Digər yanaşmalarda əmtəə nişanı məhsulun mənbəyinə işarə edən simvollardan daha geniş mənada izah olunur. Belə ki, əmtəə nişanı geniş mənada konkret ifadə formasının istehlakçının zehninə ötürdüyü mücərrəd mənaları özündə ehtiva edir.[20] Ona görə ki, istehlakçıların mal və ya xidməti seçimində verilən emosional qərarlar vacib rol oynayır. Ədəbiyyatlarda, ümumilikdə, əmtəə nişanlarına verilən anlayışlarda bu sənaye mülkiyyəti obyektinin olduqca bəsit izah edildiyi görünür.[21] Lakin həm milli, həm də beynəlxalq hüquqda əmtəə nişanlarının qeydiyyatı üçün fərqləndiricilik qabiliyyəti, əmtəə nişanının məhsulu fərdiləşdirmə funksiyası kifayət etmir, qeydiyyatı üçün müraciət edilən nişanın qrafik təsvir edilə bilməsi də eyni dərəcədə vacibdir.

[17]Hasan Tolga Karadenizli, Yeni Marka Türleri ve Tescil Edilebilirlikleri (2008) (Uzmanlık Tezi, Türk Patent Enstitüsü Markalar Dairesi Başkanlığı), 21.

[18] Joanna Schmidt-Szalewski, The International Protection of Trademarks after the TRIPs Agreement, 9 Duke Journal of Comparative & International Law 189, 189 (1998).

[19] Yakup Durmaz və Süleyman Ertürk, Marka Uygulamaları ve Önemi, 2:2 Uluslararası Akademik Değer Çalışmaları Dergisi 82, 83 (2016).

[20] AYLİN CARTI, İŞLETMELER AÇISINDAN MARKA VE MARKALAMA KARARLARININ ÖNEMİ, 155 (2012).

[21] William J. Keating, Development of Evidence to Support Color-Based Trademarks, 9:1 Journal of Law and Commerce 1, 2 (1989), s.2.

 

  1.   1.2 Əmtəə Nişanının Növləri

  Müxtəlif təsnifat formalarına uyğun olaraq, əmtəə nişanları hüquq ədəbiyyatlarında bir neçə qrupa ayrılır. İstifadə məqsədinə görə, ticarət və xidmət nişanları, tanınma səviyyəsinə görə, standart və geniş tanınmış nişanlar, subyektə görə, fərdi, qrup, ortaq və zəmanət nişanları bu qruplardan bəziləridir.[22] Bundan əlavə, bu gün, xüsusilə, geniş tanınmış firmalar tərəfindən istifadə edilən marketinq strategiyalarındakı dəyişikliklər əmtəə nişanına dair ədəbiyyatlarda yeni bir təsnifatın ortaya çıxmasına, ənənəvi və qeyri-ənənəvi nişanların fərqləndirilməsinə səbəb olub.

  Ticarətdə istehlakçılarla daha səmərəli ünsiyyətin qurulması üçün istifadə olunan qeyri-ənənəvi nişanlar əmtəə nişanının fundamental xassələrini dəyişdirdiyi üçün hüquq ədəbiyyatlarında tənqid olunur.[23] Həqiqətən də, ənənəvi nişanlarla müqayisədə, səs, qoxu, dad kimi insan gözü ilə görünməyən, ancaq digər duyğu orqanları vasitəsilə hiss edilən, beləliklə, istehlakçının estetik zövqünə müraciət edən[24] nişanların istehlakçılar tərəfindən əmtəə nişanı kimi başa düşülməsi və reyestrdə qrafik təsviri problem doğuran suallardır.

  Nə Azərbaycan Respublikasının əmtəə nişanı qanunvericiliyində, nə də beynəlxalq sazişlərdə qeyri-ənənəvi nişanların vahid tərifi verilib. Hüquq ədəbiyyatlarında formalaşan qeyri-ənənəvi nişan anlayışı söz, rəqəm, loqo, dizayn və ya bunların kombinasiyası kimi işarələrə aid olmayan və mal və ya xidmətin mənbəyini göstərən işarələri özündə birləşdirir.[25] Beynəlxalq Əqli Mülkiyyət Təşkilatının (BƏMT) apardığı təsnifatda, gözlə görünən qeyri-ənənəvi nişanlara üçölçülü nişanlar, müstəqil rənglər, holoqram, hərəkət, mövqe və jest nişanları, gözəgörünməz nişanlara isə səs, dad və toxuma nişanları aid edilib.[26]

  Qeyri-ənənəvi nişanlar digər nişanlar kimi, istifadə olunduğu mal və ya xidməti fərqləndirə və qrafik təsvir edilə bilməlidir. Əmtəə nişanlarının mühafizəsi haqqında beynəlxalq sazişlərdə fərqləndiricilik şərtinin önə çəkilməsi qeyri-ənənəvi nişanların qeydiyyatına imkan yaradıb. Qeyri-ənənəvi nişanlar nöqteyi-nəzərindən, Amerika Birləşmiş Ştatları (ABŞ) Federal Məhkəməsinin 1995-ci il tarixli Qualitex işində[27] müstəqil rəngin əmtəə nişanı kimi qeydiyyatı leyhinə verdiyi qərar hüquq ədəbiyyatlarınında formalaşmış baxışları[28] əhəmiyyətli ölçüdə dəyişdirib. Dünyada qeydə alınan ilk qeyri-ənənəvi nişan ABŞ Patent və Əmtəə Nişanı Ofisinin 4 Aprel 1950-ci ildə səs işarəsi kimi qeydə aldığı “Metro Goldwin Mayer” şirkətinin istifadə etdiyi kükrəmə səsidir. Səs işarəsi Fransa və Almaniyada əmtəə nişanı kimi mühafizə edilən nişanlardandır.[29]

[22] Digər təsnifat qrupları haqqında ətraflı oxumaq üçün baxın. ÇOLAK, yuxarıda 2, 15-20.

[23] N.S. Sreenivasulu, Millennium and Generation Next Trademarks: Trends in Branding and Merchandising, 2:3 Journal of Intellectual Property Rights 1, 1 (2014).

[24]Neha Mishra, Registration of Non-traditional Trademarks, 13 Journal of Intellectual Property Rights 43, 43 (2008).

[25] Mutlu Yıldırım Köse, Canan Tınaz ve Tuğçe Atlı, Geleneksel Olmayan Markalar, 2 Ankara Barosu Fikri Mülkiyet ve Rekabet Hukuku Dergisi 75, 76 (2014); Carapeto, yuxarıda 12, 25.

[26]WIPO Standing Committee on the Law of Trademarks, Industrial Designs and Geographical Indications, New Types of Marks, 2-3 (2006).

[27] Qualitex Co. v. Jacobson Products Co., 514 U.S. 159 (1995).

[28] Kenneth L. Port, On Nontraditional Trademarks, 39:1 Northern Kentucky Law Review 1, 19 (2011).

[29] SABİR ALLAHVERDİYEV, ƏQLİ MÜLKİYYƏT HÜQUQU, 482 (2006)

 

  1.   1.3 Əmtəə Nişanının Funksiyaları
  2.   Əmtəə nişanlarının mühafizəsinə dair hüquq ədəbiyyatlarında onun ümumi qəbul edilən funksiyaları kimi, fərqləndirmə və ya fərdiləşdirmə, mal və ya xidmətin mənbəyini göstərmə (standart funksiyalar)[30], məhsulun keyfiyyətinin davamlılığına zəmanət vermə[31] və mal və ya xidməti tanıtma, reklam funksiyası[32] (köməkçi funksiyalar) sadalanır. Əmtəə nişanının funksiyaları bir-biri ilə qarşılıqlı əlaqədə olub ticari həyatın cəmiyyətə daha da yaxınlaşması ilə nişanların yeni-yeni funksiyalar meydana gəlir.[33]

      Ardıcıl istehsalın və rəqabətli bazarların yayılmasına qədər[34], əmtəə nişanı, bir qayda olaraq, inhisarçı mal sahibləri üçün məhsulun mənbəyini göstərməyə xidmət edirdi. Uzun müddət mal və ya xidməti eyniləşdirərək[35], istehlakçılara onun sahibi haqqında informasiya ötürən nişanlar rəqabətli bazarların genişlənməsi ilə fərqləndiricilik xüsusiyyətini qazanmağa başladı. Bu prosesin digər hərəkətverici qüvvələrindən biri əmtəə nişanlarının françayzinq, sessiya və ya lisenziya müqavilələri əsasında əvəzi ödənilməklə başqa firmaların istifadəsinə verilməsi oldu. Nəticədə, istehlakçılar üçün bir çox mal və xidmət sektorunda məhsulun mənbəyindən daha çox, əmtəə nişanına duyulan etibar birinci dərəcəli rol oynamağa başladı.[36] Bununla belə, eyniləşdirmə funksiyasının vacibliyi həm məhkəmə qərarlarında[37], həm də hüquq ədəbiyyatlarında[38] dəfələrlə vurğulanıb.

      Əmtəə nişanını digər funksiyası onun fərqləndiriciliyidir. Əmtəə nişanı mal və ya xidmətləri fərdiləşdirərək, onları digər istehsalçı və yaxud satıcıların əmtəə nişanlarından fərqləndirməlidir. Çünki əmtəə nişanının qeydə alınması üçün şərtlərdən biri olan fərqləndiricilikdən məhrum olan nişan istehsalçıya heç bir gəlir gətirə bilməz. Fərqləndiricilik funksiyasının yerinə yetirilməsi üçün əmtəə nişanı təmsil etdiyi mal və ya xidmətdən uzaqlaşmalıdır, məhsulun adını, cinsini, növünü və sair xüsusiyyətlərini özündə əks etdirməməlidir.[39] Nişanın məhsuldan uzaqlaşması isə işarənin orijinallığı mənasında başa düşülməməlidir. Digər əqli mülkiyyət obyektlərindən fərqli olaraq, fərqləndirici əmtəə nişanı orijinal bir ifadə, şəkil və ya rəngdən ibarət olmaya bilər.[40] Lakin hüquq ədəbiyyatlarında qeyri-ənənəvi nişanlar, xüsusilə də, müstəqil rənglərdən ibarət nişanlar üçün orijinallığın əsas şərt olduğunu söyləyən fikirlərə[41] rast gəlinir. Bundan başqa, bir işarənin fərdiləşdirmə funksiyasını yerinə yetirməsi üçün gözlə görünən olması şərt deyil[42], ancaq TRIPs Sazişinin 15.1-ci bəndində qeydiyyat şərti kimi tərəf dövlətlərə belə bir alternativ təqdim olunub. “Əmtəə Nişanları və Coğrafi Göstəricilər haqqında” Qanunda bu qayda nəzərdə tutulmayıb.

      Əmtəə nişanının zəmanət və reklam funksiyaları köməkçi funksiyalardır[43], çünki nişanlar bu funksiyanı mal və ya xidməti fərdiləşdirərək və digər məhsullardan fərqləndirərək həyata keçirir. Bu gün “keyfiyyətli müəssisə” ifadəsini “keyfiyyətli brend” əvəz edir, istehlakçıları keyfiyyətindən şübhə etmədikləri əmtəə nişanları altında buraxılan məhsullar maraqlandırır. Əmtəə nişanının zəmanət funksiyası  iqtisadi cəhətdən əhəmiyyət daşısa da, əmtəə nişanına tanınan hüquqi mühafizə mal və ya xidmət sahibinin keyfiyyətli məhsul istehsal etmək öhdəliyini yaratmır.[44] İstənilən halda, zəmanət funksiyasının yerinə yetirməklə, əmtəə nişanı istehlakçıların mal və ya xidmət seçimlərində yanılmasının qarşısını alır, beləliklə, qanunvericiliyin çağdaş məqsədlərinin reallaşdırılmasına kömək edir.[45] Qanunvericiliyin qarşısına qoyduğu digər məqsəd isə əmtəə nişanı sahiblərinin hər hansı işarənin konkret mal və ya xidmətlər üzərində istifadəsi yolunda xərclədikləri investisiyaları qorumaqdır.[46] Əmtəə nişanının reklam funksiyasını yerinə yetirə bilməsi olduqca zəruridir. Qeyri-ənənəvi nişanlar nöqteyi-nəzərindən, fərqləndiriciliyin isbatında bu funksiyanın əhəmiyyəti daha çoxdur. Məsələn, yaşıl rəngin əmtəə nişanı olaraq qeydə alınması ilə əlaqədar ərizə ilə Avstraliya Əmtəə Nişanı Ofisinə müraciət edən “British Petrol” şirkəti, yaşıl rəngi ayrılıqda reklam və tanıtım fəaliyyətlərində istifadə etdiyini sübut edə bilmədiyi üçün şirkətin müraciəti rədd edilmişdi[47].

      Qeyri-ənənəvi nişanlar arasından dad və qoxu kimi işarələrin qeydə alınması ona görə çətindir ki, bu cür işarələr mal və ya xidmətin mənbəyini göstərə bilmir, istehlakçıya belə bir informasiyanı çatdıra bilmir. Əksər hallarda, istehlakçı əmtəə nişanına görə məhsulu seçib aldıqdan sonra, onun qoxulayır, dadına baxır. Məhsula təmas brend seçimindən sonra baş verdiyi üçün məhsulun qoxusu və ya dadı onun mənbəyini göstərə bilməz. Buna baxmayaraq, məhsulun bu cür xüsusiyyətləri, işin hallarına uyğun olaraq, mal və ya xidmət üçün reklam yaxud keyfiyyətə zəmanət funksiyasını yerinə yetirə bilər.

    [30]Beynəlxalq Əqli Mülkiyyət Hüquqlarının Mühafizəsi Assosasiyası, Qeyri-ənənəvi Əmtəə Nişanlarının Qeydiyyat Şərtləri və Mühafizə Dairəsi (Q181), 3 (2014), https://www.aippi.fr/upload/Geneve%202004%20Q180%20181%20182%20183/sr181english.pdf (son giriş tarixi: 29 Mart 2019-cu il).

    [31] Van Hoozer, yuxarıda 3, 178.

    [32] 3 SABİR ALLAHVERDİYEV, AZƏRBAYCAN RESPUBLİKASININ MÜLKİ HÜQUQU, 126 (2008).

    [33] Raveen Obhrai, Traditional and Contemporary Functions of Trademarks, 12:1 Journal of Contemporary Legal Issues 16, 16 (2001).

    [34]Institute of Intellectual Property, The Functions of Trade Marks and Their Role in Parallel Importation Cases: What Can the EU and Japan Learn from Each Other’s Experiences?, 2 (2007).

    [35] 2 DİLEK İMİRLİOĞLU, MARKA HUKUKUNDA AYIRT EDİCİLİK VE MARKANIN AYIRT EDİCİLİĞİNİN ZEDELENMESİ, 8 (2018); Obhrai, yuxarıda 33, 16.

    [36]Adam J. Cermak, Inherent Distinctiveness in Product Configuration Trade Dress, 3 University of Baltimore Intellectual Property Law Journal 79, 82 (1994); Remzi Gemci, Gamze Gülşen ve F. Mülge Kabasakal, Markalar ve Markalaşma Şartları, 14:1 Uludağ Üniversitesi Mühendislik-Mimarlık Fakültesi Dergisi 105, 111 (2009).

    [37]ABŞ Federal Məhkəməsinin “əmtəə nişanının əsas və həqiqi funksiyasının üzərinə vurulduğu malların mənbəyi və sahibliyinə işarə etmək” olduğunu vurğuladığı məhkəmə işi üçün baxın. Hanover Star Milling Co. v. Metcalf, 240 U.S. 403 (1916).

    [38]Frank I. Schechter, Rational Basis of Trademark Protection, 40 Harvard Law Review 813, 813-814 (1927).

    [39] ÇOLAK, yuxarıda 2, 14.

    [40] SEVİLAY UZUNALLI, MARKANIN KORUNMASININ KAPSAMI VE TAZMİNAT TALEBİ, 6 (2012). Bunun əksinə, Azərbaycan hüquq ədəbiyyatında orijinallığı əmtəə nişanının əsas əlaməti hesab edən, orijinallıq xüsusiyyəti ilə fərqləndiricilik arasında əlaqə quran, bu mənada, orijinallıq anlayışını işarənin təsərrüfat dövriyyəsinə daxil edilmiş digər işarələrdən fərqli olması kimi başa düşən yanaşma üçün baxın. ALLAHVERDİYEV, yuxarıda 29, 480.

    [41] 1 HAMDİ YASAMAN, MARKA HUKUKU: 556 SAYILI KANUN HÜKMÜNDE KARARNAME ŞERHİ, 83 (2004).

    [42] Karadenizli, yuxarıda 17, 10.

    [43]Mohammad Amin Naser, Re-examining the Functions of Trademark Law, 8 Chicago-Kent Journal of Intellectual Property 99, 102 (2008).

    [44] 5 ÜNAL TEKİNALP, FİKRİ MÜLKİYET HUKUKU, 378 (2012).

    [45] 4 J. THOMAS MCCARTHY, MCCARTHY ON TRADEMARKS AND UNFAIR COMPETITION, 2-4 (2014).

    [46]Jeffrey M. Samuels and Linda B. Samuels, Protection for Color under U.S. Trademark Law, 23:1 American Intellectual Property Law Association Quarterly Journal 129, 147 (1995).

    [47] Woolworths Limited v. BP P.L.C, ATMO 61 (2013).

 

  1.   II AZƏRBAYCAN RESPUBLİKASINDA QEYRİ-ƏNƏNƏVİ NİŞANLARIN MÜHAFİZƏSİ
  2.   2.1 Azərbaycan Respublikasının Tərəf Olduğu Beynəlxalq Sazişlər
  3.   A. Sənaye Mülkiyyətinin Mühafizəsi Haqqında Paris Sazişi

 

  Sənaye mülkiyyətinin mühafizəsi üzrə qəbul edilən beynəlxalq və regional sazişlər arasında Paris Sazişi özünün geniş əhatə dairəsi və məzmununa görə seçilir[48]. 25 dekabr 1995-ci ildə Azərbaycan Respublikasında qüvvəyə minən sazişdə əmtəə nişanlarının həm milli hüquqda, həm də beynəlxalq səviyyədə mühafizəsinə dair müddəalar öz əksini tapıb. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin II bəndinə əsasən, “Azərbaycan Respublikasının tərəf çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir”. Başqa sözlə, Paris Sazişi də Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxildir və bu sazişin müddəaları Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəyə malikdir.

  Paris Sazişində sənaye mülkiyyəti obyektlərinin geniş tənzimlənməsinə baxmayaraq, əmtəə nişanına anlayış verilməməsi sazişin ədəbiyyatlarda tənqid olunan cəhətlərindəndir.[49] Sazişdəki bu əskiklik daha sonra TRIPs Sazişində əmtəə nişanına verilən təriflə kompensasiya edilmişdi.[50] Buna baxmayaraq, Paris Sazişində qeyri-ənənəvi nişanların qeydiyyatı üçün tətbiqi kifayət qədər mütərəqqi müddəalar nəzərdə tutulub. Sazişin 6quinquies maddəsinin A(1) bəndinə müvafiq olaraq, mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafızə olunur”.[51] Sazişin autentik ingilis dilli və fransız dilli versiyalarında müvafiq olaraq “as to the form”“telle quelle” ifadəsi ilə xatırlanan əmtəə nişanlarının digər ölkələrdə “olduğu kimi” mühafizə olunması ədəbiyyatlarda müzakirə olunub.[52] Mübahisə mövzusu sazişdə istifadə olunan ifadənin İttifaqa üzv olan dövlətlərin birində qeydiyyata alınan nişana digər dövlətlərdə də birbaşa mühafizə hüququ tanıması[53], yoxsa bu cür nişanların yalnız formal cəhətdən mühafizə edilməsindən ibarətdir.[54] Daha aydın ifadə etsək, müvafiq bənd dar təfsir edildikdə, İttifaqa üzv olan dövlətlərin birində, misal üçün, səs işarəsini qeydiyyatdan keçirən nişan sahibi bu qeydiyyatı digər ölkələrin əmtəə nişanı ofisinə sübut kimi təqdim edərək, nişanın sırf səs işarəsindən ibarət olmasına görə veriləcək mümkün rədd qərarının qarşısını ala bilər. Həmin müddəanın geniş təfsirinə görə isə, əmtəə nişanı sahibinə digər ölkələrdə də birbaşa mühafizə hüququ verilməlidir.

  Qeyri-ənənəvi nişanlar üçün əhəmiyyət daşıyan Paris Sazişinin 6quinquies maddəsinin təfsiri Ümundünya Ticarət Təşkilatının (ÜTT) Mübahisələrin Həlli Paneli və daha sonra Apellyasiya Şurası tərəfindən baxılan iddiaçı Avropa İttifaqı və cavabdeh ABŞ arasındakı bir mübahisənin[55] predmetini təşkil edib. Həmin işdə iddiaçı Avropa İttifaqı, müddəanın geniş təfsir olunmasını və Avropa İttifaqında qeydiyyata alınmış mübahisə predmeti olan nişanın ABŞ-da da qeydiyyata alınmasının labüdlüyünü müdafiə edirdi. Cavabdeh ABŞ tərəfi isə sazişin 6quinquies maddəsinin tətbiq dairəsinin nişanın xarici görünüşü, forması ilə məhdud olduğunu iddia edirdi. Apellyasiya Şurası panel qərarını qüvvədə saxlayarkən, 6quinquies maddəsinin geniş təfsirinin Paris Sazişinin məqsədlərinə və sazişlə təmin olunan dövlətlərin mülahizə səlahiyyətinin məhdudlaşdırılmaması prinsipinə zidd olacağını vurğulamışdı. Sazişin 6quinquies maddəsinin A(2) bəndində isə əmtəə nişanının xarici görünüşünə tanınan imtiyazın məhdudlaşdırılacağı hallar sayılmıştır. Bunlara nişanın üçüncü şəxsin hüquqlarına toxunması[56], Azərbaycan Respublikasının Əmtəə Nişanı və Coğrafi İşarələr haqqında Qanununun b), c) və ə) bəndlərində sayılan işarələrdən ibarət olması və işarənin əxlaq və ümumi qaydaya zidd olması kimi hallar aiddir.

  Sazişin 6quinquies maddəsinin dar mənada təfsirini dəstəkləyən yanaşmaya əsasən, bu müddəanın sazişə daxil edilməsindəki motiv həmin dövrdə Rusiyada yalnız kiril əlifbası ilə yazılmış nişanların qorunması, Fransanın isə fransızca yazılmış sözlərdən ibarət nişanları Rusiya kimi fərqli əlifba istifadə edən ölkələrdə mühafizə etmək istəyi ilə bağlı idi. Rusiya nümayəndə heyəti, nəhayət, bu maddənin sazişə daxil edilməsinə razılıq vermişdi. Beləcə, fransızca latın qrafikası ilə yazılan sözlərin də Rusiya ərazisində qeydiyyatının rədd edilməsi hallarına son qoyulmuşdu.[57] Hərçənd, sözü gedən müddəanın bu gün dar təfsiri tərəf dövlətlərin birində qeydiyyata alınmış nişana digər dövlətlərdə mənşə ölkəsindəki reyestrdəki orijinal formasında mühafizə hüququ verir. Bu hüququn qeyri-ənənəvi nişanlara nə dərəcədə şamil olunması isə mübahisəlidir. Məsələn, müstəqil rənglərin qeydiyyatını qəbul etməyən bir ölkə bu müddəanın tətbiqi sayəsində mənşə ölkəsində müstəqil rəng kimi qorunan əmtəə nişanının qeydiyyatını qəbul edə bilər. Qeyri-ənənəvi nişanların qeydiyyatına müsbət yanaşmayan yurisdiksiyalarda sazişin 6quinquies maddəsinin köməyilə, bu tip nişanların qeydə alınması xarici nişan sahiblərinə yerli sahibkarlardan daha geniş hüquqlar vəd etdiyi üçün ədəbiyyatlarda tənqid olunur.[58]

  Hər bir halda, beynəlxalq təcrübədə[59] sazişin 6quinquies maddəsinin qeyri-ənənəvi nişanların qeydiyyatı və mühafizəsi üçün təmin etdiyi üstünlükləri görmək mümkündür. Mənşə ölkəsində qeydə alınmış qeyri-ənənəvi əmtəə nişanı sahibi Paris Sazişinə tərəf olan Azərbaycan Respublikasında eyni hüquqi mühafizə üçün müraciət edərkən, nişanın məhz səs, qoxu və ya müstəqil rəng formasında olmasına görə rədd edilməsi hallarına qarşı sözü gedən müddəanı istifadə edə bilər. Milli praktikada bu maddə ənənəvi nişanlara artıq tətbiq edilir. Məsələn, “AVIATION Tools & Services” nişanının fərqləndiriciliyinin qiymətləndirildiyi bir işdə[60], keçmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurası Paris Sazişinin 6quinquies maddəsini rəhbər tutaraq, “AVIATION” sözünün digər ölkələrdə əmtəə nişanı sahibinin adına olan qeydiyyatları əsasında etirazı qismən təmin edib.

[48]Paris Sazişinin sənaye mülkiyyətinin mühafizəsi sahəsindəki digər müqavilələrə nəzərən əhəmiyyəti haqqında baxın. Sam Halabi, International Intellectual Property Shelters, 90 Tulane Law Review 903, 911-913 (2016); Alkan Soyak, Fikri ve Sinai Mülkiyet Hakları: Tanımı, Tarihsel Gelişimi ve GOÜ’ler Açısından Önemi,1:1Legal Fikri ve Sinai Haklar Dergisi 11, 13-14 (2005); Schmidt-Szalewski, yuxarıda 18, 193.

[49]GLEN GIBBONS, TRADE MARKS LAW, 23 (2009).

[50] SETH M. REISS, COMMENTARY ON THE PARIS CONVENTION FOR THE PROPTECTION OF INDUSTRIAL PROPERTY, 1 (2010).

[51]Paris Sazişinə bu gün üzv olan 177 dövlət Sazişin mətninin müasir standartlara və dəyişikliklərə cavab verməsini təmin etmək məqsədilə, zəruri əlavə və dəyişikliklər üçün toplanan Paris İttifaqını yaradıblar. İttifaq sonuncu dəfə 1979-cu ildə Sazişin mətninə düzəliş edib.

[52]Schmidt-Szalewski, yuxarıda 18, 195.

[53]G.H.C.BODENHAUSEN, GUIDE TO THE APPLICATION OF THE PARIS CONVENTION FOR THE PROTECTION OF INDUSTRIAL PROPERTY, 110-112 (1969).

[54]Edward F. Rodenbach, Registration of Trade-Marks in the United States by Foreign Nationals: Is There a Use Requirement, 8:2 Cornell International Law Journal189, 197 (1975); Türkiyə Respublikasının Ali Məhkəməsinin 28 yanvar 2002-ci il tarixli bir qərarında sazişin dar mənada oxunmasına üstünlük verilib və tərəf dövlətlərdə qeydiyyata alınmış nişanların olduğu kimi Türkiyə Respublikasında da mühafizə olunacağı qəbul edilib. Türkiyə Respublikasının Ali Məhkəməsinin 11-ci Hüquq Kollegiyası, E.2001/8261, K.2002/510 (2002).

[55] The European Communities v. The United States, DS176: United States Section 211 Omnibus Appropriations Act of 1998 (2002), https://www.wto.org/english/tratop_e/dispu_e/cases_e/ds176_e.htm (son giriş tarixi: 6 aprel 2019-cu il).

[56] 1 STEPHEN P. LADAS, PATENTS, TRADEMARKS AND RELATED RIGHTS: NATIONAL AND INTERNATIONAL PROTECTION, 1228 (1975).

[57]L.A.Ellwood, The Industrial Property Convention and the Telle Quelle Clause, 46 The Trademark Reporter 36, 38 (1956).

[58] Zhan, yuxarıda 6, 133.

[59]Əmtəə nişanı haqqında qanunvericiliyi Azərbaycan Respublikasının milli qanunvericiliyinə bənzəyən Türkiyə Respublikasının Ali Məhkəməsinin baxdığı bir neçə işdə Paris Sazişinin 6quinquies maddəsi tətbiq edilərək, əmtəə nişanının qeydə alınması qərara alınıb. Xüsusilə, bu qərarlar arasında “ROCHER” şirkətinin əmtəələrin qablaşdırılmasından ibarət olan qeyri-ənənəvi nişanının qeydiyyatı barədə qərarı qeyd etmək lazımdır. Türkiyə Respublikasının Ali Məhkəməsinin 11-ci Hüquq Kollegiyası, E.2005/10856, K.2006/11671 (2006). Bənzər qərarlar üçün, həmçinin baxın. Türkiyə Respublikasının Ali Məhkəməsinin 11-ci Hüquq Kollegiyası, E.2000/3866, K.2000/4995 (2000); Türkiyə Respublikasının Ali Məhkəməsinin Plenumu, E.2002/11-62, K.2002/115 (2002).

[60] Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının Qərarı, E-1492 (2017).

 

  1.   B. Nişanların Beynəlxalq Qeydiyyatı Haqqında Madrid Protokolu

  Əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair, bir qayda olaraq, prosessual normalardan ibarət olan 1989-cu il tarixli Madrid Protokolu Azərbaycan Respublikasında 15 aprel 2007-ci ildən qüvvədədir. Nişanların beynəlxalq qeydiyyat sistemi mənşə ölkəsində qeydiyyat üçün müraciət edilmiş nişanların həmin ölkədəki səlahiyyətli orqanın vasitəsilə birdəfəlik rüsum qarşılığında BƏMT-ə göndərilməsi[61] və BƏMT nəzdində fəaliyyət göstərən Beynəlxalq Büro tərəfindən müraciətin qeydə alınaraq,   Madrid Protokoluna tərəf olan dövlətlərə şamil edilməsindən ibarətdir. BƏMT-ə müraciət milli qeydiyyata zəmanət vermir və tərəf dövlətlərin səlahiyyətli orqanları ərizəni qəbul yaxud rədd etməkdə sərbəstdirlər.

Madrid Protokolunda əmtəə nişanına tərif verilməsə də[62], Protokolun 3-cü maddəsinin 3-cü bəndində qeyri-ənənəvi nişanların bir növü sayılan müstəqil rənglərin və ya rəng kombinasiyalarından ibarət iddia ərizələrinin verilməsi qaydası izah olunub. Belə ki, Beynəlxalq Büro bu cür ərizələrdə müstəqil rəngin əmtəə nişanının fərqləndirici xüsusiyyəti olduğunun açıq şəkildə göstərilməsini və rəngin nüsxəsinin ərizəyə əlavə olunmasını tələb edir. Beynəlxalq qeydiyyat sistemi qeyri-ənənəvi nişanların qeydə alınmasını müsbət qarşılamayan ölkələrdə nişan sahiblərinin istifadə etdiyi başlıca vasitəyə çevrilib. Ona görə ki, səlahiyyətli orqanlar Beynəlxalq Büro tərəfindən göndərilən müraciətlərdə nişanın həm mənşə ölkəsində, həm də Protokola üzv olan digər dövlətlərdə qeydə alındığını görərək, qeyri-ənənəvi nişanın fərqləndiricilik qabiliyyəti haqqında bəzən müsbət rəyə gələ bilərlər. Yaşıl rəngin PANTONE 348C kodlu tonu “British Petrol” şirkətinin adına beynəlxalq qeydiyyat sisteminin köməyilə bir sıra ölkələrdə, həmçinin Azərbaycanda[63] qeydə alınıb.

  1.   2.2 Milli Qanunvericilikdə Qeyri-ənənəvi Nişanların Mühafizəsi

  “Əmtəə Nişanları və Coğrafi Göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunun “Əsas Anlayışlar” başlıqlı 1-ci maddəsində əmtəə nişanının tərifi verilib. Belə ki, “əmtəə nişanı – sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı uzlaşmasıdır”. Qanunun 4-cü maddəsində əmtəə nişanı kimi qeydə alınan nişanlara “sözlər, şəxsi adları, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması” aid edilib. TRIPs Sazişindəki əmtəə nişanı anlayışına daxil olan işarələrlə, demək olar ki, eyni işarələri əmtəə nişanı kimi qeydə alan[64] Qanunda nişanın fərqləndiricilik və qrafik təsvir edilmə xüsusiyyətlərinin önə çəkilir. Başqa sözlə, Qanunda göstərilən işarələrin hər birinin sırf şəxsi ad, hərf ya da əmtəələrin formasından ibarət olması onların əmtəə nişanı kimi qeydiyyatı üçün əsas təşkil etməməlidir. Əmtəə nişanı üçün bütün hallarda fərqləndiricilik xüsusiyyəti səciyyəvi olmalı[65] və qrafik təsvir edilə bilməlidir.

  Əmtəələrin forması və onların qablaşdırılması (həcmi nişanlar[66]) istisna olmaqla, Qanunda qeyri-ənənəvi nişanlar əmtəə nişanı kimi qeydə alına biləcək işarələr arasında verilməyib. Qeyri-ənənəvi nişanlardan sayılan üçölçülü işarələr, məsələn, konserv qutusunun, ətir şüşəsinin forması və ya binanın özünəməxsus interyer dizaynı əmtəə nişanı kimi fərqləndiricilik qabiliyyətinə malik olduqda, qeydiyyat üçün səlahiyyətli orqana ərizə verə bilər. Bundan fərqli olaraq, müstəqil rənglər qanunvericilikdə əmtəə nişanı ola biləcək işarə kimi tanınmayıb, əmtəə nişanının Qanundakı anlayışında rəngin digər işarələrlə birlikdə kombinasiya yaradaraq nişan xüsusiyyəti daşıya biləcəyi göstərilib. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 oktyabr 1999-cu il tarixində təsdiq etdiyi “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası” haqqında Qaydaların 2-ci maddəsində əmtəə nişanı kimi qeydə alınan nişanlar arasında daha bir qeyri-ənənəvi nişana, rənglərin kombinasiyasına bilavasitə yer verilib.

  Milli qanunvericilikdəki tənzimləmələrdən aydın görünür ki, qeyri-ənənəvi nişanlardan rəng kombinasiyalarının və həcmi nişanları əmtəə nişanı kimi qeydə alına biləcək işarələrdir. Lakin digər qeyri-ənənəvi nişanların, məsələn, müstəqil rənglərin, səs işarələrinin və ya qoxunun əmtəə nişanı olaraq qeydə alınıb-alınmaması sual doğurur. Ona görə ki, “Əmtəə Nişanları və Coğrafi Göstəricilər haqqında” Qanunun 4-cü maddəsindəki işarələrin qapalı dairə təşkil etməsi mübahisəlidir. TRIPs Sazişinin 15-ci maddəsinin 1-ci bəndindən fərqli olaraq, qanunvericilikdə verilən siyahıda “xüsusilə” sözündən istifadə olunmamasından dolayı, siyahı məhdud dairə təsiri bağışlaya bilər.

  Fikrimizcə, bir işarənin əmtəə nişanı kimi qeydə alınması üçün əsas istinad nöqtəsi Qanunun 1-ci maddəsi olmalıdır. Əgər işarə mal və ya xidmətlər üzərində fərqləndirici xüsusiyyət daşıyırsa və reyestrdə qrafik təsvir edilə bilirsə, əmtəə nişanı kimi qeydə alınmalıdır. Fərqləndiricilik xüsusiyyəti yoxlanılarkən, Qanunun 5-ci maddəsinin d) bəndində əmtəə nişanının qeydə alınmasına yol verilməyən hal kimi tənzimlənən “əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar” xüsusilə diqqətlə ekspertizadan keçirilməli və bu formalardan ibarət nişanların qeydiyyatından imtina edilməlidir. Çünki funksional işarələrin qeydə alınması nişan sahibinə texniki zərurət təşkil edən forma, rəng və sair işarə üzərində müstəsna hüquqlar verərək rəqib firmalar üçün qeyri-mütənasib ziyana gətirib çıxara bilər.[67] Qanunun 5-ci maddəsinin d) bəndinin tətbiqi əmtəə nişanı hüququnun məqsədləri baxımından çox əhəmiyyətlidir. Ancaq Qanunun elə həmin maddəsində istifadə zamanı fərqləndirmə qabiliyyətinə malik ola biləcək nişanlar arasında d) bəndindəki işarələrin sayılması mühüm xətadır. Belə ki, Avropa İttifaqının 2015/2436 saylı Əmtəə Nişanı Direktivində istifadə zamanı fərqləndirmə qabiliyyətinə malik nişanlar arasında funksional işarələrə yer verilmir. Direktivin 4-cü maddəsinin 1-ci bəndinin e) yarımbəndində nəzərdə tutulan belə işarələr fərqləndirmə qabiliyyətini qazansalar da, əmtəə nişanı kimi qeydə alına bilməzlər. Əks halda, telefonunun düzbucaqlı forması, süd məhsulları üçün ağ rəngin əmtəə nişanı kimi qeydə alınması rəqib sahibkarları texniki zərurətdən qaçaraq əlavə xərc çəkməyə[68] və başqa formalar haqqında düşünməyə vadar edə bilər[69]. Bu isə azad rəqabət mühitinin şərtlərinə ziddir.

  Bir çox qeyri-ənənəvi nişan mal və ya xidmətlər üzərində istifadə edilərək fərqləndiricilik qabiliyyətinə yiyələnsə də, qrafik təsvir edilə bilmə obyektiv şərtdir, yəni səs, qoxu və dad kimi işarələr reyestrdə qrafik təsvir üçün uyğun deyil. Reyestrdə sabit istinad nöqtəsi kimi izah olunan qrafik təsvir edilmə şərti[70] 2015/2436 saylı Əmtəə Nişanı Direktivinin 3-cü maddəsində artıq “mühafizə predmetinin səlahiyyətli orqanlar və cəmiyyət tərəfindən açıq və dəqiq başa düşülməsi şərtilə reyestrdə göstərilə bilməsi” şərti ilə əvəz olunub. Həmin Direktiv səs və müstəqil rənglərdən ibarət qeyri-ənənəvi nişanların qeydiyyatı üçün hüquqi bazanı sadələşdirsə də, Azərbaycan Respublikasının milli qanunvericiliyində belə işarələrin qeydiyyatına mühafizəkar yanaşma sezilməyə davam edir.

[61]İSMAIL KIRCA, MARKALARIN MİLLETLERARASI TESCİLİ (MADRİD SİSTEMİ), 5 (2005).

[62]Carapeto, yuxarıda 12, 28.

[63]Byron W. Keating and Tim Coltman, Marketing and the Law: Defending Single Color Trademarks, 37:3 Journal of the Academy of the Marketing Science, 376 (2008).

[64] ALLAHVERDİYEV, yuxarıda 29, 476.

[65] Charles Martin, Meaning of Distinctiveness in Trademark Law, 45:5 Northwestern University Illinois Law Review 535, 536 (1950-1951).

[66] ALLAHVERDİYEV, yuxarıda 29, 481.

[67] Keltie R. Sim and Heather E. Tonner, Protecting Color Marks in Canada, 94 The Trademark Reporter 761, 776 (2004).

[68]J. Christopher Carraway, Color as a Trademark under the Lanham Act: Confusion in the Circuits and the Need for Uniformity, 57 Law and Contemporary Problems 243, 248 (1994); James L. Vana, Color Trademarks, 7:3 Texas Intellectual Property Law Journal 387, 388 (1999); Craig Summerfield, Color as a Trademark and the Mere Color Rule: The Circuit Split for Color Alone, 68:2 Chicago-Kent Law Review 973, 975 (1993).

[69]Glenda Labadie-Jackson, Through the Looking Hole of the Multi-Sensory Trademark Rainbow: Trademark Protection of Color Per Se across Jurisdictions: The United States, Spain and the European Union, 7:2 Richmond Journal of Global Law & Business 91, 108-109 (2008).

[70]Arka Majumdar, Subhojit Sadhu & Sunandan Majumdar, The Requirement of Graphical Representability for Non-conventional Trademarks, 11 Journal of Intellectual Property Rights 313, 314 (2006).

 

  NƏTİCƏ

  Qeyri-ənənəvi nişanların əmtəə nişanı ola bilmə xüsusiyyətinin öyrənilməsi üçün əmtəə nişanının fərqləndiriciliyi və funksiyaları həlledici rol oynayır. “Əmtəə Nişanları və Coğrafi Göstəricilər haqqında” Qanunun 4-cü maddəsində sayılan nişanlar əmtəə nişanı kimi qeydə alına biləcək yeganə işarələr deyil. Qanunun 1-ci maddəsindəki şərtlər ödənildiyi halda, digər işarələr də əmtəə nişanı kimi mühafizə edilməlidir. Əmtəə nişanı kimi qeydə alınmaq üçün şərti işarə fərqləndirici olmalı və reyestrdə qrafik təsvir edilə bilməlidir.

  Hesab edirik ki, qeyri-ənənəvi nişanların bütün növləri üzrə olmasa da, müstəqil rəng, səs, hərəkət işarələri kimi nişanların əmtəə nişanı ola bilmə qabiliyyəti haqqında Avropa İttifaqı ölkələrindəki konsensus milli qanunvericilikdəki tərifdə də öz əksini tapmalıdır. Eyni zamanda, Avropa İttifaqının 2015/2436 saylı Əmtəə Nişanı Direktivinin 3-cü maddəsinin irəli sürdüyü tərif, xüsusilə, qrafik təsvir edilə bilmə şərtinin əvəz edilməsi baxımından milli qanunvericiliyə daxil edilməlidir. Hazırki tənzimləmələr qeyri-ənənəvi nişanlardan əmtəələrin forması və qablaşdırılması, habelə rəng kombinasiyalarının qeydiyyatına müsbət yanaşır. İstər qrafik təsvir, istərsə də reyestrə açıq və dəqiq göstərilə bilmə şərti baxımından isə qoxu və dad kimi işarələrin qeydə alınması bu gün, demək olar ki, qeyri-mümkündür.

  Əksər hallarda, Madrid Protokolunun təmin etdiyi imkandan faydalanaraq beynəlxalq qeydiyyat üçün verilmiş iddia ərizələrində, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi müstəqil rənglər və səs işarələri kimi qeyri-ənənəvi nişanların ekspertizasında Paris Sazişinin 6quinquies maddəsinin A(1) bəndinə istinad etməli və belə nişanlar olduğu kimi mühafizə edilməlidir. Qeyri-ənənəvi nişanların Qanunun 5-ci maddəsinin d) bəndi mənasında funksionallığı yoxlanılmalı, fərqləndirici xüsusiyyətini qazansa belə, funksional işarələrin qeydiyyatından imtina edilməlidir. Qanunun 5-ci maddəsinin son cümləsində istifadə zamanı fərqləndirmə qabiliyyətinə malik ola biləcək nişanlar arasından d) bəndi çıxarılmalıdır.